Xəbər lenti
Adı kimi özü də xeyirxah olan insan
Xeyrulla Məmmədovu 1966-cı ildən tanıyırdım. O vaxt pedaqoji universitetin filologiya fakültəsində oxuyurdum. Yuxarı kurs tələbələri deyirdilər ki, Xeyrulla müəllim çox savadlı, tələbkar, eyni zamanda tərs bir adamdır.
İllər keçdikcə gördüm ki, bu deyilənlərin hamısı düzdür. Xeyrulla müəllim istedadlı, çalışqan adamların dostu, istedadsızların isə düşməni idi. Elmdə heç zaman belələrinə güzəştə getmirdi…
Bizə XX əsr ədəbiyyatından Sədi Əfəndiyev, o biri birləşməyə isə Xeyrulla Məmmədov mühazirə oxuyurdu. Bir dəfə necə oldusa, Sədi müəllimin yerinə bizə də Xeyrulla müəllim bir qoşa saat mühazirə oxudu. Hamımız heyranlıqla onu dinləyirdik. Cümlələri səlist, rəvan, nitqi inandırıcı, emosional idi... Təssüf ki, bu, Xeyrulla müəllimin bizə ilk və son mühazirəsi oldu...
Ancaq o vaxtdan Xeyrulla müəllimlə dostlaşdıq, ədəbiyyatın problemləri haqqında arabir, görüşəndən-görüşənə söhbətlər elədik. Həmişə məni görəndə əmim Mirağa Əliyevdən danışar, onun xeyirxahlığından söhbət açardı…
1984-cü ildə namizədlik dissertasiyası müdafiə eləməli idim. Aparıcı müəssisə Pedaqoji Universitet idi. Sənədlərimi ora göndərmişdilər. Müzakirədən qabaq Mürsəl Həkimov məni kənara çəkib dedi ki, burda nə danışsalar, sən reaksiya vermə, hər şeyi özümüz həll eləyəcəyik…
Doğrusu, bir az narahat oldum. Məsələnin nə yerdə olduğunu anlamadım. Paşa müəllim kafedra müdiri idi. Onun giriş sözündən sonra adını çəkmədiyim bir nəfər çox hətərən-pətərən danışdı. Dedi ki, qardaş, bu yaxşı şairdi, gedib şairliyini eləsin… Qımıldanmaq istəyəndə Mürsəl müəllim mənalı-mənalı üzümə baxdı. Indi hər şey mənə aydın oldu.
Söz Xeyrulla müəllimə verildi. O, özündən əvvəlki natiqi yıxıb sürüdü, inandırıcı faktlarla mənim dissertasiyamı təriflədi və demək olar ki, müzakirənin istiqamətini dəyişdi… Hamı dissertasiyanı təriflədi, ilk danışan isə suyu süzülə-süzülə bayıra çıxdı, utanmaz-utanmaz məni təbrik elədi…
Bu hadisədən sonra Xeyrulla müəllimlə lap yaxınlaşdıq. Çox az-az görüşsək də, söhbətimiz həmişə yaxşı alınırdı. Mənim uğurlarım onu çox sevindirirdi.
Bir dəfə Xeyrulla müəllimlə Yazıçılar Birliyində görüşdüm. Ona təzə çıxan bir neçə kitabımı bağışladım. «Ədəbiyyatşünaslığın əsasları» kitabımı görəndə isə daha çox çox sevindi. Məni öpdü, təbrik elədi…
Bir neç gün sonra onunla yenidən görüşdük. O biri kitablarımı hələ oxumadığını söylədi. Ancaq dedi ki, «Ədəbiyyatşünaslığın əsasları»nı çox böyk maraqla oxumuşam. Sonra əlavə elədi ki, bu kitabı səndən başqa heç kəs yaza bilməzdi. Ona görə ki, sən həm şair, həm ədəbiyyatşünas, həm də müəllimsən…
Daha sonra özünəməxsus bir tərzdə dedi ki, çox sağ ol, ürəyimdən elə bil tikan çıxardın. Bəzi dırnağarası ədəbiyyatşünasların (o, ad da çəkmişdi) lap anasını ağlatmısan…
Illər keçdi. Xeyrulla müəllim mənim «Uşaq ədəbiyatı», «Müasir ədəbi proses və ədəbi tənqid» kitablarımı da oxuyub onlar haqqında da xoş sözlər söylədi. Dedi ki, zəhmətkeşliyin məni çox sevindirir. Fəxr edirəm ki, sənin kimi istedadlı, təvazökar tələbəm var…
Onun sevinci ürəkdən gəlirdi. Elə bil ki, valideyn öz övladının uğurlarına sevinirdi…
Son zamanlar bir az gileyli idi. Bəzi haqsızlıqlara dözə bilmirdi. Ancaq yaradıcılıq enerjisi tükənmir, elmi axtarışlarını daim davam etdirirdi…
Axırıncı dəfə yaxın ünsiyyətimiz Ayaz Vəfalının oğlunun toyunda oldu. Bir masa arxasında yanaşı əyləşmişdik. Arabir söhbətləşir, zarafatlaşırdıq. Nə yaxşı ki, o vaxt bir xatirə şəkli də çəkdirmişdik. Onda heç ağlımıza da gəlməzdi ki, tezliklə Xeyrulla müəllimlə əbədi vidalaşmalı olacağıq…
Xeyrulla müəllim sözü açıq deməkdən qorxmayan, haqqı-ədaləti müdafiə edən ötkəm xarakterli bir insan, gözəl müəllim, yorulmaz tədqiqatçı, yaxşı dost idi. Istedasız, bədxah adamlar onun gözünün düşməni idi. O «mus-mus» eləməyi xoşlamaz, sözünü birbaşa deməkdən çəkinməzdi…
Xeyrulla müəllim dünyasını dəyişsə də, onun işıqlı əməlləri həmişə yaşayacaq. Allah ona rəhmət eləsin!
Rafiq Yusifoğlu,
Azərbaycan Respublikasının
Əməkdar mədəniyyət işçisi,
şair, filologiya elmləri doktoru, professor.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar