Sizin Reklam Burada
Xəbər lenti
14-11-2024
13-11-2024
BÜTÜN XƏBƏRLƏR

COP29 - Bəşəriyyətin xilasına fərqli baxışlar: Dünyanın və düşmənlərimizin gözü və qulağı Azərbaycanda...

Tarix: 14-11-2024 21:16     Baxış: 243 A- / A+





Bakıda, daha doğrusu, ölkəmizdə keçirilən beynəlxalq tədbirin dəyəri və əhəmiyyəti çoxları üçün hələ də anlaşılmaz və qaranlıq olaraq qalır.
Bu beynəlxalq tədbirə dünyanın, daha dəqiq ifadə etsək, Avropanın, yəni yer kürəsinin müxtəlif irqə mənsub insanlarını müstəmləkə şəraitində qul kimi “saxlayan” super güclər, o cümlədən Avropa və onun həmişə “frransız xalqı kef edir” yarğısı ilə tanınan Fransanın mövqeyi anlaşılmaz, yaxud, qəti yolverilməzdir. Ona görə də aydınlaşdırmaq lazımdır: COP29 nədir və niyə Azərbaycanda keçirilir?! Bu dünya miqyaslı tədbirin Azərbaycanda keçirilməsi kimlərin könlünü və yerini dar edir?!

Xatırladaq ki, haqqında bəhs edilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) hər il keçirilir və sədrlik BMT-nin beş regionu arasında rotasiya olunur. Azərbaycan Tərəflər Konfransının bu ilin noyabrında Bakıda keçiriləcək 29-cu sessiyasına (COP29) sədrlik edir. Həm də bilirik ki, son illər Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində zəngin təcrübəyə malikdir. Tədbirin keçiriləcəyi məkan olaraq Bakı Olimpiya Stadionu seçilib. Rəsmi Bakı prosesi şəffaf, qərəzsiz və inklüziv şəkildə həyata keçirmək məqsədilə COP29 Sədrliyi ambisiyaların artırılması və fəaliyyətə təkan vermək üçün bir-birini qarşılıqlı şəkildə dəstəkləyən iki istiqamətə əsaslanan plan hazırlayıb. COP-un nə olduğu, COP prosesi, müzakirə edilən məsələlər və həyata keçirilən çoxtərəfli fəaliyyət barədə daha ətraflı məlumatı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) saytından əldə etmək mümkündür. Keçək əsas məsələyə, ağrılı-acılı olsa da, bu gün ölkəmizdə keçirilən dünya miqyaslı tədbirin fonunda bir daha ölkəmizə qarşı qərəzi və mərəzi olanları tanıdıq və gördük. Dünyada haqq və ədalətdən danışanlar, danışmaq istəyənlər ölkəmizə qarşı aparılan haqsızlıqlara illərlə göz yumdu - Azərbaycanın 20 faizdən çox torpaqlarının işğal altında qalmasına, milyondan artıq qaçqın və məcburi köçkünün olmasının fərqinə varmayanlar, nədənsə, 27 sentyabr 2020-ci il tarixli 44 günük vətən savaşı başlayandan sonra Azərbaycanı xatırlamağa və daxili işlərinə baş soxmağa çalışdılar.

Təəssüf ki, bu gün də hər vəchlə Azərbaycanın yürütdüyü daxili və xarici siyasətə burun soxmağa, bunu özləri üçün ali missiya kimi dünyaya qəbul etdirməyə çalışırlar. 44 günlük vətən savaşında və sonra keçirilən antiterror tədbirləri zamanı qazanılan qələbə ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunması bir çox dövlətlərin, sən demə, kürkünə birə salıb. Bu gün "qonşularımızı" yazıq və kimsəsiz, soyqırımına məruz qalan xalq kimi müdafiə etməyə çalışır, revanşist qüvvələr silahlandırıb yenidən Azərbaycana qarşı təxribat və təcavüzkarlığa məcbur etmək siyasəti həyata keçirirlər. Bu "sülh göyərçinləri", əslində, dünyaya haqq-ədaləti müdafiə etmək adı altında ən alçaq və vandalizmi təbliğ və təşviq edən ölkələrdir. Yuxarıda qeyd etdiyimiz kimi, yaşadığımız dünyada ətraf mühitin qorunması prioritetdir, bu, bütün dünya ölkələri və ictimaiyyətlərinə bəllidir. 30 il Azərbaycanın torpaqlarını işğal altında saxlayan Ermənistan və onun havadarlarının köməyi ilə Azərbaycan Respublikasının ərazisində flora və faunamızı, yeraltı və yerüstü sərvətlərimizə qarşı həyata keçirdikləri vandalizm nəticəsində ölkə təbiətinə və iqlimə qarşı açıq-aşkar zorakılıq halları baş vermişdir. Bəs bu dünyaya “ədalət dərsi” keçənlər bütün bunları görmürdümü?! Görürdüsə, nədən tədbirlər həyata keçirilmir, qanunlar qəbul edilmirdi. Burda məsələnin mahiyyəti və bütün eybəcərlikləri üzə çıxır. Əslində, bu "sülh göyərçinlərinə" Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması maraqlı olmayıb, onların bir amacı və istəyi olub: ölkəmizin yeraltı və yerüstü sərvətlərini necə talan etmək. Necə ki, otuz il Qarabağda bunu etdilər.

Ölkəmizin Prezidenti, Ali Baş Komandanımız İlham Əliyev cənablarının yürütdüyü ali siyasət və dəmir iradəsi ilə apardığı mübarizə bir çoxlarının xoşuna gəlmədi. Qısa zaman kəsiyində Azərbaycanın ərazi bütövlüyünün təminatı, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması və inkişafı bir çoxlarının yuxusunu ərşə çəkdi. İndiyədək bütün bunları məşhur deyimdəki kimi, “saman altından su yeritmək”lə həyata keçirməyə çalışırdılarsa da, bu gün açıq şəkildə Azərbaycana qarşı səlib yürüşünə başlayıblar. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Azərbaycanda keçirilməsinə hər vəchlə mane olmaq, tədbiri nüfuzdan salmağa, baykot çağırışları ilə mane olmağa çalışsalar da, bədniyyətlilərin “arzuları” ürəklərində qaldı. 180-dən çox ölkədən, 72 min nəfərdən artıq insan ölkəmizdə tədbirdə iştirak etmək üçün ölkəmizə gəlib. Bunlarıın içərisində 80 ölkə Prezident və baş nazirlər səviyyəsində təmsil olunur. Azərbaycana getməyin çağrışlarına rəğmən anti-təbliğat böyük reklama çevrildi. Daha çox insan bu tədbirdə iştirak etmək üçün müraciət etdi.

Artıq tədbirin baş tutduğu göz qabağındadır. Gözləntiləri ürəklərində qalan xain və xəbis dövlətlərin rəhbərləri Azərbaycanın uğurlu inkişafı, yürütdüyü siyasəti həzm etməkdə çətinlik çəkirlər. ABŞ başda olmaqla, Fransa və İranın adını xüsusi ilə qeyd etmək istəyirəm. Başlayaq ABŞ-dan. Dünyaya "demokratiya" ixrac edən ölkə nədən beynəlxalq əhəmiyyətli tədbirə belə soyuq münasibət görsətdi. Axı, özünü dünyanın xilaskarı kimi qələmə verməyə çalışan dövlət, yaşıl dünya naminə həmrəylik nümayiş etdirmədi. Bəs dünya, bəs xilaskarlıq missiyası?! Bu missiya Əfqanıstan, İraq, Suriya, Liviya və Ukraynada olduğu kimi, bir missiyadan ibarətdirsə ölkəmizə gəlməməkləri daha xeyirli və məqsədyönlüdür. Artıq nəyinki dünya xalqları, ABŞ-ın özündə ölkə vətəndaşları işğal və talan etmək siyasətinə etiraz edirlər. Son seçkilərdə biz bunu açıq şəkildə müşahidə etdik. Nəticə göz qabağındadır: Trampın yenidən prezident seçilməsi dünyada apardığı yanlış siyasətin nəticəsidir. Ukrayna cəbhəsində baş verənlər ABŞ-ın ən böyük uğursuzluğudur. Keçək Fransaya, onun yaramaz və yarıtmaz rəhbəri Makrona. Bu erməni aşiqi bizdən - ölkəmizdən nə istəyir, nə etmək istəyir?! Olmaya Afrika ölkələri kimi, ölkəmizi müstəmləkə gözündə görmək və ağalıq etmək niyyətindədir?! Milli-mənəvi dəyərləri olmayan ölkənin, özü kimi dəyərsiz prezidentinin Azərbaycana qarşı qərəzi açıq və aydındır. Azərbaycanın qələbəsini Prezident İlham Əliyev cənablarının uğurlu siyasəti və qətiyyəti, əzmkarlığı Makronu və komandasının xoşuna gəlmir. İçərisi kin və nifrət hissi ilə alışıb-yanan bu fransız misyosu bəs ölkəsinin də 30 il həmsədrliyində təmsil olunduğu ATƏT-in Minsk Qrupunda Ermənistan-Azərbaycan münqaşisənin həlli istiqamətində tutduğu mövqe demokratik oldumu?! Qətiyyən yox, əslində, münaqişənin həllinin yubadılması Fransanın dövlət siyasətinin sanki tərkib hissəsi olub. Üzümü onlara tuturam: Sizin 30 ildə etmədiklərinizi, etmək istəmədiklərinizi Azərbaycan vətən savaşında 44 günə, antiterror tədbirləri zamanı, 24 saatdanda az bir vaxt içərisində təmin etmiş oldu.

Bununla da Azərbaycan işğala son verdi, ərazi bütövlüyünü təmin eetdi. Bundan sonra Fransa və bəzi ermənisevər dövlətlərin və onların rəhbərlərinin iç üzü göründü. Beləliklə, ölkəmizə dost və düşmən mövqeyi sərgiləyənləri bir daha tanımış olduq. Fransa prezidenti Makron açıq-aşkar erməniliyini və erməni sevgisini gizlətmir. Azərbaycanın Vətən müharibəsində qazanılan tarixi qələbəsini həzm etməkdə çətinlik çəkir. İkinci bir qələbənin - ölkəmizdə keçirilən beynəlxalq tədbirin dəyəri, əhəmiyyəti Makronu və onun kimilərini narahat etdiyi üçün belə bir mötəbər, dünya miqyaslı möhtəşəm, vacib əhəmiyyətli konfransda iştirak etmir, qoşulmaqdan boyun boyun qaçırır. Bir kəlmə ilə buradan Fransa prezidentinə səslənirəm: Qarabağda Azərbaycan əsgəri sizi məğlubiyyətə uğratdı! Bu günsə Azərbaycanın uzaqgörən siyasətçisi, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, dövlətimizin başçısı - Prezident İlham Heydər oğlu Əliyev siyasi meydanda məğlubiyyətin nə olduğunu COP29 tədbirinin Azərbaycanda keçirilməsi ilə sizə yaşatdı. Bu tarixi dərsi və məğlubiyyəti nə siz, nə də tarix unutmayacaq! Maraqlı olduğu qədər də acı olansa Qərbin və Avropanın sancısı və mərəzi bəlli, bəs bizim qonşularımız "din" qardaşlarımız niyə və nəyin sancısını çəkir?! Bunu anlamaqda və dərk etməkdə çətinlik çəkirəm. Özünü dünyaya dini-islamın xilaskarı kimi qələmə verməyə çalışan İran "İslam" Respublikasının ali rəhbərləri otuz ildə Azərbaycanın başına gətirilənlərdən həqiqətənmi xəbərsizdir?! Otuz il Qarabağda məscidlərimizdə donuz saxlanılmasını görməyən "müsəlman qardaşlarımız" ölkəmizdə keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransında prezident səviyyəsində qatılmaqdan imtina etdi. Əlbəttə, başa düşüləndir: 30 il Qarabağda – tarixi və əzəli-əbədi Azərbaycan torpaqlarında ermənilərin həyata keçirdikləri vandalizm hərəkətlərini görən və o talanda iştirak edən, flora və faunamızın məhvinə qol çəkən, imza atan, “qonşunu ikiinəkli” görmək istəməyən birinin ölkəmizə gəlməyə nə üzü, nədə ki sözü vardı! Boşuna deyilməyir ki, Qarabağın talan edilən sərvətinin çox hissəsi müsəlman ölkəsinə - İrana daşınmışdı.

Bunu mən demirəm ha, qəribliyə salmayın sözümü, olan, nələr varsa, müsəlman qardaşlarımız özü danışır. İrandan, cənub qonşumuzdan Qarabağa qarət və talan üçün gedən hər avtomobilin həcminə görə qiyməti vardı. Bəli, ağayi-müsəlman qardaş və bacılar, bu gün niyyəti və məramı bəlli kəslərin ölkəmizə gəlməməyinin kökündə Azərbaycanımızın qətiyyətli mövqeyi və regionda söz sahibi olmasını istəməməzliyinin açıq-aşkar nümayişidir. Siz gəlməsəniz də olar, bizə” Biz onsuz da bilirik: Türkün türkdən başqa dostu yoxdur. Dostlar və ölkəmizə dəyər verib dəvətimizi qəbul edib gələnlər sağ olsun. Bu gün fəxarət və sevinc içərisində 180 ölkənin dövlət və hökumət başçılarının, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi görüşdə masa üzərində 27 il işğal altında olan Kəlbəcərimizin dünya şöhrətli "istisuyu" var. Bu, dünyaya Azərbaycanın verdiyi ən böyük, ən önəmli mesajdır. Düşmənlərimizin talanını biz qısa müddət ərzində bərpa etdik. Bu, bizim Azərbaycanın dəmir iradəli rəhbəri, uzaqgörən siyasətçi Prezident İlham Əliyev cənablarının ən böyük qələbəsidir. Qələbən mübarək, Ali Baş Komandan, Qələbən mübarək, Azərbaycan!

PS: Manşetə seçilən karikatura istedadlı rəssam Vasif Səftərova məxsusdur. Yerində və düzgün çəkilən karikatura Fransa prezidenti Makrona ən gözəl xatırlatmadır: “Burnunu Qafqazın daxili işlərinə soxma. O uzun burnun hər zaman sındırılar, necə ki, bu gün Azərbaycanda COP29-un (Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı) keçirilməsi ilə sındırıldı...”

















Rövşən HÜSEYNOV,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Subyekt.az xəbər portalının təsisçi və baş redaktoru



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar