Xəbər lenti
“Müstəntiq ifadəyə qol çəkmək üçün məni oğlumla hədələyirdi... ” – Sumqayıt məhkəməsində 3 yaşlı Arzunun ölümü ilə bağlı prosesdə ilginc ifadə
Dövlət ittihamçısının dəyişdirilməsi səbəbindən iki ayadan artıq fasilədən sonra Sumqayıt Şəhər Məhkəməsində 3 yaşlı Qurbanlı Arzu Sənan qızının əməliyyatdan sonra vəfat etməsi ilə bağlı sentyabrın 27-də növbəti məhkəmə prosesi keçirilib. Manevr.az-ın məlumatına görə, hakim Ruqiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində “Real” Tibb Mərkəzində tibb bacısı işləyən Abdullayeva Rəhimə Məmməd qızının ifadəsi dinlənilib.
Tibb bacısı ifadəsində bildirib ki, 2016-cı il iyunun 6-da Qurbanlı Arzu Sənan qızının əməliyyatında tibb bacısı kimi iştirak edib və anestezoloq İsmayıl Qənbərovun təyinatı ilə xəstəyə vurulan dərmanların anesteloji jurnalda qeydiyyatını aparıb. Şahid bildirib ki, xəstə əməliyyatdan sonra normal olub və narkozdan ayılıb: “Əməliyyatdan sonra biz həmişə etdiyimiz kimi, bu uşağı da ayıltmağa başladıq. Onun reaksiyasını yoxlamaq üçün deyirdik ki, ağzını aç, açırdı, gözünü aç, açırdı, dilini çıxar, çıxarırdı. Bu o deməkdir ki, uşaq narkozun təsirindən ayılıb. Başqa dediklərimizə də reaksiya verirdi... ”.
R. Abdullayeva ifadəsinə davam edərək söyləyib ki, əməliyyyatdan çıxandan sonra uşaq tam sərbəst nəfəs alırdı. Bundan sonra biz onu palataya apardıq. Saat 14.00 radələrində uşağı palatada anasının yanında qoyduq: “Saat təqribən 17.00 radələrində mən təsadüfən palatanın qapısının ağzından keçərkən gördüm ki, uşaq oturub, bu əsnada həm də qusurdu. Bu zaman digər tibb bacısı Təranə xanım və anası ilə birlikdə biz onun paltarını dəyişdik. Döşəmə uşağın qusmağından südlə bulaşmışdı. Sonra Təranə xanım gedib anestezoloq İsmayıl həkimə məlumat verdi. Bundan sonra xəstə mənim təyinatımda olmadığına görə mən otaqdan çıxdım. Axşamüstü saat 6 radələrində gələndə gördüm ki, uşaq oturalı vəziyyətdə anası ona süd içizdirir. Mən anasına dedim ki, uşağa yeməyi çox vermək olmaz, qusubdur”.
Sonra şahid anestezoloq İsmayıl Qənbərovun vəkilinin suallarını cavablandırıb. Vəkilin “Əməliyyatdan əvvəl anestoloji qeyd dəftərində qeydləri kim aparırdı və nə qədər dərman istifadə edilmişdi?” sualına şahid R. Abdullayeva “Qeydləri mən aparırdım. Dəqiq xatırlamıram, təqribən 50 mq olmalıdır”.
Vəkil Əli Hüseynovun “Siz uşağı ayıldanda yanınızda kim vardı?” sualına isə şahid “İsmayıl həkim. Palatada isə İlham həkim və uşağın anası da var idi. Mən İlham həkimə dedim ki, doktur, baxın heç bir problem yoxdu. Ağız suyundan da qan gəlmir”.
Tibb bacısının bundan sonrakı ifadəsi bir sıra sensasion tərəfləri ilə diqqəti çəkib. R. Abdullayeva bildirib ki, istintaq zamanı Əflatun adlı müstəntiq onu beş dəfə izahat verməyə çağırıb. İlk vaxtlar yox, sonuncu ifadələrində ona müxtəlif formalarda təzyiqlər göstərib: “İstintaq dövründə beş dəfə izahat vermişəm. Əvvəlki izahatlarımı oxuyub qol çəkmişəm. Sonuncu dəfə isə müstəntiq Əflatun müəllim mənə izahatımı oxumağa imkan vermədi. Mənə müxtəlif təzyiqlər göstərirdi. Mənim demədiyim sözləri izahatıma yazıb mənə qol çəkdirib”.
Şahid bildirib ki, müstəntiq Əflatun müəllim mənə deyirdi ki, əgər yazılana qol çəkməsən səni bir neçə günlüyə həbsə salacam: “İsmayıl həkimlə üzləşmə zamanı müstəntiq doğru danışmamaq üçün mənə arxadan gözlərini ağardırdı. İsmayıl həkim də mənim vəziyyətimin pisləşdiyini görüb dedi ki, Rəhimə narahat olma, nə deyirlər qol çək. Müstəntiq mənə deyirdi ki, izahata qol çəkməsən əsgərdə olan oğlunu incidəcəklər, yoldaşını işdən çıxaracaqlar. Məni bunlarla qorxudurdu”.
Tibb bacısının ifadəsində ilginc məqamlardan biri də Arzu Qurbanlının valideynləri ilə bağlı olub. Belə ki, şahid bildirib ki, 2017-ci il may ayının 19-da uşağın atası və anası yanlarında başqa bir gəlinlə mənim evimə gəldilər: “Mənə dedilər ki, sən məhkəmədə İsmayıl həkimin lehinə danışsan biz səni də həbs etdirəcəyik. Mənim qonşum da bunun şahidi oldu. Digər qonşular da səs-küyü eşidib çıxdılar”.
Sonra şahid tərəflərin vəkillərinin müxtəlif suallarını cavablandırdı. Növbəti məhkəmə prosesi oktyabrın 4-ə təyin edildi.
Xatırladaq ki, Sumqayıt şəhər sakini, 2014-cü il təvəllüdlü Qurbanlı Arzu Sənan qızı 2016-cı il iyunun 6-da günorta saatlarında Sumqayıt şəhərindəki "Real" Tibb Mərkəzində boğazında damaq badamcıqlarının (qlanda) iltihabından əməliyyat olunub. Həmin gün axaşam saatlarında uşağın vəziyyəti pisləşib və o, dünyasını dəyişib. Meyit ekspertizaya göndəriləndən sonra uşağın boğulma nəticəsində dünyasını dəyişdiyi müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə - hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanılıb və "Real" Tibb Mərkəzinin həkim-anestezioloqu İ. Qəmbərov təqsirləndirilən şəxs qismində cəlb edilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar