Xəbər lenti
Sözün də üz tutduğu bir səcdəgah var
Xasiyyət RüstəmovaAğlım kəsəndən bəri öz səcdəgahını arayan sözün, ədəbiyyatın ağuşundayam. Yolumdan neçə-neçə qələm sahibi keçdi – saçları dərdlə ağarmış, amma bəxti bir cürə də gülməmiş, kəsəsi boş qalmış neçə yazar… Mən onları heç vaxt həqiqi yazıçı saymadım, şair də demədim onlara. Hələ çantamın ağırlığından çiyinlərim bükülən o uşaqlıq illərimdə, evimizlə məktəb arasındakı xəlvət, sakit döngələrdə xəyallarımın pıçıldadığı nağılların arxasınca qaçardım. Oxuduğum kitablar ruhumu bu hala salmışdı. İnsanlarla həmsöhbət olanda onların niyə Puşkin təbiətli olmamasına təəccüblənərdim. Yoldaşlarımla oynayanda onları oxuduğum romanların qəhrəmanlarına bənzədə bilmədiyim üçün daxilən sarsılardım. O zamanlar (və bəlkə indi də) bilmirdim ki, bu ədəbiyyatın bir Uca Sahibi var; onun da ruhən boyun əyib üz tutacağı bir ilahi səcdəgahının varlığından xəbərsiz idim. Mən silsiləli şəkildə düşünərdim: görəsən, insanların gözləri niyə cüt yaradılıb və niyə eyni başa sığışdırılıb? Allah haqqında ardı-arası kəsilməyən suallarımla Anamı cana yığmışdım. Xüsusən də Onun göylərdə bərqərar olduğunu öyrəndiyim gün mənim üçün kainatın ən böyük sirri açılmışdı; dünya bir andaca daha tilsimli, daha maraqlı bir məkana çevrilmişdi. O gündən sonra sanki yeni bir vəzifəm var idi: Yaradanı axtarmaq üçün baxışlarımı səmadan çəkməzdim.
Hamı dərin yuxuya gedəndə həyətə çıxar, boynu bükük, həsrət dolu gözlərimi göyün enginliyinə dikərdim. Bəzi gecələr xəyalımda atlılar peydə olardı, amma mən onların mahiyyətini qavramağa macal tapmamış yoxa çıxardılar. Anamın namaza durması, o ilahi duruşu da mənə qəribə və sehrli gələrdi. Anamı səccadə üzərində görəndə ürəyim naməlum bir sirrin həyəcanından çırpınardı. O namaz anları mənə sonsuz dərəcədə uzun görünər, uşaq səbrimsizliklə darıxardım. Amma məni ən çox valeh edən başqa şey idi: anam yalnız bir tərəfə – evimizin bir küncünə baxaraq bizdən, dünyadan üz çevirər, sanki bütün kainatı unudardı. İki ovucunu səmaya açıb nələrsə pıçıldadığı an namazın ən müqəddəs məqamı idi mənim üçün. Çünki o pıçıltılar az sonra göz yaşlarına, hönkürtüyə çevrilərdi.
Mən ədəbiyyatı, sözün qüdrətini dərk etməyə başlayanda, anamın qibləyə üz tutduğu o ilahi ehtiramla sığındım ona. İlk şeirimi yazdığım o gündən bəri mənim üçün dörd bir tərəf sadəcə yön deyildi artıq. Nə zaman qələmə sarılsam, dilimdə nələrsə pıçıldasam, anamın o namazdakı halı gözlərim önündə canlanardı. Qəlbim titrəyən, ruhumu ağrılar sıxan gecələrdə yumru başımı yorğana bürüyüb Uca Xaliqə sığındım; yalnız Ona muhtac olduğumu, Ondan başqa pənahım olmadığını ruhumun ən dərin qatlarında hiss etdim. Və o anlarda — o nəhəng, intəhasız sakitlikdə ruhumun sığınacağı o müqəddəs məkanı tapdım. Həyatın burulğanlarında zaman-zaman bu ruh halını itirsəm də, nədənsə daha əvvəlki kimi qorxmuram. Çünki bilirəm ki, o anlarda mən əlində səccadəsi ilə öz səcdəgahını, öz ilahi sığınacağını axtaran bir yolçuya çevrilirəm.
Deməli, sözün də, ədəbiyyatın da üz tutduğu bir səcdəgah var.
Bu nitq Kolumbiyanın Medellin şəhərində keçirilən 36-cı Beynəlxalq Poeziya Festivalı üçün qələmə alınmışdı.
Kolumbiya. Medellin. 07.07.2026-cı il.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































