Xəbər lenti
Nazilə Gültacın "AİLƏ DƏ VƏTƏNDİR" povesti
Nazilə Gültac
AİLƏ DƏ VƏTƏNDİR
(povest)
Birinci hissə
Qismət
Kimsə dedi ki, xəbəriniz var, Miri evlənib!!! Qiyamət qopmadımı?! Təzə xəbər qaraja çox tez yayıldı!.. İndi işdə hamı Miri deyir, Miridən danışırdı. Taksist Kamilin qaraja girdiyini görən iş yoldaşları tez onun başına toplaşdılar:
- Ay Kamil, gözlərin aydın, yerlin təzə arvad alıb!
Kamil əlini əlinə vurub uğundu:
- A pir olmuşlar, bunu gözətçi Kazıma elə mən demişəm dana! Siz hələ indi xəbər tutursuz? Baxın, təzəbəy özü də gəlir!
Hamı çevrilib, Kamilin göstərdiyi səmtə baxdı.
Onun əynindəki boz arxalığın yaşı, bəlkə də, özününkündən çox olardı. Rəngi qaçmış ayaqqabısının burunları qatlanıb dik qalxmış, şalvarının dizi cırılmış, ətəkləri didilmişdi. Təzə arvad alandan sonra Mirini ilk dəfə belə gördülər.
Tör- töküntülü geyimi ilə daha da cılız görünən Miri mazutlu əllərini çirkli bir əskiyə silə-silə, asta addımlarla onlara yaxınlaşdı. Hərə bir tərəfdən onu sual atəşinə tutdu. Mirinin, - bəs, nətər olsun, yetimdi, başıkəsikdi, hayan çıxmışam, - deməsi yan-yörədəkilərin marağına səbəb oldu. Kamil:
- Ayə, a çoxbilmiş.... kimə kəf gəlirsən? Sənin özünə hayan lazımdı. Camaat birini saxlaya bilmir, sən indi ikisini saxlıyassan? Halaldı sənə, valla!
Işçilər gülüşdülər. Miri də altdan- altdan qımışdı.
Əslində, nə vaxt kefsiz, nə vaxt şad olduğu bilinməzdi Mirinin. Üzü qırışların içində elə itib-batmışdı ki, elə bilirdin ağacdan yonmusan. Canlı olduğunu göstərən təkcə o yan-bu yana oynayan gözləriydi. Qəribə xasiyyəti vardı bu kişinin - nə kiməsə həyatından şikayətlənər, nə də kiminləsə fikir bölüşərdi. Səhər sakitcə qaraja gələr, mazut qoxusu verən yağlı paltarlarını geyinər, işə başlayar, axşam düşən- də kirdən qaralmış əski parçasıyla əllərinin mazutunu silib, gedərdi evinə. Nə qədər kasıb olsa da, bəzən ehtiyacı olanaların maşınalarını pulsuz-pənəsiz düzəldər, belələrin- dən bir qəpik də almazdı.
***
Arvadından ayrılandan sonra kirayədə qalan Miri təzə gün-güzəranına çox tez alışdı. Ayrılmasının səbəbini soruşanlara cavabı qısa olurdu: - “Boş verin!” Elə bil, onlar Miriyə yox, Miri onlara təsəlli verirdi.
Onun Təranə adlı qızı, Yusif adlı oğlu varıydı. Arvadı Qaratel qarayanız, qısaboy, dolu bədənli bir qadınıydı. Xəstəxanada xadimə işləyən bu qadın köklükdən əziyyət çəkir, çox hərəkət edərkən təngənəfəs olurdu. Bir yandan da tez- tez evə səxoş gələn əri canını boğazına
yığmışdı. Evdə tək qalan kiçik, çəlimsiz Yusifi nənəsi Zəhra aparmış, ata-anasının dava-dalaşlarından bezən Təranə özündən on beş yaş böyük bir kişiyə qoşulub qaçmışdı.
Ər-arvad arasındakı soyuqluq artıq buzlaşma dövrünə qədəm qoymuşdu. Son donvurma isə qonşu Pakizə ilə Mirinin davasından sonra baş verdi...
Bazar günüydü. Adəti üzrə bərk içən Mirinin həyətə çıxmasıyla qonşu Pakizənin haray-həşiri bir oldu. Naharını yarımçıq qoyub, başılovlu həyətə yüyürən Qaratel ərini ağzı-burnu qan içində yerdə gördü. Aradakı çəpər aşmış, bət-bənizi ağarmış Pakizə Mirinin başının üstünü kəsdirib durmuşdu.
Qaratel qabaqca elə bildi ki, ərini vuran Pakizədir. Belə düşünməyə əsası da vardı. Qabaqlar bir neçə dəfə Pakizə ilə yer üstə davaları olmuşdu. Bir də görürdün ki, Pakizənin əri Salman gecənin bir aləmi hamını yuxuya verib, yerindən qalxır, çəpəri gizlicə onların həyətinə sarı itələyir, bunu görən Miri də eləməyib tənbəllik səhərisi üzü o yana sürüşdürürdü.
Əslində buralarda ilk ev tikib yaşayan Miri olmuşdu. Miri qurumuş ağac budaqlarından çəpər düzəltmişdi. Sonralar qonşu gələn Salman yavaş- yavaş torpağı eşərək, çəpəri itələyib bir metrdən çox irəlidən çəkmişdi. Bunu hiss edən Miri də eləmə tənbəllik gecə o çəpəri yerinə qaytarmışdı. O deyirdi mənim ərazimdi, bu deyirdi mənim torpağımdı, beləcə, bir metr torpaq bu iki qonşu arasında mübahisə hədəfi olmuşdu. Qaratel neçə dəfə demişdi ki, başımıza sadağa, o bir metr torpaq. Qoy gözləri doysun. Miri həzm edə bilmirdi onların hərəkətini.
-Bıy, başıma xeyir, a Pakizə, – deyə Qaratel sağ-salim olub-olmadığını bilmək üçün aşağı əyilib, ərini dürtmələdi.
Pakizə qaşqabaqlı dilləndi
-A Qaratel, Salman vurdu e, Salman! Neynəsin yazıq, vallah, günah sənin ərində oldu, çəpəri götürüb yenə itələdi bizə sarı. O dedi, bu dedi, axırı Miri yumdu gözünü, açdı ağzını, söyüşün biri bir qəpik. Salman görəndə ki, Miri ağzını qoyub Allah yoluna, səbrini basa bilməyib, əvvəl-əvvəl təpiklə çəpəri vurub uçurdu, sonra da əlbəyaxa oldular...
Pakizə bir xeyli Miriyə baxdıqdan sonra başını bulayıb getdi. Bayaqdan hirsindən dişi bağırsağını kəsən Qaratel gətirdiyi bir vedrə suyu ərinin başından töküb, ayağından çıxardı: “Bəsdir, yetər artıq, el-oba içində, qonum-qonşu yanında biabır olduq. Bu bir metr torpaq nədir ki, sən onun davasını edirsən. ” Amma neçə ildən bəri ağrı-acısı, hirsi-hikkəsi üst-üstə yığılan, səbr kasası daşan arvadın ürəyi soyumadı, xeyli deyindi. Ayılıb özünə gələn Miri bir xeyli arvadının dığdığını dinlədi, qəfil yerindən qalxaraq, qapını çırpıb çıxdı. O gedən, bu gedən bir daha evə qayıtmadı. Kirayə bir ev tapıb, orada qalmağa başladı.
Miri hara buyursalar, “baş üstə” deyərdi. Hələ indiyəcən onun kiminsə qarasınca danışdığını nə eşidən, nə də görən olmuşdu. Hər səhər işə gələnlər Mirinin başını aşağı salıb, nəyisə qurdaladığını görərdilər. Əlləri də üst-başı kimi ilin üç yüz altmış beş günü mazutun içində olardı. Bir də görürdün ki, özü görünmür, amma əlləri hansısa maşının altında eşələnir - nəyisə açır, nəyisə bağlayır... Fağır özü də elə bir cüt mazutlu ələ tay idi.
Miri öz ürəyinin sirrini yalnız kəndçisi Kamilə açırdı, lap dəqiqi, Kamil özü çəkirdi onu söhbətə. Hər Kamili görəndə üzünə uşaq saflığı qonurdu. Daima deyib-gülən Kamil bəsdi deyincə lətifə bilir, hardansa eşitdiyi, gördüyü hadisələri elə bəzəyib-düzəyir, elə düzüb qoşurdu ki, qulaq asanların gülməkdən ürəyi gedirdi. Bir sözlə, Allahın bəlası idi Mirinin kəndçisi.
Kamilin yerli-yersiz zarafatlarından Mirinin əvvəllər acığı gələrdi. Kəndçisinin dillər əzbəri olan bu şeiri isə onu lap dindən-dondan çıxarmışdı:
Miri, Miri, ay Miri,
Tökülür üzündən kiri.
Gör, nə qədər çirkindi,
Çöldə qorxudur şiri.
Amma qulağı öyrəşdi, nədisə, Kamilin lətifələri də, xasiyyətindəki qəribəliklər, ərköyünlük də yavaş-yavaş ona xoş gəlməyə başladı. Kəndçisinin gözətçi Xudayara qoşduğu şeiri eşidəndə isə o da hamı kimi uğunub özündən getdi:
Əzizim Xuda yarı,
Tanrı, qoru Xudayarı.
Kim ona əyri baxsa,
Sancsın onu “ xudoy arı”
Soruşurdular ki, ayə, a Kamil, Xudayar hara, “xudoy arı” hara, bu nə deməkdir belə? Gülə-gülə deyirdi ki, siz bilməzsiniz, buna cinas qafiyə deyirlər. Cinasın tələbi belədir. Qayıdırdılar ki, axı, bu “xudoy” rus sözüdür! Cavab verirdi ki, bu mənim günahımdı bəyəm, rusnan həmqafiyə deyilikmi, tarix boyu bağrımız badaş olmayıbmı? Qərəz, Mirinin də, qarajdakıların bir çoxunun da yaxşı qanıb-qandırmadığı bir düjün söz danışırdı...
***
Miri gecə vaxtı qapının döyüldüyünü eşidib təəccüblə, - bu vaxtı kimdi ə, bu? - deyə qapıya sarı getdi. Qızı Təranə, bir də tanımadığı bir qadın qapının ağzında dayanmışdı. Bu gənc, ucaboylu, nərmənazik qadının cəlbedici görkəmi vardı. Saçlarını tünd qırmızıya boyamış, qara dəri gödəkçə və dizdən aşağı qara yubka geymiş, qırmızı, hündürdaban ayaqqabıları və çiyninə saldığı eyni rəngli çantasını da bu ümumi ahəngə uyğunlaşdırmışdı.
Miri arvadından ayrılandan sonra nə oğlu Yusif, nə də qızı Təranənin üzünü görürdü. Ata-anasının boşanmasını eşidən Yusif incimiş, bir də atasının yanına ayaq basmamışdı. Buna baxmayaraq, Miri hərdən əlinə imkan düşəndə bazarlıq edib, qaynanasıgilə gedir, oğluna baş çəkirdi.
Ata evinə onsuz da ayanda-sayanda gələn Təranə də boşanma söhbətindən sonra atasını arayıb-axtarmırdı. Odur ki, qızını görəndə Mirinin ürəyi atlandı, gözləri doldu, elə bil, dünyanı verdin ona.
Kişi nəvələri üçün darıxır, qızıgilə getmək istəyir, amma bu istəyini içindəcə boğurdu. Kürəkəni, keçmiş polis serjantı Yadulladan zəhləsi gedirdi – kobud adamıydı haracan desən. Təranəni incidir, evə pul xərcləmir, gününü özü kimi avara-sərgərdan dostlarıyla yeyib-içməkdə keçirirdi. Yadullanın dava-dalaşlarına görə uşaqlar çox vaxt nənəsigildə - Qaratelin yanında qalırdı.
Bir dəfə Yadulla yenə içib, Təranəni bərk döymüşdü. Qızını üzü-gözü göyərmiş görən Mirinin ürəyi durmamış, kürəkənini danlamaq istəmiş, Yadulla qaynatasına elə rişxəndlə baxmışdı ki, yazıq kişi ona söz deməyinə peşiman olmuş və ömründə ilk dəfə özündən zəhləsi getmişdi.
Balalarını dolandırmaq üçün Təranə yol qırağındakı kafelərdən birində qabyuyan işləyirdi. Həyatı çox acına- caqlı keçir, heç yerdə özünə rahatlıq tapa bilmirdi zavallı qız. Ata-anasının dığdığından bezib, yaxşı tanımadığı birinə qoşulub qaçmasına peşiman olsa da, geciydi artıq. Sonrakı peşimançılıq kimə fayda vermişdi ki, ona da verə.
Təranə irəli durub, salam verdi, atasını qucaqladı, yanınca gətirdiyi qadını göstərərək, - “dədə, Seva ən yaxın podruqamdı”, - dedi. Qızının “podruqasını” ilk baxışdan müğənniyə oxşadan Miri, - “canıyanmış, nə gözəldi”, - deyə ürəyindən keçirdi, masanın üstündəki çirkli qabları tez-tələsik yığışdıra-yığışdıra onlara oturmaq üçün yer göstərdi. Atasının əl-ayağa düşdüyünü görən Təranə dilləndi:
- Dədə, əziyyət çəkmə, gəl otur. Sənin yanına bir işdən ötrü gəlmişəm. Seva da (əsl adı Sevda idi) mənnən bir yerdə qabyuyan işləyir. Ata- anasını, ərini ermənilər öldü- rüb, qalmağa yeri yoxdur. Deyirəm, icazə versən, hələlik sənin yanında qalardı.
İlk dəfə gördüyü bu qadına nə qədər ürəyi yansa da, qızına nə cavab verəcəyini bilməyən Miri gözünü döyə-döyə qalmışdı. Atasının çaş-baş düşdüyünü görən Təranə dilləndi:
- Dədə, mən onu öz evimdə saxlaya bilmərəm. Nə vəziyyətdə olduğumu özün yaxşı bilirsən. O itin yanında heç kim bir gün də qalmaz. Mən birinci növbədəyəm, Seva ikincidə. Kirayədə qalmağa gücü çatmır.
- A qızım, eşidən-bilən nə deyər? Camaatın dilinə düşərəm.
- İt hürər, karvan keçər. Qoy, nə qədər istəyirlər hürsünlər. Uzaqbaşı deyərsən ki, evlənmişəm, yumarlar ağızlarını.
Təranədən bu sözləri eşidən Seva qaşqabağını sallasa da, Miri razlıqla qımışdı. Amma “təzə arvadını” bir də başdan-ayağa süzüb, nə o yanlıq, nə də bu yanlıq bir cavab verdi:
-Vallah, nə deyim, a qızım, atana ərk eləyib, güman yeri bilib gəlmisən.
Təranə fürsəti qaçırmayıb, atasının tərəddüdlərinə son qoydu:
- Anamın yanı uzaqdır, yoxsa, orada qalardı. Sən axşamlar öz maşınında onu işə apararsan. Işə yaxın yerdə münasib ev tapan kimi çıxacaq.
Miri axır ki, razılığını verdi. İşin düz-qoş olduğunu görən Təranə “podruqası”yla sağollaşıb, atasının üzündən öpüb, qapıya sarı getdi. Amma ağlına nə gəldisə, qəfil geri dönüb, üzünü “podruqasına” tutdu:
- Seva, birdən narahat olarsan a. O sözü elə-belə deyirdim, zarafat eləyirdim, atamdan sənə qəti zərər gəlməz.
Sonra Sevanın qapının dalındakı barxanasını içəri qoyub, atasına müraciətlə, - “dədə, bunlar Sevanın cehizləridir”, - dedi və üz- gözünü işıqlandıran bir təbəssümlə qapıdan çıxdı. Bu sözə bayaqdan heykəl kimi lal-dinməz oturan Sevanın da dodaqları qaçdı, mirvari dişləri elektrik işığında bərq vurdu. Miri sevincək qalxıb, “təzə gəlinə” otağın bir küncündə yer hazırlamağa başladı...
***
Axşamlar qarajda ləngiyən, evə getməyə həvəsi olmayan Mirinin son günlər gözü saatda qalır, iş vaxtı qurtaran kimi tələsik yığışıb gedirdi. Hamını maraq götürmüşdü, deyirdilər ki, sən öl, burda nəsə bir iş var. Bu sir-sifət, bu geyim-kecimdə bir adama hansısa qadının yaxın duracağı ağıllarının ucundan belə keçmirdi.
Mirinin köhnə bir minik maşını – “Moskviç”i vardı. Bir axşam Sevanı öz sovetdənqalma maşınında restorana apardığı yerdə Kamillə rastlaşdı. Kamilin başının işarəsiylə maşından düşüb, ona yaxınlaşdı:
-Ayə, Miri, bu kimdi? Nə saz şeydi! – maşının şüşəsini aşağı salan Kamil ikisinin eşidəcəyi yavaş səslə soruşdu.
Qızının dönə- dönə tapşırdığı kimi Miri ciddi ifadə ilə dilləndi:
- Arvadımdı. Işə gedir.
“Arvadımdı” sözünə Seva diksinsə də, Kamilin biclik yağan gözlərinə baxınca, ürəyində düşündü ki, bəlkə də Mirinin belə deməsi yaxşıdır.
Kamilin gözləri kəlləsinə çıxdı, elə bildi ki, Miri onu ələ salır:
- Bəs, özgə vaxtı deyirsən ki, bəxtin yoxdur. Day, bəxt, qismət necə olur ki? Valla, qurdsan e, qurd, işini altdan-altdan görürsən. Hardan tapmısan ə, bunu?.
-Qızım gətirib.
-Xeyirli olsun, - deyə başını bulayan Kamil maşına qaz verib uzaqlaşdı. Mirinin qızının niyə belə iş tutması ona qaranlıq qalmışdı...
Miri rəngi qızarmış halda Sevaya tərəf dönüb dilləndi ki, sözümə incimə, sən qızımın əmanətisən. İstəmirəm haqqımızda dedi- qodu yaransın. Seva başını aşağı əyib, bir söz demədi. .
***
Günlərin bir günü Təranə pal-paltarını bir çantaya yığıb, iki qızının da əlindən tutub, gəldi anasının yanına ki, ərimdən ayrılıram. Yaxşı deyiblər ki, ananın bəxti qızına yazılır. Öz dərdi özünə azıymış kimi, bu yandan da qızının boşanma qərarı verməsi Qarateli lap özündən çıxardı. Mirinin evə qayıtmamasına görə Qaratel özünü qınayır, fikir edirdi. Qonşuları ilə də arası sərinləmişdi.
Təranəni başa salmaq istədi ki, sən hələ cavansan, qanıb-qandırmırsan, sonra peşman olassan, ağlını yığ başına, qayıt evinə, qızlarının gələcəyini düşün onlar hələ körpədirlər. Söyüb-söyləndi ki, itdi-qurddu, hər nədi, ərindi. Mirinin yanına gətirdiyi qadına görə də qızına olan incikliyini bildirdi. Təranə daş atıb, başını tutdu ki, ölərəm, bir də o evə qayıtmaram, qızlarımı da özüm işləyib böyüdəcəm. Hər gün içir, bizi incidir. Seva məsələsini də anlatdı.
Qızının kədərdən, qəmdən qırışmış üzünə, vaxtsız dən düşən saçına baxan Qaratel bir xeyli dinmədi. Təranənin körpə qızını qucaqlayıb ağladı. Taleylə, qismətlə üzbəüz qalmış ana-bala o gecə baş-başa verib,səhərəcən dərdləş- dilər, ürəklərini o ki var boşaltdılar.
***
Bir gün Təranə ilə Sevda ( Seva) görüşdü. Artıq Sevda Mirinin yanında qalmaq istəmirdi. Onlar belə qərara gəldilər ki, borc pul tapıb Türkiyəyə getsinlər, kiçik ticarətlə məşğul olsunlar, gəlib burada ayrıca bir ev kirələsinlər. Pul məsələsində onlara ancaq Miri kömək edə bilərdi.
Qızının halına yanan Miri bankdan min beş yüz manat kredit götürüb, elə ordaca dollara çevirdi və hamısını qəpiyinəcən gətirib verdi Təranəyə. Bir neçə gün sonra isə iş yerinə gözləri qızarmış gəldi. Tükü-tükdən seçən Kamil onun kefsiz olduğunu dərhal duydu:
-Miri, ayə, nə olub yenə? Birdən kənddə-kəsəkdə ölüb eləyən olar, xəbərimiz olmaz ha! Yoxsa, evdə bir şeymi olub? Xətrinə dəyən varsa, de, gedim, canını alım.
Miri kövrəldi:
- Qızları xaricə göndərdim.
- Qızlar kimdi, ayə?
- Qızımla, “ podruqasını”. Onlardan ötrü darıxıram.
Həqiqətən də Seva getdikcə Miri üçün çox əziz bir adama dönmüşdü.
- Darıxırdınsa, niyə yollayırdın? Bəs, kürəkənin niyə icazə verdi?
Xəbərin yoxdu, deyəsən. Qızın əri var ki? Boşanıblar, qız yığışıb anasının yanına gedib uşaqlarnan. İndi də, dedi ki, ay dədə, bizə pul tap, gedək mal gətirib alver eliyək. Bankdan pulu da onlara görə aldım. Əri başıbatmış içib gedib qızın iş yerində dava salıb, müdir də yazıq qızı işdən çıxardıb. Mən başıdaşlı neynəyim, bəs? Qazancım da az. Qıza kömək edə bilmirəm.
Ayə, fikir eləmə, bir həftəyə gələrlər, - Kamil acı – acı gülümsədi.
***
Son günlər Miri elə qaradinməz olmuşdu ki, deyirdin, bəs, gəmisi dəryada qərq olub. Bankın borcunu aybaay zorla ödəyirdi. Fikirdən-xəyaldan arıqlayıb çöpə dönmüşdü. Bir neçə ay keçmişdi, qızlardan xəbər-ətər yoxuydu.
Bahar gəlsə də, ağaclar çiçəkləsə də, amma hələ də hökmünü göstərən qış çəkilib getmək istəmirdi. Gündüzlər hava açılsa da axşamlar yenə tutulur, soyuq şimal küləyi adamın canına işləyirdi. Uzaqda görünən dağların qarlı zirvəsi yaza meydan oxuyurdu sanki.
İş gününün axırıydı. Gün ərzində rezin təkərləri yollarda yorulan taksi və avtobuslar bir-birinin dalınca avtoparka girirdilər. Sonuncu avtobus avtoparka girəndən sonra gözətçi Kazım çiyinlərini dayayıb itələyərək, ikitaylı iri darvazanı bağladı. Sürücülər bir-bir
sağollaşaraq, adətləri üzrə zarafat eləyə-eləyə çıxıb getdilər. Hamının getdiyini zənn edən gözətçi çıxış qapısını bağlamaq istəyirdi ki, arxadan Kamilin səsi gəldi:
-Kazım dayı, bağlama, mən burdayam!
-Ay Kamil, bu vaxtacan burda nə iş görürdün?
-Matorda nəsə nasazlıq var, gərək sabah Miriyə deyəm, baxsın.
-Miri burdadır. Üç gündür qarajda gecələyir. Deyir kirəpulunu verəmmədiyinə görə “xazeyin” şələ-şüləsini töküb bayıra. Qızlar ismarış yollayıblar ki, pulları oğurladıblar, ona görə də Türkiyədə qalıb işləyəcəklər. Hanısa bir fabrikdə işə düzəliblər. Miri yazığın da onlara göndərməyə pulu yoxdu. Nəsə, uzundərə söhbətdi.
Bu vaxt maşınların arasından Mirinin arıq, cılız cüssəsi göründü. Üz-gözü toz-torpağa bulaşmış Miri Kamilə yaxınlaşdı:
Salam əleyküm, maşına noluf? Narahat olma, sən get mən baxaram.
Kamil həmkəndlisinin qəmli üzünə kədərlə baxıb dilləndi:
-Miri, al açarı, səhər tezdən rahat-rahat baxarsan. Mən gedirəm.
Gözətçi onların yanına gəldi:
-Xaloğlu, yaxşı samovar çayımız var, bir stəkan iç, gedərsən. – dedi.
Susuzluqdan dili ağzına yapışan Kamil bu təkliflə o dəqiqə razılaşdı və əllərini yuyub, gözətçinin otağına keçdi. Doğranmış kəllə qənd parçaları qırmızı plastmas qabda, lampa işığında bərq vururdu:
Miri, gəl bəri, - deyə Kamil yerini rahatladı. İçəri girən Miri gəlib Kamilin yanında özünə yer elədi. - Ə, birinci arvadla aranızda nə oldu ki, ayrıldınız, a qıvlasız? – Kamil adəti üzrə Mirinin kürəyini şappıldatdı. O özü vəziyyəti onsuz da yaxşı bilirdi. Qaratelin ata evi qonşu kənddə Kamilin bibisigilə yaxınıydı. Keçən dəfə bibisinə baş çəkən Kamil yolda Qaratelin anasıyla rastlaşmış, olub keçənlərdən xeyli söhbət etmiş, arvad açıb sandığı, tökmüşdü pambığı, Mirini ağ yuyub, qara sərmişdi. İndi Kamil adəti üzrə Mirini elə-belə danışdırırdı.
Nə bilim, vallah. Allah belə yazıbmış. Qismət beləymiş. Mən istəmədim. Zalım qızı, çox davakardı. Baş-beynim getmişdi.
-Ə oğulsan, valla. Əmbə nə eləmisən! Qoy, indi sənin kimi kişinin qədrini bilsin.
Kamil həmkəndlisinə özünü nə qədər canıyanan göstərmək istəsə də, axırı roldan çıxıb, əlini əlinə vurdu və şaqqanaq çəkdi:
-Bəs, ikincini neynədin?
Miri də gah Kamilə, gah da gözətçiyə baxıb, bir söz demədi, eləcə qımışdı.
***
Neçə gündü ki, soyuq qarajda yatan Miri bərk xəstələnmişdi. Yazığı gələn Kazım gözətçi otağının bir küncündə ona yer düzəltdi, evdən gətirdiyi isti şorbadan verdi ki, yesin, canı qızsın.
Gözətçi səhərisi Kamilə yaxınlaşdı:
-Ay Kamil, sənin bu eloğluna nə illah elədim, həkim çağırmağa qoymadı. Özü uşaqlardan birinə nəsə bir dərman dedi, onlar da alıb gətirdlər, içdi. Vəziyyəti heç xoşuma gəlmir, istəyirsən, bir baş çək ona...
Taxta çarpayıda halsız uzanmış, gözlərini tavandan sallanan hörümçəyə zilləmiş Mirinin alnında tər puçurlamışdı. Kamili görəndə başını qaldırıb, yastığa dirsəkləndi. Hərarətdən bədəni zəifləmişdi. Kamil onun eynini açmaqdan ötrü yaddaşının alt qatında mürgüləyən bir hadisəni - Mirinin kənddə həkimlik eləməsi əhvalatını yada saldı, gülə-gülə, - ay Kazım, bunun həkimliyi də var e, - deyə uğundu. Sonra Miriyə qayıtdı ki, sən canın kənddə avariyaya düşən qıza həkimlik elədiyin yadındadı? Ay fırıldaq, elə o vaxtdan səninki bu arvadlarla tuturmuş ha!
Miri zarıya-zarıya, xalaxətrin qalmasın, birtəhər gülümsəmək istəsə də, qəfil öskürək nəfəsini kəsdi. Amma gözətçini maraq götürmüşdü. Kamilə də lazım olan elə bu deyildimi? Hər şeyi özü bircə-bircə danışmağa başladı:
- Onda mən hələ şəhərdə texnikumda oxuyurdum. Miri də kənddə tibb məntəqə müdirinin şoferi işləyirdi. İndisinə baxma, onda, valla bu, qarayanız, qıvrım saçlı, suyuşirin bir oğlanıydı ki, gəl görəsən.
Hə, harda qaldım? Şəhərdə texnikumda oxuyurdum. Dayımın ölüm xəbərini eşidib, qatara bilet aldım. Qatar rayon mərkəzinə obaşdan çatdı. Kəndə getmək üçün yoldan keçən minik maşınına əl qaldırdım. Maşını sürən gənc bir oğlandı, yanında da iki qız varıydı. Qonşu kəndə gəzməyə gedirdilər. Hüzr yerinə getdiyimi biləndə, məni də maşına götürdülər. Qızlarla söhbət edən sürücü nəsə demək üçün başını tez-tez arxaya çevirir, deyib-gülürdülər. Kəndə tərəf dönəndə işin tərsliyindən qabağımıza qəfildən bir maşın çıxdı. Oğlanın rulu yana burmasıyla maşının yolun qırağındakı ağaca çırpılması bir oldu. Qızlardan biri yüngülcə yaralanmış, qaşının üstü çapılmışdı. Maşınınsa qabaq tərəfi əzilmiş, farasının biri sınmışdı. Həm maşını təmir etdirmək, həm də qıza həkim gətirmək üçün maşını sürdürdüm düz həyətimizə.
Yas yerinə gəlib hadisəni camaata danışdığımı gördüm, aləm bir-birinə dəymədimi? Ölü-filan yaddan çıxmışdı. Maşını təmirə apardılar, axtarıb feldşer Rəhimi tapdılar, vəziyyəti tez-tələsik ona anlatdılar. Rəhim qızı başdan-ayağa müayinə edəndən sonra bildirdi ki, ciddi bir şeyi yoxdu. Qız qara-qışqırıq saldı ki, bəs, yalan deyirsiniz, həkimi öyrətmisiniz, mən özümü çox pis hiss edirəm, ay nə bilim, ayağım ağrıyır, başım gicəllənir... Xülasə, rayondan həkim gəlsin! Yoxsa, hamınızı verəcəm polisə!
Elə bu vaxt Miri də maşınla gəlib çıxdı. Baş verənlərdən xəbərdar olunca, nə desə yaxşıdır? – “Həkim mən!” Hamı təəccüblə bir-birinin üzünə baxdı ki, bu nə danışır, başına hava-zad gəlməyib, görəsən? Miri təəccüb-ləndiyimizi görüb, qayıtdı ki, nə gözünüzü döyürsüz, axşamacan həkimlərin arasında döyülmüyəm? Yadınızdan çıxıbmı, rəhmətlik atamın sınıqçı olduğu? Azdan-çoxdan sınıq-çıxıqdan başım çıxır.
Ordan-burdan pıqqıldaşanlar olsa da, əlacsız qalıb razılaşdıq. Amma Mirinin suyumunu görən onun həkim olduğuna çətin inanaydı, üst-başını əməlli-başlı abıra salmaq lazımıydı. Tez əyninə gələn kostyum tapdıq. Qalstuk məsələsi bir az çətin idi - kənddə bir Mərdan müəllim, bir də kolxoz sədri qalstuk taxırdı. Kolxoz sədrindən qalstuk almaq ayıb olardı. Əlac qalırdı Mərdan müəllimə. Onun evinə Rəhim kişi özü getdi...
Hamı dinməzcə işin sonunu gözləyirdi. Feldşer Rəhim əlində də qara bir qalstuk, axır ki, gəlib çıxdı. Mirini bəzəyib-düzəyib, yaraşığa mindirəndən sonra feldşerin çantasını verdilər onun əlinə. Qıza da dedilər ki, bəs, qəti narahat olma, rayon mərkəzinə xəbər vermişik, bu saat həkim özünü yetirəcək.
Vaxt tamam oldu, bir də onu gördük ki, Miri əlində çantası şellənə-şellənə gəlir. Hamıya bərk-bərk tapşırmışdıq ki, nəbadə, birdən kiminsə dodağı qaçar ha, qız duyuq düşər, iş qəlizləşər.
Miri ədəb-ərkanla qapını döydü. Qız içəridən, - gəlin, - dedi. Sürücü oğlan, Miri, bir də mən keçdik içəri. Miri qızı tam ciddiyyətlə süzüb dilləndi ki, siz çıxın, xəstə ilə tək qalacam. Sürücü oğlan bir az qızarıb-bozardı ki, bəs, mən də qalım. Oğlanı dümsükləyib çıxardım bayıra.
Nəfəsimizi içimizə çəkib, qapının dalını kəsdirmişdik. Miri başa saldığımız kimi öz rolunu əla oynayırdı. Qızın gah ayağı, gah da qolunu aşağı-yuxarı hərəkət etdirib, axırı bildirdi ki, sənin heç nəyin yoxdu. Amma mən onlara deyəcəm ki, səndə sınığa şübhə var, onlardan bir az pul alıb, verəcəm sənə. Pulu da götür get. Əgər polisə versən, sənə heç nə çatmayacaq.
Miri onu necə inandırdısa, qız dərhal razılaşdı. Qapının dalında gülməkdən özümüzü güclə saxlayırdıq. Miri bayıra çıxanda əməlli-başlı pörtmüşdü. Yas yerində hamı bizi maraqla gözləyirdi. Miri qızın fikrini bildirdi - üç yüz manat istəmişdi. Məndə əlli manat vardı, əlli şofer oğlan, əlli də qabağımıza çıxan maşının yiyəsi verdi, yerdə qalanını da yasa yığılan puldan götürüb, üstünü düzəltdik.
Pulu aparan gəlin bildirdi ki, bəs, qız həkimi çağırır. Mirini tez-tələsik qızın yanına apardıq, bərk narahat idik ki, birdən işin üstü açılar. Sən demə, qız insaflı imiş, pulun üstündən əlli manat götürüb, Miriyə verib ki, əziyyət çəkmisən, uzaq yol gəlmisən, bunu götür. Miri qabaqca pulu götürmür, ehtiyat eləyir, amma qız axırı pulu basır onun cibinə.
Maşın tutub qızı yola salandan sonra üstümüzdən elə bil dağ götürüldü, əhvalımız düzəldi. Dayıma beləcə rəhmət oxuyub, ruhunu şad elədik.
Ötən günlərə qayıdan Kamil ürəkdən güldü. Mirinin də kefi açıldı, - hə, heyf o günlərdən, - deyə kövrəldi.
Bir-iki stəkan pürrəngi çay və Kamilin duzlu-məzəli söhbətləri Mirinin halını xeyli yüngülləşdirmişdi. Kamil qalxıb getməyə hazırlaşanda, elə bil, gəncliyi, atalı- analı ötən illəri də onunla gedirmiş kimi Mirinin gözləri doldu, bir anlığa az qaldı dillənə ki, Kamil, getmə! Amma yadına düşəndə ki, bura onun evi deyil, sözünü boğazındaca uddu. Kamil dönüb, onun yaşarmış gözlərinə baxdı, ömründə ilk dəfə Miriyə yazığı gəldi. Gedəndə gözətçiyə bir az pul verdi ki, Miri üçün yeməyə nəsə bir şey alsın.
***
Miri rayonun hər dalanına, hər tininə, yolların hər çala-çökəyinə bələd olsa da amma yenə də ona doğmalaşmamışdı. İşdən vaxt eləyən kimi kəndə üz tutur, doğulub boya-başa çatdığı yerlərdə bir neçə gün gəzib dolaşır, havasını dəyişir, ruhunu təzələyirdi.
Həftəsonuydu kəndə gedirdi yenə. Yolboyu düzülən yaşıl ağaclar, təmiz hava ovqatını açmışdı.
Kəndə çatanda şər qarışmaqdaydı. Hər yan səssizliyə qərq olmuşdu, “qu” desən qulaq tutulurdu. Elə bil bir inni-cinni yaşamırdı kənddə. Yaxşı ki, həyətlərdə qalanmış ocaqlar hələ də tüstülənirdi. Birdən-birə ürəyi oyalandı, atalı-analı günləri üçün burnunun ucu göynədi.
Kənddə rastına ilk çıxan sinif yoldaşı Hətəmin oğlu oldu. Beş-altı qoyunu qabağına qatıb, çay qırağıyla evə aparırdı. Kəndin bir vaxtkı çal-çağırından, əvvəlki şenliyindən əsər-əlamət qalmamışdı. Suyu sovulmuş dəyirmana oxşayırdı kənd. Ay gidi dünya, hanı o dəliqanlı, telli-toqqalı, bir baxışıyla qız qaytaran cavanlar? İndi onlar çörəkpulu dalınca Urusetə üz tutmuş, arvad-uşaqlarını gözü yolda qoymuşdular. Qızlar var ki, sevdiklərinin yolunu gözləyə-gözləyə qarıyıb, un çuvalına tay olublar... Fikir-xəyaldan bir də onda ayıldı ki, Hətəmin evinin yanından keçir...
Hətəm bir neçə il qabaq ailəsini, evini-eşiyini atıb, qazanc dalınca Urusetə getmişdi. Son vaxtlar heç səs-sorağı da gəlmirdi. O, siniflərindəki Bəturəni istəyirdi. Qızdan Mirinin özünün də xoşu gəlirdi. Hətəm dərslərinə o qədər də fikir verməz, işi-gücü dağda-dərədə qoyun otarmaq olardı. Dərsdən sonra onu harda itirsən, qoyunların yanında tapardın. Miri də çox vaxt dərs kitablarını qoltuğuna vurub, qoyunları qabağına qatar, onun yanına gedərdi. O, dərs oxuyanda Hətəm deyərdi ki, bərkdən oxu, qoy, mən də öyrənim, əvəzində sizin qoyunları da otararam. Beləcə, eşidib yadında saxladıqlarını səhərisi dərsdə müəllimə danışar, azdan-çoxdan qiymətini alar, çulunu birtəhər sudan çıxarardı. Məəttəl qalmalı yaddaşı vardı Hətəmin.
Özünü Bəturəyə bəyəndirmək üçün ikisi də dəridən-qabıqdan çıxardılar. İşə bax ki, qız nə ona qismət oldu, nə də buna. Qonşu kənddən bir oğlan qaçırdı onu. Bunu eşidəndə Miri hirsindən az qala dəli olmuşdu... İndi bütün olanları xatırlayıb, qəhərləndi. Bəturənin zərif, solğun çöhrəsi yaşarmış gözləri önündən gəlib keçdi... Qarateli ona rəhmətlik anası bəyənib almışdı. Heç vaxt nə sözü, nə də qəlbi düz gəlmədi Qaratellə. Dərindən köks ötürdü.
Hətəmin oğlanları böyüyüb hərəsi bir evin kişisi, bir ailənin başçısı olmuş, o özü isə heç kimin gözləmədiyi bir vaxtda, beli bükülmüş, üzülmüş vəziyyətdə gəlib çıxmışdı. Sən demə, vərəm xəstəliyinə tutulubmuş benava. Rus arvadı xəstə, heydən düşmüş Hətəmi evdən qovmuş, o da “ölməyə vətən yaxşı” deyə geriyə qayıtmışdı.
Arvadı Səlbi daş atıb başını tutmuş, qara-qışqırıq salmışdı ki, iki dünya bir ola, biri də heç, onu bu evə qoymaram. Arvadın son sözü, - “get, sana o vaxtında yedirib içirtdiyin, kef çəkdiyin urus arvadın var ha, qoy o baxsın” – olmuşdu. Yaxşı ki, oğlanları Səlbinin sözlərinə fikir verməmiş, atalarını aparıb xəstəxanaya qoymuşdular. “Hə... Rusiyaya gedənlərin axırı çox vaxt belə qurtarır”- deyə düşündü Miri. Fikrində dağı arana, aranı dağa daşıdı, evlərinə nə vaxt gəlib çatmasından xəbəri olmadı...
Onların evi kəndin qurtaracağında, dağa gedən yolun üstündəydi. Yayda dağa qalxan, payızda dağdan enən onların evinin yanından keçərdi. Rəhmətlik anası iki-üç gündən bir həyətdə ocaq çatar, sac asıb, yuxa salar, uşaq- böyük deməz, yoldan keçəni bir qismət çörəyə qonaq eləyərdi. Evləri həmişə qonaqlı-qaralı olardı onların.
Kamilgilnən qonşuydular. Vaxtilə Mirigilin yaşadığı evdə indi başqaları olurdu. Ata-anası rəhmətə gedəndə Miri əsgərlikdən təzəcə gəlmişdi. Evi əmisi oğluna verib, rayon mərkəzinə köçsə də o ev hər kəs üçün yenə də Mirigilin eviydi. Hər dəfə bu evə gələndə elə bilirdi ki, atası Məhərrəm kişi tütünün tüstüsündən boğula-boğula onu yenə də bağrına basacaq. Mahir sınıqçı kimi bütün mahalda ad çıxaran bu kişi çox baməzə, həm də mərd, qorxmaz bir adamıydı. Tanıyanlar onunla bağlı çoxlu maraqlı əhvalatlar danışırdılar...
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar