Xəbər lenti
Zəka, zəhmət və zəriflik: Müasir gəncin portreti
Hər dövrün öz qəhrəmanı, öz ziyalısı var. Zaman dəyişir, illər ötür, amma cəmiyyətin dayağı sayılan dəyərlər və insan obrazları heç vaxt köhnəlmir. Bu günkü yazımın qəhrəmanı mənim üçün əziz və doğma olan, hər baxışında işıq, hər sözündə nümunə daşıyan gənc qız Çinarə Bağırovadır.Çinarə rus dili müəlliməsidir. Amma onu yalnız bu adla təqdim etmək kifayət etməz. O, dərslərində tələbələrinə təkcə sözlərin ahəngini yox, hörmət, ünsiyyət mədəniyyəti və qarşılıqlı anlayış kimi insani dəyərləri də aşılayır.
Danışığı səlis, baxışları nurlu, təbəssümü isə mehribandır. Gözəl üz cizgiləri ilə yanaşı, daxili zənginliyi də insanı ilk andaca özünə çəkir. Gənc olsa da, düşüncələri yetkin, dünyagörüşü genişdir. Tədrisə yanaşması müasir və dinamikdir - metodlarını daim yeniləyir, müxtəlif resurslardan istifadə edərək dərsləri daha maraqlı və təsirli edir. Bu səmimiyyət və enerjisi ilə ətrafındakı insanların könlünü fəth etməyi bacarır.
Söhbət zamanı özü də bu fikirləri bölüşür:
“Müəllim olmaq sadəcə dərs keçmək deyil, insan yetişdirməkdir. Mən istəyirəm ki, tələbələrim yalnız dili deyil, həm də dəyərləri, mədəniyyəti və anlayışı öyrənsinlər.”
Çinarənin pedaqoji uğurlarından biri də onun özünəməxsus metodika ilə sürətli rus dili öyrənmə sistemini formalaşdırmasıdır. Azərbaycanda ilk dəfə tətbiq olunan bu metod, qısa zamanda dil öyrənmək istəyənlər, xüsusilə də iş adamları və fərqli yaş qruplarından olan şəxslər üçün son dərəcə effektivdir. Bu onun həm yaradıcılığını, həm də tədrisə fərdi yanaşmasını əks etdirir.
Çinarənin həyatı təkcə müəllimliklə məhdudlaşmır. Musiqiyə olan marağı və gözəl səsi onun başqa bir incə cəhətini göstərir. Səs tembri və musiqi duyumu irsi istedaddır - ana tərəfdən Şuşalı, məşhur Xələfbəyovlar nəslinə mənsub olan gənc xanım sənətlə doğma bağ qurub. Boş vaxtlarında musiqi ilə maraqlanır, bu da onun ruh dünyasını daha da zənginləşdirir.Şəxsi həyatında da pozitiv düşüncəyə malikdir. Çətinliklərdən qorxmur, onları gülümsəyərək aşır. Həyat fəlsəfəsi sadə, amma dərin mənalıdır: sevgi və işıqla yaşamaq, ətrafa yaxşılıq bəxş etmək.
Gələcək planları böyükdür - peşəsində yüksəlmək, yeni layihələrə imza atmaq, daha çox insana faydalı olmaq. Amma bütün arzuların fövqündə bir amal dayanır: maarifçi, nümunəvi və cəmiyyətinə faydalı ziyalı olmaq.Çinarənin insanlara sevgisi yalnız dərs mühitində qalmır. O, qohumlarına, dostlarına, qonşularına hər zaman diqqətlə yanaşır, ehtiyacı olanlara yardım əlini uzatmaqdan çəkinmir. Xüsusilə babasına olan bağlılığı dərin iz buraxıb. Onu itirdikdən sonra yaşadığı kədərə rəğmən, Qurana və Allah sevgisinə sarılaraq mənəvi dayaq tapıb. Harada olursa-olsun, dilindən dua əskik olmur.
Çinarə həm də fiziki fəallığa önəm verən gəncdir. İdmanla məşğuldur, uğurlar əldə edir, daim yeni hədəflərlə irəliləyir. Onun həyat ritmi hərəkət, məqsəd və pozitivlik üzərində qurulub.
Çinarə Bağırova kimi insanlar sübut edirlər ki, dəyərlər unudulmur. Əksinə, zəhmət və zəka ilə yeni nəsillərin yaddaşında daha da parlaq şəkildə yaşayır. Onlar təkcə nümunə deyil, eyni zamanda cəmiyyət üçün ümid mənbəyidirlər.

Xələfbəyli Mənsurə
Yazıçı - publisist
AYB - nin üzvü
"Turan" ədəbi məclisinin həmsədri
"Manevr.az"
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























