Xəbər lenti
Dərddən mətnə – Qürbətdən Vətənə
Bir ildən sonra salam!Uzun bir sürədən sonra sanala döndüyümdə özəl mesajlama qutumda saysızca maraq, saysızca mesaj və saysızca xəstəliyimdən xəbər alanların dəyərli yazıları ilə qarşılaşdım. Durumumdan asılı çoxunu yanıtlaya bilmədim və ümid edirəm sevdiklərim bunu məndən sayğısızlıq görəməsinlər.
Bu keçən il mənim üçün neçə yüz ilin ağırlığını yaşatdı və məndən “başqa bir Mən” yaratmağa çalışdı. Yanımda olanlar da oldu, kökündən məni unudub, qırağa atanlar da. Ağrılarım çoxlu vaxtlar çəkilməz, dözülməz və ağır bir sınağa çevrilmişdi. Sanki yenidən yaşamaq üçün bu dərd-ağrı sınağını keçirməm gərəkirdi.
Bilərəkdən yanımda olanlar çoxlu vaxtlar dərdimi az da olursa azaltmağa çalışdılar. Bilməyərəkdən olanlar da oldu və olduqca mənim dərdimə dərd qatıb, canımı daha acıtdılar. Bunların hamısı keçdi və bu dərdin yükünün ən çoxunu, ən ağırını tək başıma daşıdım. Yanı öz seçimim də elə bu idi!
(O yanımda olanların haqqqında yazmaq üçün bir kitab gərəkirdi. Onlar az olsaydılar da, olduqca öz idilər. Vəhid bəy Ənguti, Aydın bəy Ənguti, Məhəmməd bəy Ənguti, Behzad bəy Zali, Doktor Siminfər Cənabları, İlqar bəy Müəzzinzadə, Rüstəm bəy Məhmmədxani, Hüseyn bəy Güneyli, Həsən bəy Raşidi, Eldar bəy Muğanlı, Aydın bəy Müttəhidpur, Mehrad və Əli bəy Vahidifər, Lalə xanım Əşkiyə, Buğda xanım Purməhəmməd, Günəş xanım Zamanzadə, Nadir bəy Birak, Kərim bəy Güləndam, Məsud bəy haray, Rəsul bəy İsməiliyan, Vəhid Bəy Əbhəri və b. adları hər zaman zehnimdə saxlı qalacaqlar.)
Bu keçən il dərin bir quyunun dibində, tam bir qaranlığın içində yalnız özüm ağrılarımı sızlayıb, özüm də özlüyümü bağrıma basırdım. Bu quyunun nəqədər mənim yaralarımı sızlatdığını bir mən bildim və yenə də mən. Yaralar başlayandan sonra barmaq sayısı yoldaşlarımdan başqa, hamı çəkilib getdilər, yoxa çıxdılar. Sanki əzldən yoxuymuşlar… Bir mən qalmışdım bir də bu dərin quyunun qaranlığa bürünmüş yaraları.
Bunları necə atlayıb, necə bu bir il ağrılara bürünmüş saatlarımı və hətta saniyələrimi keçirtidiyimi heç özüm də başa düşmədim. İki dönə komaya keçdim. İkincisi daha ağır idi. Əlim bu dünyadan üzülmüşdü, gedirdim, bəlkə bir daha buralara dünməyəm, amma bir səs, səssizliyin iki üzündən mənim əlimi tutub məni yenə bu dünyaya qaytardı. Sanki yarım qalmış işlərimi qurtarmalı idim. Belə çıxıb buralardan getmək bəlkə olmamalı idi. Nə bilim döndüm və yenə qayıtdım, ancaq yaralı ruhum’la, cansız bədənim’lə.
Yarımçıq yazılarımın əl-ayağını əziz Əliriza bir araya toplayıb, onları kitaba çevirdi. Hamısı dərddən, ağrıdan yazılmışdı. Oradakı “Sən” heç kəs deyildi və hətta orada olan “Mən” də mənim özüm deyildi. Onların hamısı dərdin səssizcə hayqırışı idi.
Səslərin Tərajediyası Xəstəxana Yatağında yarandı.
Ondan öncəki “Səssizliyin İki Üzündə” də həmin xəstəlikdə tamamlandı.
Uzun illərin göndərilməmiş məktublarının xəstəlikdə yazılanları da özünə kitab paltarı geyindirdi. Bəlkə bu məktublar yirmi üç il öncədən Almanyaya və ya hətta ondan sonra Fransanın daxmalara bürünmüş bir payız küçəsinə göndəriləcəkmiş, amma payına kitab olaraq Təbrizin payızı düşdü. Onlar hələ də Bingen şəhərini və Parisin yoxsul küçələrinə tamarzı qalıblar. Hələ qalsın ki yirmi bir illik həsrətli bölümləri hələ də göndərilməmiş poçt qutusunda özlərini sızlayırlar.
Dərmanımın son durağına çatmış durumumda, qalıb-qalmamaq durağında Təbrizimə çağırıldım. Bilmirəm son vəda üçün, kitablar üçün və ya yenidən başlamaq üçün. Düzünü desəm ürəyim yaralı idi, olduqca sağalmaz yaralı. Bunca gün, bunca ay yanımda olmayanların ayağına gedirdimmi???? Gedirdim deyəm gəlin məni görün! Gəlin ayaqdan düşmüş Ayhanı görün! Gəlin mənə biraz yazığınız gəlsin!!! Keçən ildə olmayanlarım gəlin Ayhan ölür, onun’la son şəklinizi ölüm günü paylaşımlarınıza çəkin…
Bunun’la barışmaq üçün göz yaşlarımı günlərcə ələdim. Sonunda Təbrizimə getmək qərarına gəldim. Bəlkə elə doğrudan bu mənim son durağımdakı son görüşüm olacaq idi, həsrətini çəkdiyim Təbriz’lə. Bəlkə Təbrizin havasını ağ ciyrlərimə dolduraraq dünyamı dəyişəcəkdim…
Bəlkələrə baxmayaraq Əli bəy Musazadə qardaşımın çalışmaları üzrə bu Təbrizli səfərim baş tutdu. Orada Rəsul bəy İsməiliyan və hörmətli ustadım Mir Hüseyn Dildarbunab mənim haqqda danışacaqdılar, Cəlal bəy Şəmsuzan cənablarının yaratdığı dəyərli ədbi sarayda.
Təbrizi özləmişdim, sevdiklərimi də, hətta məni onudanları da. Görüş günümüz gəlib çatdı. İllər boyu sevgiləri ilə ədəbiyyatı mənə sevdirən böyüklərimin bir çoxu və candan əziz sevdiklərimin bir qismi də gəlmişdi. Nigar anam, Rüqəyyə anam, Fəranək anam, Zəkiyyə anam, Rəna bacım, Aydın qardaşım, Sönməz qardaşım, Məhəmməd qardaşım və o halda bir çox əzizimin adını unutduqlarım…
Həsən bəy Səmudi qardaşım başladı bu görüşün ilk sözlərini və ustadım Dildar cənabları və hörmətli ədəbiyyatçı Rəsul bəy isə sözlərə davam edib, Aydın bəy Müttəhidpur qardaşım da son olaraq bir kitabımın haqqqında danışdılar.
Bu törənə qatılmazdan öncə sümüklərimin sancısından dolayı ağır iynələr vurub, incarsız və dərdli bir durumda ora getmişdim, o üzdən nə olub, nələr yaşayanları sonralar şəkillər və filmlər üzrə başa düşdüm. Göylüm istəyirdi sevdiklərimə danışam, onlar’la dərdləşəm, acılarımdan, keçən il yaşadıqlarımdan danışam onlara, amma olmadı. Dilim belə bunlar üçün mənə yardım edə bilmədi.
İndi bunları yazarkən dərmanımın ən ağır bölümünə hazırlanıram. Doktor deyib qaraciyər çatışmamazlığından dolayı “Şüa müalicəsində” ola bilər ürəyin dayanıb, bir daha döyünməyə. Sağ gözüm, sağ qulağım, sağ qolum, sağ qıçım…. daha sağ dəyillər və ola bilər bir daha sağalmayalar.
Bunları burada yazdım məndən qalan ya son söz olacaq, ya da yenidən başlamaq üçün dərdlərimin xatirəsi.
Məni sevənləri sevdim, sevməyənləri də. Məni unutmayanları sevdim, unutanları da. Birisini incitmişəmsə, məni bağışlayıb haqqını halal etsin, məni incidən varsa da, onu bağışlayıb bağrıma basıram.
Yenə bir daha görüşümüz olursa, sizləri daha artıq sevəcəyəm, olmazsa da, görüşümüz qalsın başqa dünyaya. Orada sizləri sevə-sevə gözləyəcəyəm.
Sizi bağrıma basıb, gözlərimin yaşı ilə yanaqlarımı yuyaraq sizə dönüncə hələlik deyirəm.
Sizlər’lə anlam tapan:
Ayhan Miyanalı
Tehran – 06.12.2025
Keçən il “AYINCAR özləmi” adlı romanıma bir mahnı iki biçimdə, sayın ustad Vəhid Ənquti və ustad Səid Şeyxülislaminin əməkləri ilə hazırlanmışdı, ancaq bu mahnl u üç əsərə adandı.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































