Aprelin sükutu
Aprelin sükutu
içində Emilə və Gülafətə
(müasir elegiya)
Həyat — ruhun evinə dönüş səfəridir.
Hər nəfəs bir xatırlatma,
Hər addım – imtahanın özüdür.
İnsan bu səfərdə həm yolçudur, həm yükünü daşıyan –
çiyinlərində görünməyən dərdlər,
qəlbində isə ümidin titrək işığı ilə…
Karvan dayanmaz, çünki zaman dayanmaz.
Yol bitməz – dönüş daim Onadır.
Hər baxışda soraq,
hər sükutda – gizli cavab var.
Nəfəs – ruhla cismin arasında görünməz körpüdür.
Zaman – nurdan süzülən kölgə;
keçər, amma iz buraxar.
Hər doğuluş – sualdır,
və biz... cavab axtaran susqun yolçularıq.
Sevgi ilə xəlq olunmuş insan,
başlanğıcın çırağı kimi...
Arzuları çiçək açar,
amma hər nəfəs bir sonun astanasıdır.
Çünki insan – həm doğulan, həm də yoxluğu dadacaq varlıqdır.
Sevgiyə bürünüb gəlir,
amma sevginin sınağından keçərək özünü tanıyır.
İçindəki işığı itirməyən — vəfa ilə yanar.
Zaman onu sınayır – səbrlə, səssizliklə, ayrılıqla.
Çünki sevgi yalnız söyləniləcək söz deyil –
o, qurban istəyir: mənlikdən, təkəbbürdən, ehtirasdan…
İnsan ağrılarla böyüyür,
və ruh ağrıda saflaşır.
Yaz ömrümə payız kimi gəldi.
Xəzan tək səssizcə çəkildi ümid...
22 Aprel – təqvimimdə sadə tarix deyil artıq.
O gün göy ağladı,
quşlar sükutla ağaca sığındı,
külək isə dua pıçıldadı.
Bütün təbiət səcdəyə vardı…
amma mən – səcdənin ağrısını içimdə daşıdım.
Emil...
Adını qoyub getdin,
amma adınla nəfəs almağı da apardın özünlə.
Sənin gedişin – dua qədər yüngül,
təslimiyyət qədər möhtəşəm idi.
Sanki ölümə yox, Allaha tərəf baxırdın...
Səni itirmədim –
başqa əbədiyyətdə gizləndin sadəcə.
Gülafət...
Susqun aynam idin sən –
ağrını gizləyib mənə təbəssüm verən.
Sənin yoxluğun –
məkanın dərinliyinin əbədiyyən yox olması kimidir.
Sənin səsin – nəfəsim idi.
İndi nəfəs almaq –
qəlbinin ritmini unutmaq kimidir mənim üçün…
Siz ikiniz – biri həyatımın dayaq sütunu,
biri könlümün qırılmaz ipi...
İndi bahar gəlir,
amma mənim içimdə qışın soyuğu var.
Çiçəklər açır –
amma onların ətri sevdiklərin nəfəsindən gəlirmiş –
bunu indi anlayıram.
Yazıram…
Yazıram ki, unudulmayasınız.
Yazıram ki, hər hərf dua olsun,
göz yaşım – mürəkkəb,
qələmim – kədər.
Yazıram ki, sükut danışsın,
və ölüm – səssizliyin içində Allahın adını desin.
Aprel indi mənimçün fəslin yox, dərdin adıdır.
Siz getdiniz,
amma iz buraxdınız –
dilimdə dua,
qəlbimdə əbədiyyət kimi…
Bu dünya –
sınan ürəklərin sınmaz ruhlara dönüşdüyü dərsdir.
Ayrılıqlar – unudulmaq deyil,
xatirələrin əbədiyyətdə yaşamaq cəhdidir.
Ölüm – bitiş deyil…
doğuluşdur.
Qayıdışdır…
Rəbbə, Nurun özünə…
Və bu yazımı oxuyan insan –
əgər sevdiklərin yanındadırsa –
susma.
Sev…
Söylə…
Bağışla…
Çünki bəzən “səni sevirəm” demək,
ömürlük dua ola bilər.
Əgər vicdanın təmizdirsə –
itkilər də səcdəyə çevrilər…
Mən dua yazıram…
Emilə…
Gülafətimə…
Ruhlarına çıraq olmaq üçün…
Sükutla, işıqla, səmimiyyətlə…
Bu yaz – onların adına yaşasın.
Qəlbimdə solan çiçək –
sözlərdə yenidən açsın…

Mənsurə XƏLƏFBƏYLİ
yazıçı



