Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Payız taleli adam

Tarix: 09-09-2023 21:52     Baxış: 3642 A- / A+

Çoxdandı qulaqlarımı şirin, çox doğma bir səs döyür. Uzaqlardan gələn gülüş dolu cingiltili bir səs. Bütün səslərin içindən seçilən, sanki qərinələrdən gələn, qəriblikdə darıxan qəribə bir səs. Bu səs özünü xəzəllə basdırmış, izi itmiş arxın kənarı ilə məni köhnə qəbiristanlığın yanından keçirərək məktəbə, ordan da asfalt yoldan adladıb Qaraman dağının döşünə qaldırır. Sökülmüş binaları, qurumuş ağacları, ot basmış yolları, itmiş cığırları salamlayaraq. Yanından ötüb keçdiyim, sonradan xəstəxanaya çevrilən oxuduğumuz məktəbin səsimiz yazılan sökük divarları uşaq yaddaşımdakı tarix dərsinin müharibə səhnələrini xatırladır.
Ruhların dolaşdığı bu kənddə köhnə xatirələrdən başqa heç nə qalmayıb. Hər yer, hər şey qaranlıqdır. Elə bil günəş işığı düşmür bu yerlərə. Bütün qara buludlar yığılıb bu kəndin, bu elin üstünə. Adamı vahiməyə salan qapqara buludlar. Səsimi batmışdı bu yerlərin, ya bütün olanlar kimi səsləri də yığışdırıb aparmışdılar? Bu gün bu boşluqda tüğyan eləyən küləyin də səsi eşidilmirdi.
Böyrü üstə düşmüş pilləkənlərin toz basmış pillələrini kütləşmiş barmaqlarımla silə-silə, yorğun ayaqlarıma yer edə-edə addımlayıram. İllərin ağırlığı ilə yüklənmiş köhnə xatirələri oyatmağa. Sınıq rəfin kiflənmiş siyirtməsində yatan uşaqlıq xatirələrimi bu zaman qəfəsindən açıb buraxmağa.
Bu gecə uşaqlığım idi yol yoldaşım...
 
                                                                       ***
Nə qədər yollar var bu məmləkətdə. Amma bu yolların heç biri bizi o yerlərə aparmır. Apara bilmir. Aparmaq istəmir. Bəlkə də, “getmək istəyəni apararıq”, - deyə düşünür...
Bu illər ərzində çox şeylərimizi itirmişik. Yurdu, yurd yerini, xoşbəxt günləri. Bircə yuxular qaldı bizə, bir də röyalar qarışıq xatirələr. İtirmədiyimiz daha nələr qaldı ki?! İndiyədək qoruyub saxladığımız özünəməxsus adət-ənənəmiz, mədəniyyətimiz də unudulur, yaddan çıxır. Nəinki o yerləri görməyən – müvəqqəti yaşayış yerlərimiz sayılan çadırlarda, vaqonlarda doğulanlar, hətta ömrünün çoxunu o yerlərdə keçirənlər belə daha o müqəddəs yerlərə – ocaqlara, pirlərə and içmirlər. Neçə illərdi “Qara Pirim”, “Hacı Şəfi baba haqqı”, - deyib and içənimizi görməmişəm. Elə başqa ziyarətgahlarımıza da. Unuda-unuda gedirik. Torpaqlarımızı, yurd yerlərimizi, bizim üçün müqəddəs nə varsa, hamısını unuduruq.
Məni rahat buraxmayan bu nisgilli acılardan, içimdə dolaşan ağrılardan çoxdan yazmaq istəyirdim. Yurd itkisinin əzabları ilə bərabər, insanların pərən-pərən düşməsindən. Və bir də Vitalidən. Bizim Vitalidən...
Qurumuş, ağarmış dodaqlarımla birtəhər yapışdırdığım cırılmış, doğranmış şəkillərimizdə güzgüsü sınıq uşaqlığımızın xoşbəxt günləri ağlayırdı. Boş gilizlərin sönük baxışları cırıq döyüş şəkillərini torpağa tapşırırdı. İçimizdən keçib kəndimizə, elimizə, cümlə Qarabağımıza düşən mərmilərin ürəyimizi partladan qəlpələri ilə. Bizi həm də daha çox ağrıdan bu qədər döyüşən, vuruşan Vitalinin doğma yurdla bərabər özünün də cismən bizdən uzaq düşməsidir. Vitali o yerləri bizlərdən daha çox sevdiyindən, oralardan uzaqlarda yaşaya bilməyəcəyini bilərəkdən o yerləri tərk etmədi. Tərk edə bilmədi.
Yaxşı tanıdığın adam haqqında yazmaq, adətən çox çətin olur. Bilmirsən, bildiklərinin hansından yazasan, haradan başlayasan. Vitali ilə bir kənddənik. Ağdam rayonunun Boyəhmədli kənd orta məktəbində də, institutda da bir yerdə oxumuşuq. Ona gorə də onu çox yaxşı tanıyırdım. İnstitutu qurtardıqdan sonra mən Bakıda qalıb işləməli oldum. Vitali isə əvvəlcə Xankəndində, sonra isə Ağdamda, Ağdərədə polis sistemində çalışdı. Ağdam polis alayında qərargah rəisi vəzifəsinə kimi yüksəldi.
İtirdiklərimizə yadırğadığımız bu zamanda Vitalinin zarafatları, gülüşləri üçün çox darıxıram. Onun üzündə qəribə bir sevinc vardı. Adam onu görəndə bütün qəmini unudardı. Onda hər şey fərqli idi. Danışığı da, təbəssümü də, gülüşü də, zarafatı da. Çünki başdan-başa təbii idi. Özü idi. Vətənə, elə, insanlara Sevgisi, Təmizliyi, Düzlüyü, Mehribanlığı, Mübarizliyi ilə. Onu hamıya sevdirən, hamı üçün əziz, doğma edən, həm də səmimi olması idi. Ən çətin anlarında da onun üzündə qəm görməzdin. Qəm ondan uzaq idi. Sonradan nə qədər yaxın olsa da.       
1973-cü ilin sazaqlı bir qış günü idi. Ağdam 1 nömrəli orta məktəbində riyaziyyatdan olimpiada keçirilirdi. Olimpiadada məktəbdən ikimiz iştirak edirdik. Vitali ilə yanaşı oturmuşduq. Vərəqin üz qabığını dolduranda gördüm, Boyəhmədli kənd orta məktəbinin 9a sinif şagirdi Salamov Vitali Məhəmməd oğlu yazıb. “Məhəmməd oğlu” məni bir qədər çaş-baş saldı. Soruşanda “atamın adı Məhəmməddi, Məti deyirlər”, – deyib, güldü. Həmin Məti dayı bizi  bayırda “Jiquli”sində gözləyirdi.
Atası Məti dayı, anası Qumru xala lap cavanlığından onunla qürur duyurdular. Qürur duyulası Vitali ilə.
 
                                                                         ***
Vitali savadlı olduğu qədər də istedadlı idi. Radioda ifa olunan mahnını bir dəfə eşitməklə pianinoda, ya da qarmonda o dəqiqə təkrarlayardı. Vitalinin şeir yazmağı da vardı. Özü kimi zarafat dolu şeirlərindən xırda parçalar qalıb ailəsinin özləri ilə götürə bildikləri şəkillərin arasında.
Vitali Qarabağ müharibəsinin elə ilk günlərindən döyüşə atıldı. Daima öndə oldu. Bir əsgər kimi. Bir artilleriya zabiti kimi son gününə qədər düşmənlə döyüşdü. İdarə etdiyi “UAZ” maşını deşik-deşik idi. Ermənilər Vitalinin əlindən çox yanıqlı idilər. Onu ailəsi ilə hədələyirdilər. O isə qorxunu çoxdan unutmuşdu. Təkcə qorxduğu bir şey vardı, vətən, torpaq itkisi. Torpaqların işğalına, insanların öz yurdlarından didərgin düşmələrinə dözə bilmirdi. Vətən üçün, Qarabağ üçün son damla qanına kimi vuruşdu. Canından çox sevdiyi torpaq üçün canından keçdi. Onun son baxışlarında çox da uzaqda olmayan, əl uzatsan çatacaq qədər yaxın olan, bizləri gözləyən dağlar qaldı. Tənhalıqda, kimsəsizlikdə darıxan dağlar, doğma Boyəhmədli kəndinin Qaraman dağının döşündəki sökük binaları, xiffətdən quruyan ağacları, nələr, nələr...
 
                                                                        ***
Deyirlər, portuqaliyalı balıqçılar hər dəfə dənizə çıxanda ailəsi ilə vidalaşırlar. Döyüşə gedənlər kimi. Bəlkə də, bu onların son görüşü ola bilər deyə. Vitali də hər səhər uşaqları, ailəsi ilə vidalaşardı. Amma bunlardan hansının sonuncu olacağını bilmirdi, inanmaq istəmirdi.
Nə qədər insanlar gəlib-gedib bu dünyadan. Hərə bir ömür sürür... Kimi 30, kimi 50, kimi 100 il. Payızda dünyaya göz açan Vitali, elə payızda da bu dünya ilə vidalaşmalı oldu. Həm də Ağdamın payızında. Çox arzuları qaldı bu dünyada. Hamımızın həyata keçirməlı olduğu arzuları. Onun bütün arzuları yurdun, vətənin, xalqın, millətin arzuları idi. O, bacaracağından çox çalışdı, çox vuruşdu. Bundan sonrakı vuruşlar bizlərin vuruşudu, bizlərin döyüşüdü. Bu torpaq, bu millət savaşında Vitalinin o yerləri dolaşan ruhu həmişə bizimlə olacaq. Müqəddəs Qələbə gününə kimi. Qayıdacağıq o torpaqlara. Mütləq qayıdacağıq. O darıxan, üzülən cığırlara, ot basmış yollara yenidən iz salacağıq.
Vitali 36 illik həyatında vətəni, eli, ailəsi, övladları üçün baş ucalığı gətirdi. Dostların, döyüş yoldaşlarının, doğmalarının qəlblərində neçə-neçə gözəl xatirələri qalan mayor Vitali Məhəmməd oğlu Salamov yaddaşlarda əsl vətəndaş, torpağı, vətəni üçün canından keçən döyüşçü, gözəl insan, mehriban ata, ailə başçısı, yaxşı dost, məğrur zabit kimi yaşayacaq.
 
                                                                      ***
Vitalinin ailəsində iki yadigarı böyüyür: Sima və Anar. Bir də üzündən, gözündən həmişə sevinc yağan Vitalinin ocağında sevinc gətirən, babasının səkillərini seçib "Ba-ba", - deyib, mənə bir-bir uzadan 3 yaşlı Sevinc nəvəsi.
Divardan asılan şəkildən evə bir zabit baxışı boylanır. Əvvəlki baxışlardan tam fərqli bir baxış. O gülüşlü gözlərdən əsər-əlamət olmayan baxış. Mənə elə gəlirdi ki, o baxışlar çox uzaqlara dikilib. Amma nəvəsinə görə babası ancaq ona baxır. Hər halda uşaqlar daha həssas olurlar.
Nədənsə bu şəkillərə baxanda Salvador Dalinin "Saatlar"ındakı Zaman yadıma düşür. Kimin üçün uzanan, kimin üçün üzülən, kimin üçün dayanan Zaman. Hərənin yaddaşında bir cür ilişib qalan Zaman.
Qələbənin mütləq olacağına inanan dostum Şuşaya, Ağdama, Boyəhmədliyə onun baxışları ilə baxacağımızı heç şübhəsiz ki, duyurdu. 
                                                                                                                                         13.02.2010
***
Sevinc sonralar bağçadakı, məktəbdəki bütün tədbirlərdə “Babamın şeiridi” deyərək babasına həsr olunmuş şeirini səsləndirir.
 
Hər ölən əsgərlə ölürəm, Allah
 
Şəhid dostum Vitalinin xatirəsinə
 
Bir səngər uzanıb yolumun üstə,
Neçə baş qoyulub qolumun üstə,
Daha yatammıram solumun üstə,
Hər ölən əsgərlə ölürəm, Allah.
 
İndi kim duracaq bu gecə postda,
Görən nə düşünür postdakı dost da,
Bir qara kağız da atıldı poçta,
Hər ölən əsgərlə ölürəm, Allah.
 
Yuxumu görürəm yatan yerinə,
Günəşim yol gedir batan yerinə,
Balam, sən uzanma çatan yerinə,
Hər ölən əsgərlə ölürəm, Allah.
                                                                                                   
Üzdü ürəyimi çığırtı, ağı,
Gəlib yetişəcək zəfər sorağı,
Şuşaya sancılan üçrəng bayrağı -
Qələbə gününü görürəm, Vallah.
Bizə o məqamı sən yarat, Allah.
 
Bu şeir onun ilk Vətən, insan sevgisi idi. O, bu sevdiyi şeirin alqışları ilə böyüdü, sevildi. Böyüdükcə, babasının qəhrəmanlığı haqqında öyrəndikcə, anası, dayısı, nənəsi - doğmaları kimi onunla qürur duydu. 
Simaya, Anara atalarından keçən vətən sevgisi bu vətənpərvər ailədə böyüyən Sevincə də təsirsiz ötüşmədi. O da vətən bildiyi babasının baxışları ilə böyüyürdü. Özü ilə bərabər arzuları da… Hər gün xoş sözlərlə yad edilən babası ilə o da qürur duyurdu. Anası Sima Sevincinin sevincinə sevinirdi. Dünyalar qədər sevdiyi atasının varlığına, yaşadığına yenidən inanırdı. Ədəbiyyat müəllimi olduğundan oxuduğu kitablardan “İnsan ölümündən sonra yaşayır” ifadəsini təsdiqləməyə başlayırdı. O, Vətənə, şəhidlərimizə həsr olunan bütün tədbirlərdə şeirlər içərisində atasına həsr olunan şeiri eşitdikcə qürurlanırdı. “Atam unudulmursa, xatırlanırsa, demək yaşayır”, – deyərək atasına həsr olunmuş şeirini onlarla birlikdə oxuyurdu. 
2020-ci ilin payızı... Çoxdan gözlənilən, hamıya qürur, yeni yaşam verən Zəfər Qələbəsindən sonra çox şey dəyişdi. Yeni bir ovqata kökləndik. Bu arzulanan, ümid edilən Qələbə sevinci onu hamıdan çox arzulayanların şəkillərinə də təsir etdi. İndi hardan baxmasından asılı olmayaraq bütün baxışlar sevinir. Ən çox da Vətənin bu günü üçün canlarını qurban verənlərin baxışları. Vitalinin divardan asılan şəklindəki baxışları kimi...
Sevinc o dəyişən, sevincli baxışlara baxaraq indi babasına yazılan başqa bir şeiri oxumağa başlayır:
 
Dostum şəhid mayor Vitali Salamova
 
Vətəndən uzaqda, yurddan uzaqda
Dərdlərin içindən dərd böyüyürdü.
Baxıb bu yolların ağrılarına,
Arxanca gələnlər mərd böyüyürdü.
 
Hamının qəlbində torpaq sevgisi,
Hamının diləyi qovuşmaq idi.
Bizim heyfimizi daşlardan çıxan                                               
Düşməni torpaqdan tez qovmaq idi.
 
Səbrin də tükənən, səbrin də dözən,
Bir dözüm həddi var, günün vədəsi.
Zaman bu zamandı, müqəddəs zaman:
Birliyin, Zəfərin döyüş hədəsi.
 
Vətən sorağıyla gəzib dolaşan
Ruhunuz qovuşdu istəyə, kama.
Eşidib Qələbə sədalarını
Bizdən tez çatdınız doğma Ağdama.         
 
Uyu, Vətən oğlu! Sən rahat uyu!
Sevinc özü gəlib nurlu Simaya.
Hər şey məcrasına düşür təzədən,
O ağ buludlar da dönür səmaya.
 
Doğma sədaları eşidiksə sən
Üzünə təbəssüm qonacaq yenə.
Fərrux, Qaramandan duyulan səsin
Xaçın, Qabartıyla coşacaq yenə.
 
Hər zamanın Vitalisindən yazmaq istədiyim yazı, ona olan xoş münasibətlər kimi qurtarmaq bilmir...
 


















Rəfail Tağızadə 
15.04.2023

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar