Sizin Reklam Burada
Xəbər lenti
03-08-2025
02-08-2025
BÜTÜN XƏBƏRLƏR

Qardaşlarının canıyla ucalan bayrağının kölgəsini əsla paylaşma!

Tarix: 25-06-2025 13:25     Baxış: 3299 A- / A+

Tural Akif oğlu VƏLİZADƏ

MMU Bakı Hərbi Kollecinin müəllimi,
Bakı Qızlar Universitetinin baş müəllimi,
Bakı Dövlət Universitetinin doktorantı
 
tural.akif.velizade@gmail.com


Azərbaycan xalqının hərb işinin bilicisi olması tarixi bir həqiqətdir. Savaşlarda göstərilən qəhrəmanlıq və fədakarlıq bu danılmaz və sarsılmaz milli həqiqətin əlamətidir. Azərbaycan Ordusunu var edən milli iradənin və şüurun mənbəyi şübhəsiz ki, tam müstəqilliyə duyulan, tayı və bərabəri olmayan tarixi bağlılıqdır.
Sinəsindən vulkan ağzı kimi fışqıran qəhrəmanları ilə Azərbaycan xalqı daim bir yumruq kimi birləşərək müstəqilliyini, istiqlaliyyətini, milli birlik iradəsini həssaslıqla qorumuş, işğala, xəyanətə can atanları daim məhv etmişdir. Əlbət ki, bütün bunlar gözünü qırpmadan canını fəda edən igidlərimizin əzmi, şücaəti, müzəffər ordumuzun qətiyyəti sayəsində olmuşdur.
Azərbaycanın ən yeni dövr hərb tarixinə nəzər salarkən görürük ki, çar Rusiyası dövründə azərbaycanlılar, müsəlmanlar hərbi xidmətə çağırılmırdı və kişi əhalisi üzərinə hərbi vergi qoyulmuşdu. Çar hökuməti bu yolla Azərbaycan türklərini silah işlətmək vərdişindən və döyüş təcrübəsindən məhrum etmişdi. Elə buna görədir ki, Xəlil bəy Xasməmmədov Dumadakı çıxışlarında hərbi mükəlləfiyyətin müsəlman xalqlarına da aid edilməsi kimi mühüm tələblər irəli sürmüşdü.
Çar Rusiyası süqut edəndən sonra Cənubi Qafqazda silahsız və əliyalın vəziyyətdə qalan yalnız azərbaycanlılar idi və Azərbaycan Xalq Cümhuriyyəti yarananda onun müsəlman könüllü dəstələrindən ibarət cəmi 600 nəfərlik kiçik bir hərbi qüvvəsi var idi.
Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918-ci il 26 iyun tarixli qərarı ilə “Müsəlman korpusu” “Azərbaycan korpusu” adlandırıldı. 1918-ci il noyabrın 1-də isə Hərbi nazirliyin yaradılması haqqında qərar verildi. Artıq 1920-ci ildə nizami Azərbaycan ordusunda 40 min nəfər əsgər və zabit Vətənimizə xidmət edirdi.
Qısaca desək, Azərbaycan Ordusu Azərbaycan xalqının şərəfidir. Unudulmamalıdır ki, Ordumuzun qurulması ümidsizliyə, yoxsulluğa, ruh düşkünlüyünə, soyqırıma düçar olmuş bir xalqın varlığına olan inancın, bu çətinliklərdən hansı mübarizə üsulu ilə nəticə əldə edə biləcəyinə inamın nadir nümunəsidir.
1918-ci ilin iyun-sentyabr aylarında Osmanlı və Azərbaycan türklərindən ibarət Qafqaz İslam Ordusu Bakı XKS və “Sentrokaspi diktaturası”nın qoşunlarını darmadağın etməklə ilk vacib qələbələrini qazandı. Nəticədə şanlı ordumuz 15 sentyabr 1918-ci ildə Bakını düşmənlərdən azad etdi.

Cümhuriyyət süqut etsə də, qəhrəmanlar nəsli əsla bitmədi. İkinci Dünya müharibəsi dövründə faşizmə qarşı mübarizə üçün Azərbaycandan cəbhəyə getmiş 700 min nəfərə yaxın döyüşçüdən 400 min nəfəri qəhrəmancasına həlak olmuşdu. Azərbaycandan 121 nəfər döyüşçü müharibədə göstərdiyi hərbi rəşadətə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.
Sovet Rusiyası dövründə nə qədər çətin olsa da Azərbaycanda milli hərbi kadrlar yetişdirmək və azərbaycanlı gənclərin SSRİ-nin ali hərbi məktəblərinə daxil olmasını təmin etmək məqsədilə 1971-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış orta internat məktəbi açılmışdı.
Müstəqil Azərbaycan Respublikası üçün 1991-ci ilin sonlarından çox çətin bir dövr başladı. Oktyabr-noyabr aylarında Azərbaycan daha çox könüllülük əsasında yaradılan, çox az sayda təcrübəli və peşəkar zabitlərə malik olan, silah-sursat baxımından pis təchiz olunan özünümüdafiə qüvvələrinə sahib idi.
Ulu öndər Heydər Əliyev 1993-cü ildə prezident seçiləndən sonra bütün əsas diqqətini ordu quruculuğuna yönəltdi. 1994-cü il yanvarın 5-də milli ordumuz uğurlu hərbi əməliyyatlar nəticəsində Füzuli rayonunun strateji əhəmiyyətli Horadiz qəsəbəsini və 22 kəndi düşməndən azad etdi.

Ordu quruculuğu və təchizatında növbəti addım 2005-ci ildə yaradılan Müdafiə Sənayesi Nazirliyi oldu. Nazirliyin müəssisələrində yüzlərlə adda hərbi təyinatlı silah-sursat və texnika istehsal edilir.


Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Aprel döyüşləri, Qarabağ Zəfəri təpədən dırnağa kimi silahlanmış düşməni diz çökdürən, “Qarabağ Azərbaycandır!” deyimini tarixə qızıl hərflərlə həkk edən şanlı bir dastandır. Bu məmləkətin gələcək övladlarının cəsur əsgər, gizir və zabitlərimizin fədakarlıqlarından, birlik və bərabərliklərindən, Qarabağda həyata keçirdiyi ağır mübarizələrdən öyrənəcəkləri çox şey var.

“Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi il bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 dekabr tarixli Fərmanına əsasən Milli Müdafiə Universitetinin tabeliyində Bakı Hərbi Kolleci və Naxçıvan Hərbi Kolleci yaradıldı ki, bu da dövlətimizin hərb işinə, ordumuzun daha da inkişafına verilən növbəti töfhədir.
İnancımız və əminliyimiz ondan ibarətdir ki, tarix boyu birləşərək davam edən və ən çətin anlarda ildırım kimi təcəssüm və təzahür edən qəhrəmanlar nəsli heç vaxt sona çatmayacaq. İnancımız və əminliyimiz ondan ibarətdir ki, xalqımız öz müstəqilliyi və gələcəyi, ürəyində əziz tutduğu vətəni uğrunda dünən necə idisə, bu gün də eyni fədakarlığı, eyni şücaəti göstərməyə hazırdır. Azərbaycan  Silahlı Qüvvələrinin son 107 ildə milli varlığımızı qorumaq üçün apardığı şərəfli mübarizə bunun ən bariz sübutudur.


Qəhrəman əsgərlərimizin inamı və əzmi, millətimizin misilsiz fədakarlığı ilə Qarabağda əldə edilən bənzərsiz zəfər ərazi bütövlüyümüzü, nəhayətində dövlət suverenliyimizi təmin etdi. Bu böyük Zəfərdən aldığımız ilham və cəsarətlə Azərbaycanımızı daha işıqlı, daha firavan gələcəyə aparmaq üçün müqəddəs mübarizəmizi davam etdirməliyik.
Ey Azərbaycan gənci, ayaq basdığın topraqlar əcdadlarının qanıyla sulanıb, analar övladlarını, övladlar canlarını verdilər, unutma.

Oxu. Oxuduqca öyrən, bilgilən, tanı. Tanı bu vətəni.
Tanı şəhid olanları. Tanı bu vətəni bu günlərə sapsağlam, dimdik gətirənləri.
Varlığından qürur duy, paylaşma bir qarış toprağını.
Vermə, dünyaları alsan da, bu cənnət vətəni.
Atanın qanıyla yaşıllaşan ağacın sərinliyini, ananın göz yaşlarıyla islanan toprağın meyvəsini,
Qardaşlarının canıyla yüksələn bayrağının kölgəsini paylaşma!
Sənin daimi vəzifən vətənimizi, istiqlalımızı və dövlətimizi qorumaqdır.
Sənin üçün vətən uğrunda ölmək ehtimalı ola bilər; fəqət qorxmaq... Əsla!


Min illərdir ki, müqəddəs vətən torpağını qanları ilə sulayan şəhidlərimizə Allahdan rəhmət diləyirik. Azərbaycan Ordusunun yaradılmasının 107-ci ildönümü – 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü sonsuz sədaqət və heç bitməyəcək əzmlə mübarək olsun!

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar