Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Ürəyim açıq qapıdır, keç içəri bir az qızın..."- İsmayıl İmanzadə -ŞEİRLƏR

Tarix: 10-12-2019 21:22     Baxış: 31 047 A- / A+
"Ürəyim açıq qapıdır, keç içəri bir az qızın..."- İsmayıl İmanzadə

İsmayıl İmanzadə 1946-ci ildə Cəbrayıl rayonunun Mərcanlı kəndində anadan olub. Uzun müddət Cəbrayıl rayon məktəblərində müəllim, sonrakı illərdə dövlət qulluğu vəzifələrində çalışıb. Yaradıcılığa Cəbrayılda başlayıb, orda formalaşıb, püxtələşib və yaradıcılığının çox hissəsi əsasən doğma yurd yerində keçib. 1993-cü ilin avqust ayında Cəbrayıl rayonu ermənilər tərəfindən işğal olunandan sonra İ.İmanzadə taleyini Mingəçevir şəhərinə bağlayıb. 20 ildən artıqdır ki, AYB Mingəçevir bölməsinin sədridir. Bu müddət ərzində Mingəçevirdə ədəbi mühitin formalaşmasında onun böyük əməyi olub. 30-a yaxın ədəbi-bədii-publisistik kitabın müəllifidi. Yaradıcılığında vətən, torpaq, yurd ağrılarını əks etdirən yazılar üstünlük təşkil edir. Yurd ağrısıyla göynəyən qələm adamının bu mövzulara müraciət etməsi təbiidir. Buna baxmayaraq, İ.İmanzadənin sevgi-məhəbbət motivlərini, təbiət gözəlliklərini təsvir edən şeirləri də az deyil. Bu gün onun doğum günüdü. Tezliklə yurduna- doğma Cəbrayıla qovuşması diləyilə İ.İmanzadəni təbrik edir, ona işlərində müvəffəqiyyət və yaradıcılıq uğurları arzulayırıq.

İsmayıl İmanzadənin bir neçə şeirini Manevr.az-ın oxucularına təqdim edirik:

Sevinc Qərib

XUDAFƏRİN KÖRPÜSÜ

Ay ulu daş kitabəm, gəcavəm-taxtım mənim.
Bakı-Təbriz biçimli könül paytaxtım mənim.
Vüsala həsrət qalan taleyim, baxtım mənim -
Şahım, xanım, sultanım - Xudafərin körpüsü.

Arazın sinəsində daşlaşan su sonası,
Tanrıya şükranlıqdır adının ilk mənası.
Vətənin iki qütbə parçalanmış dünyası -
Xəttim, imzam, ünvanım - Xudafərin körpüsü.

Hər aşrımı su yolu, hər tağı bir möcüzə,
Qəzəbi mürgüləyən sivri uclu bir nizə.
Bilən yox daş dilində nələr söyləyir bizə -
Rəvayətim, dastanım - Xudafərin körpüsü.

"Gülüstan"da boğulan səsimdi, avazımdı
"Türkmənçay"da sərhəddə çevrilən Arazımdı.
Sağalmayan yaramdı, qanlı alın yazımdı -
Varlığım, and-amanım - Xudafərin körpüsü.

BİLİRƏM

Məni bir gözəlin qarğışı tutub,
Əl çəkmir yaxamdan nisgilim-ahım.
Həsrətim sinəmdə gur ocaq çatıb,
Üzümə ağ olub suçum-günahım.

Niyə dönük şıxdım, niyə görəsən,
Ayaqlar altında qalan iz oldum.
Vüsala çatmaqçün bir vaxt tələsən
Bir eşqə axırda gərəksiz oldum.

Deyimmi bir səhvin əsiriyəm mən,
Gecikmiş etiraf nəyə gərəkdir?
Mənim əvəzimdən xəcalət çəkən,
Ağlayıb-sızlayan qəmli ürəkdir.

Həyat yollarında bələdçimdi qəm,
Saçımda iz salan qışın qarımı?
Ürəyim sancanda yaxşı bilirəm,
Nədir tapdalayan ayaqlarımı...

İÇİMDƏ BOĞULAN SƏS

Eşidən yox harayımı,
Ünüm yetmir uzaqlara.
Yol ayrıcında qalmışam,
Bilmirəm üz tutum hara?

Ayağıma ilişən daş
Buraxmır ki, çıxıb gedəm.
Gözlərimdə donubdu yaş,
Yaxamdan yapışıbdı qəm.

Üz-gözümdən qırov yağır,
Hər anım bir soraq kimi.
Arxamca düşən qara yel
Ulayır yalquzaq kimi.

Zülmət kəsdirib üstümü,
Səbrimə sığınıb ahım.
Yuxum ərşə çəkilibdir,
Açılmaq bilmir sabahım.

Hərdən üzümə toxunur
Ölümün soyuq nəfəsi.
Bilmirəm harda dəfn edim
İşimdə boğulan səsi...

ŞAİR

Sevgisi qəlbi coşduran,
Gəlini-qızı çaşdıran.
Baxışı göz qamaşdıran-
Yetənə vurulan şair.

Tüstülənər hər yaşında,
Tapar dilini daşın da.
Bir qəfil söz savaşında-
Düyməsi qırılan şair.

Gizlətməz başını qında,
Bənd olan deyil heç yanda.
Tək bircə göz qırpımında-
Bulanıb-durulan şair.

Qədrini nə bilir naşı,
Qəzəbi də ər savaşı.
Nadanla getsə yanaşı-
Usanıb yorulan şair.

Ömrü-günü verməz bada,
Ağzı sözlə gələr dada.
Sınmayır dar ayaqda da-
İçindən qırılan şair.

GECƏNİN BU VAXTI

Heç yaz da əritmədi
Həsrətimin buzunu.
Bilirəm nə boydadır
Dərdin "eni-uzunu”.

Bir qaranlıq nöqtədə
Fikrim ilişib qalıb.
Ciliklənən ümidim
Hardasa düşüb qalıb.

Arxasınca qaçıram
Ötüb keçən anların.
Qar yağır gözlərimdən
Üstünə gümanların.

Əl atıb yapışmışam
Bəxtimin yaxasından.
Sızlasam da oyanmır
Gecə div yuxusundan.

NƏDƏNSƏ

Yoxmuş insanlığın "əlinin duzu”,
Yaxşılıq nədənsə tez yaddan çıxır.
Xoş söz əritməsə qəlbdəki buzu,
Sonda qaşınmayan yerdən qan çıxır.

Şirin xəyallarla ovunur insan,
Kim deyir yalanın ömrü az olur?
Ürək heydən düşüb üzüləndə can,
Adamın çöhrəsi tanınmaz olur.

Ömrü uzun imiç nisgilin-qəmin,
Dərd əhli bilir ki, sızlamaq nədir.
Nədənsə əzəldən bir ağlı kəmin,
Bəxti yeyn olur-çox qəribədir...

Sönür əzəl-axır od da, ocaq da,
Şan-şöhrət çoxunu yaman çaşdırır.
Zülmət kök atanda küncdə-bucaqda,
Şüşə parçası da göz qamaşdırır.

Vaxt-vədə bir yeyin köhnə fırfıra,
Qarışıq səslərdən baş gicəllənir.
Yerlər səhv düşəndə pozulur sıra,
Əcəl qəfil gəlir, kəsilir hənir.

Gizli bir ucu var hər müşkül işin,
Ürək korun-korun yanan ocaqdır.
Sevinc-qüssə yüklü ömür sərnişin,
Ölümsə sonuncu dayanacaqdır.

KÖHNƏ KİŞİLƏR

Boş qalıbdı yerləri,
Minib köhlən atlara
Getdi köhnə kişilər.
Saflıq nişanəsiydi
Ruzi-təhnə kişilər.

Dünya malından ötrü
Göynəyən deyildilər.
Çətinə düşəndə də
Dillərini heç zaman
Çeynəyən deyildilər.

Üz tutdular zülmətə,
Yel qanadlı kişilər.
O gümüşü papaqlı,
Kəhər atlı kişilər.

Savaş günü yaxına
Qoymazdılar yadları.
Yenilməz gücləriydi,
Bir qala bürcləriydi,
Vəfalı arvadları.

Ağır, batman kişilər
Ərən-sultan kişilər
Yel kimi hər tərəfə
Üz tutub əsməzdilər.
Nnamərd adamla heç vaxt
Duz-çörək kəsməzdilər.

Güclüyə yarınmağı
Bacaran deyildilər.
Kasıbın komasını
Uçuran deyildilər.

Qorxmazdılar ölümdən,
İgid-ərən idilər.
Haqqa tapınmışdılar,
Uzaqgörən idilər.
Onlar çörəkkəsən yox,
Çörək verən idilər.

Səsdə-ündə getdilər,
At üstündə getdilər.
Vədələri çatanda
Qoydular el-obanı
Yaman gündə, getdilər.

Əyri işlə, yalanla
Olmazdı araları.
Zəmanə dəyişəndə
Bir də baxıb gördük ki,
Seyrəldi sıraları...

Ləyaqət simvoluydu
Çeşmə-dəhnə kişilər.
Minib köhlən atlara
Geriyə boylanmadan
Getdi köhnə kişilər.

NECƏ DEYİM

Mənmi suçlu, sənmi haqlı,
Bu sual bir az maraqlı.
Hardaydın sevgi soraqlı
Evimiz tikilən vaxtı?

Nəyin əskik idi, nəyin
Sızladımı heş ürəyin?
Qeyb oldun gülün-çiçəyin
Seçilib əkilən vaxtı.

Rəngi solanda üzümün,
Qay yağdı üstə izimin.
Gəlib çıxmadın gözümün
Yollara dikilən vaxtı.

Dilimdən düşmədi adın,
Nəyə gərəkmiş inadın?
Sütunum-tağım olmadın
Belimin bükülən vaxtı.

Sən idin arzum-diləyim,
Dilimdən düşmür gileyim.
Bilmirəm sənə nə deyim
Dişimin tökülən vaxtı.

İtən səsim-ünüm idi,
Dərd "uzunum-enim” idi.
Mənim ölən günüm idi,
Sən qeybə çəkilən vaxtı...

ÜRƏYİM AÇIQ QAPIDIR

Yalqız dayanma sahildə,
Yel əsib üşüdər səni.
Yuxunu sulara danış,
Oyaqdır, eşidər səni.

Gözlərində şəkili qalıb
Bu boz sifətli payızın.
Ürəyim açıq qapıdır,
Keç içəri bir az qızın...

ÖLDÜRÜR

Dünya köhnə xırman yeri,
Havaya sovrulur diri.
Zülmətdə qərq olur biri,
Birini Tanrı öldürür.

Dərd ürəkdə gizli çatdır,
Anlar şahə qalxan atdır.
Ölüm bir şux zarafatdır,-
Güldürüb sonra öldürür.

OD GƏZİRƏM

Qayğılar başımı qatıb,
Dinməyə yoxdur macalım.
Puç olan ümidlərimin
Sorağını kimdən alım?

Qırov bağlayan ürəyim
Bir qalam od sorağında.
Yuxularımda gəzirəm
Hərdən Araz qırağında.

Nə gözləməkdən usanıb,
Nə yaşamaqdan doyuram.
Sükutla ötən anları
Kipriklərimlə sayıram...

TANRININ DAMI

Səmada yorğun-yorğun
"addımlayan” buluddan,
Xəyaldan, günahdan,
gümandan, umuddan
yuxarıda dayanır,
Tanrının sütunsuz,
dirəksiz
mavi rəngli damı.
Bu boyda
nəhəng "sarayı”
kim tikib, necə tikib-
Düşünəndə
heyrət bürüyür
bir anda adamı...

QARĞIŞ

Qarğışın
şaxtası-sazağı,
qarı-yağışı olur.
Qarğışın bir səmti,
iki başı olur.
Dilində
yer vermə ona,
Ömrünə
zəhər qata bilər.
Kiməsə çatmayıb
geri qayıdanda
Sənin də yaxandan
yapışıb tuta bilər.

İsmayıl İmanzadə
Manevr.az

Xəbəri paylaş







Müəllif: Namiq Zaman
Tarix: 7 yanvar 2020 22:01
Bəh-bəh-bəh... İsmayıl İmanzadənin dumduru, saflıqdan yoğrulmuş bənzərsiz poeziyası. Doğma ana dilimizin zərif, insanın ruhuna sığal çəkən qatları... Və bu poetik palitra fonundakı şair iztirabı, iztirab içindəki ümid işığı. Bax budur əsl poeziya. Müasir ruhlu klassik poeziyamız. Var olun, ustad! Tanrı sizi həsrətində olduğunuz o yerlərə - öz cənnətinizə qovuşdursun.Sizə möhkəm can sağlığı və tezliklə Cəbrayıllı günlər arzulayıram. Var olun, yaşayın, yazın-yaradın, səlis poetik dilinizlə könlümüzü işıqlandırın, dilimizin incəliyini itməyə, yaddaşımızı korşalmağa qoymayın!
Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar