Dünyanın bir nömrəli valyutası statusunu daşıyan ABŞ dolları ətrafında maraqlı proseslər cərəyan edir. Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristalina Georgiyevanın dünyanın bir saylı valyutası ilə bağlı açıqlamaları isə maliyyə sferasında müəyyən narahatlığa yol açıb. O bildirib ki, dünya dollardan tədricən imtina etməyə başlayıb.
Kristalina Georgiyeva "Dollardan tədricən imtina var. Əvvəllər dollar ehtiyatların təxminən 70 faizini təşkil edirdisə, indi bu rəqəm 60 faizdən bir qədər aşağıdır" deyib. Onun sözlərinə görə, hazırda dolların əsas rəqibi avrodur. Bundan əvvəl amerikalı iqtisadçı Nuriel Roubini 10 il ərzində dolların ehtiyat valyuta kimi sıradan çıxa biləcəyini bildirib. Oxşar fikri amerikalı maliyyəçi, "Bridgewater Associates"in təsisçisi Rey Dalio da bildirib. O hesab edir ki, dolların hökmranlığı və iqtisadiyyatda qloballaşma ilə dünya nizamı erası sona çatır.
Bu iqtisadçılar ötən ildən bəri dollarla ticarət əməliyyatlarının azalmasını əsas kimi götürürlər. Belə əməliyyatların azalması əsasən Rusiya və Çinin ticarət əlaqələrində qeydə alınmaqdadır. Rusiya gəlirlərini ağır sanksiyalardan yayındırmaq üçün neft-qaz ticarətini dollar və avrodan kənar valyutalarla aparmağa çalışır. Rusiya baş nazirinin müavini Aleksandr Novak enerji resursları üçün hesablamalarda dollar və avrodan tamamilə imtina etdiyini açıqlayıb. Rusiya maliyyə nazirinin müavini Aleksey Moiseyev isə qeyd edib ki, Rusiya Federasiyası transsərhəd hesablaşmalarda dost olmayan ölkələrin valyutalarından, xüsusən də dollardan, demək olar ki, tamamilə imtina edib.
Çin isə Səudiyyə Ərəbistanından yuanla neft almağa başlayıb, eyni zamanda Braziliya ilə onun valyutası əsasında ticarət etmək barədə razılığa gəlib. İndi Hindistan və Malayziya da rupi ilə ticarət edir. Cənub-Şərqi Asiyanın bəzi ölkələri də daxili əməliyyatları milli valyutalara keçirməyə hazırlaşır. Hazırda dünyanın mərkəzi banklarının kassalarının təhlili göstərir ki, dolların ümumi ehtiyatlardakı payı getdikcə azalır.
Qeyd edək ki, Rusiyanın ticarət əməliyyatlarında dollar və avrodan imtinası məcburi addımdır və ölkə bundan böyük itkilərlə üzləşir. Bunu mart ayında Rusiya mətbuatına müsahibəsində prezident Vladimir Putinin dediklərindən də aydın görmək olur: "Biz dollardan istifadə edərdik, amma bizə imkan vermirlər. O zaman hesablamaları necə apara bilərik? Ticarət tərəfdaşlarımız üçün məqbul olan valyutada. Yuan belə valyutalardan biridir, o, Beynəlxalq Valyuta Fondunun valyuta səbətinə daxildir. Onlar (ABŞ - red.) oturduqları budağı kəsirlər. Ani siyasi mülahizələrə əsaslanaraq dollardan istifadəni məhdudlaşdırmaqla özlərinə ziyan vururlar, demək olar ki, öz ayaqlarına güllə atırlar. Bu, Amerika hakimiyyətinin çox böyük səhvidir ki, dünya üzrə bəyənmədikləri ölkələrə münasibətdə dollarla hesablaşmaları məhdudlaşdırır".
Rəsmi məlumata görə, ötən il ərzində Moskva birjasında yuanla ticarətin həcmi 40 dəfə artıb. Fevral ayının yekununda yuan Moskva birjasında ən populyar valyutaya çevrilib. Onunla ticarətin həcmi 1,48 trilyon rubla çatıb, banklar yuana olan tələbin sürətlə artmasını qeydə alırlar.
Rusiya şirkətləri ticarət üçün üzlərini Çinə çevirməyə, hesablaşmaları isə yuanla aparmağa çalışırlar. Çünki hazırkı məqamda yuan rubladan daha etibarlı və dönərlidir. Lakin bu, biznesin öz seçimi deyil, Rusiya hökumətinin dollar və avro ilə əməliyyatlara tətbiq etdiyi məhdudiyyətlərin, Qərbin ölkəyə qarşı sanksiyaların fonunda məcburi addımdır.
Qərbdən Rusiyaya mal və xidmət idxalının 80-90 faiz azalması fonunda ölkədə dollar və avroya tələbat da azalıb. Bu isə bankların həmin valyuta ilə əmanət qəbulunu böyük ölçüdə dayandırmasını şərtləndirib: yerləşdirmək imkanı yoxdur.
Məhz bu amillərin təsiri ilə ötən il Rusiyanın Çinlə ticarəti 2021-ci illə müqayisədə 29 faiz artaraq 190 milyard dollar çatıb. Hesablamalara əsasən bu ticarətin 50 faizə qədəri məhz yuanla aparılıb. Bir çox iri Rusiya şirkətləri Çinlə ticarətdə tamamilə yuana keçiblər, bəziləri yuan-dollar paritetindən istifadə edirlər. Bu il ərzində sırf yuanla ticarətin daha da artacağı gözlənilir.
Rusiyalıların yuana yönlənməsinin əsas səbəbi Çinin ABŞ-la qarşıdurmada olması, buna görə də istəməsə belə, Rusiyanı dəstəkləmək məcburiyyətində qalmasıdır. Pekin ən azından ABŞ valyutasının dünya ticarətində payının azaldılması üçün Rusiyaya yuandan istifadəni qadağan etməyəcək, əksinə, onun genişlənməsində maraqlı olacaq.
Rusiya eyni zamanda Hindistana gündəlik 1,6 milyon barelə çatan neft satışını digər valyutaya keçirməkdədir. İki ölkə arasında ticarətin rupi və rubla keçirilməsinə dair razılaşma əldə olunub. Bu razılaşma əsasında 2022-ci ilin oktyabrından bəri neftə görə ödənişlərin böyük hissəsi rupi, BƏƏ dinarı ilə, kiçik bir qismi isə avro ilə aparılır.
Rusiya Qərbin ona satmadığı məhsulları Çin və Hindistandan almaqla neft-qaz müqabilində əldə etdiyi yuan və rupini xərcləməyə yer tapacağına ümid edirdi. Lakin hər iki ölkə Qərb sanksiyalarından ehtiyatlanaraq, Rusiyaya məhsul tədarükünü artırmağa həvəs göstərmirlər. Rusiya 2022-ci ilin noyabrından bəri Hindistana 4 dəfə rəsmi nümayəndə heyəti göndərərək, yerli şirkətləri ticarətə həvəsləndirmək üçün böyük güzəştlər tətbiq etməyə hazır olduğunu açıqlasa da, Hindistan tərəfindən bu çağırışlara ciddi reaksiya nümayiş etdirilmir. Bu ölkədən Rusiyaya mal ixracının aylıq həcmi 250-300 milyon dollardan yuxarı qalxmır, halbuki Rusiyadan 3-4 milyard dollarlıq neft alınır.
Çin isə nəinki Rusiyanln ehtiyac duyduğu məhsulları ona satmağa, hətta Rusiyadan neft-qaz alışını artırmağa belə maraq göstərmir. Rusiya baş nazirinin müavini Aleksandr Novakın açıqladığı məlumata görə, 2022-ci ildə Rusiyadan Çinə neft ixracı 8,9 faiz artıb. 2021-ci ildə Çinə neft idxalı 4,5 faiz azalmaqla 79,64 milyon ton olub. 2022-ci ildə bu həcm 8,9 faiz artaraq 87 milyon tona yaxın olub. Aydın məsələdir ki, Rusiyanın Çinə neft ixracını artırmaq üçün infrastruktur imkanları daha genişdir, nəinki Hindistana. Nəzərə almaq lazımdır ki, 2021-ci ildə Rusiya şirkətləri Hindistana ixracın yüksək daşıma xərci, sığorta haqqı və sairə görə iqtisadi baxımdan səmərəli hesab etmədiklərini açıqlamışdılar. Amma 2022-ci ildə onlar məcburən Avropanın almadığı neft həcmlərini Hindistana yönəltdilər. 2023-cü ilin ötən dövründə Rusiya neftinin 90 faizdən çoxunu Hindistan və Çin alıb.
Hazırda Rusiyanın dollara alternativ olaraq üz tutduğu əsas valyuta yuandır. Lakin bu valyutanın beynəlxalq səviyyədə dolları əvəz etməsi real görünmür. Belə ki, Çin yuanının məzənnəsi inzibati qaydada tənzimləndiyinə görə onu bazar məzənnəsi hesab etmək mümkün deyil. Buna görə də yuana investisiyalar inzibati tənzimləmə aradan qalxsa, yaxud Çin iqtisadiyyatında problemlər yaransa, iflas təhlükəsi ilə üzləşə bilər. ABŞ valyutasının məzənnəsini isə bazar tənzimləyir. Buna görədir ki, Çin dünyanın ikinci ən böyük iqtisadiyyatına malik olsa da, dünya ticarətinin yalnız 1,9 faizi onun valyutası ilə həyata keçirilir. Dollarla maliyyələşmə isə dünya ticarətinin 40 faizini əhatə edir. 2022-ci ildə beynəlxalq hesablaşmalarda yuanın payı cəmi 1,3 faiz olub. Bu şəraitdə hətta Çinin özü belə yuanla əməliyyatları genişləndirməyə cəhd etmir - iqtisadi baxımdan əlverişli, siyasi baxımdan qəbulolunan deyil. Çünki yuanı dünyada qəbul olunan dönər valyutaya çevirmək üçün onun məzənnəsi tam sərbəst buraxılmalıdır. İqtisadi baxımdan əlverişli olmamasının əsas səbəbi Çinin əsas ixrac bazarlarından birinin ABŞ olmasıdır. Çin bu ticarəti həyata keçirmək üçün böyük həcmdə dollara ehtiyac duyur.
Son aylarda Rusiya yuan və rupi axını ilə üzləşib. Rusiya biznesinin onları Çin və Hindistana yatırmaq imkanı çox məhduddur. Yaxın perspektivdə bu imkanın genişlənəcəyi də gözlənmir. Buna görədir ki, Rusiya digər ölkələrlə milli valyutalarla ticarəti genişləndirməyə tələsmir.
Sanksiyaların tətbiq olunduğu ölkələrə mənfi təsirləri olsa da, ABŞ-ın dollardan istifadəyə qadağaları bu valyutanın dünya ticarətində payını azaldır. Lakin onu əvəzləyəcək valyutanın olmaması dolların laxlayan mövqelərinin tamam sarsılmasının qarşısını alır.
Azərbaycanın valyuta ehtiyatlarının çox böyük hissəsi dollarla saxlanılır. Bu ilin birinci rübünün yekununda Dövlət Neft Fondunun portfelində dolların payı 70 faiz təşkil edib. Neft-qaz ixracından ölkəyə daxil olan dolların həcmində də artım var. Belə ki, 2023-cü ilin yanvar-mart ayları ərzində ARDNF-nin AÇG-dən gəlirləri 2 milyard 468 milyon dollar (2022-ci ilin 4 ayında 2 milyard 898 milyon dollar, 15 faizədək azalma), "Şahdəniz"dən gəlirləri isə 935,754 milyon dollar(2022-ci ildə 405,475 milyon dollar, 2,3 dəfə artım) təşkil edib.
Neft-qaz ixracı dövlət büdcəsinə bu sektordan vergi gəlirlərini də kəskin artırıb. Maliyyə Nazirliyinin məlumatına əsasən, bu ilin birinci rübündə büdcəyə neft-qaz sektorundan 2 milyard 284 milyon manat vergi gəliri daxil olub. Ötən ilin eyni dövründə vergi gəlirlərinin cəmi 557,5 milyon manatının neft sektorundan daxil olduğunu nəzərə alsaq, bu il neft-qaz sektorundan vergi daxilolmalarında 4 dəfədən çox artım qeydə alındığını deyə bilərik.
Aydındır ki, neft-qaz sektorunda çalışan şirkətlər, o cümlədən SOCAR mənfəət və digər vergiləri ödəmək üçün dolların manata konvertasiyasına ehtiyac duyurlar. Quru sərhədlərinin bağlı olması vətəndaşların xaricə çıxışını kəskin azaltdığına görə dollar alışı da azalıb. Bu isə ölkədə dollar bolluğunun yaranmasına gətirib çıxarıb.
Bu səbəbdən də Mərkəzi Bankın keçirdiyi hərraclarda banklar tərəfindən dollar alışı azalmaqda davam edir. Cari ilin yanvar-aprel aylarında valyuta hərraclarında cəmi 1 milyard 215 milyon ABŞ dolları məbləğində satış olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,1 faiz azdır. Aprel ayında valyuta satışının məbləği 286 milyon dollar təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 47,9 faiz azdır.
Mərkəzi Bank bildirir ki, 2023-cü ilin 4 ayında valyuta hərraclarının 97 faizində təklif tələbi üstələyib."Yeni Müsavat"
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar