Xəbər lenti
“Heç kəs unudulmur, heç nə yaddan çıxmır”sa…
Nadir İsrafilov, tanınmış təhsil eksperti
“Qələbə, qələbədir - istər sovet Azərbaycanı dövründə olsun, istər müstəqil Azərbaycanın”
Bir ara “9 may”a biganə münasibət bəsləyəndə, hətta 9 may bayramını ləğv etmək fikrinə düşəndə belə nəzərə almadıq ki, bu müharibə "Böyük Vətən müharibəsi" idi, Vətən uğrunda, bu gün uğrunda gedirdi, vətən övladlarının gələcək xoşbəxtliyi naminə idi. Bu qələbə “Böyük Vətənin” kiçik bir parçasının, böyük tarixinin şanlı bir səhifəsi idi. Qələbədə çox böyük payı olan Azərbaycan xalqı özünün 700 min oğul və qızını cəbhəyə yola salıb. Onların 300 mindən çoxu döyüşlərdə həlak olub. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb ki, onlardan da 43 nəfəri azərbaycanlı olub, eləcə də 30 nəfər "Şöhrət" ordeninin tam üç dərəcəsinə layiq görülüb və onların da 15 nəfəri azərbaycanlı olub. 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşub.
Azərbaycan xalqı İkinci dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir. Müharibə başlanandan keçən qısa müddət ərzində Azərbaycan Respublikası ərazisində 87 qırıcı batalyon, 11 milli qvardiya yaradılmış, 1124 özünümüdafiə dəstəsi təşkil edilmişdir. Müharibə illərində bütövlükdə Sovet İttifaqında hasil edilmiş 110 milyon ton neftin 75 milyon tonu, təkcə Azərbaycan neftçiləri tərəfindən hasil edilmişdi. Faşizmə qarşı mübarizədə xalqımızın bu qələbəsinə biganəlik göstərmək, əslində sovet dönəmində xalqımızın elm, mədəniyyət, incəsənət və sosial-iqtisadi həyatın bütün sahələrindəki qələbə və uğurlarımıza gölgə salmaq anlamına gələrdi.
Ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda hakimiyyətə 2-ci qayıdışından sonra bu haqsızlıq aradan götürüldü, ədalət bərpa olundu. Ümummilli liderin veteranlara böyük sevgi və qayğısını Prezident İlham Əliyev qədirbilənliklə davam etdirir, Dövlət başçısı 2003-cü ildən başlayaraq hər il faşizm üzərində qələbə münasibətilə Azərbaycan veteranlarını təbrik edir, onlarla bağlı yeni qərarlar qəbul edir. O vaxt “Böyük Vətən idi”, hər halda Vətən idi, müharibə də "Böyük Vətən müharibəsi" adlanırdı, çünki Vətən uğrunda, bu gün uğrunda gedirdi, vətən övladlarının gələcək xoşbəxtliyi naminə idi. Bu qələbə “Böyük vətənin” kiçik bir parçasının, böyük tarixinin şanlı bir səhifəsidir. O qələbədə böyük pay sahibi olan bir xalq, öz qələbəmizdə də sevinc hissini yaşamağa layiqdir və qabildir.
Mən həmin müharibəni görməmişəm, heç kəsə də bunu arzulamıram. Heç atam da o müharibəni görməyib, çünki gənc idi, Bayılda “20-ıy posyolok” deyilən ərazidə neft mədənlərində işləyirdi. Neftçiləri hərbi xidmətə cəlb etmirdilər, arxa cəbhə sayılırdı. Heft o zaman qələbə üçün hər şey demək idi. Müharibə başa çatdıqdan xeyli sonra Badamdar qəsəbəsində neftçilər üçün taxtadan quraşdırılmış, “finski barak” deyilən yanaşı yataqxanalardan birində dünyaya gəldik, böyüdük, ərsəyə yetdik. Neçə illər keçməsinə baxmayaraq, hər “9 may” gələndə, sanki, özümü müharibə iştirakçısı kimi zənn edirəm. Çünki böyük əmilərim, dayılarım ön cəbhələrdə vuruşub, onlardan qayıdanlar da olub, qayitmayanlar da. Müharibənin bütün keşmə-keşlərini onlardan eşitmişəm.
Böyük əmim Quba rayonunun Hərbi komissarlığında II çast adlanan sahə üzrə hərbi mükəlləfiyyət işlərinə baxırdı. 1941- ci ilin iyununda müharibə başlayan vaxt könüllü olaraq cəbhəyə göndərilməsini xahiş etdi. Xahişi təmin olunmadı. Nəhayət, israrlı və davamlı təkidlərindən sonra onu cəbhəyə göndərdilər. Rütbəsi kapitan idi. Berlinə qədər ağır və əzablı yol keçdi. Son məktubunda ona mayor rütbəsi verilməsi və tezliklə qaydacağını bildirirdi. Verilən rəsmi xəbərlərə görə Reyxstaqın üzərinə bayraq sancılmış, müharibə qələbə ilə başa çatmışdı. Ancaq, qayıdanlar qayıtdı, o qayitmadı.
Aradan 20 il keçdi. Günlərin birində atamı Rayon partiya komitəsinə çağırdılar, onun Çexoslavakiya Sosialist Respublikasına dəvət olunması ilə bağlı rəsmi məktubla tanış etdilər. Biz hələ uşaq idik, orta məktəbin orta siniflərində oxuyurduq, nəyin nə olduğunu başa düşmürdük. Sən demə, mayın 8-də Berlin alındıqdan sonra, Almaniyanın hamılıqla və qeyri-şərtsiz tərkisilah olunması barədə müqavilə imzalanmasına baxmyaraq, Çexoslavakiyada bir korpus baş qaldırıb, müqavimət göstərməkdə davam edib. Ali Hərbi komandanlığın göstərişinə əsasən Berlindəki qarnizonlardan bir neçəsi həmin qiyamı yatırmaq üçün Praqaya yeridilib. Əmim də həmin qarnizonların birində olub və mayın 9-da faşist gülləsinə tuş gəlib.
Müharibə başa çatdıqdan və Çexoslavakiya faşizm istibdadından tam azad olunduqdan sonra “Qırmızı ləpirşilər” adlı bir qrup Praqanın azad olunması yolunda canlarından keçənlər barədə materiallar toplamağa başlamış, xilaskarları onlar üçün ayrılmış xüsusi məzarlıqda dəfn etmiş, və onların qohum-əqrabalarını axtarıb tapmaq işləri ilə məşğul olmuşlar. Atama göndərilən məktub da bu axtarışlardan birinin nəticəsi idi ki, o da 20 ildən sonra olsa da doğma qardaşının üzünü görməsə də heç olmasa məzarını belə görə bildi.
Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında 9 May faşizm üzərində Qələbə günü ilə bağlı paylaşım edib. Paylaşımda deyilir: “Faşizm üzərində Qələbə günü münasibətilə bütün veteranlarımızı təbrik edir, hər bir vətəndaşımıza möhkəm cansağlığı, ölkəmizə sülh və tərəqqi arzulayıram”. Təbrikə bizlər də qoşuluruq.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar