Xəbər lenti
Bir şəklin tarixçəsi: Eks-prezidentlə Xalq şairi qonşu oldular

I Fəxri xiyabanda çəkilmiş bu şəkilin tarixçəsi 2026-cı il avqustun 2-dən başlayır.
Qırmızı qərənfillər, əklillər, ağacların kölgəsi altında qurulan son mənzil...
Amma diqqətlə baxanda bu şəkil Azərbaycanın yaxın tarixindən maraqlı bir detalı da özündə gizlədir.
Tarix bəzən insanları həyatda bir araya gətirə bilmir, amma onları eyni yaddaş məkanında yan-yana yerləşdirə bilir. Eynən bu fototdakı kimi...
Avqustun 1-də vəfat edən Xalq şairi Nəriman Həsənzadə Bakıdakı I Fəxri xiyabanda dəfn olundu. Onun məzarından çəkilmiş bu fotoya diqqətlə baxanda maraqlı bir detal ortaya çıxır: Xalq şairinin məzarı Azərbaycanın ilk prezidenti olmuş Ayaz Mütəllibovun məzarı ilə qonşudur.
Solda Ayaz Mütəllibovun büstü ucalır, sağ tərəfdə isə hələ təzə torpağa tapşırılmış Nəriman Həsənzadənin məzarıdır. Aralarında cəmi bir neçə addımlıq məsafə olsa da, onların keçdiyi yollar, təmsil etdikləri sahələr və siyasi baxışları çox fərqli idi.
Beləcə, həyat yolları fərqli istiqamətlərdən keçən iki tanınmış şəxsiyyət əbədiyyət məkanında qonşu olublar.
Bu qonşuluq təsadüfi görünsə də, əslində, Azərbaycanın mürəkkəb və ziddiyyətli tarixinin bir simvolu kimi də qəbul edilə bilər.
Ayaz Mütəllibov sovet sistemindən müstəqilliyə keçid dövrünün əsas siyasi fiqurlarından biri idi. O, 1990-cı illərin əvvəllərində ölkəyə rəhbərlik etmiş, Azərbaycanın ən çətin və sınaqlı dövrlərində hakimiyyətdə olmuşdu. Nəriman Həsənzadə isə daha çox poeziyanın, ədəbiyyatın və sözün adamı kimi tanınırdı. O, müxtəlif dövrlərdə dövlət və ictimai fəaliyyətlə məşğul olsa da, əsas missiyası Azərbaycan ədəbiyyatına xidmət etmək idi.
Onlar heç vaxt eyni siyasi düşərgədə yer almayıblar. Fərqli baxışlar, fərqli mühitlər və fərqli yollarda olublar... Amma zamanın qəribə qanunları var: ölümün qarşısında siyasi sərhədlər, ideoloji fərqlər və keçmiş mübahisələr öz əhəmiyyətini itirir. Həyatda ayrı yollarla addımlayan insanlar əbədiyyətda yanaşı ola bilirlər.
I Fəxri xiyaban məzarların sıralandığı adi bir məkan deyil. Bura Azərbaycanın müxtəlif dövrlərinin, fərqli düşüncələrinin və talelərinin qovuşduğu bir yaddaş xəritəsi - tarix parkıdır. Burada siyasətçilər, şairlər, alimlər, hərbçilər və sənət adamları eyni sükutun içində yan-yana uyuyurlar.
Burada hər bir məzar daşının arxasında bütöv bir dövr dayanır. Bu foto da məhz həmin tarixdən danışır. Həyatda fərqli mövqelərdə olmuş iki insanın əbədiyyət qarşısında yan-yana dayanmasının tarixindən... modern.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































