Sizin Reklam Burada
Xəbər lenti
07-11-2026
06-11-2026
BÜTÜN XƏBƏRLƏR

Ədəbi mənzərəni ədəbsiz hala gətirməyin!

Tarix: 08-11-2026 15:55     Baxış: 456 A- / A+
Namiq Dəlidağlı şair,
AYB və AJB üzvü


"Ədəbiyyat qəzeti"ndə 2025-ci ilin ədəbi mənzərəsi işıqlandırılıb. Əslində, işıqlandırılıb demək də bir qədər mübaliğə olardı. Sadəcə, protokol xatirinə bir hesabat-zad dərc edilib. Buna da şükür etməliyik ki, hələ də heç olmasa ədəbiyyatın adının çəkilməsi, bu yöndə bəzi addımların atılması üçün şərait yaradılır. Olmaya da bilər. Olmazların hansını ol edə bilmişik ki...

Ağsaqqal tənqidçi Vaqif Yusiflinin 2025-ci ilin ədəbi mənzərəsini əks etdirən məqaləsi və gənc ədəbiyyatşünas Nurlanə Məmmədovanın həmin ilin ədəbi hesabatı dərc edilib. Hər iki müəllif mövzuya üzdən yanaşmaqla işlərini bitmiş hesab ediblər.
Vaqif Yusifli ağsaqqal adamdır, artıq əvvəlki enerjisi ilə ədəbi prosesləri izləmək iqtidarında deyil. Yaddaşında illər öncə ilişib qalan imzaları təkrar-təkrar lentə gətirir, əzbərində olanları oxucuya ötürür. Həm də bu, Vaqif Yusiflinin formada qalması, tənqidçi adını, imicini qoruması üçün bir fürsətdir. Ancaq vaxtında ədəbi-tənqidi məktəb yaratmaq düşüncəsində olsaydı, bu ağır söz yükünün daşınmasını başqalarına da ürəklə ötürə bilərdi. Ağsaqqal çağında bu ağır yükü daşımaq məcburiyyətində qalmazdı. Eləmədi və eləmədilər...
Çünki ədəbi tənqidi ədəbi tərifə çevirdilər. Bir əsl yaradıcı adamdan yazanda, beş də ədəbiyyata, ümumiyyətlə, sözə dəxli olmayan adamlara üz tutdular. Nə üçün? Bilirik... Buna bugünkü maddi durumu, söz adamlarının ağır şəraitini səbəb kimi göstərib don geyindirmək də olar, ancaq məsələ heç də belə deyil. Onda istedadlı, kitablarını belə çap etdirməyə imkanı olmayan müəlliflər nə etməliydilər?

İndi sözümü davam etdirəcəyəm, ancaq bundan sonrakı yazdıqlarımın Vaqif Yusifliyə müəyyən qədər dəxli olacaq.
Ümumiyyətlə, vaxtilə özünü tənqidçi, bir çox hallarda isə ədəbiyyat təəssübkeşi kimi təqdim edənlər keçid dövründə, müəyyən boşluqların yarandığı bir zamanda bu təşəbbüsü ustalıqla ələ ala bildilər. Sonra bu istiqamətdə işlərini qurub məmur yazıçı və şairlərdən qədərincə barındılar. Oxucu zövqünü zorlayaraq, sözə xəyanət edərək üzdə olmağı bacardılar. Bir sözlə, ədəbi tənqid ənənəsini məhv etdilər, özlərinin tərif metodları ilə bir məktəb formalaşdırdılar. Bu gün ədəbi yanaşmalarda müşahidə etdiyimiz tanışlıq, dostluq, yerliçilik kimi xoşagəlməz münasibətlər də məhz bundan qaynaqlanır.

Nurlanə Məmmədova adlı bir gənc ədəbiyyatşünasın hesabatını oxuyuram. Ola bilsin ki, faktları özü toplayıb. (Bəzən hesabat üçün materialları yerlərdən, yerində olmayan adamlar ötürürlər.) Belədirsə, deməli, bu işə çox səthi yanaşıb, üzərinə götürdüyü vəzifəyə soyuq münasibət göstərib. Yox, hesabat üçün materialları kimlərsə göndəribsə, yenə də özündə məsuliyyət hiss edib araşdırmalıydı.
Bu, təkcə həmin hesabatda mənim adımın keçməməsi ilə bağlı deyil. Mən iki saytın, bir ədəbi birliyin qurucusu olaraq il ərzində onlarla istedadlı müəllifin ədəbi nümunələrinin yayımlanmasına imkan yaradıram, onların yeni çap olunan kitabları barədə xəbərlər dərc edirik. Ancaq hesabatda həmin müəlliflərin əksəriyyəti barədə bir kəlmə də söz açılmır. Nədən, niyə? Bilmirəm.

Əgər bu işi öhdəsinə götürən adamın vaxtı, həvəsi buna yol vermirsə, başqasına, sözə, ədəbiyyata içdən yanaşanlara bu işi görməyi ötürsün. Bəzən bəhanələr olur: bütöv bir ölkədə baş verən bütün ədəbi prosesləri izləmək mümkün deyil. Müəyyən qədər anlaşılandır. Yaxşı, onda niyə qaynar ədəbi mühitdə baş verən prosesləri izləmirsiniz? Tanışlıq-dostluq kimi xoşagəlməz amillər hesabatlarda açıq-aydın gözə çarpır.
Ötən il ölkəmizdə iki, qardaş Qırğızıstanda isə bir kitabım çap olunub.  Hər üç kitabın geniş auditoriyalarda təqdimatı keçirilib, aparıcı sayt və qəzetlərdə bununla bağlı xəbərlər yayımlanıb. Ədəbi mühitdə aktivəm. O cümlədən, bir çox ədəbi tədbirin təşkilatçısı olmuşam. Mənim dəvətimlə Özbəkistan, Türkiyə, Qırğızıstan və Tacikistandan 20-dən artıq ədəbiyyat və mədəniyyət adamı Azərbaycana səfər etmiş, AYB-nin Natəvan klubunda onlarla görüş keçirilmiş, ölkəmizin müxtəlif regionlarına səfərlər təşkil olunmuşdur. Sözügedən ölkələr arasında ədəbi əlaqələrin inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılmışdır.
Beləliklə, mənim kimi onlarla müəllifin uğurlarına ya göz yumulur, ya da bəzi hallarda qərəzli yanaşılır. Bu da ədəbiyyat adına xələl gətirməklə yanaşı, pak bildiyimiz bu işə kölgə salır.

Olanımız sözdür, onu da bizə çox görməyə köklənirlər. Bu yanaşmaların kökündə bildiyimiz və bilmədiyimiz çoxlu nəsnələr dayanır. Ancaq təəssüf edirəm ki, saxta münasibətlər üzündən istedadlı, ədəbi aləmdə aktiv olan müəlliflər bir çox hallarda diqqətdən kənarda qalır və ya bilərəkdən kənarda saxlanılır. Və bütün bu boşluqları əksər vaxt cibinə, qarnına (bunu xanıma aid etmirəm) xidmət edən "tənqidçilərin", "ədəbiyyatşünasların" hesabına təsadüfi adamlar doldurur.
Ədəbi mənzərəni ədəbsiz hala gətirməyin! Söz müqəddəsdir, deyiblər. Sizi tutar...

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar