Xəbər lenti
Kişilər seksə nə qədər həvəsli olsalar da, MÜƏYYƏN YAŞDAN SONRA...
“Kişi qadından böyük olmalıdır. Ən azı 5-10 yaş... Yoxsa münasibət alına bilməz…”
İllərdir beynimizə yeridilən, hər zaman bizimlə yaşıd, bizdən kiçik kişiləri yaxına buraxmağa imkan verməyən bu fikirlər, əslində, müəyyən stereotiplərdən doğan, uydurulmuş köhnə düşüncələrdir.
ABŞ elm adamları kişi və qadın üzərində apardıqları araşdırmalar zamanı fiziki baxımdan insanların eyni zamanda yaşa dolduğunu müəyyən edib. Yəni qadın da, kişi də eyni zamanda yaşlanır. Buna görə də, “kişinin zirvəsini” “qadının enişi” adlandırmaq çox yanlış bir fikirdir. Araşdırmanın nəticəsinə görə, kişilər qadınlardan orta hesabla 5 il az yaşayır. Və cinsi enişi nəzərə alsaq, kişi seçdiyi qadından ən az 5 yaş kiçik olmalıdır ki, münasibətlərdə tarazlıq yaranmış olsun.
Mütəxəssislər deyir ki, 40 yaşlı qadının cinsi həvəsi, gücü 30 yaşlı kişinin gücü ilə eyni, bəzən isə daha çox olur. Buna görə də kişilərin cinsi gücünü artırmaq üçün viaqra ixtira edilsə də, qadının gücünün artırılması üçün heç bir dərman mövcud deyil. Elə bu səbəbdən də bəzi gənc kişilər özlərindən daha böyük qadınlarla münasibətə, sevgiyə, hətta ailə həyatına üstünlük verir.
Kişilər özlərindən böyük olan qadınları daha ehtirasla sevə bilir. Çünki 30 yaşlı kişi arzuladığı ehtirası özündən 5-10 yaş böyük qadında tapa bilir. Bunlar yazılmamış qanunlardır. Və bunu dünya ölkələrində qadın-kişi münasibətlərində yaş fərqi mövzusunda araşdırma aparan şəxslər də iddia edir.
Mövzu ilə bağlı ailem.az-a danışan seksopatoloq Kamil Baxşıyevin sözlərinə görə, əgər bir qadın düşüncələrində cinsi tabularla yaşamırsa və cinsi əlaqəyə zövq, həzz kimi baxırsa, o, hər yaşda qadınlığın zirvəsində olur. Ancaq kişilər seksə nə qədər həvəsli olsalar da, müəyyən bir yaşdan sonra (konkret olaraq 40 yaşdan) seksual performansları azalmağa başlayır. Bəzi kişilərdə isə tamamilə bitir. Qadınlıq isə bitmir: “Düzdür, biz elə ölkədə yaşayırıq ki, cinci əlaqənin nə olduğunu bilməyən, cinsi əlaqəyə işgəncə kimi baxan və ya bir məcburiyyət kimi görən qadınlarımız da var”.
Müsahibimiz bildirir ki, eyni yaşda qadın və kişini (əgər qadın çox uşaq dünyaya gətirməyibsə və ağır işlərdə çalışmayıbsa) müqayisə etsək, qadınlar daha gənc görünür: “Qadında 45 yaşdan sonra klimaks dövrü başlayır. Qadın bu dövrdən sonra döllənmə qabiliyyətini itirsə də, cinsi həyata olan həvəsi, marağı daha çox olur. Bu dövrü qadının qızıl dövrü adlandırmaq olar. Kişilərdə isə 50 yaşından sonra andropoz baş verir ki, bu da cinsi həvəsi 50 faizə qədər söndürür. Kişilərdə bu yaşdan sonra prostat xəstəlikləri, ereksiya problemləri və s. ortaya çıxır ki, bu zaman onların cinsi əlaqəyə marağı çox azalır. Ona görə də, heç kim deməsin ki, qadın kişidən yaşlıdırsa, cinsi həyat alına bilməz. Cinsi həyatı davam etdirə bilmək kişinin gənc yaşlarından özünə baxması, sağlamlığına fikir verməsi və ötəri münasibətlərə girməməsindən çox asılıdır”.
Psixoloqlar da o qənaətə gəlib ki, “kişi qadından böyük olmalıdır” fikri artıq köhnəlib. Yəni artıq qadınlar və kişilər aralarında olan yaş fərqinə o qədər əhəmiyyət vermirlər. Psixoloq Fidan Əliyevanın fikrincə, qadın çox zaman özündən kiçik olan kişiyə uşaq kimi baxır: “Bəzi qadınlar elə hesab edir ki, seçdiyi kişi özündən 3-10 yaş böyük olarsa, münasibət daha uyğun ola bilər. Belə qadınlar çox zaman münasibətlərdə xoşbəxt olmurlar. İnsanların düşüncəsi eyni dövrə uyğun olmalıdır. Məsələn, 40 yaşlı kişi 20 yaşlı qadınla evlənirsə, kişi qadının düşüncələri ilə ayaqlaşa bilməyəcək. Çünki onun düşüncələri artıq köhnəlmişdir. Qadın isə hər zaman özünü yeniləyən varlıqdır və hər zaman özünü gənc hiss edir. 40 yaşlı kişi ilə 20 yaşlı qadının ailəsi qadının gözündə ata-bala, qardaş-bacı münasibəti çərçivəsində olacaq. Aralarında çox yaş fərqi olan ailələrdə ehtiraslı cinsi həyatdan söhbət gedə bilməz. Çünki kişi kifayət qədər təcrübəlidir və qadın cinsi həyata daha yeni başlamış olur. Qadının edə bildikləri 40 yaşlı kişini təmin edə bilmir. Kişi qadını gəncdir, gözəldir deyə yanında gəzdirə bilər. Amma mütləq başqa bir qadınla cinsi münasibət qurmuş olacaq. Bəzi insanlar ailə həyatının və ya münasibətlərin təməlində cinsi həvəsin, cinsi əlaqənin, ehtirasın durmadığını iddia edə bilər. Amma əslində bu insanlar özləri də cəmiyyətin qınağından çəkinib, istəklərini öz daxillərində dəfn edən insanlardır”.
İngiltərədə 40-70 yaşlı 3500 qadın arasında aparılan sorğu zamanı qadınların 34 faizinin özündən 10 yaş və ya daha kiçik kişilərlə münasibət yaşadığı müəyyənləşib. Mütəxəssislər bu vəziyyəti son zamanlar qadınların mövqelərinin güclənməsi, qadınların öz karyera və həyat tərzlərini təyin edə bilməsi, özlərindən gənc yaşdakı kişiləri seçmə mövzusunda da azad olmaları ilə əlaqələndirir. Qısacası, qadın iş həyatını özü seçdiyi kimi, istədiyi yaşda kişini də azad şəkildə həyatına daxil edə bilir.
Psixoloq Fidan Əliyevanın fikrincə, bəzi qadınlar müəyyən yaşdan sonra daha azad ola biləcəkləri və daha çox əylənə biləcəkləri münasibətlərə üstünlük verirlər. Bu səbəbdən çox zaman özlərindən kiçik kişiləri seçirlər. Çünki qadının özündən yaşça kiçik olan kişi onu idarə altına ala bilmir. Qadını idarə altına almağa çalışan gənc kişiyə özündən 5-15 yaş böyük olan qadın daha cazibədar gəlir. Və ona bütünlüklə sahib olmaq üçün hər şey edir: “Çox zaman qadın kişidən böyükdürsə, belə münasibətlərin uzunmüddətli olmayacağını iddia edirlər. Mütəxəssislərin fikrincə, bu münasibətlərin davamlı olması birbaşa qadınlardan asılı olur. Qadın özünü gənc hiss edib, aktiv davrandığı müddətcə kişi ondan ayrıla bilmir. Kişi aktiv, qaynar qadının yanında hər zaman özünü asılı vəziyyətdə hiss edir. “O, olmazsa, başqasıyla əsla olmaz” düşüncəsi ilə hər zaman qadının yanında olur. Qadının kişiyə marağı bitdiyi zaman isə elə davranır ki, kişi bu münasibətdən əlini üzüb uzaqlaşır. Yəni qadının yaşca böyük olduğu münasibətlərdə idarəedici qadın olur. Qadın səbirlidirsə, bu münasibət illərlə davam edə bilər”.
Müsahibimiz bildirir ki, müəyyən bir dövrdən sonra kişi qadın üçün adiləşirsə, qadın ona önəm vermir, saymır, qərarlarını özü qəbul etməyə başlayır: “Əgər kişi maddi imkanlarına görə qadının yanındadırsa, qadın bunu hiss edir. Həvəsi bitdikdən sonra kişini buraxır. Bəzi qadınlar isə məhz maddi imkanları ilə kişini əldə saxlamağa çalışır. Bu, aralarında daha böyük yaş fərqi olan qadın və kişi münasibətlərində baş verir. Bu münasibətlərdə pul xərcləyən, kişiyə yalvaran, tərk edilən qadın tərəf olur. Odur ki, qadın hər hansı bir münasibət qurmağa çalışırsa, öz istəklərini nəzərdən keçirməli, sonra addım atmalıdır”.
Əgər münasibətlər sevgi üzərində qurulursa, burada yaş o qədər də əhəmiyyət daşımır. Qadın da, kişi də münasibətdən zövq ala bilirsə, heç kimi düşünmədən öz həyatlarını yaşamalıdır. Çünki həyat insana bir dəfə verilir və o, həyatı istədiyi kimi yaşamağı bacarmalıdır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar