Xəbər lenti
Tofiq Quliyev Habil Əliyevi niyə işdən qovmuşdu? - ANIM GÜNÜ
Bu gün böyük sənəd adamı Habil Əliyevin anım günüdür.
Manevr.az teleqraf.com-a istinadən dünya şöhrətli kamançı ifaçımızın baməzə əhvalatlarını və başqa sənətkarlarımız barədə düzüb-qoşduğu lətifələri təqdim edir:
Habil Əliyev müğənni Nazim Ağayevlə görüşür.
Nazim Ağayev gileylənir:
– Həkimdən gəlirəm. Dedi ki, belimdə, dizimdə, ayağımda duz yığılıb. Məndə möhkəm duzlaşma gedir.
Habil Əliyev cavab verir:
– Nazim, həkim gözünün içinəcən yalan deyir. Azərbaycanda səndən duzsuz adam yoxdur, fikir eləmə!
***
60-cı illər idi. Mərkəzi Komitənin birinci katibi Vəli Axundov İrandan gəlmiş hökumət nümayəndələrinə “İnturist”də qonaqlıq verirdi. Əbülfət Əliyev, mən, bir də tarzən Məmmədağa Muradov çalıb-oxuyurduq, rəqqasə Roza Cəlilova da rəqs edirdi.
Çıxışlarımız iranlı qonaqların çox xoşuna gəldi, yaxşıca əl çaldılar, bizi geninə-boluna təriflədilər.
Qonaqlıqdan sonra orda olan Filarmoniyanın direktoru, bəstəkar Tofiq Quliyev də razılıqla bizə yaxınlaşıb dedi:
– Çox sağ olun uşaqlar, başımızı uca etdiniz! Sabah əvəzini çıxacam. Siz ki bu qədər yaxşı çalıb-oxuyursunuz, niyə solist kimi ilişib qalmısınız Filarmoniyada. Sabah əmr verib hamınızı işdən çıxardacam. Gedin “Azkonsert”də çıxış edin, özünüzə yaxşı pul qazanın! Nə qədər ştatda qalıb dövlətin qəpik-quruşuna göz dikəcəksiniz!
Elə bildik Tofiq müəllim zarafat edir.
Ertəsi gün hamımız Filarmoniyadan işdən azad olunduq.
***
Çayxanada oturub çay içirdim. Bir nəfər gəldi ki, “Habil müəllim, yaxşı ki, sizə rast gəldim. Eşitmişəm öd kisənizdə daş var, sizi otlarla müalicə edəcəm”.
O, torbasından müxtəlif qurudulmuş otlardan çəngələyib mənə verdi və sonra da necə istifadə etməyi öyrətdi. Mən ondan soruşdum:
– Qardaş, sən həkimsən, yoxsa türkəçarə ilə məşğulsan?
O, dedi:
– Hə, hə Habil müəllim, həkiməm, mal həkimi.
***
Bir dəfə Habil Əliyev Ağdaşa – qardaşıgilə qonaq gedir. Qardaşı deyir ki, Ucarın Qızılqumlaq kəndində bir qohumları rəhmətə gedib, mütləq yas yerinə baş çəkmək lazımdır. Gedirlər hüzr yerinə. Orda məlum olur ki, uzun illər dəmir yolunda fəhlə işləmiş rəhmətliyi qatar vurub öldürüb.
Hadisə belə olub: Rəhmətlik iki relsin arası ilə yolu yoxlaya-yoxlaya gedirmiş. Bu zaman qarşı tərəfdəki qonşu yolla qatar gəlirmiş. Demə həmin anda arxadan da başqa qatar yaxınlaşırmış. Arxadan gələn qatar nə qədər siqnal verirsə, rəhmətlik yoldan çıxmır, elə bilir siqnalı verən qarşıdan gələn qatardı. Beləcə o, qatarın altında qalıb ölür.
Habil Əliyev və qardaşı yas mərasimindən geriyə – Ağdaşa qayıdanda gecəyə düşürlər. Maşınla pambıqlığın arası ilə gedən torpaq yolla irəliləyərkən görürlər ki, yolu su basıb. Sən demə, pambıqlığa buraxılan su yola axıbmış…
Sulu yolda maşın palçığa batıb qalır. Sözün qısası, maşını palçıqdan çıxarınca əl-ayaqları, üst-başları batır. Maşını güc-bəla ilə çıxarandan sonra qan-tər içində olan Habil Əliyev hirsli-hirsli ölən qohumunun adını tutub onun qarasınca deyinir:
– Ay rəhmətliyin oğlu, qatar siqnal verir, çıx yoldan qırağa də!..
***
Habil Əliyev İrana səfərə gedir. Anşlaqlı konsert və tamaşaçıların böyük sevgisindən sonra bir nəfər yorğun-arğın sənətkarı israrla qonaq aparır. Qonaqlıq mərasimi uzanır və Bakıdan gedən qrup ev yiyəsinin tükənməz sevgisini dinləyəsi olurlar. Yorğun olmalarına baxmayaraq, heç kəs ev sahibinin bu qədər sevgisinin qarşısında heç nə deyə bilmir.
Ev sahibinin sözünün şirin yerində Habil Əliyev dillənir:
– Qardaş, sən neçənci ildənsən?
Təbrizli deyir:
– 1367-ci ildənəm, baba!
Habil Əliyev özünü xeyli təəcüblənmiş göstərib, deyir:
– Maşallah, çox yaxşı qalmısan…
***
Habil Əliyev günün birində xəstəxanadan evə qayıdır. Məhəlləyə çatanda kəkələyən pəltək qonşusu qabağına çıxır. Qonşusu sənətkardan nədən şikayətləndiyini soruşur.
Habil müəllim prostatında problem olduğunu deyir. Qonşusu bu xəstəliyin nə olduğunu anlamır. Habil ha izah edir ki, prostat xəstəliyi nədir, qonşusu başa düşmür. Axırda izahdan yorulan Habil Əliyev deyir:
– Ay qonşu, bax, sən necə danışırsansa, mən də elə pəşov eləyirəm.
***
Habil Əliyev Lütfiyar İmanovu rayonların birində toy məclisinə göndərir, ona qarşılığında yüksək məbləğdə zəhmət haqqı veriləcəyini söyləyir. İmanov rayona çatanda deyilən ünvana gedir.
Məlum olur ki, nə toy var, nə dəvət. Bunun Habilin bir zarafatı olduğunu başa düşüb kor-peşman Bakıya qayıdır. Flarmoniyada Habili görən kimi ona tərəf yüyürür ki, ürəyini boşaltsın.
Habil cəld aradan çıxıb özünü bayıra atır, taksiyə oturur. İşıqforda taksiyə çatan Lütfiyar maşının sürücü olan pəncərəsinə özünü yetirir və yazılası mümkün olmayan “ürək sözlərini” deyir.
Habil Lütfiyarın ürəyini tamam boşaltmasını gözləyir, sonra isə ona aid deyilmiş kimi sakitcə sürücüyə tərəf dönüb deyir:
– Qardaş, sizin nə pis zarafatınız var…
***
– Bir dəfə rəhmətlik tarzən Qurban Pirimov bazardan kəllə-paça alıb çıxanda qocaman tarzən Paşa kişiylə rastlaşır.
Paşa kişi maraqla soruşur:
– Bu nədi belə almısan?
Qurban Pirimov keçir zarafata:
– Paşa kişi, kəllə-paçadır, ancaq heç bilmirəm bunu necə bişirirlər.
Paşa kişi deyir:
– Həri? Əntiqə! Apar bunu əntiqə ütdür, əntiqə parçalasınlar, töksünlər qazana, gecədən səhərəcən asta-asta əntiqə qaynasın. Səhər dur, bunu sirkə-sarımsaqla ye, gör nədir?
Qurban Pirimov:
– Əşi, Allah səni hardan yetirdi? Nə yaxşı mənə rast gəldin, yoxsa kəllə-paçanı aparıb elə tüklü-tüklü yeyəcəkdim.
***
– Biz tərəfdə bir kişi vardı, adını çəkmək istəmirəm. Çox qorxaq adam idi. Gecə evdən tək çıxa bilməzdi. Soyuq, qaranlıq qış gecələrinin birində həyətə subaşına çıxmaq istəyir, amma qorxur. Arvadını məcbur edir ki, onunla çölə çıxıb yanında lampa tutsun.
Kişinin işi uzun çəkir, əlində lampa tutan arvad isə soyuqdan tir-tir əsir. Kişi dillənir:
– Arvad!
Soyuqdan dişləri bir-birinə dəyən arvad öləzimiş səslə cavab verir:
– Həəə, nə var?
Kişi deyir:
– Deyirəm nə oğurluğa getməli havadır...
***
– Gənc kamança ifaçılarından biri Habil Əliyevin də olduğu xarici qastrol səfərində özünü şirin salmaq üçün düşür bunun yanına. Taa o yerə qədər ki, liftə minəndə də əl çəkmir. Sənətkarın mərtəbəsinin düymələrini də özü basır. Dərdi də o olur ki, Habil Əliyev bunu tərifləsin. O da tərslikdən tərifləmir. Axırda gənc bezikib, soruşur:
– Ustad, mən necə kamança çalıram?..
– Onu deyə bilmərəm oğul, amma iki-üç gündü babat lift sürürsən.
Hazırladı: Samir
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar