Sizin Reklam Burada
Xəbər lenti
16-04-2026
15-04-2026
BÜTÜN XƏBƏRLƏR

Dualarla başlayan, sükutla bitən… - İlqar İlkin

Tarix: 15-04-2026 15:59     Baxış: 350 A- / A+


Dualarla başlayan, sükutla bitən… - İlqar İlkin
Manevr.az İlqar İlkinin "Dualarla başlayan, sükutla bitən…" yazısını təqdim edir.

Anamın dili dualarla yoğrulmuşdu. Hər gecə yatmazdan əvvəl oxuduğu dua ilə gününü bitirirdi: “Yatdım sağıma, döndüm soluma, sığındım sübhanıma, mələklər şahid olsun dinimə-imanıma…”
İlk vaxtlar bizə də təkrarladırdı, həvəslə sözləri deyib yatırdıq. Zaman keçdikcə o sözlər mənim üçün sadəcə səsə çevrildi. Artıq nə məna qalırdı, nə də heyrət. Sadəcə gecənin içində itən, ağırlığı olmayan sözlərə çevrilmişdi.
Səbəbini bilmirəm, elə bil o sözlər divarlara dəyib sönürdü. Mənim üçün həmin pıçıltılar, sadəcə gecənin bir vərdişi idi. Anam o cümlələrlə evin içində görünməz bir sədd qururdu.

O vaxt olduğu kimi, bu gün də bilmirəm ki, dualar qorxudan yaranır, yoxsa inamdan. Anamın səsi gecənin içində titrəyəndə elə hiss edirdim ki, o, Yaradanla danışmır, onu razı salmağa çalışır.
Dualara marağımı itirdim. Elə bilirdim içində yalvarış və qorxu olan sözlərimiz cavabsız qalır, bizi heç kim eşitmir. Anam bəzi sözləri səssiz, dodaqaltı pıçıldayırdı. Ona görə də düşünürdüm ki, dualarında Tanrı ilə danışmır, sadəcə ona yalvarır. İllər keçdikcə sözlərin mənası mənə görə dəyişməyə başladı.
Anladım ki, hər kəs nəyisə itirməmək üçün Tanrıya dua edir. Ona övladını, evini, sevdiklərini əmanət edir. Və bundan rahatlıq tapır. Bu yalvarış cavab gözləmək deyil, insanın özünü bir şeyə əmanət etmə şəklidir. Dualar Tanrı ilə pıçıldaşmaqdısa, bəs sükut nədir? Biz duaları anlayırıq, sükutu isə yox. Sükut deyilməyənlərin sığınacağıdır. Sükut daha dərin və dilsizdir.

Anamın duaları bir yerdən sonra sadəcə hər gün təkrarlanan bir vərdiş ola bilirdi. İnsan bəzən inanmaq üçün yox, dağılmamaq üçün dua edir. Dualar Yaradandan cavab almaq üçün deyil, insanın öz səsini itirməməsi üçün edilir. Amma bəzən insan öz səsini də itirir. Ola bilsin ki, Tanrı hər dəfə cavab vermir. Biz heç onun bizi eşidib-eşitmədiyini belə bilmirik. Amma insan dua edəndə içində bir qapı açılır, səssizlikdə özünü eşidir. Və bəlkə də dua elə budur. İnsanın özünü, qorxularını, sevdiklərini görünməyən bir mərhəmətə yavaşca əmanət etməsi. Ən ümidsiz, bitkin anında belə içində bir işıq qalsın deyə.

Anlayıram ki, o pıçıltıların içində təkcə qorxu yox idi. Bəzən insanın içində heç nə səslənmir, sükut insanı içindən susdurur. O zaman anlayırsan ki, bəzi şeylər heç dua ilə də qorunmur. Bəzən də artıq itirdiyini geri istəmək, qalanları əlində saxlamaq üçün Ona sığınırsan. Bir gün anlayırsan ki, dualar bəzən gecikir, bəzən isə heç ünvana çatmır. Bəzən isə çatanda artıq sən özün istəmirsən.

O zaman anlayırsan ki, içərindəki sükutların dualardan daha doğrudur. Və bəzi itkilər var ki, onları heç bir söz, heç bir inam geri qaytarmır. İndi anlayıram ki, insanı nə o dualar qoruyur, nə də o sükut. Hər şey sadəcə keçib gedir. Sözlərin içində gizlənən ümidlər də bir gün yorulur və bitir. İndi içimdə bir vaxtlar səs olan hər şey susub. Dualar da, sükut da artıq mənə aid deyil. Sanki ikisi də məni çoxdan tərk edib.

İndi içimdə yalnız bir boşluq var - səssiz və cavabsız. Və o boşluqda artıq nə Tanrı var, nə də mən.

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar