Xəbər lenti
Şirin vədlər arxasında məhv olan talelər...
Çarəsizlik, işsizlik hər il yüzlərlə insanı alverçilərin qurbanına çevirir
Əksər xanımlar toyları, şənlikləri sevir. Özünü ağ gəlinlikdə görmək isə çox xanımın arzusudur. Amma 26 yaşlı Könül toya da, ağ gəlinliyə də nifrət edir. Könülün toylara nifrət etməsinin isə ayrıca səbəbi var. Könülün valideynləri hələ o, uşaq olarkən boşandığından əmisinin himayəsində böyüyüb. Qohumların evində toy olanda Könülü iki gün əvvəldən işləməyə aparar, toy günü isə qapı-bacadan göz-qulaq olmaq üçün evdə saxlayardılar. Amma Könülün toylara nifrətinin tək səbəbi bu deyil. Onun həyatı məhz qonşuda olan toya görə alt-üst olub. Qonşuluqda olan toyun birində də o, yenə evdə keşikçi qoyulub. Toy günü isə əmisi oğlunun ona etdiyi təcavüz və daha sonra onu qorxudaraq şantaj etməsi onun həyatını qalan hissəsini də alt-üst edib. Başına gələn hadisədən sonra evdən qaçan Könül bir müddət parkda gecələməli olur. Parkda da atasının dostudur deyən bir kişi onu öz evinə aparır. Həmin kişi daha sonra Könülü Bakıya gətirərək bacısı adlandırdığı bir qadına verir. Qadın isə artıq Könüldən fahişə kimi istifadə edir. Könül bir neçə ay Bakıda bu xidməti göstərdikdən sonra qadın ona xarici pasport düzəldib Türkiyəyə aparır.
Türkiyədə Klara adlı bir erməni qadına satılan Könül burada daha çox fahişənin olduğu bir otelə yerləşdirilir. Buradan qaçmaq isə mümkünsüz idi. Sonradan Adnan adlı bir müştəri ilə Könülün səmimi ünsiyyəti yaranır. Adnan Könülü o fahişəxanadan qaçıraraq dostunun evində bir həftə gizlədir. Daha sonra onun adından Azərbaycanın Türkiyədəki Konsulluğuna teleqram vurur. Konsulluqdan gəlib Könülü tapıb Bakıda İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə xəbər verirlər. Bundan sonra Könülün Türkiyədən çıxarılmağı üçün sənədlər hazırlanır. Bakıya gətiriləndən sonra isə Könülü Türkiyədə erməni qadına satan şəxs həbs edilir. Könül isə İnsan alveri qurbanlarının sığınacağına yerləşdirilir. Bu gün Azərbaycanın regionlarında da Könül kimi məlumatsızlıqdan insan alveri qurbanına çevrilənlərin və ya potensial qurban olacaq şəxslərin sayı onlarladır. Bəs, görəsən insan alveri qurbanına çevrilməmək üçün nələri bilmək lazımdır və qurbanların sosial müdafiəsi üçün hansı tədbirlər görülür?
İnsan alveri - ölkəmizdə cinsi istismar və əməyin istismarı formaları daha geniş yayılıb
Əsrimizin qlobal problemlərindən olan insan alveri milli və beynəlxalq qanunvericiliklə qadağan edilir. Bu cinayət, insan hüquqlarını pozmaqla yanaşı, ailə və cəmiyyətin dağılmasına yol açır. Mütəşəkkil cinayətkarlığa rəvac verir, ölkələri insan kapitalından məhrum edir, ictimai sağlamlığı zəiflədir, böyük iqtisadi zərərlərə səbəb olur.
Respublikamızda 2005-ci il iyunun 28-də «İnsan alverinə qarşı mübarizə haqqında» qanun qəbul edilib. Qanuna görə insan alveri dedikdə zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi nəzərdə tutulur. Azərbaycanda insan alverinin daha cox iki forması - cinsi istismar və əməyin istismarı formaları daha geniş yayılıb. Cinsi istismar dedikdə şəxsin fahişəlikdə, seksual köləlikdə və ya pornoqrafik materialların istehsalında istifadə edilməsi, digər şəxslərin cinsi istismarından mənfəət əldə edilməsi başa düşülür.
İnsan alverinin digər formalarının yayılması ilə bağlı hər hansı məlumat qeydə alınmayıb.
İnsan alverinə qarşı mübarizə sahəsində tədbirlər gücləndirilir
Respublikamızda son illər insan alverinə qarşı mübarizə istiqamətində tədbirlər gücləndirilib. Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi və ona tabe qurumlar tərəfindən insan alverinə qarşı mübarizə sahəsində addımlar atılır. Bu sahədə əməli tədbirlər görülməsi üçün müvafiq qanunvericilik bazası yaradılıb.
Azərbaycan Prezidentinin 6 may 2004-cü il tarixli sərəncamı ilə «Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı» təsdiq edilib. Milli Fəaliyyət Planına əsasən Daxili İşlər Nazirliyində Milli koordinator təyin edilib və həmin nazirliyin strukturunda hazırda müstəqil olan İnsan Alverinə Qarşı Mübarizə İdarəsi təsis edilib.
Azərbaycanın insan alverinə qarşı mübarizə üzrə milli koordinatorunun 2015-ci il üzrə illik hesabatına görə, Azərbaycanda insan alveri ilə bağlı 108 fakt aşkarlanıb. Bu əməllərə görə 38 şəxs (33 qadın, 5 kişi) cinayət məsuliyyətinə cəlb edilib. İnsan alveri ilə məşğul olan 13 cinayətkar qrup və 1 mütəşəkkil dəstə zərərsizləşdirilib. Müvafiq cinayətlərdə təqsirləndirilərək axtarışa verilən 27 şəxsdən 9-u tutularaq istintaq və məhkəmə orqanlarına təhvil verilib. Müəyyənləşən 63 qurbandan 38-i Türkiyəyə, 8-i Birləşmiş Ərəb Əmirliklərinə, 3-ü Rusiyaya aparılıb, 14 nəfər, o cümlədən 7 əcnəbi ölkə daxilində istismara məruz qalıb. Müvafiq cinayətlərə görə 24 şəxs məhkəmə məsuliyyətinə verilib. Beynəlxalq axtarışa verilən təqsirləndirilən şəxslərdən 9-nun yeri İnterpol xətti ilə müəyyən olunaraq istintaq orqanlarına təhvil verilib. nSon 10 ildə isə respublikamızda qeydə alınan 684 insan alveri ilə bağlı cinayət faktı üzrə 408 insan alverçisi cinayət məsuliyyətinə cəlb edilib, 583 insan alveri qurbanı müəyyən edilib.
İnsan alverçiləri zaman-zaman qurbanları tora salmaq üçün vasitələrini dəyişir
Araşdırmalar göstərir ki, insan alverçiləri zaman-zaman qurbanları tora salmaq üçün vasitələrini dəyişir. İnsan alverçiləri daha çox işə düzəltmə firmaları, moda, nikah, turizm agentliyi, internetdə yerləşdirilən iş, təhsil, tanışlıq və nikah haqqında elanlar vasitəsi ilə insanları tora salmağa çalışır. Qəzet, küçə və televiziya elanları, tanışlar, qonşular, kurs yoldaşları, iş yerindəki həmkarlar tərəfindən edilən təkliflər, xarici agentliklər və əvvəlcədən hazırlanan adamlar tərəfindən edilən iş təklifləri də insan alverçilərinin istifadə etdikləri vasitələrdəndir. Onlar gözəl həyat haqqında əhvalatlar, bütün maliyyə problemlərinə son qoyulması ilə bağlı vədlər, yüksək həcmli əmək haqqı ilə bağlı təkliflər, karyera pilləsində yüksəlmə vədləri verməklə insanları ələ alırlar.
Mütəxəsislər tərəfindən insan alveri ilə bağlı baş verən faktlar təhlil olunaraq xaricə getmək istəyənlərin qurbana çevrilməmələri üçün təhlükəsizlik planı da tərtib edilib. Tövsiyyə edilir ki, əgər xaricdə iş, təhsil və ya ailə qurmaq üçün təkliflər verilərsə, bu söz halında həyata keçirilməməli, mütləq hər hansı bir rəsmi müqavilə əsasında yerinə yetirilməlidir. Müqavilə mütləq ana dilində olmaqla vətəndaşa aydın olan üslubda yazılmalı və xaricdə görüləcək iş haqqında ətraflı məlumat verilməlidir. Müqavilədə mütləq hər iki tərəfin öhdəliklər aydın şəkildə göstərilməlidir. Müəyyən firma adından xarici ölkələrdən birində iş təklif edən nümayəndənin adını, soyadını öyrənmək, ondan təmsil etdiyi firmanın verdiyi vəsiqə, etibarnamə və müqavilə tələb edilməlidir. Belə sənədlər adətən notarius tərəfindən firmanı təmsil edən nümayəndənin adına verilir və orada nümayəndənin məhz xarici ölkələrə işçi toplaması haqqında bənd göstərilir. Xaricdə hər hansı bir işə düzəltmə ilə bağlı əmək, təhsil və nikah müqaviləsini bağlamazdan əvvəl bu ölkədə işləmək, təhsil almaq və ya sadəcə yaşamağın leqal və təhlükəsiz olması barədə miqrasiya xidməti əməkdaşı ilə mütləq məsələhətləşmək lazımdır.
Əgər xarici ölkəyə işləməyə gedilirsə, viza qonaq və ya turist vizası yox əmək vizası olmalıdır. Xarici ölkələrdə Azərbaycan vətəndaşlarının iş tapmasına yalnız bu fəaliyyətə lisenziyası olan firmalar yardım edə bilər.Əgər şəxs xaricə oxumağa gedirsə, viza tələbə vizası olmalıdır. Yalnız əmək vizası ilə işləmək olar. Tələbə vizası ilə işləmək qeyri-qanunidir. Əgər şəxs xaricə nikah məqsədi ilə gedirsə, ona nişanlı vizası verilir. Bu viza ilə qanuni işə düzəlmək qeyri-mümkündür. Yadda saxlamaq lazımdır ki, yalnız təhsil alma, biznes, turist, ailə üzvləri ilə
birləşmək üçün viza növləri mövcuddur və ölkəni bu viza növləri olmadan tərk etmək qanunsuzluqdur. Xaricdə olarkən Azərbaycan vətəndaşı vəd edilən işlə təmin olunmadıqda və ya başına xoşagəlməz hadisə gəldikdə dərhal "152-qaynar xətt"ə və (+994) 12-562-21-12 telefon nömrəsinə zəng edib məlumat verə bilər.
“İnsan alveri qurbanları ilə bağlı informasiya bankı yoxdur”
Məsələyə münasibət bildirən ekspert Mehriban Zeynalovanın sözlərinə görə, hazırda respublikamızda insan alverinə qarşı kifayət qədər mübarizə mexanizmləri var: “ Hazırda qüvvədə olan qanunvericilik aktları insan alverinin qarşısının alınmasına imkan verir. Hazırda bir vətəndaşın pasportunun digər vətəndaş tərəfindan alınmasına qanunvericilik yol vermir və təcrübədə də (qanuni hallar istisna olunmaqla) rast gəlinmir. Əgər 10 il bundan əvvəl istənilən şəxs başqasının pasportunu ala bilərdisə, indi bu qeyri-mümkündür. Bundan başqa hazırda Miqrasiya haqqında qanunvericiliyə kifayət qədər müsbət dəyişikliklər edilib. Bütün bunlarda insan alverinə qarşı mübarizə elementləri var və bunlar da müsbət nəticələrin əldə olunmasına yardım edir. Amma elə hallar da olur ki, insanlar özləri də bilmədən qurbana çevrilir. Sosial şəbəkələrdə aldadılma halları olur. Bu gün potensial qurbanlar termini var. Məişət zorakılığından əziyyət çəkən qadın çox rahat şəkildə insan alveri qurbanına çevrilə bilər. Qurbanlara hansısa çevik yardımın göstərilməsi, problemlərinin operativ həll edilməsi, regionlarda sığınacaqların və reablitasiya mərkəzlərinin olması problemin həllinə yardımçı olardı”.
Ekspert deyir ki, problemin qarşısını almaq üçün bir sıra addımlar da atılmalıdır: “Önəmli məqamlardan biri sosial iş institutunun formalaşdırılması olardı. Xarici təcrübə də göstərir ki, sosial işçilər ehtiyacları qiymətləndirib vaxtında həyacan təbili çalarsa, problemin həlli daha rahat olur. Digər tərəfdən bu gün respublikamızda insan alveri qurbanları ilə bağlı informasiya bankı yoxdur. Bu səbəbdən sığınacaqlara daxil olan şəxslərlə bağlı görülən işlərin izlənilməsi mümkün deyil. Bütün bunların həlli respublikamızda insan alverinin qarşısının alınmasına yardım edə bilər”.
Bölgələrdə sosial reabilitasiya mərkəzləri yaradılacaq
Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən verilən məlumata görə, respublikamızda insan alveri qurbanlarının sosial müdafiəsi ilə bağlı da addımlar atılır. Hazırda Daxili İşlər Nazirliyinin insan alveri qurbanları üçün sığınacağı var. Təhlükəli vəziyyətdə olan şəxslər həmin sığınacağa yerləşdirilir. Şəxsin seçimindən asılı olaraq orada yerləşmək istəməyən şəxslər qeyri-hökumət təşkilatlarına istiqamətləndirilir. Sığınacaqda məskunlaşanlar reablitasiya keçdikdən sonra reinteqrasiya və peşə bacarıqlarının artırılması üçün işlər aparılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə qurbanların peşə bacarıqlarının artırılması, işlə təminatı istiqamətində tədbirlər görülür.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən isə bildirirlər ki, yaxın zamanlarda insan alveri qurbanları üçün bölgələrdə sosial reabilitasiya mərkəzlərinin yaradılması nəzərdə tutulur. Regionlarda sosial reabilitasiya, sosial xidmət və yardım mərkəzlərinin, sığınacaqların yaradılması, onlara hüquqi, tibbi, psixoloji, sosial və digər yardımların təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirəcək.
İnsan alveri probleminin həlli müvafiq qanunvericilik bazası, inzibati tədbirlərin görülməsi ilə yanaşı, həm də maarifləndirmə tədbirlərinin aparılmasından asılıdır. Dövlətin apardığı mübarizə tədbirləri ilə yanaşı, vətəndaş cəmiyyəti institutları, media da maarifləndirmə tədbirlərini genişləndirməlidir ki, Könül kimi günahsız insanlar bu bəladan ziyan çəkməsin.
Elnarə GÜNƏŞ
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar