Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Valideynin ölümünü uşağa necə deyək?

Tarix: 16-06-2017 11:14     Baxış: 4348 A- / A+
Valideynin ölümünü uşağa necə deyək?


Ölüm uşaqlar üçün gizli bir qavrayışdır. Bir çox ailə bu mövzunu uşaqlarına necə izah etməkdə qərarsız qalır. Bəs söhbət hansısa yaxın adamın, hətta valideynlərdən birinin ölümündən gedirsə, onda necə etməli?

Bir neçə il əvvəl aparılan araşdırmalara görə, 5-6 yaşdan balaca uşaqlar ölümün nə olduğunu anlasa da, ölümdən sonra geri qayıdışın olmadığını anlaya bilmirlər. Aparılan son araşdırmalar isə 3, ya da 4 yaşındakı uşaqların ölən insanın geri gəlməyəcəyini anlaya bildiklərini göstərir. Bəs ailədən bir üzvün, ya da ailəyə yaxın birinin ölümünü uşağa daha az zərər verəcək formada və səmimi şəkildə necə açıqlamaq olar?

Valideyn ölümü

Sevdiyi bir insanın, xüsusən də bir valideynin ölümü böyüklər üçün olduğu kimi, uşaqlar üçün də həyatlarındakı ən sarsıdıcı olaydır. Uşaq da yaxın adamlarından birinin ölümündən sonra kədər, xəyal qırıqlığı, qəzəb, ümidsizlik kimi duyğulara qapılır. Uşaqlar yetkinlərdən fərqli olaraq ölümü anlamaq, sağ qalan valideynin sağlığından əmin olmaq, həyatlarındakı, ailə içindəki dəyişikliklərə reaksiya vermək, qəbul etmək və qeyri-müəyyən gələcəklə bağlı bəzi qayğılar yaşayarlar. Bu müddətdə böyüklərin davranışı və ölümə qarşı reaksiyası da uşaqların hadisədən necə təsirlənəcəklərini təyin edir.

Uşaqlar ölüm xəbərini eşidəndə ilk olaraq şokda olurlar. Sonra qorxu, etiraz, hissizlik və qəbullanma şəklində davranış sərgiləyirlər. Uşaq itki ilə bağlı heç bir sual vermirsə, sual verməsi üçün cəsarətləndirilməlidir. Duyğularını ifadə etmək yas dövrünü sağlam, travmasız keçirməsi üçün mühümdür.

Psixoloq yardımı almalıdır

İtki yaşayan uşaqlarda qorxu, qayğı, kabuslar, barmaq əmmək, altını islatmaq, diqqət azalması, ya da həddən çox artması, kobud, dalaşqan, davranış dəyişiklikləri, vəsvəsələr, çox hərəkətlilik, məktəbə olan diqqətin və uğurun azalması, səbəbi olmayan mədə bulantısı, baş ağrı, qidalanma və yuxu problemləri ortaya çıxır. Bu narahatedici hal bir aydan çox davam edərsə, uşaq mütləq mütəxəssis yardımı almalıdır. Ciddi bir xəstəliyi olan valideynin vəziyyəti getdikcə ağırlaşırsa, uşağa həkimlərin onun yaxşılaşması üçün əllərindən gələni etdiklərini, amma sağalıb-sağalmayacağından əmin olmadıqlarını deyə bilərsiniz. Xəstəxanadakı yaxınını ziyarət etmək uşağı rahatladacaq və psixoloji olaraq müəyyən mərhələyə hazırlayacaq.

İtkini uşağa yaxın bir adam açıqlamalıdır

Yaşanılan itkinin uşağa ata/anası, ya da duyğusal olaraq yaxın olan birinin deməsi məsləhətdir. Gerçəyi uşağa mümkün qədər ən qısa zamanda demək lazımdır. Valideynin ani ölümünü isə uşağın özünü zehni şəkildə hazırlaya bilməsi üçün mərhələli şəkildə izah edin. Məsələn, ana, ya atasının qəza keçirdiyi, bir müddətdir xəstəxanada olduğu, həkimlərin onu sağaltmağa çalışdığı, amma xilas edə bilmədikləri və onu itirdikləri kimi izah etmək olar. Uşağa ölümün artıq geri dönüş olmayan bir şey olduğunu da anlatmaq lazımdır.

Digər valideynin dəstəyi önəmlidir

Uşaq valideynlərindən birini itiribsə, sağ qalan digər valideynin daim onun yanında olması mühümdür. Bəzən valideyn özünü yaxşı hiss etmədiyi üçün uşaq da öz acısı ilə valideynin üzərinə çox məsuliyyət yükləmək istəmir. Bu, uşağın daşıya bilməyəcəyi bir yük olur. Uşağın özünə yaxın bildiyi digər şəxslər tərəfindən dəstək görməsi, ehtiyaclarının qarşılanması və normal həyatına qayıda bilməsi üçün ona yardım edilməsi mütləqdir.

“Mələk oldu, göylərə uçdu. İndi bizə baxır...”

“Narınc” Uşaq Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq Narınc Rüstəmova bildirib ki, 7 yaşına qədər uşaqlara ölümü izah etmək olmaz. Onun sözlərinə görə, valideynlər bu məsələdə hansı mövqe tutacaqlarını, uşağa ölümü necə izah edəcəklərini hələ də bilmirlər: “Valideynlər bu mövzu ilə bağlı bizə çox müraciət edir. Böyüklər bilməlidir ki, uşaqlar 7 yaşına qədər ölüm, itki anlayışını, yas dönəmini anlamırlar. Uşaqlar üçün ən çətin dönəm 3-7 yaş arasıdır. 3 yaşına qədər uşaqlarda bağlılıq duyğusu, insani keyfiyyətlər, təfəkkür formalaşmadığı üçün ölümü, itkini heç anlamır. İtki, ölüm anlayışı ancaq 7 yaşdan sonra izah edilməlidir”.

N.Rüstəmova bildirir ki, 7 yaşına qədər uşaqları yas mərasimlərindən uzaq tutmaq lazımdır: “Həmin yaş dövründə olan uşağı yasa, qəbir üstünə aparmaq, qəbir daşını göstərmək, ölən adamın şəklini otağına qoymaq olmaz. Bu, uşaqlarda itirmək qorxusu yarada bilər ki, uşaqlar şüuraltı olaraq qorxmağa başlayır. Tək qalmaq, tək yatmaq, hətta hamam-tualetə tək girmək istəmir. Tez-tez ölüm haqqında suallar verir. “Sən yaşlanacaqsan, qocalacaqsan, öləcəksən. Sən yaşlansan, ölsən, mən nə edərəm?” kimi təşvişləri yaranmağa başlayır. Uşaqda ölüm qorxusu yaranır”.

Psixoloq qeyd edir ki, bəzən valideynlər ölümü uşağa düzgün izah edə bilmədiyi üçün uşaq da ölmək fikrinə düşür: “Uşaqlar ölümün dönər proses olduğunu düşünürlər və anlamırlar ölüm nədir. Valideynlər ölümlə bağlı “Mələk oldu, göylərə uçdu. İndi göydən bizə baxır, bizi gözləyir” kimi izahatlar verirlər. Uşaq isə bunu anlaya bilmədiyindən, hətta ora getmək arzusunda olur. Ölümü oyun, mistika kimi qəbul edirlər. Düşünürlər ki, ölən şəxs gəzməyə gedib, bir həftə, ya 10 gün sonra yenə geri qayıdacaq. Uşaqda ölüm haqqında fikirlər yaranır, “mən də babamın, ya anamın yanına getmək istəyirəm, ölmək istəyirəm” deyir. Və bəzən böyüklər də bunu görüb sarsılır, elə bilirlər uşaq “ölmək istəyirəm”, — deyirsə, öləcək. Amma bu, belə deyil”.

Psixoloq əlavə edir ki, uşağa ölümü daha yaxın biri başa salmalıdır: “Uşağa ölümü 7 yaşdan sonra yaxını, güvəndiyi, sevdiyi, emosional kontakt qurduğu biri izah etməlidir. Bu prosesdə psixoloq da iştirak etsə, daha doğru olar. Uşağa ölümü izah etmədən əvvəl onu hazırlamaq mütləqdir. Onun stressə davamlılığını, ölüm, itki qorxusunu, psixoloji durumunu yoxlamaq lazımdır. Özgüvəni artırılmalıdır. Uşaqda əvvəlcə ölüm haqqında fikirlər oturuşmalıdır. Əks halda uşağa böyük fəsad vermiş olarıq. 3-7 yaş arası uşaq anasını itiribsə, onun anaya bağlılıq duyğusu çox yüksək olduğundan itkini anlamasa belə, anasının yoxluğunu fiziki olaraq hiss edir. Şüuraltı olaraq bunu qəbul edə bilir ki, həmin insan yanında deyil, amma adını qoya bilmir. Uşağa ölümü hekayə üzərindən izah etmək daha məqsədəuyğundur. Yəni bu hadisələri oyuncağı üzərindən öyrənməsi, hadisələrə üçüncü şəxsin mövqeyindən baxması uşağın həzm etməsinə kömək edir”.

Mütəxəssisin fikrincə, belə situasiyada valideynlərin rəftarının birmənalı olması daha məqsədəuyğundur. Ailənin emosional sferası uşağa çox böyük təsir edir. Ailə özü ölümü aşa bilmir və uşağın yanında elə hey ağlayır. Ümumiyyətlə, yasdan çıxmış ailəyə kompleks ailə terapiyası məsləhət görülür. Uşağın psixoloji dəstəyi üçün ana, yaxud ata özü də psixoloji dəstək almalıdır.

Ümumiyyətlə, uşağa hər bir insanın müəyyən yaşa gələndə ölə biləcəyi düşüncəsini aşılamaq lazımdır: ““Bəzi sevdiyimiz insanlar var ki, onlara biz heç nə edə bilmirik. Vaxtı gələndə, onlar dünyasını dəyişirlər. Bizim yanımızda ola bilmirlər. Biz onları əvvəlki kimi qucaqlaya, öpə bilməyəcəyik. Ad günlərimizi keçirəndə ata, ya ana bizim yanımızda ola bilməyəcək. Əlimizdən gələni elədik, amma ananı xilas edə bilmədik” kimi fikirlər demək olar. Amma ölümdən sonrakı prosesləri izah etmək olmaz. Uşağa “O, indi göydən bizə baxır, bizi gözləyir” demək doğru deyil. Bu, uşağı ölümə təşviq etmək deməkdir.

Uşağa “Xəstələndi, öldü” də deyə bilmərik. Uşaq xəstələnməkdən qorxa bilər. Ətrafında hər xəstələnən insanı görəndə həyəcan, onu itirmək qorxusu yaşaya bilər”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar