Xəbər lenti
“Milli genofondun zəmanəti: gəncliyə inancın strateji əhəmiyyəti” – Tural Vəlizadə yazır...
Tural Akif oğlu VəlizadəMilli Müdafiə Universitetinin tabeliyində
Bakı Hərbi Kollecinin müəllimi
Bakı Qızlar Universitetinin baş müəllimi
Bakı Dövlət Universitetinin doktorantı
Zamanın nəbzi gəncliklə vurur. Tarixin hər bir mərhələsində xalqların varlığını qoruyan və onları inkişafın zirvəsinə daşıyan təməl bir qüvvə olub: Gənclik. Lakin gənclik sadəcə demoqrafik bir göstərici deyil; o, millətin sabahkı vizyonu, tükənməz enerji mənbəyi və ən əsası, ideoloji varisidir. Məhz buna görə də, vaxtilə qeyd etdiyimiz kimi, “Gənclərdən ümidini kəsən xalq gələcəyini itirib” ifadəsi bu gün sadəcə bir aforizm deyil, milli təhlükəsizlik qədər vacib bir düsturdur.
Azərbaycanın yaxın tarixi bu ideyanın ən parlaq təsdiqidir. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbə, məhz “ümid kəsilməyən”, vətənpərvərlik ruhunda yetişdirilən gəncliyin qəhrəmanlığı idi. Onlar sübut etdilər ki, gəncliyə qoyulan investisiya - həm mənəvi, həm də intellektual planda - dövlətin sarsılmazlıq sığortasıdır. Milli Müdafiə Universitetinin, onun tabeliyindəki Bakı Hərbi Kollecinin və digər xüsusi təyinatlı müəssisələrin bu gün gənclərə açdığı qapılar, əslində gələcək zəfərlərin bünövrəsidir.
Müasir dünyada müharibələr təkcə döyüş meydanında deyil, həm də texnologiya, elm və informasiya müstəvisində gedir. Gənclərimizin rəqəmsal dünyada milli maraqları müdafiə etməsi, kiber-fəzada “Azərbaycançılıq” ideologiyasını qoruması onların intellektual vətənpərvərliyinin göstəricisidir. Əgər biz bu gün gənclərimizin elmi potensialına, onların yenilikçi ideyalarına yaşıl işıq yandırmırıqsa, deməli, gələcəyin qlobal rəqabətində yerimizi itiririk.Müasir qlobal geosiyasi reallıqlar şəraitində milli dövlətçiliyin dayanıqlılığı birbaşa olaraq gənc nəslin mənəvi-psixoloji identifikasiyasından asılıdır. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi “Vətənə sədaqət” prinsipi bu gün sadəcə emosional bağlılıq deyil, həm də milli təhlükəsizliyin fundamental parametri kimi çıxış edir. Ümummilli Liderin qeyd etdiyi kimi, fərdin cəmiyyətdə layiqli mövqe tutması onun intellektual bazası ilə yanaşı, həm də dövlət maraqlarına sadiqlik dərəcəsi ilə mütənasibdir. Milli dəyərlərə sadiqlik gənclər üçün bir növ “mənəvi kompas” rolunu oynayaraq, onların peşəkar karyera yüksəlişində dayanıqlı bünövrə yaradır. Ulu Öndərin bu kəlamları gənclik üçün zamansız bir bələdçidir: Dövlətə və torpağa sarsılmaz bağlılıq gəncliyi yaşadan mənəvi enerji, cəmiyyətdəki uğurları şərtləndirən ən ali meyardır.
Gənclərə inam - xalqa inamdır. Onların bəzən etdiyi xətalar və ya fərqli düşüncələri bizi ümidsizliyə deyil, onları daha yaxşı anlamağa sövq etməlidir. Unutmamalıyıq ki, bu günün tələbəsi sabahın professoru, bu günün kursantı sabahın generalıdır. Onların yolunu aydınlatmaq, onlara güvənmək və ən çətin anlarda “biz sizə inanırıq” demək düşünürəm ki, hər bir ziyalının, hər bir pedaqoqun mənəvi borcudur.Bu gəncliklə keçilməz maneələri dəf etmək olar. Bu gəncliklə Zəfərlərimizin ümid bulağı əbədi çağlar. Gəncliyin enerjisini milli hədəflərə yönəldə bilən xalqlar heç vaxt məğlub olmurlar. Çünki onların gələcəyi etibarlı əllərdədir!
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























