Sizin Reklam Burada
Xəbər lenti
16-04-2026
15-04-2026
BÜTÜN XƏBƏRLƏR

Yaddaşlarda nəfəs alan xatirələr...

Tarix: 11-04-2026 20:16     Baxış: 3153 A- / A+
Bəzən insanları zaman deyil, xatirələr  yaşadır.  Həyatdan köçsələr də, sözləri və izləri ilə yaddaşlarda ömürlərini davam etdirirlər. Bəxtiyar Hüseynli də məhz belə insanlardan idi; sakit görünüşünün arxasında böyük ürək, təvazökar simasının altında dərin zənginlik daşıyırdı.
   Onu “Dəniz” Ədəbi Birliyindən tanıyırdıq. Dürüst, səmimi, insana doğmalıq gətirən ünsiyyət sahibi idi.  Amma həyat bəzən ən gözəl hekayələri yarımçıq saxlayır. Müharibə  amansız qanunları ilə Bəxtiyar kimi neçə-neçə gəncin arzularını, ümidlərini və yarım qalan ömürlərini özü ilə apardı.
Bəxtiyar Hüseynli şəhid olduqdan sonra ömür-gün yoldaşı Gülyaz xanımla və oğlu Aqillə tanış olduq. Bu tanışlıq sadəcə  görüş deyildi, bir ömrün davamı, bir sevginin sarsılmayan yaddaşı ilə üz-üzə qalmaq idi. Gülyaz xanım hər dəfə Poeziya evinə gələndə sanki Bəxtiyarın nəfəsi də onunla birgə gəlirdi. Onun xatirələrini dilə gətirdikcə, sevginin necə yaşandığını, necə qorunduğunu və necə yaddaşda nəfəs aldığını daha dərindən duyurduq.
  Biz ağır sınaqlardan keçmiş  xalqıq. Müharibənin ağrısını təkcə torpaq itkisi ilə deyil, yarımçıq qalan talelərlə, yetim böyüyən övladlarla, gözlərində sonsuz həsrət donan qadınlarla yaşamışıq. Bu ağrı zamanla səngiməz, sadəcə yaddaşın dərinliklərinə çəkilər. Amma bütün ağrının içində dəyişməyən həqiqət var: sevgi və xatirə heç vaxt yarım qalmır - o, yaşayanların qəlbində yenidən boy atır, yenidən nəfəs alır.
Bu müsahibə Gülyaz xanımın taleyinə yazılmış iki şəhid ağrısını - həm ömür-gün yoldaşının, həm də qardaşının itkisini  ürəyində daşıyan qadının sarsılmaz ruhunun ifadəsidir.
Gülyaz xanımla olan müsahibəni sizə təqdim edirəm.

-Bəxtiyar taleyinizə yazılan bir ömür idi. Onunla qarşılaşdığınız ilk anı necə xatırlayırsınız? Bu gün onun xatirəsi qəlbinizdə hansı duyğularla yaşayır?

-Biz əslində bir-birimizi uşaqlıqdan tanıyırdıq. Ana tərəfdən qohumuq və adımız tez-tez yanaşı çəkilərdi, hətta bizi yaraşdıranlar da olurdu. Amma o vaxtlar nə mən, nə də o bu fikirlərə ciddi yanaşırdıq. Hər ikimiz öz dünyamızda, öz arzularımızla yaşayırdıq.
Mən Füzulidə doğulub böyümüşdüm, o isə Bakının Mərdəkan qəsəbəsində yaşayırdı. Ara-sıra rayona gəlsələr də, uzun müddət yollarımız kəsişmədi. Zaman keçdi, hər ikimiz tələbə olduq - o Bakı Neft Akademiyasına qəbul olundu, mən isə Sumqayıt Sənaye Universitetində təhsil alırdım. Tələbəlik illərinin qayğıları, dərslər, məqsədlər bizi evlilik düşüncəsindən xeyli uzaq salmışdı.
Amma qohumlarımız bu fikirdən dönmədilər. Bir gün bizi bilərəkdən yaxın  qohumun evinə dəvət etdilər. Elə həmin gün, bəlkə də taleyin yazdığı o an gəlib çatdı, yenidən qarşılaşdıq, söhbətləşdik, bir-birimizi daha yaxından tanıdıq.
Həmin görüşdən sonra hiss etdim ki, Bəxtiyar mənim taleyimə yazılmış  ömür imiş.
Bəxtiyar çox səmimi, qayğıkeş və fədakar insan idi. Mənim dərslərimdə də  kömək edərdi. Zaman keçdikcə söhbətimiz, baxışlarımız, xasiyyətimiz bir-birinə uyğun gəldi. O uzaq görünən yol bizi yavaş-yavaş bir-birimizə yaxınlaşdırdı.
Və beləcə, uşaqlıqda zarafat kimi deyilən o sözlər, illər sonra həqiqətə çevrildi. Bizim tanışlığımız sevgi ilə davam edib evliliklə tamamlandı.
Bu gün onun xatirəsi qəlbimdə dərin  sevgi, sonsuz  həsrət və eyni zamanda böyük  qürurla yaşayır. O, təkcə həyat yoldaşım deyil, həm də mənim ən yaxın dostum, arxam-dayağım idi. Onu itirmək ağır olsa da,  xatirəsi mənə güc verir, yaşamağa səbəb olur. Qəlbimdə hər zaman işıqlı bir iz kimi yaşayır və mən o xatirələrlə ayaqda qalmağı öyrənirəm.
- Evliliyinizdən bir oğul dünyaya gəldi. Həm ana, həm də ata məsuliyyətini eyni anda daşımaq böyük güc tələb edir. Bu yol sizə nə öyrətdi və onu necə yaşadınız?

-Evliliyimizdən Aqil adında bir oğlumuz dünyaya gəldi. Həyat elə gətirdi ki, onun həm anası, həm də atası olmaq məsuliyyəti mənim üzərimə düşdü. Bu, əlbəttə, asan yol deyildi. Amma mən çalışdım ki, övladım heç vaxt atasızlıq hiss etməsin. Nə maddi, nə də mənəvi cəhətdən onu heç nədən məhrum etmədim.
Onu elə böyütməyə çalışdım ki, atasının yoxluğunu yox, varlığını hiss etsin. Hər zaman ona atasının necə bir insan olduğunu anlatdım : “atan yaşasaydı səninlə qürur duyardı”, “atan bu sözü deyərdi,” deyə-deyə, sanki Bəxtiyarı onun həyatında yaşatmağa çalışdım. Onun düşüncələrini, baxışlarını, həyat prinsiplərini oğluma aşılayaraq böyütdüm.
Bəxtiyar ixtisasca mühəndis olsa da, tarixə böyük marağı vardı. O, hələ müharibədən əvvəl ermənilərin Qarabağın qədim irsini saxtalaşdırmaq cəhdlərini araşdırır, alban məzar daşlarının üzərinə yazılan saxta erməni yazılarını üzə çıxarırdı. Hətta bu daşlardan bir neçəsini Bakıya gətirərək erməni kilsəsində oxutdurmuş və bunun erməni dili olmadığını sübut etmişdi. Sonra bu məsələlərlə bağlı tanınmış Azərbaycan tarixçilərinə də müraciət etmişdi. Bütün bunlar onun necə ayıq düşüncəli, vətənpərvər və savadlı  insan olduğunu bir daha göstərirdi.
Bu gün qürurla deyə bilərəm ki, oğlum atasının yolunu ləyaqətlə davam etdirir. Aqil tarixçidir, savadlı müəllimdir, düşüncəli və dünyagörüşlü şagirdlər yetişdirir. Mən onun simasında həm oğlumu, həm də Bəxtiyarın davamını görürəm.
Bu yol mənə səbr etməyi, güclü olmağı və ən əsası, bir insanın yoxluğunda belə onun dəyərlərini yaşatmağın mümkün olduğunu öyrətdi.

-Gəlin bir az da Bəxtiyar Hüseynlinin yaradıcılıq yoluna işıq tutaq. O, “Dəniz” ədəbi birliyinin  fəal üzvlərindən biri idi. Şair təbiətli, kövrək qəlbli, eyni zamanda cəsur və vətənpərvər Bəxtiyarın hansı şeirini bizimlə paylaşmaq istərdiniz?

- Doğrudur, Bəxtiyar “Dəniz” Ədəbi Birliyinin ən fəal üzvlərindən idi. Hər həftənin şənbə günü o məclislərə böyük həvəslə gedərdi. Sanki o günlər onun üçün xüsusi bayram idi. Həmişə həyəcanla hazırlaşar, geri qayıdanda isə orada gedən qızğın müzakirələrdən, ədəbi təhlillərdən böyük ruh yüksəkliyi ilə danışardı. Bəzən öz şeirlərindən də mənə oxuyardı.
Düzünü desəm, o vaxtlar mən ədəbiyyata o qədər də yaxın deyildim. Gənc idim, bəlkə də onu tam anlamırdım. Bəzən şeirlərində nəyəsə irad da tutardım. Bir gün mənə dedi ki, “kimsə bəyənməsə də olar, sən mənim şeirlərimi bəyən, məni ruhdan salma, əksinə həvəsləndir.” O sözləri indi daha dərindən anlayıram. 
Kaş ki, o zaman onun yaradıcılığına daha çox dəyər verərdim, onun o həssas ruhunu anlayardım. Əbəs yerə deməyiblər ki, şairlərin yükünü daşımaq çətindir, gərək özün də yarı şair olasan. (Ah çəkir və Bəxtiyarın ona həsr etdiyi şeiri kövrək səslə səsləndirir. )
Gülyaz                                     
 
Ömür-gün yoldaşım Gülyaz xanıma               

Gözlərimin nuru sənsən,                 
Göz yaşından duru sənsən. 
Eşqimin qüruru sənsən,             
Körpəmin anası Gülyaz !       

Lal-dinməzdir təbiətin, 
Ölçü bilməz məhəbbətin.         
Sınmaz eşqin, sədaqətin.
Gəlinlər sonası Gülyaz!                   

Mən səninlə ucalıram,           
Müdriklər tək qocalıram.             
Dərdimdən də bac alıram,                 
Hər səni anası, Gülyaz !                 

Ocağımın közü sənsən,                   
Ürəyimin sözü sənsən.                 
Gözəllərin gözü sənsən,     
Canımı alası Gülyaz!                   
 
Ömür vəfa etməz mənə, 
Olar, əlin yetməz mənə.               
Yaxşılığın itməz mənə.
Bil, sənsən qalası, Gülyaz

 
Bu gün  onun şeirləri ilə yaşayıram. Bizim rayonda Quru çay var. Bəxtiyargil o çayın sahillərində döyüşürdülər. Çayın sahilindən bir parça kağız tapıb Quru çaya şeir həsr etmişdi: 
Quru çay, ay Quru çay,
niyə qurudur adın, sulu çay?
Niyə lillidir suyun, Quru çay?
Qarşılama məni belə, quru, çay,

Ürəyim od püskürür, özümü qoynuna atmağa gəlmişəm.
Bürü məni, bürü, çay,
Quru çay, Quru çay...

Çox təəssüf ki, bəzi jurnalistlər onun əlyazmalarını aparıb geri qaytarmadılar. Beləcə, bir çox şeirləri itib. Bu itki mənim üçün çox ağırdır. Çünki o şeirlər sadəcə yazı deyildi, Bəxtiyarın daxili dünyası, duyğuları, sanki övladları idi.
Əlimdə qalan şeirlərini isə dönə-dönə oxuyur, hər misrasında onu duymağa çalışıram.  Səsi, ruhu o misralarda hələ də yaşayır…
-Gülyaz xanım, gənc yaşda şəhid olan qardaşınızın qısa, lakin şərəfli həyat yolu və işıqlı xatirəsindən danışmağınızı istəyirəm. 
Qardaşım Quliyev Elman Qubat oğlu…
Onun həyatı uzun sürmədi…
Amma yaşadığı hər gün bir ömrə bərabər idi.
1963-cü ilin yanvarında, Füzuli rayonunun Hova kəndində dünyaya göz açdı. O kəndin küləyi kimi sərt, torpağı kimi səbirli, insanları kimi mərd böyüdü. Ali təhsil aldı. Yanacaq doldurma məntəqəsinin rəisi idi. Elman çox fədakar, düşünən, duyan, qoruyan insan idi. 
Müharibə başlayanda  tərəddüd etmədi. Yerli özünümüdafiə batalyonu yaratdı və könüllü döyüşlərə qatıldı. Elman üçün Vətən sadəcə torpaq deyildi, nəfəs aldığı, var olduğu səbəb idi.



1992-ci ilin o qaranlıq mart gecəsi…Kəndin işıqları söndü. Göz- gözü görmürdü. Ermənilərin raketləri səmanı yaranda, Elman yenə insanlığını seçdi. Yaralı  kənd adamını gördü və onu xilas etmək üçün ölümün üstünə getdi. Yaraları sarıdı, maşına mindirdi, lakin yol yarım qaldı.Düşmən gülləsi o yolu kəsdi.Yaralı xilas oldu, sürücü də sağ qaldı, Elman isə ağır yaralandı.
Onu helikopterlə Bakıya gətirdilər. Ümidlə, dua ilə, göz yaşları ilə…Bəzən həyat  yaxşı insanları  tez aparır. 5 aprel cəmi 29 yaşında qardaşım bu dünyadan köçdü. Nakam getdi, yarımçıq getdi, amma başı uca getdi.
Onu Bakıda Şəhidlər Xiyabanında torpağa tapşırdıq. Mən hər dəfə ziyarətə gedəndə bir şeyi hiss edirdim, qardaşımın məzarı heç vaxt tənha deyildi.Güllərlə bəzənirdi, sevgi ilə örtülürdü.
Sonra öyrəndim, bir qız gəlirmiş. Bəlkə də qardaşımın demədiyi sözləri gətirirmiş özü ilə.Bəlkə də yarımçıq qalan sevginin son nəfəsini yaşayırmış o məzar başında…
Adını deməyəcəm. Yəqin ki ailə qurub. Xoşbəxt olsun.
Qardaşım ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olundu.
Gülyaz xanımla müsahibəni göz yaşları ilə  tamamladıq. Sözlər bitdi, amma ağrının dili susmadı.İllər zamanın qoynunda itib gedəcək,  Vətən uğrunda canından keçən qəhrəmanlarımız isə əbədi yaşayacaqlar. Ruhunuz şad olsun, Azərbaycanın qəhrəman oğulları. 

Mənsurə Xələfbəyli
Yazıçı- publisist

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar