Xəbər lenti
Həqiqəti yaşadanlar

Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndi sanki təbiətin qoynunda gizlənmiş incidir. Yazda yamyaşıl çöllərini bənövşə və lalələr bəzəyir, başı qarlı dağlar mavi səmanı qucaqlayır. Çayın səsi quş nəğmələrinə qarışır, axşamlar günəş qızılı şəfəqlərini kəndin damlarına səpir. Bu gözəlliklərin içində yaşayan insanlar da təbiət kimi saf, mehriban və zəhmətkeşdir. Kəndin ziyalıları, tanınmış simaları və qəhrəman övladları var. Onlardan biri Ramiz Babaşovdur.
Ramiz Babaşov 1965-ci il martın 22-də Faxralı kəndində dünyaya gəldi. 1983- 1985-ci illərdə sovet ordusunda xidmət etdi. Daha sonra Rusiyanın Buryatiya MSSR-də, Ulan-Ude şəhərində Daxili İşlər Nazirliyinin xüsusi milis məktəbində təhsil aldı və polis müfəttişi kimi çalışdı.
90-cı illərin əvvəllərində Qarabağdan gələn acı xəbərlər onun rahatlığını əlindən aldı. 1992-ci ildə hər şeydən keçib Vətənə dönərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etdi və Gəncə şəhər Kəpəz rayon polis şöbəsində sahə müfəttişi kimi fəaliyyətə başladı.
Eyni illərdə Murovdağın sərt döyüş yollarında igidliyi ilə seçildi. Atəşin, soyuğun, aclığın içində hər güllə atanda qəlbindən bir səs hayqırırdı: “Vətən!”
1994-cü ildə atəşkəs imzalandıqdan sonra daxili işlər orqanlarında xidmətini davam etdirdi, İctimai Təhlükəsizlik Bölməsinin rəisi oldu və dəfələrlə fəxri fərman və medallarla təltif olundu. Amma müharibə hər igidin ürəyində görünməyən yaralar qoyur… 2017-ci il, 31 dekabr - gücləndirilmiş iş rejimində gecə növbəsində çalışarkən, səhərə yaxın qəfil halı pisləşmiş, beyin qanaması diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Həkimlərin bütün səylərinə baxmayaraq, 13 yanvar 2018-ci ildə dünyasını dəyişdi. Vətən uğrunda döyünən ürək, torpağın qoynunda susdu.

Bir gün tarix yenidən qapını döydü. 44 günlük Vətən müharibəsi başlandı. Gənc oğul atasının yolunu davam etdirərək silaha sarıldı. Səngərin palçığında, gecənin vahiməli sükutunda, güllələrin vıyıltısında sanki atasının səsini eşidirdi:
-Səninlə qürur duyuram, oğlum!
Bəhman Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Hadrut döyüşlərində vuruşdu, Qubadlı istiqamətində gedən ağır döyüşlərdə mühasirəyə düşdü. O, Prezident İlham Əliyevin sərəncamı ilə “Füzuli”, “Cəbrayıl” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olundu.
Qəhrəmanlığı ilə tarix yazan Bəhman Babaşov xalqın qürur mənbəyidir. O, Vətən yolunda canını sipər edən igidlərdən biri kimi müharibə veteranı adını şərəflə daşıyır. Xalq olaraq övladlarımıza ömür boyu borcluyuq - azad torpaqlar onların qanı və qəhrəmanlığı ilə Vətən adını daşıyır.
Bu, yalnız ata ilə oğulun hekayəsi deyil - iki nəsilin ruhunu birləşdirən, qanla və şücaətlə yazılmış müqəddəs Vətən dastanıdır. Burada irs maddi sərvət yox, şərəf, qətiyyət və Vətənə sonsuz bağlılıqdır.
Mənsurə Xələfbəyli
Yazıçı-publisist, AYB-nin üzvü,
Turan ədəbi məclisinin həmsədri.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar