Xəbər lenti
Küçük gözləri
Bir dəfə kənddəki nənələrdən biri bütün təmizlik və bəzənmə prosedurlarını yerinə yetirib yastığına söykənərək oturduğu zaman balaca nəvəsi Zülfüqar içəri girir və nənəsinin sürmə çəkilmiş gözlərini görüb təəccüblə deyir:
-Baay!.. Bu nədi, ay nənə? Gözlərinə nolub? Lap küçük gözlərinə oxşayır ki!
Həmin səhnəni bir daha təsəvvür edib gülümsədi.
Saata baxdı. Vaxt azalırdı. Gecədən ütüləyib hazırladığı paltarını geyindi, saçını darayıb səliqəyə saldı, bəzək əşyalarını taxıb ayaqqabılarını geyinmək üçün dəhlizə çıxanda telefonu zəng çaldı, əmisi qızı Nərgiz idi:
- Harda qalmısan? Niyə gəlib çıxmırsan?
- Beş dəqiqəyə çıxıram, mənə yanında yer saxla, Nərgiz. Çatanda sənə zəng edəcəm.
-Sənə maşın göndərək?
- Yox, lazım deyil, taksiynən gələrəm.
Taksidən düşüb Nərgizə zəng etdi. Giriş qapısından içəri girəndə gördü ki, qız foyedə onu gözləyir. Nərgiz onu görəndə bir anda sifəti sallandı. Cəld ona yaxınlaşdı və qolundan tutub salona doğru deyil, əks tərəfə çəkdi.
-Nolub?
Nərgiz üzündə təlaş onun əyin-başına baxırdı.
-Nədi, ay qız? Niyə mənə belə baxırsan?
-Sən gərək qayıdıb paltarını dəyişəsən.
-Nə?! Niyə? Nolub ki paltarıma?-deyə qeyri-ixtiyari əyilib üst-başına baxdı.
Nərgiz sanki yekə bir sirr açırmış kimi yavaşdan dedi:
-İçəridə bir qız toçnu sənin donundan geyinib.
Nərgizun bu "faciəli" xəbəri köksünü qəfil gülüş dalğası ilə doldurdu, özünü gülməkdən güclə saxladı. Birtəhər özünü tox tutub sifətinə yalançı təlaş ifadəsi verərək:
-Nə danışırsan?! Vaay! Dəhşət!...İndi bəs mən neyləyim?-deyə ucadan səsləndi.
-Dedim də, qayıt evə, paltarını dəyiş, gəl. Zaur səni tez aparıb gətirər.
Gülməsin deyə dırnaqlarını var gücü ilə ovcuna batırıb razılığını bildirdi:
-Yaxşı. Di get Zauru çağır, gəlsin, mən burda gözləyirəm.
Nərgiz çevrilib bir az getmişdi ki, arxadan səsləndi:
-Nərgiz!
Nərgiz geri çevrildi:
-Nədi?
-Deyirəm, getmişkən sən fürsət tap, o qızın bir ayaqqabısına da bax, birdən ayaqqabısı, nə bilim, üzük-müzük, sırğa-mırğası da mənimkindən olar, yenə geri qayıdası olaram, yazığam, düşüb yollarda qalmayım da.
Son kəlmələri deyəndə ta özünü saxlaya bilmədi, bayaqdan köksündə özlərini ora-bura çırpan gülüş dalğalarının qarşısı açıldı, foyeyə şən və cingiltili bir gülüş səsi yayıldı.
Nərgiz çaşıb qalmışdı, bilmirdi gülsün, yoxsa hirslənsin.
Onun isə diqqət cəkməsin deyə səsini içəri salıb için-için gülməkdən gözləri yaşarmışdı. Nərgizin pərtliyini görüb yaxınlaşdı və nəvazişlə onu qucaqladı:
-Yaxşı, küsmə,canım,-dedi,- zarafat elədim dəə. Ay Allah kömək olmuş, elə təlaşa düşmüsən ki, elə bil müsibətli bir şey olub. Nə var, nə var, kimsə toyda mənnən eyni paltar geyinib. Geyinsin də, nolsun? Donlar eynidir, içindəkilər ki eyni deyil.
Nərgiz qaş-qabağını töküb baxır, susurdu.
-Qız, yoxsa doğrudan da incidin? Di yaxşı, gəl, gəl barışaq, sonra gedək o qıza baxaq görək bu don ona daha çox yaraşır, yoxsa mənə. Gəl, -deyib Nərgizin qoluna girdi.
Nərgiz hələ də qaşqabaqlı halda:
-Sən əvvəlcə hələ get bir güzgüdə özüvə bax, gör nə gündəsən, sonra gedib o qıza baxarsan -dedi.
-Nə gündəyəm ki?- bir an duruxub düşündü və birdən xatırladı: "Amaan! Tuş!.."
Cəld foyedəki güzgüyə yaxınlaşıb baxdı. Bayaq için-için gülməkdən gözləri yaşaranda öyrəncəli olmadığından kirpiklərinə boya çəkdiyini unutmuş, gözlərini siləndə boya gözlərinin ətrafına yayılmışdı. Nərgiz ona yanıq verərək dedi:
-Oxxaay! Bəs bayaq məni dolayanda bilmirdin başına iş gələcək? Bax, görürsən, mənə dəyənə Allah dəyir. Di al payını.
Nərgizin dediklərini eşitsə də, cavab vermədi. Güzgüdə ətrafına boya yayılmış gözlərinə bir xeyli baxdı, yenə xalasının danışdığı o əhvalat düşdü yadına, gülümsədi.
-Hım, indi nəyə gülürsən?- deyə Nərgiz qeyzlə soruşdu.
-Bax gör, indi mənim gözlərim nəyə oxşayır, səncə, Nərgiz?
Nərgiz baxıb duruxdu, nəyəsə oxşatmağa çalışdı.
-Havayı axtarma. Heç vaxt tapa bilməzsən!
Sonra başını Nərgizə tərəf əyib yavaşca qulağına pıçıldadı:
-İndi mənim gözləriiim küçük gözlərinə oxşayır!
Nərgiz təəccüblə soruşdu:
-Küçük gözlərinə niyə ki?
-Bu əhvalatı sonra sənə danışaram.Sən toydan çıxandan sonra gedib bir küçük taparsan, gözlərinə baxarsan, bəlkə, onda bilərsən niyə.
-Yox bir, gecə yola-rizə düşüb küçük axtaracam ki, gözlərinə baxım?
- Küçələrə niyə? Girərsən internetə, ordan bir küçük şəkli tapıb baxarsan da. Yaxşı-yaxşı baxarsan, sonra da mən danışaram o gözlə bağlı əhvalatı. Amma indi mənə nəm salfet lazımdır. Özümdəki qurusudur. Səndə var?
Nərgiz bir-iki saniyə onun üzünə baxıb nəsə acıqlı bir söz demək istədi, amma tapa bilmədi, dodaqlarını bir-birinə sıxıb salona tərəf getdi və bir neçə dəqiqədən sonra əlində nəm salfet bağlaması geri qayıtdı. Nərgizdən bağlamanı alıb:
-Burda bir az gözlə, indi gəlirəm,- dedi.
Nərgiz onun arxasınca ərklə deyindi:
-Bu gün mənim işim-gücüm elə səni gözləmək olub da.
...Su kranının üstündəki güzgüyə baxaraq salfetlə gözlərinin ətrafına yayılmış boyanı ehtiyatla silib təmizlədi. Üzünə bir neçə ovuc su vurdu. Quru salfetlə qurulayıb Nərgizin yanına qayıtdı, qarşısında dayanıb dedi:
-Bax, Nərgiz, sayəndə işlər düzəldi: o içəridəki qızla donumuz eyni olsa da, ta üzümüz qətiyyən eyni olmayacaq. Mərc gəlirəm, o qızın kirpikləri mütləq tuşla boyanıbdır, gözləri də, yəqin kiiii... Zülfüqarın nənəsinin gözlərinə oxşayır.
Dedi və yenə gözlərini qıyıb şirin-şirin gülümsədi. Nərgiz mat-mat baxıb soruşdu:
-Zülfüqar kimdir? Nolub ki onun nənəsinin gözlərinə?
- Gedək içəri, orda danışaram.
Nərgiz əlini yellədi:
-Sən də söz danışdın: qız, içəridə səs-küydən ağız deyəni qulaq eşidir ki, sən də mənə əhvalat danışasan?
-Eybi yoxdur, onda vatsapa yazaram, ordan oxuyarsan.
Nərgiz heyrətlə səsləndi:
-Qız, dəli olmusan? Böyrümdə oturub mənimlə vatsapla danışacaqsan?
O, Nərgizin hay-küylü təəccübünə yalnız təbəssümlə cavab verdi. Nərgiz onun təbəssümünün mənasını dərhal anladı və səsini yavaşıdaraq dedi:
- Hə də... “Göz gördüyünü götürər”deyiblər.
Sonra onun qolundan tutub:
-Gəl, gəl gedək içəriyə, toy az qala yarıya catıb, biz hələ burdayıq sənin ucbatından.
-Pah!.. Mənim ucbatımdan niyə? Əsil sənin ucbatından e: don məsələsini problem eləyən mən idim, yoxsa sən? Hələ sözünə baxıb evə getsəydim, bəlkə də, toyun lap axırına gəlib çatardım...
Qol-qola tutub mübahisə edə-edə salona doğru addımladılar...
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































