Sizin Reklam Burada
Xəbər lenti
24-11-2026
23-11-2026
BÜTÜN XƏBƏRLƏR

Tövbə qapısı həmişə açıqdı, Əhməd oğlu Mübariz!

Tarix: 24-11-2026 16:59     Baxış: 329 A- / A+

Rəşid FAXRALI "Borçalı" İctimai Birliyi İdarə Heyətinin və
 AYB-nin üzvü, Əməkdar jurnalist 

Atalar sözə sirr açan deyib. Dediyi söz adamın düşüncələrini ifadə edir, ürəyində olanların görüntüsünə dönür. Yaxşısı da, pisi də, xeyirli düşüncələr də, məqsədyönlü, qərəzli, nələrəsə hesablanmış düşüncələr də. Adam var ki, dedikləri niyyətinin göstəricisinə döndüyünə görə sükutu daha gözəldi...
Bir dəfə bir ağsaqqaldan eşitmişdim: Borçalının daşı ağırdı...
Mübariz Əhmədoğlu, sənin bu günlərdə dediklərin mənə Xətaimizin bir şeirini xatırlatdı:

Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı,
Söz vardır ağulu aşı,
Bal ilən edər yağ, bir söz.

Düşündüm: görəsən Əhməd oğlu Mübariz, sən o kəlmələri deyəndə bu misraların mahiyyətini yadına salıbsanmı? Yox, salmayıbsan...
Son dəfə Borçalı ilə bağlı nə vaxt, nə dediyini xatırlayırsanmı? Xatırlaya bilməyəcəksən, olmayanlar heç zaman xatırlanmır. Bəs birdən-birə Borçalı necə yadına düşdü, deyirsən ki, “işim budu, hesabatlar yazıram...”.
Əhməd oğlu Mübariz, sənə xatırladıram ki, əslən Borçalıdan olan yüzlərlə cavan, kişi Azərbaycanın milli-azadlıq hərəkatının cəfakeşlərindən olmuşdu, neçəsi 20 yanvar faciəsində şəhid olmuşdu, əslən Borçalıdan olan, qeydiyyatla Gürcüstan vətəndaşı olan yüzlərlə cavan Birinci və İkinci Qarabağ müharibəsində iştirak etmişdi, neçəsi şəhid oldu, neçəsi ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü. Onların analarının ünvanına səsləndirdiyin hər söz Azərbaycan dövlətçiliyinin əleyhinə səslənir kimi eşidildi, şübhəsiz. Əhməd oğlu Mübariz, bunu niyə düşünməmişdin? “Borçalıda oturan (yaşayan demək istəyibsən) azərbaycanlı kişilərə ar olsun”, “Borçalıda yaşayan qadınlar xəcalət çəksin” deyəndə nə qədər suç elədiyini niyə unutdun? Sənin ümumiləşdirmən dar düşüncəliyinin təzahürüdü. Borçalıda olmamısan, sən Borçalını (deməli, Borçalıları) tanımırsan. Tanımadıqları haqqında gümanlarını deyənlərin dürüst vətəndaş olduğuna kimsə inanmaz. Bu çıxışından sonra sənə inam da azalacaq, görəcəksən.
Desəydin ki, “İran İrəvandakı Göy məscidi ermənilərə verəndə” Borçalıda yaşayan qadınlar da ciddi etiraz eləməyib, səni bir qədər başa düşərdim, yəni sənin qərəzli düşüncən bir qədər azalardı, bir da ədatı ilə. Politoloqsan axı, gərək bunu nəzərə alaydın...
Sən dilimizin çalarlarına nə dərəcədə bələdsən, bunu bilmirəm, ancaq sənin mərdliyin olsaydı, milli-mənəvi dəyərlərimizə yaxşı bələd olsaydın “İran Borçalı qadınlarını atacaq ayaq altına erməni ilə gürcünün arasında” deyəndə “dilin topuq çalardı”. Belə olmadı. Sən bu fikri hansı səlahiyyətlə, hansı hünərlə, hansı ağılla Borçalıda yaşayan bütün qadınlara şamil edirsən?
İkinci Qarabağ müharibəsində iştirak edən yüzlərlə döyüşçünün anası da orda yaşayır, Birinci Qarabağ müharibəsində itkin düşən neçə oğulun anası bu günəcən Azərbaycanın ərazilərinin işğaldan azad edilməsi uğrunda döyüşlərdə itkin düşmüş oğlunun yolunu gözləyir. Gec də olsa bunları xatırla...
Borçalıda yaşayan kişilərin mədliyinə, torpaqsevərliyinə, Azərbaycana sevgisinə bələd olsaydın “ar olsun” deyəndə dilin titrəyərdi, kəlmələrin dodağını yandırardı.
Sən “bizim özümüzünkülər” deyirsən, “Borçalıda yaşayan azərbaycanlılar” deyirsən. Bu bölgünü erməni aparmır, fars aparmır, sən aparırsan. Ruh bölünmür, Əhməd oğlu Mübariz. Ötən əsrin əvvəllərində silahlanmış erməni dəstələri Azərbaycana yeriş eləyəndə Borçalının ünlü kişilərinin təklifiylə qısa müddətdə müqavimət dəstələri yaradılmışdı, Azərbaycana keçmək istəyən silahlı ermənilərlə ciddi döyüşlər olmuşdu. Saraclı ilə Faxralının arasında bir təpə var, indi də “Erməni qırılan yer” adlanır. Orda yüzlərlə erməni silahlısı öldürülmüşdü, dəstələr pərən-pərən düşmüşdü. Bu, ruhun bölünməzliyinin hünəri idi. Politoloqsan, ancaq Azərbaycanda yaşayan azərbaycanlılara özümüzünkülər deyirsən, Azərbaycandan kənarda yaşayan azərbaycanlılara yad kimi baxırsan. Bu, böyük tarixi şəxsiyyət Heydər Əliyevin dünya azərbaycanlılarını bir məfkurə ətrafında birləşdirmə amalına xor baxmaq deyilmi, ay Əhməd oğlu Mübariz?!
İranın Borçalıya təsiri var. Belə məsələləri (əslində problemləri) sənin dediyin kimi xalq həll edə bilməz. Bakıda vahabilərə məxsus məscid vardı. Orda hansı fəaliyyətlər gedirdi, sonralar bilindi. Sonraları sona xalqmı çatdırdı, dövlətmi? Onda dedinmi ki, İran Bakıda yaşayanların mənəviyyatını zəbt etməkdədir?
Unutma ki, hələ heç kim boyundan yuxarı hoppana bilməyib. Sən zamanında tanıdığımız Mübariz Əhmədoğlu kimi danışmayıbsan, Əhməd oğlu Mübariz. Gərək aydınlığıyla hiss olunan kinini, kimə və nəyəsə qərəzini çıxışına uvertüra etməyəydin. Yəqin bilirsən ki, tövbə qapısı həmişə açıqdı. Səmimi ol, suçunu etiraf elə. Böyük ürəkli olduqları üçün Borçalı kişiləri suçunu boynuna alanları bağışlayar...

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar