Xəbər lenti
İdmandakı zərbələrin ağrısı keçir, amma…
Manevr.az-ın bu günki həmsöhbəti 4dəfə Azərbaycan çempionu, 4dəfə peşəkar Həydər Əliyev kubokunun qalibi, AFSO- interkantinental dünya kəməri qalibi və dünya 2-si “Qızıl əlcək” idman klubunun yetirməsi Kikboksing idman növü üzrə gənc idmançı Rəhim Əliyevdir. Müsahibimiz gənc olmağına baxmayaraq öz sahəsində kifayət qədər uğur qazanmış idmançıdır.
-İdmanı bu qədər çox sevirsiniz…
-Doğrusu, lap əvvəldən mənim başqa işim olmayıb. Ancaq idmanla məşğul olmuşam. Xüsusilə idmanın kikboksing növünü sevmişəm.
-İdmanda uğur qazanmaq fitri istedaddır, yoxsa zəhmətin bəhrəsi?
- Əslində fitri istedad da lazımdır. Ancaq zəhmət çəkmək, hər gün məşq etmək daha çox uğura yol açır. Uğura gedən yolda 70% zəhmət dayanır, 30% fitri istedad. Düşünürəm ki, hər bir adamda fitri istedad var, ancaq onu üzə çıxarmaq zəhmətin işidir. Bunu da hər adam bacarmır. Mənim üçün əziyyətdən başqası yalandı. Fitri istedad müəyyən bir yerə qədərdir. Onu inkişaf etdirməyəndə Allahın sənə verdiyi istedad da tükənir.
-Hər kəsin əlçatmaz hesab etdiyi, qiptə ilə yanaşdığı insan olur. İdmanı sevməyiniz üçün sizin qiptə etdiyiniz insan kim olub ?
-Mən ümumən döyüş növlərini daha çox sevmişəm. Ancaq həmişə Brüs Lini çox bəyənirdim. Ola bilsin ki, bu idman növünə marağım da ondan yaranıb.
-Peşənizdə ailənizin dəstəyi olub?
-Uşaqlıqda çox kök olmuşam. Məhlədə köklüyümdən istifadə edib məni çox döyürdülər. Həm də qorxaq idim. Ona görə əmim məni idmanla məşğul olmağa məcbur etdi. Əvvəllər məşq etməkdən çəkinirdim, sonra idman bir növ vərdişə çevrildi. Sualınıza əsaslı cavabım bu olardı ki, əmimin sayəsində bu peşə ilə məşğul olmuşam.
-Fikrinizcə, idman qazanc növü kimi istifadə oluna bilər?
-Əslində müəyyən müddətdən sonra, bəli, qazanc mənbəyi kimi baxmaq olar. Ancaq o dediyimiz “müəyyən müddət” heç də az zaman deyil. İnsandan çox illəri alır. Yəni qısa bir zamandan az məşq edib idmana qazanc mənbəyi kimi baxmaq mümkün deyil.
-Bildiyimiz qədəri ilə idmandan başqa da işiniz var… Yəni idman və digər işiniz. Hansına daha çox vaxt ayıra bilirsiniz ?
-Əslində o biri işim də idmana yaxın sahədir. Mühafizədə çalışıram. Bildiyiniz kimi bu işdə də idman vacibdir. Ancaq ən çox idmana vaxt ayırıram. Çünki hər şeyi- adımı da, işimi də, yaxşı dostlarımı da idmana görə qazanmışam. Müəyyən üzrlü səbəblərə görə bir müddət idmandan uzaqlaşmışdım.
-İdman insanlar üçün həm də şöhrətin bir addımlığıdır... Bəs sizin üçün necə ?
-Doğru deyirsiniz. Elə insanlar var ki, qızların xoşuna gəlsinlər deyə idmanla məşğul olurlar. Maddiyyatdan daha çox bunu düşünənlər var.
-Görünür ətrafınızda idmana o prizmadan yanaşan tanışlarınız çoxdur…
-Bəli, əlbəttə. Həm də saysız- hesabsız (gülür)…
-Bəs siz ?
-Məndə sırf həvəsdir. Mən idmanı zamanla çox sevdim. İdmana işim kimi baxıram. Bəzən elə olub ki, uzaqlaşım, hətta evdən də məsləhət gördülər ki, idmandan uzaqlaşım, amma bacarmadım. Mən idmandan uzaqlaşa bilmərəm. Yaddaşımda yaranan problemlərə görə, aldığım zərbələrə görə evdəkilər çox istəyirdilər ki, idmandan ayrılım.
-İdmançılar fiziki zərbələri real qəbul etməlidirlər…
-Bəli, mən buna reallıq kimi baxırdım. Ancaq evdəkilər qəbul etmirdilər.
-İdmandakı fiziki zərbə daha ağırdı, yoxsa həyatdan aldığınız zərbə…?
-İdmankı zərbələrin ağrısı keçir. Ancaq həyatın vurduğu zərbələrin nə ağrısı keçmir, nə yeri sağalmır. Çətin olur, hətta bir müddət çox çətin olur.
-İdmançı olmasaydınız hansı peşəni seçərdiniz?
-Mən heç vaxt böyük vəzifələr iddiasında və ya xəyalında olmamışam. Heç vaxt böyük arzularla yaşamamışam. Həmişə istəmişəm ki, özüməməxsus sakit bir həyatım olsun. Dediyim kimi çox adi peşələri seçərdim: satıcı, ofisiant v.s Yuxarı qalxmaq üçün çox şeylərdən keçməlisən. Mən də əbədiləri ötərilərə qurban vermərəm. Bir müddət ətrafımda tanışlar olduqca çox idi. Hamısını dost bilirdim. Ancaq zaman göstərdi ki, onlar heç də dost deyillər. Əvvəllər ətrafımda olanları çətin zamanda yanımda görmədim.
-İdman sizə nələri verib ?
-Maddi tərəfdən bizim idman sahəsində o qədər də güclü büdcə yoxdur. Başqa ölkələrdə var, sadəcə bizdə hələ zəifdir. Mənəvi tərəfdən isə çox şey əldə etmişəm. Mən idmanla məşğul olmayana kimi “heç kim” olmuşam. İdmanın sayəsində mən “mənəm”.
-Yaxın gələcəkdə peşənizlə bağlı sizdən hansı uğurları gözləyək…?
- Yaxın vaxtda “Dünya kəməri” var ki, onu müdafiə etməliyəm. Sonra isə həvəskarların dünya çempionatı var orda iştirak etməliyəm. Hələ ki, bunlar üçün çalışmalıyam.
Əntiqə Səməndər
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar