Can bağı

Elə insanlar var ki, dünyaya gəlişləri ilə fəsil gətirərlər — bahar kimi saf, çiçək kimi təravətli, dağ çeşməsi qədər duru. Onlar gələndə sanki həyatın ritmi dəyişir, sükutun yerini musiqi alır. Addımlarıyla zamanın axarını dəyişdirir, varlıqlarıyla dünyanın qəlbində iz buraxırlar.
Hətta dünya yükünü yerə qoyub əbədiyyətə qovuşandan sonra belə, varlıqları nəfəs kimi hiss olunur — gözlərindəki işıq yaddaşlarda yaşayır, xatırladıqca insanın içi bir anlığa isinib aydınlanır.
Dua edəndə ilk yada düşənlər onlardır, çünki xatirələri qəlbimizdə yaşayan həqiqətdir. Sakitlikdə səsləri, qaranlıqda işıqları, dar gündə nəfəs kimi varlıqları duyular.
Zəmfirə xanım məhz o nadir insanlardan idi — təkcə zahiri gözəlliyi ilə yox, vüqarı, gücü və fəzilətli varlığı ilə bir ömrə, bir neçə nəsilə iz buraxan qadın...
Oğuzun qoynunda, təbiətin saflığı və rəngləri ilə yoğrularaq doğulmuşdu. Fəsillərin bir-birinə qarışdığı, zamanın ritminin hər an dəyişdiyi bir məkanda... Onun ruhu baharın yeniliyi ilə yüksəlir, qışın şəffaflığı ilə dərinləşirdi.
Ala gözləri ilə şux duruşu, nur üzündə parıldayan işıq Zəmfira xanımın zahiri dünyasının yalnız bir parçası idi. Onun ən böyük cazibəsi, ürəyində daşıdığı mərhəmət, iradə və sədaqətin səmimiyyətində gizlənirdi — bu daxili aləm onun hər addımında və hər baxışında əks olunur, görünənlə görünməyənin mükəmməl vəhdətini yaradırdı.
Həyat onu həm sevdi, həm də sınadı. Gözlənilən səadət qapısını döymədi, amma o, acizlik göstərmədi. Tikanlı yolları yalın ayaq keçdi, yıxıldı, amma inadla ayağa qalxdı; göz yaşlarını hamıdan gizlətdi. Balalarını əlindən tutub işığa apardı. Ağrılarını gizlədərək, başqalarının yarasına məlhəm oldu. Təkbaşına üç övlad böyütmək, hər kəsin bacara biləcəyi iş deyildi, amma Zəmfirə xanım üçün bu bir missiya idi. O, həm ana oldu, həm ata, həm sığınacaq, həm də məktəb…
Qapısını döyənləri süfrəsinin başında əyləşdirib dərdlərini dinləyərdi. Çünki onun evi ehtiyacı olan hər kəsə açıq, sözləri isə yorğun könüllərə şəfa idi.
İstər qonşuları, istərsə də qohumları ondan heç vaxt incik düşmədi. Gəlinlərinə mərhəmətli ana, övladlarına sadiq sirdaş, nəvələri üçün isə elə bil ki, nağıl qəhrəmanı idi. Zəmfirə xanımın ən böyük gücü sevgisində idi — qarşılıq gözləməyən, tərtəmiz və şəfa tək könüllərə yayılan sevgi.
Ölüm gəldi — qəfil və səssiz. Gedişi qəlbləri yandırdı; arxasınca dualar, göz yaşları və könüldən qopan ahlar səsləndi. Zemfira xanım ölmədi — toxunduğu könüllərdə, öyrətdiyi mərhəmətdə yaşayır. Qoyduğu iz bu gün də insanların davranışına işıq tutur.
Övladları onun yolunu davam etdirir — əllərini ehtiyacı olanlara uzadır, başqasının dərdini öz dərdi bilirlər. Anadan onlara qalan ən böyük miras — xeyirxahlıq və dürüstlük — bu gün də ailənin ən qiymətli sərvətidir. Gəlinləri onu mərhəmətli ana kimi xatırlayır, nəvələri isə nağıl dolu gözlərində itirdikləri işığı axtarır.
Bəzən zaman dayanır — dünya bir anlıq donur və qarşımızda duran o ala gözlər canlanır. Susqun, dərin və bütün hissləri ifadə edən baxışlar… Bax, o baxışlar Zəmfirə xanımın baxışlarıdır. Hər dəfə bir yetimin başı oxşananda, bir əl yardıma uzananda, bir qadın tək başına güc tapanda, o baxışlar yenidən oyanır. Və o anlarda dünya daha da mehribanlaşır, sevgi ümid kimi doğulur. Çünki bəzi insanlar ömür sürmür — onlar ömür olurlar.
Gəlininin xatirələrindən – Tamilə Balakişiyeva danışır:
"İlk dəfə səsini telefonda eşitdim… Elə o an anladım – bu səsin sahibi xarakterli, məğrur, amma bir o qədər də mərhəmətlidir.
Elçiliyə gəldikləri gün məni qucaqlayıb bağrına basdı. Qollarında ana nəvazişini hiss etdim – bir ananın illərlə övladına bəxş etdiyi istilik vardı o sarılmada. Elə o gün, ilk görüşdə, qəlbimdə ona yer açıldı – özü bilmədən məni qazanmışdı.
On iki il o evin gəlini oldum. Qanımız bir deyildi, amma canımız birdi – o, mənim anam kimi əziz və doğma idi. Hər zaman deyərdi: “Qızım, çırağımı sən yandıracaqsan… Mənə qalan sən olacaqsan…"
Həyatın nə olduğunu mənə Zənfirə ana öyrətdi. Hər dəfə onu qucaqlayanda, boynundan öpəndə, içimdən bir sevgi seli axardı.
Və onu itirəndə… elə bildim, qızımı itirdim…Canımdan can qopdu.
Onunla bağlı xatirələrim elə incədir ki, sanki toxunduqca daha da dərinləşir, qəlbimə işləyir. O xatirələr dualarımla birgə yaşayır. Ruhunu, izini, nəfəsini içimdə daşıyıram. Bizi yetim qoyub getdi...
Amma sevgisini, nəfəsini və adını bizə əbədi əmanət kimi buraxdı."
Zənfirə Yadulla qızı Ahəncani
(9 aprel 1959 – 10 sentyabr 2021)
Zənfirə Ahəncani 1959-cu ilin 9 aprelində Oğuz şəhərində ziyalı bir ailədə dünyaya göz açmışdı. Atasının ailəsi vaxtilə Cənubi Azərbaycandan Oğuz elinə üz tutmuş, bu saf, dağ havası ilə yoğrulmuş torpaqda özlərinə yurd salmışdılar.
Zənfirə orta təhsilini doğma Oğuzda almış, gənclik illərində isə ali təhsilini Bədən Tərbiyəsi və İdman İnstitutunda davam etdirmişdi. Gənc yaşlarından müəllimlik peşəsinə bağlanan Zənfirə xanım bir müddət Oğuz şəhər məktəblərindən birində direktor kimi fəaliyyət göstərmiş, bacarığı və insani münasibətləri ilə həm şagirdlərin, həm də pedaqoji kollektivin dərin hörmətini qazanmışdı.
1998-ci ildə həyatında yeni bir səhifə açılır – üç övladı ilə birlikdə Bakıya köçür və burada müəllimlik fəaliyyətini davam etdirir. Hər zaman qayğıkeş, tələbkar və işinə məsuliyyətlə yanaşan Zənfirə xanım təkcə müəllim yox, həm də bir həyat dərsi verən insan kimi yadda qalırdı.
O, üç övlad – Kamal, Rəşid və Vüsalə – böyütmüş, onları cəmiyyətə yararlı insanlar kimi yetişdirmişdi. Həyatının sonuna qədər ailəsinə, peşəsinə və insanlara olan sevgisi ilə yaşadı.
Zənfirə Ahəncani 2021-ci ilin 10 sentyabrında dünyasını dəyişdi.

Mənsurə Xələfbəyli
yazıçı-publisist, AYB--nin üzvü,
Turan ədəbi məclisinin həmsədri
Manevr.az



