Xəbər lenti
Ata binamus, oğul tüfeyli, qız əxlaqsız...
Seymur VERDİZADƏ
Beş-on il əvvəl Meksika serialları camaatın başını xarab eləmişdi. Xeyirdə-şərdə hamı Mariyanın bic doğduğu yetimçələrinin taleyindən danışırdı. Orta statistik azərbaycanlı heç cür anlaya bilmirdi ki, bir qadın üç kişi ilə necə yatıb-dura bilər...
Sonra türk serialları ekranlara “ayaq açdı”. “Qurdlar vadisi”nin telekanallarımıza yol tapmasından sonra özlərini Polada, Mematiyə bənzədən gənclərimiz mağazaların, bərbərxanaların şüşələrini sındırmağa başladılar. Yaxşı təhsil almayan, tamaşaçı kimi aşağı zövqə, məhdid dünyagörüşə malik olan gənclərimizin bir hissəsini də Polad bədbəxt elədi. Həmin dövrdə Azərbaycan cəmiyyətində əsas müzakirə mövzusu baş kəsmək, qan tökmək idi.
Milli Teleradio Şurasının xarici serialların yayımına qadağa qoymasından sonra yerli serialların qarşısında “yaşıl işıq” yandı. Hamımız səbirsizliklə serial istehsalçılarımızın ortaya çıxaracaqları məhsulu gözləməyə başladıq. Axı, həmin seriallar bizlərin dövlət büdcəsinə ödədiyi pulların hesabına çəkilir. Biz isə pulu yerdən yığmırıq. Onu alnımıızn təri, gözümüzün nuru ilə qazanırıq...
Hazırda Azərbaycan telekanallarında efirin müəyyən hissəsini zəbt etmiş milli seriallarımızın tamaşaçıların zövqünü oxşadığını söyləmək mümkün deyil. Yerli serialların ciddi sənət əsəri olmadığını mütəxəssislər dəfələrlə vurğulayıblar. Cəmiyyətdə seriallarla bağlı narahatlığın artdığını müşahidə etməyə başlayandan sonra bu sahəyə xüsusi diqqət ayırmağa qərar verdim. Monitorinq apardığım bir ay ərzində bu qənaətə gəldim ki, yerli seriallarımız nəinki cəmiyyətə müsbət mesaj verə bilmir, əksinə, gənc nəslin tərbiyəsini pozur, xalqımız üçün xarakterik olmayan xüsusiyyətləri təbliğ edir.
Ən çox seyr edilən serialımızın qəhrəmanının iki arvadı var. Oğlu tüfeyli həyat tərzi keçirir, qızı isə bir oğlana qoşularaq, kəbinsiz-nişansız ölkəni tərk edib. Rəqib ailənin başçısı köhnə kişilər kimi tez-tez alnını qırışdırıb zəhmli görkəm alsa da, evdə sözü keçmir. Nə arvadı, nə də oğlu onu eşidir. Üçüncü ailənin başçısı aravurandır, işi-gücü qayınana ilə gəlini, gəlinlə baldızı üz-üzə qoymaqdır. Üstəlik, binamusdur, halal arvadı, evlənməli oğlu ola-ola başqasının həyat yoldaşına göz dikib. Dördüncü ailədə isə vəziyyət daha acınacaqlıdır. Ata-ananın təhsil almaq üşün xaricə göndərdikləri qız qarnında uşaq geri qayıdıb. Söhbət ondan gedir ki, Azərbaycan cəmiyyəti üçün xarakterik olmayan bu cür eybəcər hallar digər seriallarımızın da süjet xəttinin əsasını təşkil edir.
Monitorinq etdiyim ikinci serialda qız rəfiqəsinin ərini əlindən almağa çalışır. Üçüncü serialda isə qadın yad kişilərlə əlbir olub, ərini öldürtmək istəyir. Qətl, xəyanət, zorlama, oğurluq kimi neqativ hallar milli seriallarımızın süjet xəttinin əsasını təşkil edir. Əcəba, Azərbaycanda yaxşı övlad tərbiyə edən valideynlər yoxdurmu? Görəsən, bu serialları çəkən adamlar öz əhdinə sadiq olan, ailəsi, uşaqları üçün canını fəda edən insanlarla qarşılaşmayıblarmı? Bəs, İlhamı, Fərizəni hansı cəmiyyət yetişdirib? Həyat yoldaşını itirəndən sonra saçının birini ağ, birini qara hörüb beş körpə balasını təkbaşına böyüdən Elmira xala azərbaycanlı deyilmi? Ömür-gün yoldaşını itirəndən sonra iki azyaşlı qızına həm ata, həm ana olan Eldar müəllimin həyatını rejissorlarımız niyə niyə ekranlaşdırmırlar? Niyə Azərbaycan cəmiyyətinin kiçik modeli kimi təqdim olunan ailələrin birində kişi binamus, digərində oğul tüfeyli, qız əxlaqsız olmalıdır? Bu qədər əziyyət çəkməkdə məqsəd bütün eybəcərlikləri bir araya gətirməkdir? Siz bununla nə demək istəyirsiniz?
Uşaqların tərbiyəsi ilə təkcə ailə və məktəb məşğul olmamalıdır. Təbliğat vasitələri, yaradıcı ittifaqlar bu prosesdə fəal iştirak etməlidir. Filmlər, seriallar cəmiyyətə müsbət mesajlar verməli, insanları saflığa, dürüstlüyə səsləməli, halal zəhməti, saf məhəbbəti, elmi, təhsili təbliğ etməlidir. Zorakılığın, qətlin, zinanın, dikbaşlığın təbliği Azərbaycan cəmiyyətini uçuruma yuvarlayır. Ailə həyatı quran qızlarımızın çoxu ər evində üç-beş aydan çox otura bilmirlər. Statistik məlumatlara görə, hər ay Azərbaycanda mindən artıq nikah pozulur. Ailələr dağılır, uşaqlar başsız qalır. Bu cür acınacaqlı vəziyyətin yaranmasında əclaflığı, əxlaqsızlığı, əliəyriliyi təbliğ edən serialların, televiziya verilişlərinin rolu böyükdür. Bu prosesə “dur” deməyin, hamılıqla etiraz etməyin vaxtı çatıb. Hətta gecikmişik...
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar