Sizin Reklam Burada
Xəbər lenti
10-10-2024
09-10-2024
BÜTÜN XƏBƏRLƏR

Bir Nisə vardı... - Nisə Heydərlinin əziz xatirəsinə

Tarix: 15-08-2023 15:33     Baxış: 31 400 A- / A+

Hər kəsin həyatında kimlərsə olur, unutmadığı, unuda bilmədiyi, unutmaq istəmədiyi... Və bu kimlər bəzən qan bağlılığı olmayan, ancaq doğmalıq duyduğun, sənə əziz olan, dəyəri ilə ürəyinin bir hücrəsini sahiblənən insanlar olur. Cəm şəkildə yazmağıma baxmayın, onların sayı o qədər də çox olmur.  Mən də insani duyğularla yaşadığıma görə, bağlılıq, vurğunluq, sevgi, məhəbbət və. s bu kimi hisslərdən məhrum deyiləm. Həyatımda iz buraxan, cismani varlığımı torpağa tapşıranacan ürəyimdəki əvəzsiz yerində sevgiylə, ehtiramla yaşayan, hər daim xatırlanan az sayda insanlar var. Və əminəm ki, bu dünyadan köç etdikdən sonra da o insanları ruhumda  göylərə daşıyacağam. Hüzn və ağrıyla etiraf etməliyəm ki, könül verdiyim, ürəyimə köçürdüyüm  insanların bəziləri artıq bu həyatda yoxdur. Təkcə cismləri ilə varlıqlarını yoxluğa çevirən, ancaq həmişə, ən azından mənim qəlbimdə yaşayacaq insanlar... Əslində yoxluq deyil, sadəcə cismən görünməzliyə qovuşan dostlarım üçün çox darıxıram, çox... 
Bir Nisə vardı... Söz mülkünün seçkini, işığıyla sözə dayaq olan, sözü sevən, əzizləyən, sözlə yaşayan Nisə! O Nisə ki, həm poeziyada, həm jurnalistikada öz dəsti-xətti, haqq qələmi ilə könülləri fəth etmişdi, sevgi qazanmışdı. Peşəsinin, istedadının fədaisi Nisə!  Dürüstlüyü, mərdliyi, açıq sözlülüyü, sadalamadığım daha nə qədər   müsbət keyfiyyəti ilə insanlıq, adamlıq tərəfinin tamlığını, bütövlüyünü  güzgü kimi göstərən insan!
Onunla ilk dəfə bir tədbirdə görüşmüşdük. Həmkarlarımızdan birinin kitab təqdimatı idi. O vaxt ədəbi mühitə yeni, həm də ürkək-ürkək qədəm qoyurdum. Məni tanıyan və tanıdığım az adam vardı mühitdə. Nisəylə üz-üzə oturmuşduq. İmzasını tanısam da ona qədər şəxsən görüşməmişdik. Və həmin an xoş, səmimi  təbəssümü ilə üzümə gülümsəyən o qadının Nisə Heydərli olduğunu bilmirdim. Tədbirdəki çıxışı, davranışı, sadəliyi artıq içimdə ona qarşı bir sayğı duyğusu oyatmışdı. Tədbir bitdi və o mənə yaxınlaşdı. Uğurlar dilədi, fərqli düşüncələrimi bəyəndiyini, hər zaman dəstək verməyə hazır olduğunu bildirdi. Və bir də bu qədər çəkingən olmamağı tövsiyə etdi. Və beləcə biz tanış olduq...
Sonra söz dünyasında bərabər addımladıq. Uğurlar qazandıq, sevindik, sevincimizi bölüşdük. Baxmayaraq ki, Nisə illərdi qələmi ilə döyüşürdü, neçə-neçə kitab müəllifiydi, müxtəlif media və ədəbi mükafatlar qazanmışdı, heç vaxt özünü öydüyünü, mənəm-mənəmlik iddiasını görmədim. Ağac bar verəndə başını aşağı əyər deyiblər. Nisə də uğuru çoxaldıqca başını ürəyinə, ruhuna söykəyib duyğularını, hisslərini, yaşantılarını, dünyəvi düşüncələrini qələmə alırdı.
İnsan daha çox yolda tanınar. Onu yolda da tanıdım. Yolda da elə tanıdığım Nisəydi. Mehriban, qayğıkeş, diqqətli, mühafizəkar. Yaxşı ki, o günləri yaşadıq. Yaxşı ki, xoş xatirələr yazıldı ömür kitabımıza. 
İnsan çox sevdiyi biri haqqında yazmağa çətinlik çəkir. Əslində şəninə dünyanın ən gözəl sözlərindən çələng hörmək mümkündü. Ancaq hisslərimi ifadə edəcək qədər güclü olmayacağından ehtiyat edirəm. Sözlə təsvirini yaratmağa ehtiyac da yoxdu, bəlkə. Onsuz da tanıyanlar tanıyır, bilənlər bilir onu. 
Hər şey çox gözəl idi. Daxili aləmimiz, xarakter yaxınlığımız, ruh bağlılığımız, sözə, şeirə yanaşmamız bir qırılmaz bağ, doğmalıq yaratmışdı aramızda. Hər şey çox gözəl idi... Ta ki qara dumanlar başımızın üstünü alanacan.  Amansız xəstəliklərlə sınağa çəkildik. Ayrı düşdük bir-birimizdən. Ara-sıra yazdıq, təsəlli verdik, möhkəm olmalıyıq dedik... 
Ümidlə hər şeyin yaxşı olacağını, tezliklə sağlamlığımıza qovuşacağımızı gözlədik. Gözlədik, amma bir gün o acı xəbəri aldım... Nisə vəfat edib dedilər. Göydən yerə çırpıldım sanki. Dedilər, amma inanmadım. Birtəhər özümdə güc tapıb, göz yaşları içində ortaq dostumuz olan Mərcan xanıma zəng etdim. Ürəyimdə “ay allah, yalan olsun, yalan olsun...” yalvarışları ilə cavab gözləyirdim. Bir saniyə  bir saat kimi uzandı. Və... mən o ağır, acı xəbərin doğru olduğunu qulaqlarımla eşitdim... O gün bu gün içimdə bir boşluq var. Ürəyimdədi, yeri əbədidi. Ruhumla göyə daşıyacağım kəsimdi. Amma yarımçıq arzuları, boynubükük qoyduğu övladları (həm mənəvi, həm bioloji) ağlıma gəldikcə, barışa bilmirəm vaxtsız gedişi ilə... Bir də ağrılı günlərində, son nəfəsində yanında ola bilməməyimin acısıdı ürəyimi üşüdən. Yeriməyən ayaqlarımın, qanımı soran hüceyrələrin boynunda qaldı “vəfasızlığım”... Məzarını ziyarət etmək üçün ha gücümü topladım, olmadı, aparmadı ayaqlarım... 
Ötən ay can qoyduğu mətbuatımızın 148 yaşı qeyd olundu. Qəfil səhhətim pisləşdiyindən bu dəfə də illərdir gedə bilmədiyim tədbirlərə    qatılmaqdan məhrum oldum. Bilmirəm, o mübarək gündə Nisəni xatırlayan, fəaliyyətini önə çəkən oldumu, mən ancaq onu düşündüm həmin gün. 
Avqustda doğuldu. Elə doğulduğu ayda da vida etdi bizlərə. Ayın 8-i anım günüydü. Görəsən ailəsindən, balalarından başqa anan, yada salan oldumu bu fədakar qələm sahibini?! Sədaqətli, etibarlı dost, dərdə təbəssüm edən o güclü qadın xatırlandımı bir anlıq olsa belə?! Rəsmi heç nəyə rast gəlmədim. Kaş ki, yanılmış olum... İstəyirəm kimsə çıxıb desin ki, biz Nisəni unutmadıq ki, yada salaq. O var, o yaşayır. Sözüylə, unudulmaz xatirələri ilə hər zaman bizimlədir. Doğum gününə sayılı günlər qalır Nisəmin. Unutmayanlar olacaq, bilirəm. Xatırlanacaq, Nisəm, mütləq xatırlanacaq... 
Ruhun şad olsun, əzizim! "Gülümsəyib hər zülümə, bir taxt qurdun ölümə", cismin sevdiyin torpağa qovuşdı, ruhun ənginliklərdə əbədilik taxtına... Hələ ağrıları yenib “yaşayıram”, bir gün ənginliklərdə görüşənəcən, doğma bildiyim!

 



















Sevinc QƏRİB
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar