Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Suda doğuş: Azərbaycan xanımları buna hazırdırmı?

Tarix: 22-05-2017 14:52     Baxış: 4653 A- / A+
Suda doğuş: Azərbaycan xanımları buna hazırdırmı?


Son zamanlar doğuş üsulları arasında ən geniş yayılanlardan biri də suda doğuşdur. Bu, iri su tutumunun (hovuz, vanna və s.) içində həyata keçirilən prosesdir. Bəzi hamilələr suda doğuşu daha rahat və asan olduğu üçün seçir.


İlk dəfə 1803-cü ildə Fransada təsadüf nəticəsində ortaya çıxan bu üsul zamanla digər ölkələrdə də yayılıb. Fransalı həkim Mişel Odent rəhbərlik etdiyi xəstəxanada suda doğuşun icrasına başlayıb. Daha sonra İngiltərədə bu üsuldan istifadə olunub. Hazırda İngiltərənin bütün xəstəxanalarında suda doğuş həyata keçirilir. Bundan başqa, Almaniya, Hollandiya və digər Şimali Avropa ölkələrində hamilələrə suda doğuş təklif edilir. Bəs Azərbaycanda suda doğuş həyata keçirilirmi? Ümumiyyətlə, bu üsulun hamilə qadına və uşağa nə kimi təsirləri var? Ailem.az bununla bağlı araşdırmanı təqdim edir.

"Suyun pozitiv gücünə inanırdım...”


2014-cü ildə suda doğuş üsulunu seçən Leyla Əsgərova deyir ki, bir masada uzanıb tərpənmədən uşaq dünyaya gətirmək ona həmişə dəhşətli gəlib. Ona görə də məhz bu yolla övladını dünyaya gətirmək istəyib. O, prosesin necə baş verdiyini belə təsvir edib:

"Suda doğuşu suyun pozitiv gücünə inandığım üçün seçdim. Amerikada NOVA doğum mərkəzində həyata keçirmişəm. O vaxt doğuş mənə çox çətin gəlirdi, ancaq indi xatırlayanda görürəm ki, körpəmi çox rahat dünyaya gətirmişəm. Suda istədiyin qədər hərəkət edə bilirsən.

Su hovuzuna girmədən əvvəl pilates topları ilə yüngül idman hərəkətləri etdim. Orda qadını doğuşa psixoloji cəhətdən elə gözəl hazırlayırlar ki, qorxu yaşamır. Dünyaya möcüzə gətirməyə psixoloji olaraq tam hazır idim. Suyun temperaturu azca yüksək olduğundan mənə soyuq meyvələr verir, çox su içirdirdilər.

Doğuş prosesində 2 həkim, bacım və həyat yoldaşım iştirak edirdi. Həkim çox müdaxilə etmirdi, daha çox məni motivasiya etməyə çalışırdı. Bir də çox söhbət edirdilər ki, başım qarışsın, həyəcanlanmayım. Həkimlər yalnız çox ciddi çətinlik zamanı müdaxilə edirdi.

Doğuş zamanı uşaq özü suya düşdü. Hətta bir az suda üzdürdülər. Narahat idim ki, suda boğular. Həkim məni arxayınlaşdırdı ki, o, sudan çıxıb suya düşüb. Onun üçün hər ikisi eyni mühitdir. Azca suda üzdükdən sonra çıxartdılar. Göbəyini də suda kəsdilər.

Əvvəlcə göbəyini kəsməyi atasına təklif etdilər, amma qorxduğu üçün razılaşmadı. Göbəyi kəsilən kimi uşağın çəkisini, boyunu ölçdülər. Daha sonra əmizdirmək üçün qucağıma verdilər. Bədən temperaturuna yaxın hazır bələkləri var idi, uşağı ona bükdülər. Süd verəndən sonra məni də müayinə etdilər. Doğuşdan sonra heç bir çətinliyim, ağrım qalmamışdı . Hər şeyi özüm edirdim, rahat şəkildə. Bütün müayinə bitəndən sonra duş qəbul etdim”.

"Suda doğuş zamanı aparatların istifadəsi mümkün deyil”


Respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova Ailem.az-a bildirib ki, suda doğuş iki formada icra edilir. Birincisi, doğan qadın sancı dövrünü bütövlüklə suda keçirib, güc vermə dövründə ənənəvi olaraq "quruda” - yəni doğuş masasında doğur. İkincisi, qadın həm sancı, həm də güc vermə dövrlərini suda keçirir. Hər iki variantda ilıq su təsiri altında qadında əzələlər yumşalır, dəridə olan reseptorlar və sinir sistemi sakitləşir, ağrı hissi azalır: "Suda doğuş üsulunu seçən qadın əvvəlcə maarifləndirilməlidir. Xüsusi təlimlər və müayinələrdən keçməlidir. Belə ki, qadın suda doğuş zamanı düzgün nəfəs almağı, doğuş prosesində iştirak edən müəyyən əzələ qruplarını iradi boşaltmağı öyrənməlidir. Eyni zamanda, bu doğuş təcrübəli, xüsusi təlim keçmiş həkim və mamaça tərəfindən idarə olunmalıdır. Hər hansı bir fəsad baş verdikdə vaxtında qiymətləndirib, yardım göstərilməsi üçün "quruda” şərait olmalıdır ki, vaxt itkisinə yol verilməsin”.

Suda doğuşun risklərinə toxunan baş mama-ginekoloq deyir ki, proses zamanı infeksiya təhlükəsi ortaya çıxa bilər: "Su içində doğuş zamanı dölün vəziyyətinə nəzarət edilməsi üçün aparatların istifadəsi mümkün deyil. Suda ümumi qan itkisini qiymətləndirmək çox çətindir. Suyun temperaturunu tənzimləmək çox vaxt müşkül məsələ olur. Hətta 1 və ya 2 dərəcəyədək suyun temperaturunun qalxması və ya enməsi yenidoğulmuşda ciddi problemlər yarada bilər. İlıq suda qadın gücvermə zamanı qeyri-iradi olaraq defekasiya edə bilər. Belə çirkli suya uşağın doğulması və bu suyun udulması yenidoğulmuşda mekonial aspirasiya ilə fəsadlaşma verə bilər. Qeyri-steril su qadında infeksiyalaşmaya səbəb ola, nəticədə zahıda iltihabi xəstəliklər inkişaf edə bilər”.

S.Məmmədova qeyd edib ki, gələcəkdə bu üsulun Azərbaycanda doğuşayardım xidmətində tətbiqinə ehtiyac yoxdur: "Suda doğuşu seçmək üçün bəzi meyarlara mütləq diqqət etmək lazımdır. Belə ki, ürək-damar sistemi xəstəlikləri, kliniki dar çanaq və iri döl, şəkərli diabet, preeklamsiya, cift gəlişi, doğan qadının psixoemosional qeyri-stabilliyi kimi problemləri ənənəvi doğuşu seçməyə sövq edir.

Respublika Perinatal Mərkəzdə suda doğuş icra olunmur. Bu doğuş növünün icraatı üçün xüsusi quruluşlu su vannaları və ya hovuzları, təlim keçmiş tibb personalı mövcud olmalıdır. Hesab edirəm ki, gələcəkdə bu üsulun ölkəmizdə doğuşayardım xidmətində tətbiqinə ehtiyac yoxdur”.

"Suyun temperaturu elə tənzimlənir...”


Ailem.az-ın apardığı sorğu nəticəsində yerli tibb müəssisələrindən ikisində - Bakı Sağlamlıq Mərkəzi və Respublika Müalicəvi Diaqnostika Mərkəzində suda doğuşun həyata keçirildiyini öyrəndik. Belə ki, ölkəmizdə artıq 5 ildir bu üsuldan istifadəyə başlanılıb. Bu yenilik ilk dəfə Respublika Müalicəvi Diaqnostika Mərkəzində tətbiq edilib. Təkcə 2014-cü ildə 450-yə yaxın qadın bu üsulla uşaq dünyaya gətirib.

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin mama-ginekoloqu Aleksandr Barsukov Ailem.az-a bildirib ki, suda doğuş yalnız heç bir patologiyası olmayan hamiləlik zamanı mümkündür: "Suda doğuş prosesinin icrası üçün vannada suyun temperaturu 37-38 dərəcə təyin olunur ki, qadın rahat olsun. Doğuş zamanı sancılar 10 dəqiqədən birdirsə, həmin vaxt vannaya girmək və bütöv açılışa qədər orada olmaq olar. Hesab edirəm ki, suda doğuş zamanı bütöv açılışdan doğuşa qədər qadını daha çox diqqətdə saxlamaq lazımdır. Vannanın ölçüləri tam nəzarəti çətinləşdirir, ona görə biz bütöv açılışa qədər doğumu müşahidə edirik. Bütöv açılışdan sonra döl götürülür və bundan sonra suda olmaq məsləhət deyil. Suda doğuş zamanı ağrıkəsici istifadəsinə gəldikdə isə, vannadakı suyun temperaturu elə tənzimlənir ki, bu, özü bir sakitləşdirici təsirə malikdir. Bunun üçün də bu tip doğuşlar ananın halını asanlaşdırmaq üçün mövcuddur. Təbii ki, uşaq dünyaya gələndən sonra mama-ginekoloq tərəfindən müayinə edilir”.

Həkim deyir ki, suda doğuşu tam müddətli hamiləlik zamanı həyata keçirmək olar. Doğuş vaxtından əvvəldirsə, o zaman suda doğuşu həyata keçirmək olmaz. Bu tip doğuşu tam sağlam və hamiləliyi gözəl keçən qadında həyata keçirmək olar: "Vaxtından əvvəl doğuşların 70%-nin səbəbi infeksiyadır. Bu risk altında qadını suya endirsək, necə olar? Suda doğuşun mənfi cəhətləri infeksiya riski və aparatı qoşub uşağın vəziyyətini yoxlamaq üçün qadını daimi qaldırmaq ehtiyacı olmasıdır”.

Suda doğuşla bağlı indiyə qədər fərqli araşdırmalar aparılıb. Bəzi araşdırmaların nəticələrinə görə, bu üsul körpə üçün ciddi risklər təşkil edir. Bəzi nəticələr isə suda doğuşun təbii doğuş qədər etibarlı olduğunu göstərir.

Suda doğuşun riskləri:


- Mütəxəssislər bildirir ki, əvvəla hovuzun və suyun gigiyenik cəhətdən təmiz olmasına diqqət etmək lazımdır. Kirli sudan dolayı ciddi infeksiya riski təhlükəsi var.

- Su altında oksigen yetərsizliyindən körpənin beyni mənfi təsir görə bilər.

- Körpənin suyu udması səbəbindən elektrolit problemləri yarana bilər.

- Körpə doğuş kanalında stress yaşayarsa və ya göbək bağı sıxışarsa, nəfəs almaq istəyə bilər və bu halda ciyərlərinə su gedə bilər.

Amma bununla yanaşı, bəzi riskləri olmasına rəğmən, normal doğuşdakı kimi şiddətli ağrılar yaşanmır.

Suda doğuşun faydaları:


- Suda doğuşu seçənlər bu üsulun tam rahat və sakitləşdirici faydasının olduğunu düşünür.

- Doğuş müddətini 3-4 saata qədər azaldır.

- Təbii ortam yaradır və sakitləşdirici təsiri var.

- Qadına doğuşa nəzarət etməyə imkan verir.

- Suda doğuş ananı rahatladır və diqqətini toplamağa imkan verir.

- Qadının əzələlərini rahatladır və qan axınını yaxşılaşdırır.

- Su vaginal cırılmanı azalda bilər. Tikişlərə ehtiyac olmaya bilər.

- Su doğuş sancılarının ilk mərhələsində sakitləşdirici təsir edir və anesteziyaya ehtiyac qalmır.

- Suyun içinə girmək stress səbəbindən artan təzyiqin düşməsinə yardımçı olur.

- Uşaqlıq dartılmalarından dolayı qadın az ağrı hiss edir. Stressi azalır. Qorxusunun öhdəsindən gəlir.

- İsti su əzələləri yumşaldaraq, körpənin asanlıqla dünyaya gəlməsinə kömək edir.

- Suda olarkən qadında endorfin hormonları ifraz edildiyindən ağrıkəsici kimi təsir edir.

- Körpə üçün ana bətnindəki kimi bir ortam yaradır.

Bunlara diqqət etmək lazımdır:


- Qadında hər hansı bir infeksional durum və ya çox qanama varmı?

- Hər hansı bir hamiləlik patologiyası olubmu?

- Herpes virusu varmı? Bu infeksiya su yolu ilə körpəyə keçə bilər.

- Hamiləlik dövrünün tam olaraq son mərhələsinə çatıbmı?

Qərar vermədən əvvəl suda doğuşun sizin üçün uyğun və etibarlı olub-olmadığı ilə bağlı həkiminizlə danışın. Texnikasından, həyata keçirildiyi üsuldan asılı olmayaraq, hər bir doğuş ciddiyə alınmalıdır. Ailə düzgün maarifləndirilməli, nə istədiyini və nə ilə qarşılaşacağını bilməli, seçimini dəqiqləşdirməlidir. Unutmayın ki, burda bir yox, iki candan gedir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar