Xəbər lenti
es
Cib dəftərçəsindən dolğun kitablaradək (Sevinc də baxıb)
Namiq Dəlidağlı sazlı-sözlü Kəlbəcər müasir ədəbi mühitinin ən parlaq nümayəndələrindəndir. Onunla bağlı uşaqlıq xatirələrimdən birini tez-tez xatırlayıram...
Hələ Başlıbeldə xoşbəxt yaşadığımız illər idi, mən də ara-sıra şeir cızma-qara eləyirdim, Dəlidağlı təxəllüsü ilə. Məndən iki yaş böyük olan Namiq Dəlidağlı daha çox tanınırdı, hətta bir neçə şeiri “Yenilik” rayon qəzetində çap olunmuşdu. Amma şeir yazmağa məndən əvvəl başlamış bu oğlanın “Dəlidağlı” təxəllüsü götürməsinə acığım tuturdu, Dəlidağı ona qısqanırdım. Deyəsən, 8 və ya 9-cu sinifdə oxuyurdum, məsafəcə Çovdar kəndinə daha yaxın olan "Seyidin yurdu"nda yaylaqdaydıq. Namiq Dəlidağlının yolla gəlib "Ağqaya"ya doğru keçdiyini görəndə alaçıqlardan aralanıb onun qabağına çıxdım. Çatar-çatmaz ötkəmcə dilləndim:
- Dəlidağ bizim kəndimizin dağıdır, sən niyə özünə elə təxəllüs götürmüsən?! Çovdarlı balası nə demək istədiyimi anladı. Təmkinini pozmadan:
- Dəlidağ təkcə başlıbellilərin yox, həm də bizim kəndin dağıdır. “Dəlidağlı” təxəllüsünü də səndən qabaq götürmüşəm.
İsrar elədim:
- Nə olsun ki, məndən qabaq götürmüsən?! Get öz dağınızın adını götür - "Hüt" yaylağı, "Vəlivurulan" meşəsi...
Bir az qızarıb-bozardı, ciddi görkəm alıb əlini “Ağqaya”ya tərəf uzatdı:
- Dəlidağın bu tərəfi Çovdar-Şahkərəm, o tərəfi Başlıbeldir. Üstəlik, Dəlidağ bizim kəndə sizdəkindən daha yaxındır...
İnadkar kənd uşağı kimi yenə razılaşmadım. O isə deyəsən tələsirdi, obadakı tay-tuşlardan bir neçəsinin alaçıqlardan aralanıb bizə tərəf gəldiyini görəndə yoluna davam elədi. Amma yolla yox, yuxarıdan dolaylanıb iti addımlarla "Bülövlüyün burnu"na tərəf qalxdı, yəqin tez getmək üçün kəsə çıxmaq istəyirdi. Xeyli irəliləyəndən sonra uzaqdan qışqırdı: - "Ağqaya" da bizimdir, sizin kənd böyük olduğuna görə vermişik ki, yayda mal-qoyun otarmağa yeriniz olsun, amma "Dəlidağlı" təxəllüsündən imtina etməyəcəyəm!
Alaçıqlardan gələn uşaqlarla birlikdə atları gətirmək üçün Namiqin dalınca “Ağqaya” yaylağına tərəf istiqamətləndik. "Bülövlük" adlanan buruna çatar-çatmaz topuğa qədər boy verən güllü-çiçəkli otların arasında cib dəftərçəsi tapdıq. Dəftərçəni açanda gördük ki, üz qabığının içəri hissəsində iri hərflərlə rəngbərəng yazılıb: NAMİQ DƏLİDAĞLI. Arasında bir qələm və hansısa qeydlər olan xırda kağız parçaları vardı...
Sığallı-tumarlı, arzuları təzəcə qönçələnən şair ruhlu yeniyetmə və gözləmdiyi halda cibindən yerə düşən şeir dəftərçəsi... İçində sevgi şeirləri, bəndlər arasında qələmlə çəkilmiş naxışlar vardı. İçi də, çölü də cəlbedici və maraqlı idi. Çəmənlikdə oturub dəftərcəni bütünlüklə fərəqlədik, şeirlərdən bir neçəsini oxuduq və sonra...
Vərəqləri çırıb aramızda bölüşdürmüşdük, hər kəs xoşuna gələn şeirləri özünə götürmüşdü. Məmim “payıma” 3-4 vərəq şeir, bir də qələm düşmüşdü...
Atları qabağımıza qatıb obaya enəndə gördük ki, Namiq bizə tərəf qayıdır. Səbəbini dərhal anladıq, uzaqdan çağırdı ki, dəftərçəsini itirib. Xahiş elədi ki, tapmışıqsa verək. Əvvəl boynumuza almadıq. Çox israr eləyəndən sonra dedik ki, “Dəlidağlı” təxəllüsündən əl çəksən, dəftərçəni axtarıb tapmaqda kömək edərik. Xeyli yumşalmışdı, mütəəssir olduğu portmüş çöhrəsindən bəlli idi...
Dəftərçəni verdik. Bəlkə də gələcəkdə böyük şair olacağına inandığımıza görə...
Hissələrə ayırdığımız dəftərçənin vərəqlərini ovcuna yığandan sonra minnətdarlıq hissi ilə ayrılıb yoluna davam etdi.
Bir müddət sonra imzasını yenidən “Yenilik” qəzetində gördüm. Həm də dəfələrlə. Gah yeni şeirləri, gah da kənd həyatına dair kiçik həcmli məqalələri ilə rayon qəzetinin səhifələrində görünürdü. Amma “Dəlidağlı” təxəllüsündən imtina etmədi. O da hamımız kimi 30 ilə qədər Dəlidağın həsrəti ilə yaşadı...
Yaşadıqca böyüdü, ədəbi mühitdə püxtələşdi, Vətən həsrətini, Yurd sevgisini bədii yaradıcılığının əsas mövzusu və yükü kimi çəkdi. Səsi-sorağı ölkənin ən məşhur ədəbi məclislərindən, tanınmış söz sərraflarının əhatəsindən gəldi. Cib dəftərçələrindən neçə-neçə kitablar bağladı, imzası ilə Dəlidağa, Kəlbəcər ədəbi mühitinə və bütövlükdə müasir poeziyamıza hörmət gətirdi!
Əlli beş yaşlı Namiq Dəlidağlının ədəbi yaradıcılığının ən məhsuldar dövrünə şahidlik etmək bir qismət imiş. Onun sözü-söhbəti, düşüncələri kimi poeziyası da başqalarından fərqlənir. Şeirləri o qədər doğma və ürəyəyatımlıdır ki, hər kəs özünü orada tapa bilir - sevinəndə də, kədərlənəndə də.
Namiq Dəlidağlı hər şeiri ilə oxucusunu və dinləyicisini duyğulandırmağı, könüllərə yol tapmağı bacarır. Bulaq təki qaynayan, çoşğun çaylar kimi çağlayan istedadı onu ədəbiyyat aləmində elə bir mərtəbəyə çatdırdı ki, şeirləri Azərbaycanın hüdudlarından kənarda da sevilməyə başladı. İndi xüsusilə türkdilli ölkələrdə daimi oxucusu olan, yaradıcılığı böyük həvəs və maraqla izlənilələn müasir Azərbaycan şairləri arasında onun da adı var. Bu yaxınlarda “Sevgi sükutu” adlı şeirlər kitabının Özbəkistanda özbək türkcəsində nəşri, yazarın özünün Qazaxıstanın "Əhməd Yasəvi" mükafatına layiq görülməsi, Qırğızıstanın “Çingiz Aytmatov - qızıl qələm” medalı ilə təltif edilməsi də bunun bariz nümunəsidir.
Kəlbəcərin havası-suyu, “Dəlidağ” təxəllüsü halalın olsun, əziz dost!
Özün də, sözün də daim zirvədə!
Ən azı bir qənirə də doğma yurdumuzda yaşayıb-yaratmaq qismətin olsun!
Elxan SALAHOV

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar