Sizin Reklam Burada
Xəbər lenti
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Sözün əsgəri, Vətənin nəfəsi: Emin Pirinin poeziyasında savaşın və ruhun dastanı...

Tarix: 08-07-2025 19:47     Baxış: 2400 A- / A+
                Vüsal Ağa
                şair-publisist                                                     Emin Piri


Ədəbiyyat tarixində elə anlar, elə insanlar var ki, sözün gücü ilə yadda qalmaz, həm də ruhun qalxanına çevrilər. 
Bu gün barəsində söz açdığım şair – Emin Piri – belə qələm adamlarındandır. O, təkcə yazan deyil, yaşayan, yaşamı ilə sübut edən, yazdığını döyüş meydanlarında qanın, torpağın, yanğının içindən keçirərək, poeziyaya da, tarixə də möhür vuran nadir şəxsiyyətlərdəndir. Bəzən bir şeir bir döyüş qədər güclü, bir misra min silah qədər təsirli olur. Amma bir də elə insanlar var ki, həm sözün, həm silahın qəhrəmanına çevrilirlər. Onlar həm səngərdə, həm qələm başında Vətənin yükünü daşıyırlar. Məhz bu nadir insanlardan biri də Emin Piridir – tarix müəllimi, jurnalist, Vətən müharibəsi iştirakçısı, baş leytenant və poeziya əsgəri.

Onun şeirləri sadəcə bədii nümunələr deyil, xalqın ruhuna hopmuş yaşanmışlıq təzahürləridir. O şeirlərdə barıt iyi də var, ana nəfəsi də. Dağların soyuğu da var, Şuşanın isti qucağı da. O şeirlərdə söz qanla yoğrulub.

“Sən Azadsan!” — Qanla yazılan poetik and

Bu poeziyanın zirvələrindən biri də Emin Pirinin “Sən Azadsan!” adlı məşhur şeiridir. Bu şeir nə sadəcə bir bədii parça, nə də adi duyğu yüküdür – bu, şəhid qanına yazılmış azadlıq andıdır. Misralar bir əsgərin dili ilə danışır, lakin bu danışıq quru təsvir yox, yaşanmış ruhun özüdür.

"Saçımda anamın xınası,
yolların ayaqlarımçün duası..."


Burada xına, dua, məktəbli məktubu, mina, zirehli gödəkçə – hamısı bir xalqın yaddaşında yer etmiş simvollar kimi səslənir. “Sən Azadsan!” sədası isə təkcə düşmən üzərində yox, qorxular, ayrılıqlar və ölümü aşa-aşa qazanılmış mənəvi zəfərin səsidir.

Bu şeirdə Qarabağ yalnız coğrafiya deyil, bir övladın qayıtdığı ana bətnidir. Və həmin dönüşün ağrısı, sevinci, tarixi dəyəri hər misrada nəfəs alır.

Döyüşlə gələn poeziya – sözlə yaşanan savaş

Emin Pirinin digər şeirlərində də bu istiqamət güclə qorunur. O, romantik poetika ilə milli duyğuları birləşdirə bilir. Onun şeirində sevgi — bəzəkli duyğu deyil, Vətən yolunda ağrıyan bir qəlbin sakit sızısıdır.

"Sənə eşqim bir az savaş, bir az sülhdü.
Bir az sevgi, bir az nifrətdi."


Bu cür bəndlərdə savaşın insanın içindəki hissləri necə parçaladığını görürük. Emin Piri bu parçalanmanı sənətə çevirir. O, sevgi ilə müharibənin, dua ilə mərminin, körpə arzusu ilə zirehli gödəkçənin içində şairlik axtaran adamdır.

Onun şeirləri müharibəni ucaldır, amma tərənnüm etmir. O, nəyi və nə üçün itirdiyimizi göstərir və oxucunu düşünməyə vadar edir: bu azadlıq hansı yollardan keçib gəlib?

Şair və Qazi – taleyini millətə yazan adam

Emin Piri təkcə şair deyil. O, həm də yaşadığı dövrün vicdanıdır. Onun hər misrasında bir əsgərin ayaq izi, bir müəllimin dərsi, bir jurnalistin etirafı, bir oğulun duası, bir xalqın təəssübü var.

"Bizi qoruyan zirehli gödəkçələr deyildi... 
uşaq duaları idi."


Bu misra təkcə poetik təsvir deyil. Bu, vətən müharibəsinin fəlsəfəsidir. Yəni bizə qalibiyyəti texnika yox, ruh gücü qazandırdı.

O, barıtın içində böyümüş arzuları, göz yaşında çimmiş məktubları, şəhid yoldaşlarının baxışında qalan kədəri şeirə çevirir. Bu misralar gələcək nəsillər üçün yalnız poeziya deyil, yaddaş mənbəyidir.

Ədəbi varislik və milli missiya

Emin Pirinin poetik irsi bu gün Azərbaycan ədəbiyyatında müharibə poeziyasının vicdanlı simasıdır. Onun yazdıqları nə təbliğatdır, nə də şüar. Onun poeziyası bədii sənəddir, ruhun və zamanın izidir.

Tarix müəllimi kimi o, keçmişi izah edir. Jurnalist kimi o, bu günü izah edir. Qazi kimi isə o, bu günə qədər susan torpağı danışdırır. Və nəhayət, şair kimi o, milli ruhu sözlə yuyur, təmizləyir, dirildir.

"Biz Füzulidə danışmayan daşları
qanımızla danışdırdıq."

Bu misra sadəcə poetik təsvir deyil — bir xalqın dirçəliş fəlsəfəsidir. Emin Piri bu fəlsəfəni sadəcə yazmır – yaşayır.

Susmayan bir səda

Emin Pirinin şeirləri susmur. Onlar danışır. Onlar ağlayır. Onlar gülümsəyir. Onlar torpağın sinəsindəki sızıltını oxucuya duyur. Onun poeziyası Vətənə yazılmış məhəbbət məktubudur, lakin bu məktub qanla, göz yaşıyla, duayla, şəhid ruhlarıyla möhürlənib.

Bu yazını yazarkən mən təkcə bir şairi təhlil etmədim. Mən, bir xalqın yaddaşını, bir qazinin ruhunu, bir oğulun Vətən qarşısındakı borcunu hiss etdim.

Ədəbiyyat tarixində zaman-zaman qəhrəmanlar poeziyanın içində gəlib keçiblər. Amma Emin Piri həm poeziyada var, həm tarixdə qalacaq.
Çünki onun qələmi yalnız misra yazmır – millətin yaddaşına həkk olunur.

Tarix müəllimi kimi cəmiyyətə yol göstərən, jurnalist kimi sözə məsuliyyət yükləyən, Vətən müharibəsində baş leytenant olaraq hünər göstərən və sonda şair ürəyi ilə yaşananları qələmlə əbədiləşdirən Emin Piri şəxsiyyəti, bir insanın həyat missiyasının necə bütöv ola biləcəyinə bariz nümunədir.

Onun şeirləri təkcə bədii zövqün deyil, həm də yaşanmışlığın, milli yaddaşın daşıyıcısıdır. Döyüş meydanında qazandığı qələbəni, içində daşıdığı Vətən dərdini misralara çevirməsi – sözə verilən əsl dəyərdir. Emin Piri yalnız poetik ifadə ustası deyil, həm də ruhu ilə yazan, taleyini millətinə yazan bir sənətkardır.

Və sonda bir dost, bir qələm yoldaşı kimi…

Əziz Emin Piri, sənə bu şərəfli yolunda yeni-yeni ədəbi nailiyyətlər, daha parlaq yaradıcılıq uğurları arzulayıram. Qələmin daim iti, ürəyin daim vətənlə vursun, yolun daim işıqlı olsun! Sözünlə yaşa, sözünlə yaşat!



Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar