Manevr.az-ın məlumatına görə, TƏBİB-dən ölkə.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən əmrin hüquqi qüvvəsi yoxdur:
"Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən başqa işə keçirilməyə yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. Həmin məcəllənin 46-cı maddəsinin 6-cı hissəsinə əsasən elektron sənəd formasında bağlanılan əmək müqavilələrində dəyişiklik edildikdə, ilkin əmək müqaviləsi yenidən tərtib olunaraq təsdiq edilir, 7-ci maddənin 2-ci hissəsinə əsasən əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır.
Müraciətlə bağlı araşdırılma aparılan zaman “Goranboy Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin (Xəstəxana) Stomatologiya bölməsinin diş texniki vəzifəsində çalışan Sərdərov Ağayar Məcid oğlunun əmək müqaviləsinə hər hansı bir dəyişikliyin olunmadığı və onun öz vəzifə üzrə əmək fuksiyalarını icra etdiyi müəyyən edilmişdir.
Qeyd edək ki, Əmək Məcəlləsinin 49-cu maddənin 1-ci hissəsinə görə əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir.
Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, A.Sərdarovun diş həkimi vəzifəsinə keçirilməyi ilə bağlı Xəstəxana tərəfindən verilmiş əmrin hüquqi qüvvəsinin olmadığını nəzərinizə çatdırırıq.
Əlavə olaraq bildiririk ki, həkim-stomatoloq həkim, diş həkimi və diş texniki isə orta tibb ixtisası hesab olunur və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 19 iyun 2017-ci il tarixli 8 nömrəli Qərarında diş həkimi vəzifəsinin tutulma şərtlərində diş həkimi işləri ixtisası üzrə orta ixtisas təhsili tələbinin olduğu qeyd olunmuşdur".
Xatırladaq, Goranboyda diş texniki vəzifəsində çalışan şəxsin diş həkimi vəzifəsinə keçirilməsi barədə məlumatı teleqraf.az yayıb.
Billurə