Xəbər lenti
Nadir Israfilov: "70 il ərzində “Oxumaq, oxumaq, yenə də oxumaq” demişik..."
Bir vaxtlar 22 aprel günü proletariatın rəhbəri V. İ. Leninin adı ilə əlaqələndirilərdi.
Bütün sovet uşaqlarının babasının şərəfinə şerlər yazılar, nəğmələr qoşular, iməciliklər keçirilərdi. Yəqin ki, yaşlı və orta nəslin nümayəndələri xatırlamamış olmazlar ki, hələ məktəbə qədəm qoyduğumuz ilk gündən sovetlər birliyinin qurucusu kimi tanıdığımız Leninin “Oxumaq, oxumaq, yenə də oxumaq” vəsiyyətinin təsiri altında təhsilimizi başa vurub, müstəqil həyata qədəm qoymuşuq. Başqa cür ola da bilməzdi. Dillər əzbərinə çevrilən bu ruhlandırıcı şüar bütün təhsil müəssisələrınin foye və dəhlizlərinin bir nömrəli atributu idi. Yeniyetməliyindən, gəncliyindən və yaşlılığından asılı olmayaraq hamı oxuyurdu. Böyük və qüdrətli bir olkənın hər bir vətəndaşı üçün təhsilin əyani, qiyabi, axşam, fezo, fəhlə və gənclər məktəblərindən ibarət geniş şəbəkəsi yaradılmışdı.Hörmətli professorumuz Şahlar Əsgərov irəli sürdüyü “Oxumaq savad sayılmır, bilmək savad sayılır, inkişaf etmiş ölkələrdə bu prosesləri ifadə etmək üçün oxumaq yox, öyrənmək sözündən istifadə edirlər” tezisini əsaslandırmaq üçün rus və ingilis dillərində bu sözləri müqayisə etməyi tövsiyə etmiş, ilk baxışda kiməsə elə də böyük görünməyən bu kiçik fərqin dərindən düşünəndə böyük təsiri olduğunu konkret faktlarla əsaslandırmışdı. Çıxarılan nəticə isə ondan ibarət idi ki, fəlsəfi baxımından oxumaq vasitədir, öyrənmək isə məqsəddir. “Vasitə məqsəd kimi bizim şüurumuza yerləşdirilib. Çox təəsüf ki, bizim şagirdlərimiz məktəblərdə oxuyurlar, öyrənmirlər”.
Maraqlı olan və diqqətçəkən məqam nə idi? Yarım əsrdən artıq bir müddətdə Leninin “Uçitsya, uçitsya, yeşo raz uçitsya” çağırışı tərcümədə dilimizdə “Oxumaq, oxumaq, yenə də oxumaq” kimi assosiasiya olunub. Halbuki, “uçitsya” anlayışı rus dilində oxumaq deyil, öyrənmək mənasını verir. Oxumaq isə rus dilində “çitat”, “proçitat” anlamına gəlir. Məsələn, “çitat vslux” (ucadan oxumaq), “proçitat stixotvoreniye” (şer oxumaq) və s. “Uçenik” (şagird), “uçitel” (müəllim), “uçyonıy” (alim) sözləri “uçit” (öyrətmək) kökündən götürülüb. Elə qardaş türk dilində də şagırdə öyrənci, müəllimə öyrətmən deyilir. Əslində dilimizdə oxumaq sözü əsasən hər hansı bir mahnı və ya şer oxumaq kimi başa düşülür. Dərsi isə oxumaq deyil, öyrənmək tələb olunur.
Çox ehtimal ki, hüquq təhsilinə malik olan Lenin indiki terminologiya ilə desək, “uçitsya” mesajını verərkən oxumaq və öyrənmək anlayışlarının fərqində olmamış deyildi və yəqin ki, “Min bir gecə nağılları”nı oxumağı nəzərdə tutmamışdı. Bununla belə tam əminliklə hökm də vermək düzgün olmaz ki, Lenin bu fikri irəli sürərkən özlüyündə oxumağı, yoxsa öyrənməyi nəzərdə tutub. O da inandırıcı görünmür ki, rəhbərin bu fikirlərinin düzgün açıqlamasında tərcümə xətalarına yol verilib. Ən əsası ona görə ki, o dövrlərdə ölkəmizdə rus dili bilicilərinin və peşəkar tərcüməçilərin sayı indikində qat-qat artıq idi və hansısa dərslikdə, məsələn, tut ağacının “derji derevo” (ağacı tut) kimi tərcümə olunmasına qətiyyən yol verilə blməzdi.
Bəlkə də, belə bir tərcümə o vaxtlar oxumağın attestat, diplom almaq xatirinə deyil, elə məhz öyrənmək, bilik əldə etmək məqsədinə xidmət etməsindən irəli gəlib. Bizlər məktəbə gedərkən yalnız 9-10-cu siniflərdə bilmişik ki, sən demə bizə məktəbi bitirməyimizlə bağlı “Kamal attestatı” adlı hansısa bir sənəd veriləcək. İnstitut və ya universitetə daxil olmaq da diploma görə deyil, ali təhsil almaq, mükəmməl bir peşəyə yiyələnmək arzumuzdan irəli gəlib. Dərsdən kənar qalmaq, təhsildən yayınmaq kiminsə ağlına belə gələməzdi. Arada bir müəyyən “üzürlü” səbəblərdən dərsdən qaçmağmıza və ya qripə tutulmağımızla bağlı bir-iki gün məktəbə getməməyimizə görə müəllimin və ya sinif rəhbərinin evimizə gəlməsi bizim üçün ən sərt cəza sayılardı, proqram materialından geri qalmamaq üçün əlavə ev tapşırıqlarını yerinə yetirməli olardıq və s. Nə isə...
Əgər hesab etsək ki, Leninin “Uçitsya, uçitsya, yeşo raz uçitsya” şüarını 70 il ərzində bizə “Oxumaq, oxumaq, yenə də oxumaq” kimi təqdim olunması tərcümə xətası deyildi, bəs onda elə o dövrün sonlarında orta məktəblərimizin 5-ci sinifləri üçün nəzərdə tutulmuş “Azərbaycan tarixi” kursunu “Ata yurdu” adlandırmağımızın adı nə idi? Bəlkə, ideya təşəbbüsçüləri kursun adını dəyişərkən “Oteçestvo” sözü ilə “Otçestvo” sözünü qarışıq salmışdılar? Bəlkə hesab ediblər ki, rus qonşularımızın “Oteçestvennaya istoriya” adlandırdığı tarix “Otes” (ata) sözündən götürülüb? Əslində, bəlkə də bu ideya müəlliflərini “qınamaq” da ədalətsizlik olardı. Çünki bu rusların dilində elə qəribəliklərmi deyək, incəliklərmi deyək var ki, bundan da hər adamın baş çıxarması müşkül məsələdir. Gəl indi bu “Oteçestvo” (Vətən) ilə “Otçestvo” (ata xətti ilə soyad) arasındakı bir hərf fərqinə görə baş sındır.
“Əlifba”ya “ərəb damğası” vurub sıradan çıxardıq (ərəb sözüdür, ilk iki hərfi (əlif və bey) adının birləşməsindən əmələ gəlib. Alfavit də həmin qayda üzrə yaranıb, yunan sözüdür. Азбука da eyni qəlib əsasında əmələ gəlib, slavyan sözüdür), sanki tarix, coğrafiya, cəbr, kimya, biologiya, fizika, informatika... bizim sözlər imiş kimi... O da maraqlıdır ki, lap elə indinin özündə dilimizdə “первобытные люди”, “первобытно-общинный строй”, “ibtidai insanlar”, “ibtidai icma quruluşu” kimi təqdim olunduğu halda, nəyə görə “начальная школа”, “начальные классы” məsələn, daha münasib sayıla biləcək ”ilkin məktəb”, “təməl sinifləri” kimi deyil, “ibtidai məktəb”, “ibtidai siniflər” kimi işlənilməlidir?
Hər halda ziyanın yarısından dönmək də bir xeyirdir deyiblər böyüklərimiz. Nə yaxşı ki, dərsliklərimizdə və digər tədris vəsaitlərində rus dilinə əsaslanıb “oteçestvennaya voyna” sözünü “ata müharibəsi”, “za oteçestvo” sözünü “ata uğrunda”, “rodina mat zovyot” sözünü “ata vətən çağırır” kimi ifadə etməmişık, yoxsa aləmə biabır olardıq. Bir də ki, yeri gəlmişkən, ana vətən, ana torpaq deyə-deyə, birdən yurdumuzu ata mülkiyyətinə çevirib “özəlləşdirməyimizə” nə ehtiyac vardı?
Keçək sözün mabədinə. Professorun haqlı, həyəcan xarakterli iradına əsasən indi oxumağın mahiyyəti dəyişıb. Oxuma prosesinin arxasında mənimsəmə durmur, halbuki, oxumağa yox, mənimsəməyə qiymət qoymaq olar. Bəli, inkişaf etmiş ölkələrdə bu prosesləri ifadə etmək üçün “oxumaq” yox, “öyrənmək” sözündən istifadə edirlər. Məhz, öyrənməyi öyrətməyin vaxtı çoxdan yetişıb. Artıq biz təhsil alanlardan nəinki biliklərə yiyələnməyi, eyni zamanda bu bilikləri anlamağı da tələb etməliyik. Bunun üçün isə ilk növbədə, bu kimi vərdişləri təhsil alanlarımıza aşılamağa özümüzü borclu hesab etməliyik, oxumağa yanaşma tərzimizi dəyişməliyik.
Konfutsinin hər zaman üçün aktual hesab edilən bir fikri üzərində düşünməyinə dəyər: «Alicənab müəllim şagirdi öyrədəndə və tərbiyə edəndə onu irəliyə aparır, arxasınca dartmır, onda maraq oyadır, məcbur etmir, ona yol göstərir, lakin yolu sərbəst getməyə imkan yaradır. Nə qədər ki, o, şagirddə maraq oyadır, məcbur etmir, deməli, şagirdin bilik qazanması asanlaşır. Nə qədər ki, o, şagirdə yol açır, deməli, ona düşünmək imkanı verir. Müəllimlə şagirdin arasında müstəqilliyin yaranması, şagirdə bilik qazanmanın aşılanması və düşünmək imkanının verilməsi – məhz bunlar müəllimlik məharətidir».
Əgər desək ki, öyrənməyi öyrənmədən heç nə öyrənmək mümkün deyil, heç də yanılmarıq... Təəssüf ki, oxumağa, öyrənməyə bu kimi yanaşmalar yalnız aprelin 22-də - “Oxumaq, oxumaq, yenə də oxumaq tezisinin müəllifi V, İ. Leninin doğum günündə yada düşür, o da heç də hamının yox...
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar