Xəbər lenti
Bir qərar həyatınızı dəyişə bilər? - BQXK müharibə qanunlarına diqqət çəkir
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) müharibə qanunlarının əhəmiyyətinə diqqət çəkmək üçün bu həftə maarifləndirmə kampaniyasının yeni mərhələsini başlayır.
Bu barədə Trend-ə BQXK-dan məlumat verilib.
Kampaniya çərçivəsində hazırlanan təsirli qısa video bizə müharibə zamanı mülki şəxslər arasından olan qurbanların təsadüflərin deyil, seçimin nəticəsi olduğunu xatırladır. “Qərarlar” videosu müharibənin davam etdiyi bir ölkədə yaşayan uşağın gündəlik həyatı əsasında müharibə qanunlarına hörmətlə yanaşmanın insan həyatını xilas edə biləcəyini nümayiş etdirir.
BQXK-nın keçən il keçirdiyi və 16 ölkədən olan 17 000 şəxsin iştirak etdiyi İnsanlar Müharibə Haqqında sorğusunun nəticələri göstərir ki, böyük əksəriyyət müharibənin məhdudiyyətlərinin mövcud olma ehtiyacına inanır. Sorğuda iştirak edən hər on nəfərdən səkkizi döyüşçülərin düşmənə hücum edərkən mülki şəxsləri mümkün qədər seçməli olduğunu deyir. Bir o qədər də insan düşmənin zəiflədilməsi üçün xəstəxanalara, təcili yardım maşınlarına və tibb işçilərinə hücum edilməsinin yanlış olduğuna inanır.
Lakin bu sorğu eyni zamanda, işgəncə hallarına və mülki şəxslər arasında qurbanların olmasına dair çox narahat edici yanaşmaların olduğunu da ortaya çıxardı. Sorğu zamanı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına üzv olan beş daimi ölkə (Çin, Fransa, Rusiya, Birləşmiş Krallıq və Amerika Birləşmiş Ştatları) və İsveçrədən olan respondentlərin yalnız 50 faizi mülki şəxslər arasında qurbanların çox olacağını bilərək əhalinin sıx toplaşdığı yerlərə hücum etməyin doğru olmadığını hesab ediblər.
BQXK-nın Prezidenti Piter Maurer bildirib: “Məhdudiyyətləri olmayan müharibənin sonu yoxdur. Dünyanın bir çox yerində yaşayan insanlar inanırlar ki, müharibənin limitləri olmalıdır və münaqişə reallıqlarında yaşayan insanlar bu limitlərin münaqişələrin yayılmasının qarşısını aldığına inanırlar. Lakin bir çox hallarda biz döyüş əməliyyatlarının və müharibənin aparılması zamanı, habelə silahlardan istifadə olunarkən beynəlxalq humanitar hüququn ən başlıca qaydalarına belə riayət olunmadığını görürük”.
O əlavə edib: "Bu gün bir çox hallarda mülki şəxslərin hədəf seçilməsinin, xəstəxanaların bombalanmasının və saxlanılmış şəxslərin öldürülməsinin normal qəbul edilməsi yarandığı ilk gündən etibarən müharibə qanunlarının təşviqi, inkişaf etdirilməsi və mühafizə olunması sahəsində aparıcı rol oynayan və humanitar təşkilat olan BQXK üçün həyəcan siqnalıdır. Yetişməkdə olan gənc nəslin müharibə qanunlarının sıradan çıxmasına və münaqişələrin faciəvi nəticələrinə öyrəşərək böyüməsi BQXK-nı narahat edən əsas məqamlardan biridir. İnsanlığın ən başlıca dəyərləri bu gün təhlükə altındadır. Biz mülki şəxslərin bombalanmasını və hospitalların hücuma məruz qalmasını, bunun yeni normal reallığa çevrilməsini qəbul edə bilmərik. Müharibədən əziyyət çəkən insanlar onların həyat və ləyaqətlərini qoruyan qanunlara hörmət olunmasına layiqdirlər”.
Therulesofwar.org internet səhifəsində yerləşdirilmiş və ingilis, fransız, ispan, ərəb, çin, rus və portuqal dillərində olan film izləyiciləri Cenevrə Konvensiyaları ilə daha yaxından tanış olmağa dəvət edir.
Bu film Facebook və digər sosial platformalarda da paylaşılacaq.
Film İspaniyada Madrid şəhərində yerləşən “Sra.Rushmore” şirkəti ilə əməkdaşlıq şəraitində ərsəyə gətirilmişdir.
1949-cu ildə yaradılmış və insanları müharibənin dəhşətlərindən müdafiə edən Cenevrə Konvensiyaları 196 ölkə tərəfindən ratifikasiya edilərək bütün dünyada məcburedici xarakter almışdır. Dörd Cenevrə Konvensiyaları və onlara Əlavə Protokollar mülki şəxslər, yaralı və ya saxlanılmış döyüşçülər kimi hərbi əməliyyatlarda iştirak edə bilməyən insanlara qarşı müharibənin təsirlərini məhdudlaşdırmaq məqsədi daşıyır.
Mülki şəxslərin bilərəkdən hədəf seçilməsi, habelə əhalinin məskunlaşdığı şəhər və ya kəndlərə fərq qoymadan hücumun edilməsi Cenevrə Konvensiyaları ilə qadağan edilmişdir. Mülki şəxslərə, onların evlərinə və ya yaşayış üçün zəruri infrastruktur obyektlərinə, məsələn, su mənbələrinə, əkin və ya heyvandarlıq təsərrüfatlarına zərər yetirilməməsi üçün bütün mümkün tədbirlər görülməlidir. Mülki şəxslər ehtiyac duyduqları yardımı almaq hüququna malikdirlər və bu baxımdan səhiyyə işçilərinin hədəf seçilməsi qadağan edilmişdir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar