Xəbər lenti
Ukraynadakı Çernobıl faciəsindən 37 il ötür
Oğuz elinin mərd və qorxmaz, vətənpərvər oğlu idi bütün varlığı ilə mayor Zabit Abdurahmanov. Onunla hər zaman qürur duyurdum. O, mənim doğma əmim idi...
Bütün dünyanı qorxuya salan həmin dəhşətli hadisə 1986-cı il aprelin 26-da baş versə də, bəduğur “padşah” M.Qorbaçov bunu Sovet xalqından xeyli müddət gizlədə bilmişdi.

Mayor Zabit Abdurahmanov Çernobıl əlili olsa da, 1992-ci ildə Şuşanın müdafiəsində də dayanmışdı... Babamın ilk övladı, böyük oğlu atam Abdurahman kişi idi (1941-45-ci il müharibəsinin odundan-alovundan keçdikdən hələ iki il də sonra hərbi xidmətini davam etdirmişdi), sonbeşik övladı isə Zabit əmim idi.
Atam onu ilk dəfə yalnız müharibədən qayıtdıqdan sonra görmüşdü - əmim Qələbədən sonra dünyaya gəlmişdi. O zaman 22 yaşı olan atam üçün Şakir əmimdən sonra daha bir qardaşının da dünyaya gəlişi 45-ci ilin Qələbəsi qədər böyük bir sevinc idi!.. Zabit əmim 5 yaşında Xaldan rayonunun (indi - Şəki rayonunun) Qayabaşı kənd orta məktəbində 1-ci sinfə getmiş, 16 yaşında oranı qızıl medala layiq bitirmişdi. Lakin o vaxtlar gizli saxlanılan, indi isə hamıya məlum olan "məlum səbəb"dən ona layiq olduğu medal verilməmişdi. O, hələ gənc yaşlarında təkcə adının yox, özünün də zabit, hərbçi olmasını arzulayırdı. Bu istəklə də orta məktəbi qurtarana yaxın ərizə ilə Bakı Hərbi-Dənizçilik məktəbinə müraciət etmişdi. Oranın komandirinin - rus generalının imzası ilə ona göndərilən, Zabiti hədsiz dərəcədə sevindirən müsbət cavab məktubu təsadüfən II dünya müharibəsi veteranı olan böyük qardaşının əlinə keçir. II Dünya müharibəsinin dəhşətlərini, odunu- alovunu görmüş qardaşı, keçmiş döyüşçü, hərbi kəşfiyyatçı, 2-ci qrup müharıbə əlili Abdurahman Abdurahmanov həmin məktubun üzərində yazır: “qətiyyən məsləhət deyil!”. O, bundan xeyli mütəəsir olsa da, daim hərbçi olmaq arzusu ilə yaşayırdı. Lakin kimyaçı olmaq qərarına gəlir və sənədlərini Azərbaycan Dövlət Neft və Kimya İnstitutuna verərək, orada ali təhsilini uğurla başa vurur və 9 ilə yaxın Sumqayıtın nəhəng Kimya Kombinatında mühəndis-texnoloq, növbə rəisi vəzifələrində işləsə də, hərbi işə marağı onu rahat buraxmadığından zabit olmağı qərara alır. Və, nəhayət ki, çoxdankı arzusuna çatır – SSRİ Müdafiə nazirinin əmri ilə respublikanın hərbi komissarlıqlarından birində baş leytenant kimi (o, bu rütbəni Leninqradda 3 illik hərbi xidmətdə olarkən, xüsusi kurs bitirərək almışdı) fəaliyətə başlayır. …O vaxt - 1986-cı il mayın 16-da SSRİ Müdafiə Nazirliyinin əmri üzrə ehtiyatda olan zabitləri təcili olaraq “hərbi toplantı” üçün xidmət etdiyi Mingəçevir şəhər hərbi komissarlığına çağırarkən və oradan da təcili olaraq Bakıya yola düşərkən mayor Zabit Abdurahmanov heç özü də tam aydınlığı ilə bilmirdi ki, yaxın günlərdə onu və komanda yoldaşlarını nə gözləyir. Bakıya çatanadək hər şey hərbi sirr kimi saxlandığından ailələrinə də düzgün məlumat verə bilməmişdilər, sadəcə “cbor”a gedirik” demişdilər. Yalnız respublikanın müxtəlif rayonlarından olan “ehtiyat zabitlər”lə hərbi təyyarəyə minərkən Ukraynaya uçduqları, 26 apreldə Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın qarşısının alınmasında iştirak edəcəkləri məlum olmuşdu. AES-in bloklarından birindəki dəhşətli partlayış həmin il aprelin 26-da baş versə də, bütün “sovet xalqı” qarşıdan gələn 1 may və 9 may bayramlarına hazırlaşdığından, o zaman SSRİ-nin bəduğur rəhbəri, hakimiyyətə gələrkən “aşkarlıq” ideyasını ortaya atlb, xalqa ağızdolusu “aşkarlıq dərsi” keçən, lakin aşkarlığın xüsusilə vacib olduğu məqamda onu bircə dəfə də dilə gətirməyib, alçaqcasına, qətiyyətlə boğan M.Qorbaçov guya xalqın bayram ovqatını pozmamaq naminə “humanistlik” göstərərək, Çernobıl faciəsini bir müddət gizli saxlatmağa çalışmışdı. “Politbüro”nun əksəriyyəti qoca olan üzvləri vəzifə xatirinə “...ağrımaz başım” düşüncəsi ilə buna susmaqla razılıq versə də, haqsızlığa, dövlət səviyyəsində riyakarlığa qarşı dözülməz, barışmaz olan Heydər Əliyev ambisiyalı və satqın dövlət başçısının mövqeyini açıq-açığına pisləmiş, faciənin xalqdan gizlədilməsinin daha ağır nəticələrə səbəb olacağını bildirmişdi. Lakin bununla belə Çernobıl faciəsi barədə ilk və dürüst məlumat xalqa 1 may bayramından da xeyli sonra çatdırılmışdı, baxmayaraq ki, özlərinin ekoloji vəziyyətinə ən müasir cihazlarla nəzarət edən Avropa ölkələri SSRİ ərazisindən radioaktiv şüalanma axının güclənməsi ilə bağlı artıq həyəcan qaldırmağa başlamışdılar. …Zabit Abdurahmanovun komandanlıq etdiyi ehtiyatda olan zabitlər dəstəsini və “çağırışa qoşulmuş” digər həmyerlilərimizi aparan təyyarə Kiyevə axşam çağı enmişdi. Onları hərbi aerodromda qarşılayıb, elə oradaca Çernobıl AES-dəki son vəziyyət barədə məlumat və qəzanın aradan qaldırılması ilə bağlı ilkin təlimat vermişdilər. Hamı hərbi geyimlə və müvafiq təhlükəsizlik vasitələri ilə təmin edildikdən sonra onları avtobuslarla elə gecə ikən Kiyev vilayətinin şimalında, Belorusiya sərhədinin yaxınlığında yerləşən Çernobıl AES-dən 30 kilometr aralıdakı “könüllülər” düşərgəsinə yola salmışdılar. Bakıdan başlayan sutka yarımlıq uzun və üzücü yoldan sonra dincəlmək üçün onlara cəmi 3-4 saat vaxt ayrılmışdı.



***
Çernobılın “çornı-qara” fəsadları. O, Qarabağ müharibəsi veteran, həm də Çernobıl əlili idi. 1986-cı ilin aprelində Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması zamanı “hiss olunmayan” radiasiyanın nəticəsi idi ki, son illər səhhəti ağırlaşmağa başlamışdı. 2011-ci ildən başlayaraq əvvəlcə Mərkəzi Hərbi Qospitalda, sonralar isə həkim nəzarəti altında evdə müalicə olunurdu. Lakin sonrakı il yarım ərzində düçar olduğu paraliç nəticəsində əvvəl əl-qol hərəkəti, yerişi, daha sonra isə nitqi məhdudlaşdı, danışığı kəsildi, hafizəsi pisləşdi, doğmalarını belə tanıya bilmədi. Bununla belə son günlərə qədər ölümlə mübarizə aparır, ona asanlıqla təslim olmaq istəmirdi. Hətta bir dəfə xaricdə olan böyük oğlu Nazim “skaypla” atasından soruşanda ki, “necəsən?”, danışa bilməsə də, özünü sındırmayaraq, qərib yerdə olan oğlunun narahat olmaması üçün çətinliklə də olsa, əlini irəli uzadaraq, baş barmağını dik qaldırıb, “əla!” olduğunu bildirmişdi. Ağır vəziyyətdə olmasına baxmayaraq, evdəkilər onun iradəsinə, mətinliyinə, dözümünə-qüruruna heyran qalmışdılar. O, öz halını, ağır vəziyyətini bir anlıq da olsa unudaraq, oğluna ürək-dirək verməyi bacarmışdı. Hafizəsini itirənə kimi əmim həmişə Qarabağın xiffətini-dərdini çəkirdi, Vətənini, xalqını çox sevirdi. Doğmalarına, ata-anasına, qardaş-bacılarına, ailəsinə də daim qayğıkeşlik göstərir, dostlarına arxalanır, onlara güvənir, onlarla qürrələnirdi. Ancaq təəssüf ki, Çernobıl AES-in radiasiyası mənim istəkli, vətənpərvər əmimin vücudunu illərlə sarsıdıb, zəiflədərək, onun vaxtsız ölümünə səbəb oldu. O, 2016-cı ilin yanvarında - 71 yaşı tamam olmadan bu dünyadan ağrılarla, əzablarla köçdü... Hiddətlənməyə bilmirəm. Ay Sovetin gorbagor olmuşları, o qüsurlu AES-i siz icad edib, siz tikmişdiniz, siz işlətmişdiniz. Onun Azərbaycana nə dəxli vardı? Bəs onda nəyə görə minlərlə Azərbaycan oğlu tələm-tələsik səfərbər olunaraq, radiasiyanın tüğyan etdiyi ilk günlərdəcə Çernobıla göndərilmişdi? Kiminsə - Kamran Bağırov kimi bacarıqsız, amorf bir adamın öz kreslosunu qoruyub-saxlaması üçünmü? ...Bu gün minlərlə Çernobıl şikəsti kimi 2-ci dərəcəli Çernobıl əlili, Qarabağ müharibəsi veteranı olan əmim Zabit Abdurahmanov da artıq həyatda yoxdur! Allah Sovet sisteminə də, onun bəduğur rəhbəri olmuş M.Qorbaçova da min lənət etsin! Allah bütün Çernobıl qurbanlarına və Vətən şəhidlərimizə rəhmət eləsin!
Rəhman ORXAN.



Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar