Xəbər lenti
“Bakı Abadlıq Xidməti”nin qaranlıq fəaliyyəti araşdırılır
Azərbaycanda özəl sektorun inkişafı, sahibkarlığın genişlənməsi dövlət siyasətinin prioritetlərindəndir. Orijinal biznes ideyaları olan istedadlı, zirək və zəhmətkeş adamlar iqtisadi fəaliyyətin müxtəlif istiqamətləri üzrə öz işlərini qurur, həm şəxsi maraq və arzularını gerçəkləşdirir, həm də cəmiyyətə və dövlətə xeyir verirlər. Təəssüf ki, ölkəmizdə yaradılmış belə əlverişli sahibkarlıq mühitindən sui-istifadə edənlər, özəl sektorun çətiri altında gizlənərək dövlət büdcəsindən çox mühüm məqsədlər üçün ayrılan külli məbləğdə vəsaiti qeyri-qanuni yollarla ələ keçirməyə çalışanlar və bunu uzun illər rahatlıqla bacaranlar da var…
Son günlər ölkə mediasının gündəmində əsas mövzulardan biri olan “Bakı Abadlıq Xidməti” ASC-nin şübhəli biznesi barədə yazılanlar da bunu təsdiqləyir. Haqqın.az informasiya-təhlil və monitorinq portalının jurnalistləri bu özəl müəssisənin yerli icra hakimiyyəti orqanları ilə əlbirliyinin dövlət xəzinəsi vəsaitlərinin mənimsənilməsinə imkan yaratdığı barədə ehtimalları araşdırırlar.
Məlum olduğu kimi, “Bakı Abadlıq Xidməti” uzun illərdir ki, paytaxt ərazisində çoxsaylı bağ və parkların yaşıllaşdırılması, abadlaşdırılması məsələləri ilə məşğuldur. Təbii ki, bu vacib işi şəhər büdcəsindən aldığı iri məbləğdə vəsait hesabına həyata keçirir. Əslində, vacib və xeyirxah işdir. Ancaq müəssisənin fəaliyyətinin qaranlıq məqamlarının bu işin üzərinə kölgə saldığını görmək çətin deyil.
Məsələn, belə bir şübhə var ki, dövlət qurumlarına müvafiq vəsaitlərin ayılmasında xəsislik göstərən Bakı Şəhər İcra Hakimiyyəti sözügedən özəl müəssisəyə münasibətdə səxavət kisəsinin ağzını çox geniş açır.
Halbuki şəhər icra hakimiyyəti paytaxtın abadlığına cavabdehlik daşımalı olan dövlət müəssisəsinin - Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işinin səmərəliliyinin artırılmasına yetərincə diqqət yetirmir. Burada işləyənlər cüzi maaşa qane olub çalışır, “Bakı Abadlıq Xidməti”nin fəaliyyəti haqqında bir kəlmə söz deməyə belə cəsarət etmirlər. Böyük ehtimala onlara susmağı və rəqib qurum barədə artıq-əskik danışmamağı “yuxarı”dan tapşırıblar. İstənilən sahibkarda öz rəqibi barədə bir qucaq ifşaedici material tapıla bilər, amma yaşıllaşdırma təsərrüfatının rəhbəri Vaqif Novruzov “Bakı Abadlıq Xidməti” ASC haqqında suallara cavab verməməyi üstün tutur.
“Görünür, Novruzov düz düşünür. Hökumət Evinin ətrafındakı bağın yan hissəsini təsərrüfatın əlindən aldılar... Sağ olsunlar ki, heç olmasa, bağın üç hissədən ibarət ən görünən yerini onların ixtiyarında saxlayıblar. Hərçənd bağ hökumət üzvlərinin gözü önündədir. Və qəribə bir mənzərə yaranır: binanın fasadı qarşısındakı bağın torpağı vaxtaşırı, ayıb olmasın, bol təzəklə qarışdırılır, bir neçə gün ətrafı çox xoşagəlməz iy bürüyür. İy axır-əvvəl çəkilib gedir, ancaq xoşagələn yaşıllıq uzun müddət göz oxşayır. Elə bu zaman yanakı bağda köhnə qazonun yerinə səliqə ilə yeni ot rulonları sərirlər. Novruzov özü başa düşür ki, rulon sərmək həm asandır, həm xoşagələn işdir, həm də heç bir iyi-qoxusu yoxdur. Ancaq nə etməli – büdcə imkan vermir. Qonşu sahil parkında da vəziyyət eynidir – hərçənd burda dövlət idarələri yerləşir – Səbail İH, şəhər prokurorluğu, Axundov adına kitabxana, “Sahil” metrosu, hakim Yeni Azərbaycan Partiyasının mərkəzi ofisi və b. Belə təəssürat yaranır: sanki şəhər icra hakimiyyəti elə bu strukturlardan şikayət gəlməsini gözləyir ki, həmin parkı da alıb versin “Bakı Abadlıq Xidməti” ASC-yə. Yenə də tender keçirmədən, yenə də müvafiq prosedur qaydalarını pozmaqla... Hərçənd daha yaxşı olardı ki, bütün şirkətlər üçün bərabər şərait yaradılsın”.
Jurnalistlər, haqlı olaraq, sual verirlər: niyə Hesablama Palatası, digər nəzarətedici strukturlar bir dəfə də olsun maraqlanmırlar ki, “Bakı Abadlıq Xidməti” ASC dövlət vəsaitlərini necə xərcləyir? “Yox, biz Hesblama Palatasını səlahiyyətinə aid olmayan məsələ ilə - özəl qurumun yoxlanması ilə məşğul olmağa çağırmırıq. Amma oraya pul dövlət büdcəsindən daxil olur axı! Və həmin pulu verən eyni bir dövlət strukturu – Bakı İcra Hakimiyyətidir. Auditorların niyə heç bir dəfə də olsun ağıllarına gəlmir ki, bu dövlət strukturu nədən eynitipli işə görə ödənişləri müxtəlif təşkilatlara kəskin fərqlə ayırır. “Bakı Abadlıq Xidməti” ASC-nin işçilərinin Heydər Əliyev prospekti boyu saralıb-solmuş ot örtüyünü yaşıl boya ilə rənglədikləri barədə bütün ölkə KİV-lərinin fevralın əvvəlində yaydığı xəbərə isə təkcə Hesablama Palatası deyil, hüquq-mühafizə orqanları da heç bir reaksiya verməyiblər. Görünür, bu qüdrətli ASC-yə istədiyini etməyə icazə verilib”, - jurnalistlər belə yazırlar.
Yeri gəlmişkən, onlar paytaxtın yaşıllıq təsərrüfatının saxlanmasına ayrılan vəsaitin dəqiq məbləği barədə məlumat əldə edə bilməyiblər. Dövlət qurumlarının fəaliyyətinin şəffaflaşdırılması barədə ölkə rəhbərliyinin tapşırıq verməsinə baxmayaraq, Bakı Şəhər İcra Hakimiyyəti belə məlumatları məxfiləşdirib.
Bununla belə, dövlət büdcəsinin məxaric hissəsindən görünür ki, 2016-cı ildə respublikada abadlıq, tullantıların yığılması və təmizlənməsi (buraya yaşıllaşdırma da daxildir) üçün 260 milyon manat ayrılıb. Bu məbləğdən 150 milyon manata yaxını yerli icra hakimiyyətlərinə verilib. Nəzərə alsaq ki, həmin məbləğin əsas hissəsi paytaxtın payına düşür, onda ehtimal etmək olar ki, bu subsidiyanın, ən azı, yarısı Bakının yaşıllaşdırılmasına yönəldilib.
Araşdırmaçılar hesab edirlər ki, hər il on milyonlarla manat subsidiya MİS-lər və bir neçə özəl qurum, o cümlədən “Bakı Abadlıq Xidməti” ASC arasında bölünür. Ehtimal olunur ki, bu məbləğdən dövlət qurumlarına çoz az pay düşür. Əksinə, maliyyə dəstəyi və güzəştlər sayəsində “Bakı Abadlıq Xidməti” ASC brendinin inkişafı üçün hər cür şərait yaradılır. Jurnalistlər sual verirlər: bu səhmdar cəmiyyətinin arxasında kim dayanır, onu hakimiyyətin yuxarı eşelonunda himayə edən kimdir? Təbii ki, bu sualın cavabını vermək, konkret ad çəkmək mümkün deyil.
Bununla belə, sayt adını açıqlamadığı bir MİS rəisinin sözlərinə istinad edərək yazır ki, “Bakı Abadlıq Xidməti” ASC-nin fəaliyyətinə Nazirlər Kabineti nəzarət edir. Və bu, paytaxtın mərkəzinin abadlığına ölkə rəhbərliyinin nə qədər böyük əhəmiyyət verdiyini göstərir...
Lakin bu ikibaşlı sözlər heç də Nazirlər Kabinetinin rəhbərliyinin həmin özəl qurumla hansısa şübhəli əlaqələri barədə fikir söyləməyə, hörmətli şəxslərin üzərinə kölgə salmağa əsas vermir – jurnalistlər belə yazırlar. Bununla yanaşı, “mister X”in hökumət məmurlarından ASC rəhbərliyinədək məhdud bir dairədə olduğu, hətta bu funksiyanı ASC-nin özünün rəhbərliyinin yerinə yetirdiyi də ehtimal edilir.
Araşdırma zamanı ölkənin aparıcı banklarında “Bakı Abadlıq Xidməti” ASC-nin 20-yə qədər hesablaşma hesabının olduğu aşkarlanıb. Şəhərin abadlığına baxan adi bir şirkətin bu qədər bank hesabı nəyinə lazımdır? Jurnalistlər bu suala konkret cavab tapa bilməyiblər. Amma oxşar mənzərənin vaxtilə Beynəlxalq Bankın sabiq başçısı Cahangir Hacıyevin cinayət işində müşahidə olunduğu qeyd edərək yazırlar ki, çoxsaylı manat və valyuta bank kartları sabiq bankirə və ailəsinə milyonları sağa-sola necə gəldi xərcləmək üçün lazım olub. Bu da başabəla bankirin 14 il azadlığını itirməsi ilə nəticələnib. Lakin araşdırmaçılar düşünmürlər ki, sadə bir ASC-də onun ardıcılları tapılsın...
Hər halda araşdırmalar davam etdirilir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar