Xəbər lenti
2018-ci ilin əsas hadisələri: Dünyanı dəyişdirənlər...
Yola salmaqda olduğumuz 2018-ci il planetimiz üçün bir sıra mühüm hadisələrlə yadda qaldı. Bu hadisələrin bir neçəsi əhəmiyyətinə və təsirinə görə tarixə düşəcək. 2018-ci ilin ən mühüm, qlobal əhəmiyyətə malik əsas hadisələrini toplamağa çalışdıq.
Qanında boğulan Qaşıqçı
İlin ən dəhşətli hadisəsi heç şübhəsiz ki, Səudiyyə Ərəbistanından olan jurnalist Camal Qaşıqçının qətli, daha dəqiqi, yoxa çıxması idi. Çünki "Vaşinqton Post"un yazarı Qaşıqçının cəsədi hələ də tapılmayıb.
Jurnalist Camal Qaşıqçı 2018-ci il oktyabrın 2-də gündüz saatlarında evliliklə bağlı sənədi imzalamaq üçün Səudiyyə Ərəbistanının İstanbuldakı Konsulluğunun binasına daxil olub. Ancaq Qaşıqçı binadan çıxmayıb. Səudiyyə Ərəbistanının İstanbul konsulluğu israrla Qaşıqçının konsulluq binasını tərk etdiyini bildirib. Hətta konsul Məhəmməd əl-Utaibi yerli jurnalistlərə konsulluq binasını göstərib və Qaşıqçının orada olmadığını deyib.
Ancaq sonrakı günlərdə artan təzyiqlərdən sonra oktyabrın 20-də Səudiyyə Ərəbistanı hökuməti rəsmi açıqlama yayaraq Qaşıqçının oktyabrın 2-də konsulluq binasında öldürüldüyünü etiraf edib. Eyni zamanda hadisədə məsuliyyət daşıyan 18 nəfərin saxlanıldığını bəyan edib. Bu hadisə daha sonra ABŞ Senatının Səudiyyə Ərəbistanı hakimiyyətini ittiham edən qanun qəbul etməsinə, o cümlədən 17 nəfər krallıq vətəndaşına sanksiya tətbiq etməsinə səbəb olub. Bundan başqa, bir sıra Qərb ölkələri və şirkətləri Səudiyyə Ərəbistanında keçirilən investisiya forumunu boykot edib, bəziləri isə əməkdaşlığı dayandırıb.
Bəzi iddialara görə, Qaşıqçı konsulluqda öldürüldükdən sonra cəsədi doğranıb və daha sonra kimyəvi maddədə əridilib.
"Skripal işi"
İlin ikinci səs-küylü hadisəsi Skripal hadisəsi olub. Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq zabiti Sergey Skripalın Britaniyada zəhərlənməsi iki ölkə arasında gərginliyə səbəb olub. Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovniki Sergey Skripal və qızı Yuliya 2018-ci il martın 4-də Böyük Britaniyanın Solsberi şəhərində huşsuz vəziyyətdə tapılıblar. Britaniyanın baş naziri Tereza Mey martın 12-də verdiyi açıqlamada Skripal və qızının SSRİ-də istehsal edilmiş "Noviçok" adlı kimyəvi silahla zəhərləndiklərini bildirib. O, hadisəyə görə məsuliyyəti Rusiyanın boynuna qoyaraq bunu Böyük Britaniyaya qarşı akt kimi qiymətləndirib.
Martın 14-də Britaniya hökuməti Rusiyaya qarşı sanksiyalar qəbul edib, həmçinin Rusiya ilə rəsmi səviyyədə təmasları dayandırıb və Britaniyada fəaliyyət göstərən 23 Rusiya kəşfiyyatçısını ölkədən çıxarıb. Ruslar da buna cavab olaraq Britaniya diplomatik korpusunun çətiri altında fəaliyyət göstərən kəşfiyyatçıları ölkədən çıxarıblar.
Qeyd edək ki, Sergey Skripal 2006-cı ildə dövlətə xəyanət ittihamı ilə mühakimə olunaraq 13 il həbsə məhkum edilib. 2010-cu ildə onu və daha bir neçə casusu Rusiya kəşfiyyatının ABŞ-da ifşa edilmiş bir qrup agenti, o cümlədən Anna Çapmanla mübadilə ediblər. Həbsxanadan buraxılan QRU polkovniki Böyük Britaniyadan sığınacaq alıb.
Rusiya yenə "Putin" dedi
İlin iki mühüm seçkisi Rusiya və Türkiyədə olub. Martın 18-də keçirilən prezident seçkilərində Vladimir Putin 4-cü dəfə Rusiyanın prezidenti seçilib. Mərkəzi Seçki Komissiyası bəyan edib ki, Putin səslərin 76 faizindən çoxunu qazanıb. Rusiya MSK-nın məlumatına əsasən, Putin rekord sayda - 54,4 milyon vətəndaşın səsini qazanıb. Qeyd edək ki, Putin 2000-ci ildən Rusiyaya rəhbərlik edib. 2008-ci ildə iki müddəti bitdikdən sonra hazırkı baş nazir Medvedyev 4 il müddətinə Rusiyaya rəhbərlik edib. Daha sonra qanun dəyişib və Rusiyada prezidentlik müddəti 6 il müəyyən olunub, iki dəfə seçilməklə. 2012-ci ildə isə Putin yenidən Rusiya prezidenti seçilib. Beləliklə, Rusiyanın hazırkı lideri sonuncu prezidentlik müddətinə də seçilib.
Ərdoğanın seçkisi...
2018-ci ildə daha bir mühüm əhəmiyyətli seçki yenə də Azərbaycanın qonşuluğunda baş verib. Türkiyədə ilk dəfə olaraq yeni konstitusiyadan sonra prezident seçilib. 2017-ci ilin aprelində keçirilən referendum nəticəsində Türkiyədə dövlət sistemi dəyişib, ölkə prezident üsul-idarəsinə keçib. Prezident seçkisinin qanunla müəyyən olunmuş vaxtı 2019-cu il olsa da, MHP sədrinin təklifi ilə hökumət növbədənkənar seçkilər elan edib və prezidentlə parlament seçkiləri eyni gündə keçirilib. Seçkilərin nəticələrinə əsasən, Türkiyədə 2002-ci ildən iqtidarda olan AKP sədri Rəcəb Tayyib Ərdoğan yeni konstitusiya dövründə ölkənin ilk prezidenti seçilib. Ərdoğan seçicilərin 52 faizindən çoxunun, ya da başqa sözlə, 26 milyon seçicinin səsini alıb.
Parlament seçkilərində də Ərdoğan qalib gəlib. Belə ki, AKP və MHP-nin təşkil etdiyi "Cumhur İttifaqı" koalisiyası səslərin böyük bir hissəsini – 57 faiz və ya 344 mandat qazanıb. CHP və İYİ Partiyanın "Millət İttifaqı" isə 34 faizə yaxın və ya 189 mandat alaraq ikinci olub. Ərdoğanın növbəti dəfə Türkiyə prezidenti seçilməsi bu ölkənin 2002-ci ildən davam edən siyasi kursun xalq tərəfindən dəstəkləndiyini təsdiq etmiş olub.
Koreya prezidentlərinin görüşü
İlin ən mühüm pozitiv siyasi hadisəsi iki Koreya arasında münasibətlərin istiləşməsi və prezidentlərin görüşü olub. Aprelin 27-də Şimali Koreya prezidenti Kim Çen In və Cənubi Koreyanın prezidenti Mun Jae iki ölkə sərhədində yerləşən Panmunjom Atəşkəs Kəndində görüşüblər.
Bu hadisə Koreya yarımadasının iki hissə bölünməsi ilə nəticələnən 1950-53-cü illərdə davam edən müharibədən sonra ilk belə hadisə olub. İki lider birlikdə sərhədin şimal tərəfinə keçdikdən sonra yenidən cənuba dönüblər.
Cənubi Koreya orqanlarından verilən məlumata görə, görüşdə, Koreya yarımadasının yenidən birləşməsi, iki Koreya münasibətlərinin yaxşılaşdırılması və nüvədən təmizlənməsi məsələləri müzakirə olunub. Qeyd edək ki, bundan bir neçə ay sonra iki ölkə lideri növbəti dəfə görüşüb. İyunda isə Sinqapurda ABŞ və Şimali Koreya lideri arasında görüş baş tutub. Məhz bu görüşdən sonra Şimali Koreya əsas nüvə silahı sınaq mərkəzini ləğv edib. Ancaq ilin sonunda münasibətlərdə soyuqluq yaranıb. Çünki Şimali Koreya ABŞ-ı vəd etdiyi sanksiyaları ləğv etməməkdə ittiham edir. Ancaq gələn ilin yanvarın sonunda ABŞ və Şimali Koreya liderləri arasında növbəti görüş keçiriləcək. Ümid edək ki, liderlər anlaşmazlığı aradan qaldıracaqlar.
Erməni inqilabı
İlin daha bir səs-küylü hadisəsi yenə qonşumuzda baş verdi. Ermənistanda qansız inqilab nəticəsində Serj Sərkisyanın və ümumilikdə Qarabağ klanının hakimiyyətinə son qoyuldu. İqtidara isə 42 yaşlı jurnalist, meydan aktivisti Nikol Paşinyan gəldi.
42 yaşlı Nikol Paşinyan "Mənim addımım" hərəkatını ilk dəfə Gümrüdə martın 31-də başladıb. Daha sonra aksiyaçılar İrəvana yürüş edib və aprelin 13-də etirazçılar paytaxt İrəvana çatanda sayları minlərlə olub. Aprelin 17-də parlament səlahiyyət müddəti başa çatmaqda olan prezident Sərkisyanı baş nazir seçir, 22 apreldə isə Sərkisyan Paşinyanı danışıqlara dəvət edir. Ancaq danışıqlar baş tutmur və Nikol Paşinyan həbs olunur. Bir gün sonra Paşinyan azad edilir və Serj Sarkisyan vəzifəsindən istefa verir. Bundan az sonra isə Paşinyan partiyaların dəstəyi ilə baş nazir seçilir. Payızda isə növbədənkənar parlament seçkiləri elan olunur və dekabrın 9-da keçirilən seçkilərdə Paşinyanın bloku parlament seçkilərində səslərin 70 faizini qazanaraq hakimiyyətini möhkəmləndirir.
"Sarı jiletlilər"
İlin sonuncu ən səs-küylü hadisəsi isə Fransa mitinqləri, ya da başqa adla "sarı jiletlilərin" aksiyaları oldu. Noyabrın 17-də başlayan "Sarı jiletlərin" hərəkətləri son illər ərzində ölkədə baş verən ən geniş etiraz aksiyalarıdır. Etirazların əsas səbəbi isə noyabr ayının ortalarında hökumətin yanacağın qiymətlərini qaldıracağını elan etməsi olub.
Hökumət elan edib ki, Fransada yanvarın 1-dən benzinin qiyməti 2,9 avrosent, dizelin qiyməti isə 6,5 avrosent artacaq.
Fransada yol qəzalarından qorunmaq üçün avtomobil sahibləri üçün məcburi olan sarı jiletləri geyinən əhali hökumət əleyhinə aksiyalara sarı jiletləri geyməklə etiraz edib. Təzyiqlərlə üzləşən hökumət yanvarın 1-dən (2019) etibarən qüvvəyə mindirəcəyi yeni yanacaq vergisinin tətbiqini yarım il müddətinə ertələyib. Ancaq bu, etirazların yatmasına səbəb olmayıb.
Aksiyalarda bu vaxta qədər 8 nəfər ölüb, 4341 nəfər isə saxlanılıb. Ümumilikdə isə Parisdə 280 ticarət və digər obyektə 2 milyard avro dəyərində ziyan dəyib. Bir çox müşahidəçilər bu aksiyaların sadəcə yanacaq qiymətləri səbəbindən baş vermədiyini, eyni zamanda prezident Makronun Avropa Birliyinin gücləndirilməsi, Avropa Ordusu yaradılması təkliflərinə görə cəzalandırılması kimi izah edir. (Yeni Müsavat)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar