Zəhmət və ləyaqətlə ucalan ömür
Bəzi insanlar var ki, onların ömrü sadəcə yaşanmış illərin cəmi deyil. Bu ömürlər qurulan zavodların, yetişən mütəxəssislərin, yazılan kitabların və qazanılan hörmətin tarixidir. Zəhməti ilə ucalan, biliyi ilə seçilən, insanlığı ilə sevilən ziyalı Təbrik Müzəffər oğlu Quliyev də məhz belə ömür sahiblərindəndir.
1946-cı il martın 8-də qədim Ordubadın ziyalı ailəsində dünyaya göz açan Təbrik müəllimin taleyinə elm, zəhmət və məsuliyyət yazılmışdı. Uşaqlıq illərindən aldığı ailə tərbiyəsi və mühitin intellektual nəfəsi onun gələcək həyat yolunun təməlini möhkəmləndirdi.
Elmə olan marağı onu 1964-cü ildə Azərbaycan Neft-Kimya İnstitutunun kimya fakültəsinə gətirdi. Bu seçim sadəcə peşə seçimi deyil, böyük bir sənaye və elmi fəaliyyət yolunun başlanğıcı idi. 1970-ci ildə ali təhsilini başa vurdu.
Əmək fəaliyyətinə Sumqayıt şəhərində yerləşən Kimya zavodunda laborant kimi başlayan gənc mütəxəssis qısa müddətdə zəhməti, dəqiqliyi və peşəkarlığı ilə seçildi. Onun üçün vəzifə pillələri heç vaxt məqsəd olmayıb. Əsas amalı işə vicdanla yanaşmaq, nəticə əldə etmək və faydalı olmaq idi. Elə buna görə də addım-addım yüksələrək məsul vəzifələrə layiq görüldü.
1972–1973-cü illərdə Ümumdünya Gənclər Festivalının istehsalat göstəriciləri üzrə laureatı adını qazanması gənc mütəxəssisin ilk böyük uğurlarından biri oldu. Ardınca 1983-cü ildə Ümumittifaq Xalq Təsərrüfatı Sərgisinin “Bürünc” medalı, 1984-cü ildə Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı adı, 1985-ci ildə isə “İttifaq ixtiraçısı” fəxri adı gəldi. Bu mükafatlar sadəcə təltif deyil, illərin zəhmətinə verilən dəyərin və peşəkarlığın təsdiqi idi.
Təbrik müəllimin fəaliyyəti yalnız istehsalatla məhdudlaşmadı. O, elmi araşdırmalarla da məşğul olaraq 2000-ci ildə kimya elmləri üzrə doktorluq işini uğurla müdafiə etdi. Elm və istehsalatı birləşdirə bilmək hər kəsə nəsib olmur. O isə bu iki sahəni bir-birini tamamlayan qüvvəyə çevirməyi bacardı.
Uzun illər Kimya Birliyində baş kimyaçı kimi çalışdı. 1994–1998-ci illərdə Bakı şəhərində Kimyəvi Reaktivlər və Lak-boya müəssisəsinin baş direktoru oldu. 1998–2003-cü illərdə isə Sumqayıt Səthi Aktiv Maddələr zavodunun baş direktoru vəzifəsini daşıdı. 2005-ci ildə Üzvi Sintez zavoduna rəhbərlik etdi, 2006–2011-ci illərdə Layihə İnstitutunun baş mühəndisi kimi fəaliyyət göstərdi. Hər vəzifədə onun əsas prinsipi dəyişməz qaldı: məsuliyyət, yenilikçilik və insan amilinə dəyər.
Əməyi dövlət tərəfindən də yüksək qiymətləndirildi. 2009-cu ildə “Əməkdar mühəndis” fəxri adına layiq görüldü, 2013-cü ildə SOCAR-ın fəxri fərmanı ilə təltif olundu, 2016-cı ildə isə “Tərəqqi” medalı ilə mükafatlandırıldı. 2019-cu ildə Sumqayıt şəhərinin 70 illik yubileyi ərəfəsində Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülməsi onun şəhərin sənaye və ictimai həyatındakı xidmətlərinə verilən yüksək qiymət idi.

2011-ci ildən etibarən təqaüdə çıxdıqdan sonra da cəmiyyət həyatından kənarda qalmadı. 2022-ci il sentyabrın 6-da Sumqayıt şəhər Ağsaqqallar Şurasının sədri seçilməsi bir daha göstərdi ki, onun sözü, mövqeyi və təcrübəsi bu gün də dəyərlidir. Ağsaqqallıq sadəcə yaş göstəricisi deyil, müdriklik, ədalət və nüfuz deməkdir. Təbrik müəllim bu adı da ləyaqətlə daşıyır.
Onun həyat yolunun coğrafiyası yalnız bir ölkə ilə məhdudlaşmayıb. 1987–1988-ci illərdə Kuba Respublikasında kimya zavodunda baş mühəndis kimi çalışaraq bilik və bacarığını beynəlxalq müstəvidə nümayiş etdirib. Tropik iqlimin çətin şəraitində o, təşkilatçılıq bacarığı və peşəkarlığı ilə seçilərək istehsalat prosesinə yeni nəfəs gətirib.
Əməyinə verilən yüksək qiymətin göstəricisi olaraq Ernesto “Çe” Gevara adına fəxri fərmanla təltif olunması onun peşəkarlığının bariz nümunəsidir.
Təbrik müəllim daim yeniliyə açıq mütəxəssis olub. O, biliklərini daha da təkmilləşdirmək məqsədilə Kaliforniya Universitetində kurs keçmiş, müasir elmi-texniki yeniliklərlə yaxından tanış olmuşdur. Sonradan qazandığı təcrübəni ölkəsində tətbiq edərək sənayenin inkişafına töhfələr vermişdir.
Qəlbi elmlə döyünən Təbrik müəllim üç elmi və dörd bədii kitabın müəllifidir. Bu əsərlərdə o, həm elmi təcrübəsini, həm də həyat müşahidələrini oxucularla bölüşür.
Ailəsinə bağlılığı isə onun həyatının ən dəyərli tərəflərindən biridir. Üç övlad atası, yeddi nəvə və iki nəticə babası olan Təbrik müəllim üçün ən böyük sərvət ailə ocağının istiliyi və nəsillərin davamıdır.
Hazırda yubiley yaşını qeyd edən Təbrik Müzəffər oğlu Quliyevin ömrü zəhmətin, elmin və vətənə xidmətin parlaq nümunəsidir. Onun həyat salnaməsi Sumqayıtın sənaye tarixinin ayrılmaz hissəsidir.
Belə ömürlər cəmiyyətin dayağı, gənclərin yol xəritəsidir.
Təbrik müəllimə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və yeni yaradıcılıq uğurları arzulayırıq. Qoy onun adı həmişə zəhmətin, ləyaqətin və ziyalılığın rəmzi kimi çəkilsin.
İlhamə Məhəmmədqızı




































