Xəbər lenti
Çildağa gedənlər – Maştağada qorxunu qorxu ilə götürməyin SİRLƏRİ – REPORTAJ
Yəqin ki, çildağ haqqında çox adam eşidib. Çildağ – dağbasma deməkdi. İnsanı diksindirmək üçün bədəninə yanar od-dağ basırlar. Deyilənə görə, insanın müəyyən nöqtələri var ki, həmin nöqtələrə od basanda bədən ayılır. Uzun illərdən bəri insanların qorxularını götürmək, bədnəzəri üzərlərindən uzaqlaşdırmaq üçün qədim Şərq müalicə üsulu olan “çildağ müalicəsi”ndən istifadə edilib.
Modern.az-ın əməkdaşı bu günlərdə yolunu maştağalı çildağçı Alxas Əlimərdanovun yanından salıb. Bizi yarımqaranlıq çildağ otağında qarşılayan Alxas Əlimərdanov öncə bu müalicə üsulunun tarixindən danışdı:
“Çildağın qədim tarixi olsa da bu haqda dəqiq məlumat vermək olmur. Ancaq atəşpərəstliklə əlaqəsi olduğunu demək mümkündür”.
Müsahibimiz deyir ki, çildağ xalq təbabətinin bir növüdür.
“Çildağın müxtəlif növləri var. Müəyyən insanların əlində güclü bioenerji olur. Qədim vaxtlarda əlində bioenerji olan insanlara udumçu, udumdar deyərdilər. Bunların növləri çoxdur, çildağçı, nəzərçi, sınıqçı və sair”.
Alxas Əlimərdanov deyir ki, çildağın əsas məkanı Maştağa qəsəbəsində yerləşən Pirhəsən ziyarətgahıdır.
Onun sözlərinə görə, çildaq sadəcə qorxunu aradan qaldırmaq üçün deyil. Həmçinin, onun tibbi tərəfləri də var. “Bunu həkimlər də təsdiq edir ki, çildağın insanın qan laxtalanmasını, qan dövranını yaxşılaşdıran tibbi aspektləri var. Həkimlər təsdiqləyirlər ki, çildağ zamanı söndürülmüş köz insan əzalarına toxunanda qan dövranı normal vəziyyətə gəlir”.
Müsahibimizdən çildağın bilinməyən tərəfləri barədə də soruşduq. Alxas Əlimərdanov qeyd etdi ki, həqiqətən çildağın bilinməyən tərəfləri var:
“Bunlardan biri ruhun varlığıdır. Hər kəs bilir ki,ruhun varlığını nə inkar etmək olur, nə də onu sübut etmək. Ruhla bədən arasında astroloji sərhəd var. Həmin sərhəd zədələnəndə müəyyən molekullar və ya müəyyən qüvvələrin təsiri ilə bədən şəfa tapır. Şəxsə çildağın təsir edib-etmədiyini müəyyənləşdirmək mümkündür. Əgər çildağ zamanı insan bədənində, ovucun içində, alında və ya başqa əzalarda tər əmələ gəlirsə, həmin şəxsə çildaq təsir etmiş olur və o tezliklə şəfa tapacaq”.
Çildağ zamanı bədənin müəyyən hissələrinə söndürülmüş köz vurulur. Bununla da keyimiş sinirlər ayılır. Müsahibimiz qeyd etdi ki, vaxtilə çildağ üçün xüsusi otlar olub:
“Çildağ edərkən çox vaxt sintetik olmayan pambıq parçalardan istifadə edirik. Amma əsasən keçmişdə çildağ otları mövcud olub. Həmin otların vasitəsilə çildağ olunub. Amma indi bu otlardan istifadə edilmir”.
Alxas Əlimərdanov bizə bir neçə daş göstərərək, onların “çildağ daşları” olduğunu dedi. Söylədi ki, bu daşların üstünə uzanan şəxslər üzərindən ağırlığı, qorxunu aradan qaldırmaq olur. Bu da çildağın növlərindən biridir.
Bəzən insana çildağın təsiri olmur, bunun səbəbi nədir? Müsahibimiz bu suala belə cavab verdi: “Bunun səbəbi oddan xəlq olunmuşlardır. Başqa sözlə, astroloji sərhəddə bədənlə insanın arasında həmin oddan xəlq olunmuşlar olanda, odun oda təsiri ola bilmədiyinə görə, çildağ da insana təsirsiz qalır”.
Alxas Əlimərdanov çildaq etdikdən sonra insanda bəzi dəyişikliklərin baş verdiyini, onun maraqlı hadisələrlə qarşılaşdığını da qeyd etdi. Müsahibimizin sözlərinə görə, bir dəfə onun yanına filmə baxıb qorxduqdan sonra qohumlarını belə, tanımayan bir nəfər gətiriblər.
“Mən onu çildağ etdim, onun hafizəsi geri qayıtdı və hamını tanıdı. Bir dəfə də bir dili tutulmuş gəlmişdi. Mən onu əlimdə çildağ ləvazimatı olmadığı üçün adi siqaret vasitəsilə “dağladım” və nəticədə onda dil açılma prosesi başladı”.
Bəs çildağla cinçıxarma da həyata keçirmək olurmu? Alxas Əlimərdanov deyir ki, mümkündür:
“Son zamanlar çildağla cinçıxarma da həyata keçirilir. Hər ildə bir dəfə çildağdan istifadə etmək mütləqdir. Vaxtilə yaşlı nəsil hər il azı bir dəfə özlərindən qan aldırarmışlar. Ancaq indi bu hallara az rast gəlmək olur. Eynən çildağa da hər il azı bir dəfə getmək mütləqdir”.
Bəzi insanlara çildağ etmək olmur, bu hadisə onlara pis təsir edir: “Məsələn, şəkərli diabet xəstələrinə bunu aid etmək olar”.
Alxas Əlimərdanov deyir ki, o, çildağ edərkən məhək daşı deyilən daşdan da istifadə edir. Onun sözlərinə görə, həmin daşla nəzəri də götürmək mümkündür.
Alxas Əlimərdanov qeyd etdi ki, onun yanına gələnlər təkcə kədlərdən olmur, şəhər və rayon mərkəızlərində yaşayan insanlardan da müraciət edənlər olur. Onun sözlərinə görə, həftənin üçüncü və altıncı günləri çildağ olunmaq üçün ən arzuolunan günlər sayılır. Səbəbi barədə heç bir məlumat yoxdur, bir növ adət halı alan inaclarla əlaqədardır. İnanc demişkən, Alxas Əlimərdanovun sözlərinə görə, çildağın insana təsir etməsi üçün hər şeydən əvvəl inanc olmalıdır. Bir sözlə, bu yolla sağalacağına inanmalısan, yoxsa çildağın təsir etməsi çətin olacaq.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar