Xəbər lenti
Səfər Əbiyevin və Eldar Mahmudovun susmalarının səbəbi üzə çıxır
Sülhəddin Əkbər: “Xaricə getmək artıq öz əhəmiyyətini itirib”
Baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun son günlərdə Azərbaycan əleyhinə yenidən açıq fəaliyyətə başlaması və Avropadakı “söyüş müxalifəti” ilə əlaqələrin olması barədə iddialar bir çox məsələləri gündəmə gətirib. Onun fonunda vəzifəsini itirən yüksək ranqlı məmurların uzun müddət ölkədən kənara buraxılmamalarının vacibliyi barədə fikirlər var.
Sabiq dövlət müşaviri Qabil Hüseynli bir sıra diqqət çəkən açıqlamalar verib. O bildirib ki, bu tipli şəxsləri ölkədən kənara buraxmağın özü Azərbaycan hökumətinin yol verdiyi ciddi qüsurlardan biridir. Q.Hüseynli onu da qeyd edib ki, belə şəxslər ən azı 10 ilə yaxın ölkədə qalmalı, bir növ sınaqdan çıxmalıdırlar.
Ekspertlərin bu barədə fikirləri heç də birmənalı deyil. Onların əksəriyyəti hesab edir ki, bu qaydalar ölkənin milli təhlükəsizliyinə və müdafiə sisteminə rəhbərlik edənlərə şamil olunmalıdır. Burada 2013-cü ildə vəzifəsindən uzaqlaşdırılan sabiq müdafiə naziri Səfər Əbiyev və bundan iki il sonra eyni tale ilə üzləşən sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun adı xüsusi çəkilir. Onların vəzifədə olmadıqları bu illər ərzində barələrində ən müxtəlif iddialara, ittihamlara baxmayaraq, susqunluq nümayiş etdirmələrinə vaxtı ilə tutduqları postların səbəb olduğu vurğulanır. Gedən müzakirələrdə ən yüksək vəzifələrə təyin olunan istənilən şəxsdən dövlət sirrini yaymamaqla bağlı yazılı öhdəlik alındığı da bildirilir.
AXC hakimiyyəti dövründə milli təhlükəsizlik nazirinin birinci müavini olmuş, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər bildirdi ki, demokratik sistem olan ölkələrdə belə bir qaydanın tətbiqi qeyri-mümkündür: “Bu qaydalar olarsa, insan haqlarına birbaşa zidd olar. Bu qaydalar ancaq qeyri-demokratik avtoritar ölkələrdə tətbiq edilə bilər. Qeyd etdiyiniz yüksək vəzifələri tutan insanların müəyyən öhdəlikləri olur. Bizim hakimiyyət dövründə də bununla bağlı heç bir məhdudiyyət olmayıb. Sadəcə olaraq, işə götürülən vaxt həmin şəxslər sirlərin saxlanılması ilə bağlı üzərlərinə öhdəliklər götürürdülər. Sabiq məmurlar xaricə gedib, dövlət sirlərini yaymayacaqları kimi təminat yoxdur. Hazırda elə bir dövrdə yaşayırıq ki, əgər istək olarsa, istənilən formada dövlət sirlərini yaymaq olar. Ölkədən çıxmadan bunu etmək o qədər də çətin deyil. Deyək ki, vəzifəsini itirən şəxslərin xaricə getmələri ilə bağlı nəzərdə tutulur ki, orada kimlərləsə görüşəcəklər. O şəxslər xaricə getməzlər, xaricilər ölkəyə gələr yaxud ölkədəki agentlərindən istifadə edə bilərlər. İnternet deyilən bir şey var ki, orada gizli yazışmalar deyilən üsullar mövcuddur. İndi xaricə getmək artıq öz əhəmiyyətini itirib. Azərbaycanda dövlət dilləri haqqında qanun var. Bu məsələlər həmin qanunla, eyni zamanda, o qanun əsasında hazırlanmış əsasnamələr, təlimatlarla tənzimlənir. Bundan kənar hər hansı bir qayda-qanun yoxdur. Həmin şəxslərin hər bir Azərbaycan vətəndaşı kimi sərbəst hərəkət etmək hüququ var. Siz o hüququ tapdalaya bilməzsiniz”.
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa əsasən, bu qaydaların hərbiçilərə aid edildiyini qeyd etdi: “Dövlət sirrinə çıxışı olan şəxslərin müəyyən müddətdə ölkədən getmələrinə məhdudiyyətlər qoyulur. Dünyanın əksər ölkələrində bu belədir. Ona görə də, bunların hər bir vəzifə daşıyan şəxsə şamil olunması insan hüquqlarının məhdudlaşdırılması mənasına gələ bilər. Bütövlükdə bizdə bu ənənə ilk başlanğıcdan pozulub. Adicə səfirlərin təyinatında bunun şahidi ola bilərik. Elə səfirlər var ki, Rusiyanın hərbi kəşfiyyatının rəsmi məktəbini bitiriblər. Amma onlar Azərbaycanı səfir kimi təmsil edirlər. BMT-də bizim Eldar Quliyev adlı bir nümayəndə var idi. Sonradan məlum olmuşdu ki, Rusiya kəşfiyyatının agenturasında olan şəxsdir. Biz də təyin olunması məsələlərində bunların heç biri gözlənilmir. Bu şəxslər dəqiq araşdırılmır, sonradan bir problem çıxan kimi başlayırıq ki, bu düşməndir. Vəzifələrdə təmsil olunan şəxslərin ölkədən çıxışları ilə bağlı müəyyən məhdudiyyətlərin olması hər halda yerində olardı. Çünki dövlət təhlükəsizliyi baxımından bu olduqca vacibdir. Amma ondan da vacib təyin olunan şəxslərin Azərbaycanın maraqlarına uyğun olub-olmadığı yönündə olmalıdır. Təsadüfi şəxslər dövlət üçün vacib olan yerlərdə təmsil olunmamalıdır. Çalışmalıyıq ki, başqa ölkələrin maraqlarına xidmət edənlərin vəzifələrə gəlişlərinin qarşısını alaq.
Məsələn, orduda biz bunu dəfələrlə eşitmişik ki, casus şəbəkəsi var. Bununla bağlı alt təbəqələrdə işlər görülür, amma yuxarıya doğru gəldikdə isə, hansısa gizli bir əl bunu dayandırır. Bunların hamısı çox ciddi məsələlərdir. Bunlara qarşı mübarizə aparmadıqca, problemlərimiz kifayət qədər çoxalmağa başlayır. Çünki hər hansı bir əməliyyat planının açılması böyük itki ilə nəticələnə bilir. Azərbaycanda təəssüflər olsun ki, sosial şəbəkələr və mətbuatda səslənən bəzi fikirlərin müvafiq qurumlar tərəfindən nəzərə alınmaması tendensiyası mövcuddur. Məsələn, konkret faktlar göstərilir ki, filan məmur filan cinayəti törədib, amma həmin məmur öz yerində qalır, çünki toxunulmazdır. Cinayət törədibsə, bununla bağlı bilgi vermək yaxud araşdırma lazım deyilmi?
Bəzən elə faktlar olur ki, bunu gizlətmək mümkün olmur. Bu baxımdan belə məsələlərdə verilən reaksiyalar çox önəm daşıyır. Səfər Əbiyev və Eldar Mahmudovun susqunluqlarına gəlincə, onlar siyasət adamları deyillər. Onlar ölkənin strateji sahələrinə rəhbərlik etmiş şəxslərdir. Danışmalarının ciddi bir mənası olmaz. İstənilən halda dövlət sirrinə çıxışı olan şəxslərin belə asanlıqla başqa ölkələrlə əməkdaşlıq etmələri olduqca böyük problemlər yarada biləcək məsələlərdir. Bunlara çox həssaslıqla diqqət yetirməliyik. Sosial şəbəkələr və mətbuatda gedən məlumatlara dövlət orqanlarının xüsusi həssaslıqla yanaşmaları çox vacibdir. Bunlar olmadıqca, heç kim nəyinsə üzə çıxmasında maraqlı olmur. Müharibə şəraitində olan bir ölkənin qurumlarının belə məsələlərdə həssas olmaları çox vacibdir. Bunlar səhəri gün ölkədə terror aktlarının qarşısının alınmasına kömək edə bilər”.(musavat.com)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar