Xəbər lenti
Kababı çəngəllə yeyir, amma zırramanın biridi...
Seymur VERDİZADƏ
Dünən Milli Parkda gəzəndə 16-17 yaşlı bir yeniyetmə qabağımı kəsdi: “Qaqaş, deyə biərsənmi saat neçədi?”
Oğlanı yola salandan sonra on-on beş metr aralıda dayanmış boş maşınlardan birinə yaxınlaşıb, diqqətlə güzgüdə özümə baxdım: saçlarıma çoxdan qar ələnib. Üstəlik, artıq çəkidən əziyyət çəkdiyim üüçn tay-tuşlarımdan daha yaşlı görünürəm. Əynimdəki boz kostyum, qara palto da gənclik illərini arxada qoyduğumu təsdiqləyirdi. Bəs, bu yeniyetmə oğlan mənimlə niyə öz həmyaşıdı kimi davrandı?
Bu sual iki gündü məni məşğul edir. Səbəb odur ki, həmin oğlan özündən böyüklərlə necə davranmalı olduğunu bilmir. Bunu ona valideynləri, özündən böyük bacı-qardaşları, müəllimləri öyrətməliydilər. Amma öyrətməyiblər. Ona görə yox ki, uşağın tərbiyəsi heç kimi maraqlandırmır. Ona görə ki, bəzən böyüklər özləri də ictimai davranış qaydalarını bilmir, yaxud buna əməl etmək istəmirlər.
Şəxsi avtomobilim olmadığı üçün hər gün ictimai nəqliyyatdan istifadə edirəm. Üç-dörd gün əvvəl səhər dayanacaqda avtobus gözləyəndə yanımda bir maşın dayandı. Bu cür xoş münasibətlə tez-tez qarşılaşdığım üçün tərəddüd etmədən qapını açıb, qabaq oturacaqda əyləşdim. Sürücünün əlində iri bir piroq vardı. Dediyinə görə, işə tələsdiyi üçün qəlyanaltı etməyə vaxtı olmayıb. Ona “nuş olsun” deyib, çantamdakı sənədləri səliqəyə salmaq istəyəndə gördüm ki, əlindəki piroqun hamısını ağzına apardı. Amma nə qədər çalışdısa, uda bilmədi. Boğulmaq təhlükəsiylə üzləşdiyini görəndə ağzındakı piroqun yarısını çıxarıb, mənə uzatdı: “Müəllim, bu da sənin qismətindir”.
Təəccübdən az qaldı ki, gözlərim kəlləmə çıxsın. Sürücü yaşda məndən böyük olduğu üçün ürəyimdən keçən sözləri dilimə gətirə bilmədim: “Ya Rəbb, səhər-səhər bu zırramanı hardan qabağıma çıxardın?!”
Kişi sifət cizgilərimin dəyişdiyini görəndə yavaşca əlini geri çəkdi.
Bundan sonra nə baş verdiyini hətta Dostoyevski də təsəvvür edə bilməz. On beş-iyirmi metr getmişdik ki, arxadakı maşın siqnal verdi. Sürücü təəssüflə başını bulayıb, mənə tərəf çevrildi: “Müəllim, görürsən də həyatda nə qədər mədəniyyətsiz insanlar var...”
Üç-dörd gün əvvəl qohumlarımızdan birinin qızının toyuna getmişdik. Sol tərəfimdə əmioğlu Xəyal müəllim, sağımda isə tanımadığım bir kişi əyləşmişdi. Ağsaqqal zövqlə geyinmiş, üzünü qırxmış, saçını səliqə ilə arxaya daramışdı. Boynuna keçirdiyi qalstuk mənim kostyumumdan bahalı iid. Boşqabına qoyduğu tikəni bıçaqla beş-altı yerə bölüb çəngəllə yeyəndən sonra bir siqaret yandırdı. Masanın arxasında əyləşən digər kişilər də ona baxıb, hərəsi bir siqaret çıxardı. Bu hadisənin canlı şahidləri olduğu üçün nəsə artırmağa ehtiyac görmürəm. Xarici görünüşündən imkanlı adama oxşayan ağsaqqal ard-arda beş-altı siqaret sümürdü. Yarım saat sonra masanın üstünü duman bürüdü. Bu mənzərə məni o qədər əsəbləşdirdi ki, məclisi yarımçıq tərk etdim. Yolda olarkən beynimdə ancaq bir fikir dolaşırdı: “Kababı çəngəllə yesə də, zırramanın biridi...”
Bir həftə əvvəl metro ilə işdən evə gedəndə yanımda cavan bir oğlan oturmuşdu. Oğlan tez-tez asqırıb ətrafdakıları narahat etsə də, başı kitab oxumağa qarışdığı üçün bunun fərqində deyildi. Ən pisi isə o idi ki, asqıranda nəinki dəsmalla, heç əli ilə də ağzını tutmurdu. Sonuncu dəfə necə asqırdısa, ağzından çıxan bir topa tüpürcək bizimlə üzbəüz əyləşmiş qadının sifətinə yapışdı. Növbəti dayanacaqda cibimdən çıxardığım təmiz dəsmalı oğlanın ağzına dürtüb, vaqonu tərk etdim. Həmin gün bir daha əmin oldum ki, adam olmaq üçün təkcə kitab oxumaq kifayət etmir.(qafqazinfo)
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar