Dünyanın bir çox ölkəsində doğum səviyyəsinin azalması artıq sadəcə sosial deyil, həm də iqtisadi və strateji problemə çevrilib. Əmək qabiliyyətli əhalinin gələcəkdə azalması, pensiya və sosial təminat sisteminə təzyiqin artması, yaşlanan cəmiyyətin formalaşması dövlətləri yeni demoqrafik siyasətlər hazırlamağa məcbur edir. Bu baxımdan Sinqapurun təqdim etdiyi geniş sosial dəstək paketi xüsusi diqqət çəkir. 17 yaşadək hər uşaq üçün ümumilikdə təxminən 70 min ABŞ dollarına (təxminən, 120 min manat) qədər dövlət dəstəyi, doğum bonusları, uşaq bağçası subsidiyaları, genişləndirilmiş valideyn məzuniyyəti və digər güzəştlər ilk baxışdan olduqca iddialı görünür.Lakin əsas sual dəyişmir: doğum qərarını həqiqətən pul dəyişirmi?



































