Xəbər lenti
Gözlərinin içinə inandığımız varlıq...
(Namiq Hacıheydərlinin əziz xatirəsinə və 50 illik yubileyinə)

2024-cü ilin 27 aprel günü mənim üçün zamanın dayandığı gündür. O gün mən atamı — ən güvəndiyim dağımı, ən dəyərli səsimi, ən əziz adamımı itirdim. 48 yaşında xəstəliklə mübarizə apara - apara dünyadan köçdü. Amma bu dünya onun varlığını heç vaxt tam inkar etməyəcək. Çünki atam yaşadığı bu həyatda iz qoymağı bacardı — insanlığı ilə, müəllimliyi ilə, ailəsinə və işinə olan sevgisi ilə, bütöv bir həyatı ilə!
Atam — Namiq Hacıheydərli bir övlad üçün yalnız ata deyildi, o həm də sədaqətli bir dost, bir həyat müəllimi, güclü və səbirli bir insan idi. Həyata qarşı o qədər sevdalı, nikbin idi ki, xəstəliyinin ağırlığına baxmayaraq yaşam uğrunda sonadək ümidlə mübarizə, mücadilə apardı. Hər açılan sabahın daha gözəl olacağına inanırdı. Elə biz də onun gözlərinin içinə inanırdıq. Nə edək ki, bəzən həyat bizim inamımızdan daha fərqli qərarlar verir. Bir çox hallarda heç o qərarların izahı da yoxdur...
... Elə bu məqamda üzümü tuturam atamın yol aldığı uzaqlara sarı:
Tək bir həqiqəti var. Artıq sənin cismani yoxluğuna alışmalıyam, alışmalıyıq, Ata.
Doğum günün yaxınlaşır — yaşasaydın, sentyabrın 8-də 50 yaşın tamam olacaqdı. Biz sənin bu əlamətdar gününü — yubileyini birlikdə qeyd edəcəyimizi düşünürdük. Gülə-gülə, ailəliklə, keçmiş xatirələrə boylanaraq… Amma indi bu yubiley bir xatirəyə çevrilib. Sənin 50 illik ömrünü təkcə rəqəmlərlə deyil, qoyduğun izlərlə qeyd edirik. Haqqında danışan hər bir insanın gözündə hörmət, səsində sevgi, sözlərində ehtiram görürük, qürur duyuruq. Çünki sən həqiqətən də daşıdığın bütün missiyalarında mükəmməl idin — ata, yoldaş, müəllim, dost, övlad, həmkar...
Səni düşünəndə bəzən gülümsəyirəm, bəzən gözlərim dolur... Çünki xatirələr çox canlıdır, Ata, çox canlıdır! Sənin səsin hələ də qulağımda, gülüşün hələ də gözümün qabağında, kölgən hələ də yanımda diridir… Əslində, sən bu halınla uzaqda deyilsən.
İnsanlar deyir ki, zaman hər şeyi unutdurur... Amma bu, doğru deyil. Zaman nə özü unudur, nə də ki, unutmaq istəməyənə unutdurur. Zaman sadəcə öyrədir — onun yoxluğu ilə necə yaşamağı. Və mən öyrənirəm, hər gün, səssizcə!.. Amma səni heç vaxt unutmayacağam. Sən mənim ruhuma hopan bir parçasan, varlığımda daşıyıram səni...
Yubiley yaşın mübarək, Ata! Bu dünyada sənə “canım atam” deyə bilməyəcəyim daha bir doğum günü… Amma bu yazını oxuyan hər kəs bilsin: sən yaşadın və gözəl yaşadın! Biz səni yoxluğunla deyil, varlığınla xatırlayırıq. Bu kitabda adın, qəlbimizdə izlərin, yaddaşımızda xatirələrin yaşayacaq...
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar