Xəbər lenti
"Yer üzündə ən çətin peşə, ən yüksək vəzifə – insan olmaqdır”
Nadir İsrafilov
təhsil eksperti
təhsil eksperti
“Yer üzündə ən çətin peşə, ən yüksək vəzifə – insan olmaqdır”.
Bu sözlər sanki, əsrin 4/1-i qədər Azərbaycan maarifinə rəhbərlik edən akademik Mehdi Mehdizadə haqqında deyilib. 1 may - təhsilimizin, elmimizin inkişafında əvəzsiz rolu olan, təhsil idarəçiliyi sahəsində əsl məktəb yaradan görkəmli alim, pedaqoq, hədsiz dərəcədə aydın, işıqlı, xeyirxah, qayğıkeş, təmənnasız, millətsevər, xalqına bağlı bir insanın - Mehdi müəllimin anım günüdür.Mənə də akademiklə ünsiyyət və təmasda olmaq xoşbəxtliyi nəsib olduğundan, hər il onun doğum və anım günlərində bu görkəmli şəxsiyyət, təhsil fədaisi, ən nəhayət fəzilətli, böyük bir insan haqqında kiçik də olasa bəzi xatirələrimi bölüşməyi özümə borc bilirəm. Bəzən həyatda elə hadisələrlə rastlaşırsan ki, onlar yaddaşına xoş xatirələr kimi həkk olunur. Bir çox hallarda isə bu xatirələr insanın həyat hekayətinin əsas mövzularına cevrilir, onun həyat yolunda unudulmaz izlər buraxır ...
Latviyanın paytaxtı Riqa şəhərində aspirant və gənc alimlərin Ümumittifaq konfransına mən də dəvət almışdım. Protokol qaydalarına əsasən tədbirin gedişi ərzində 15 müttəfiq respublikanı təmsil edən konfrans iştirakçılarının şəhərin görməli yerləri və bir sıra təhsil ocaqları ilə tanış edilməsi nəzərdə tutulmuşdu. Paytaxtın orta məktəblərinin birində olarkən, diqqətimi müəllimin stolunun üstündə “Latviya tarixi” dərsliyi və ayrıca tədris proqramı cəlb etdi.
Dərs başa çatdıqdan sonra müəllimlər otağında həmin müəllimlə xeyli söhbətləşdik. Məlum oldu ki, onlar “SSRİ tarixi” və “Ümumi tarix”lə yanaşı, “Latviya tarixi”ni də ayrıca fənn kimi tədris edirlər və attestata da həmin fənn üzrə qiymət ayrıca qeyd olunur. Maraqlı cəhət isə ondan ibarət idi ki, onlardan fərqli olaraq bizdə, həmçinin digər müttəfiq respublikalarda ölkə tarixi ayrılıqda deyil, məhz “SSRİ tarixi”nin tərkibində sinxron şəkildə öyrənilir və vahid fənn olaraq ayrıca aqiymətləndirilirdi. Yəni, “SSRİ tarixi” üzrə keçirilən hər bölmənin sonunda Respublika tarixinə cəmi 1 dərs saatı ayrılırdı.
Konfransdan qayıtdıqdan sonra, fikirlərimi Təhsil Nazirliyinin nəzdində olan Azərbaycan ETPEİ-nin (indiki Təhsil institutu) direktoru Zahid Qaralovla bölüşdüm. Zahid müəllim bir qədər fikrə daldıqdan sonra, tələsmə dedi, düşündüyümüz qədər də asan məsələ deyil, Nazirlə razılaşdırmaq lazımdır…
Səhərisi gün birgə Nazirin yanına getdik. Mehdi müəllim tərəddüd etmədən vəziyyətin yerlərdə öyrənilməsi üçün mənim bir neçə Respublikaya ezam olunmağım barədə tapşırıq verdi.
İşgüzar səfərlərdən qayıdan kimi “Proqram” üzərində işləmək üçün gecəni gündüzə qatdım. Təhsil nazirliyində mütəxəssislərin iştiraki ilə müzakirələrdən və təsdiq olunduqdan sonra, V-XI siniflər üçün nəzərdə tutulan 80 saatlıq ilk ayrıca hazırlanmış Azərbaycan tarixi üzrə proqram 1980-cı ildə işıq üzü gördü. Həmin proqram əsasında “Azərbaycan tarixi” artıq “SSRİ tarixi” kursunun tərkibində deyil, müstəqil fənn kimi tədris planına salınır və bu fəndən attestata ayrıca qiymət yazılırdı. O dönəmdə mənim də azacıq payım olan belə bir cəsarətli addımı yalnız Mehdi Mehdizadə və Zahid Qaralov kimi vətənsevərlər və onların arxasında dura bilən şəxsiyyət ata bilərdi.
Hər dəfə mərhum akademiki xatırlayanda istər-istəməz öz-özünə təsəlli tapırsan ki, nə yaxşı ki, təhsilimizdə Mehdi Mehdizadə olub, nə yaxşı ki, cəmiyyətimiz bu cür örnək şəxsiyyətlərdən xali deyil. Çünki, onun gecə-gündüz düşündüyü, fikri-zikri Azərbaycan xalqının gələcəyi, böyüyən nəslin təhsili, təlim-tərbiyəsi idi. Belə insanların xatirəsi həmişə əziz olmalıdır. Qürurverici haldır ki, Prezident İlham Əliyev onun doğulduğu Cəbrayıl şəhərində səfərdə olarkən təməlini qoyduğu orta məktəb pedaqogika elminin görkəmli nümayəndəsi, tanınmış ictimai xadim, akademik, əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor Mehdi Mehdizadənin adını daşıyacaq.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar