Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Himnimizə qəzəbimiz vardı, mızıldanırdıq…

Tarix: 13-09-2023 10:11     Baxış: 2303 A- / A+




İlqar İlkin


Mən Kənanı tanıyanda ayağının birini itirmişdi. Sol ayağını Qarabağda qoymuşdu. 1995-ci illərin umudsuz, üzgün, yorğun günləri idi. Tələbə yoldaşlarım mənim toyuma yığışmışdı. Azərbaycan himninin sədalarına alakönül ayağa qalxıb, dodağımızın altından mızıldanırdıq. İçəridən dikələ bilmirdik, yan-yörəmiz bitkin kimi görünən adamlarla doluyudu.
Himnimizə belə qəzəbimiz vardı; özümüzü inandırırdıq ki, bu himnin musiqisində ətalət var, pessimizim yaradır, bizi savaşa götürə bilmir, bizə acizlik gətirir. Uydurmuşduq bütün bunları, məğlubiyyətimizin izahını verə bilmirdik bir-birimizə. Himnlə savaşırdıq, bayrağımızın rəgləriyə savaşırdıq, amma savaşın özünü savaşa bilmirdik.
O dövrün toyları da qəribəydi, qolların oynayırdı, ruhun ağlayırdı. Qollar deyəndə ki, onlar da oynamırdı, o qədər şəhid dəfnində anaların yuğladığını, qol açıb oynadığını görmüşdük ki, qollarımız şux oyun havalarından utanırdı elə bil. Oynamırdıq, oyun çıxarırdıq sanki.
Mən elə Kənanı görəndə tək ayaq üstə görmüşəm, tək ayaq, amma dimdik. Toyun ortasında əlinə mikrafonu alıb, əsgər paltarında oxuyanda bütün toyxananı ayağa qaldırmışdı, hamı o “Mirzəhüseyn” segahını bitirənə qədər ayaqda durmuşdu. Hamı elə tək ayaq üstə durmuşdu sanki.
Azərbaycan himninə könülsüz duran insanlar Kənanın tək ayağına dimdik durmuşdular. Həm də olmayan ayağına, Qarabağda qoyub gəldiyi ayağına. Hə, elə sol ayağna. Baş barmağı xallı sol ayağına...
***
Bu tanışlıqdan üç il sonra Kənana yazdığım şeir mətbuatda dərc olunmuşdu.

Şeir belə idi:

...indi ayaqların göy üzündə Tanrı yerişi yeriyər,
yavru qurdun boynuna dolanan bayraq qollarını istər..
Hər gecə, hər gecə
bir ulduz xışıltısı altında
dartılar, dartınar xallı ayağın baş barmağı.
Necədir görən Tanrı gəzdirməyə, bəndə ayağı
... Gəzər gəzmədiyi yerdə,
bir yəhərsiz at kimi minər bəndə ayağını
ayağın dəymədiyi yerdə.
... Bir uca gün saxla Ya Rəbb!
ayaqlarım öldüyüm günə gəlsin,
bir xışma torpaq sürt ayaqlarına,
ayaqlarım dincəlsin!

Bu şeirdən sonra uzun müddət onun gözünə görünmək istəmirdim. Görünmürdüm də. Bir gün dərdləşmək istədi və mən onunla görüşəndə gözümü onun gözlərindən qaçırırdım. Qəfil sualla məni həm pərişan etdi, həm də oyatdı: “Sən hardan bilirdin ki, mənim kəsilən sol ayağımın baş barmağı xallıydı?”
Bəzi sualların cavabı olmaz. Bu sualın cavabı məndə yoxdu, bu fəhmdi, intusiyadı, duyğudu, Tanrının istəyəndə görə bilmədiklərimizi bizə göstərmək istəyidi...
***
Vətən müharibəsi başlayanda savaşa girən əsgərlərimizin ruhunun, ürəyinin yanında çaparaq işğal altında olan torpaqlara yüyürən, dartınan bir cüt ayaqları da hiss edirdim. Xəyal kimi günlər idi.
Azərbayan xalqı gəlmiş-keçmiş bütün azərbaycanlıların ruhu ilə düşmənin üstünə yeriyirdi. Babəkin kəsik qolları qaldırırdı sanki azad edilən torpaqlarda zəfər bayraqlarını...
Hətta bu az idi, doğulacaq bütün azərbaycanlıların da ruhunu savaşa sürmüşü. Həmin günlərin ruhu da başqaydı.
Mən yenə də Kənanın xallı sol ayağını düşünürdüm. O sol ayaq Ağdamda basdırılmışdı, mənə elə gəlirdi ki, hamıdan qabaqda məhz o tək ayaq imrənirdi düşmənin üstünə, yalınayaq gedirdi, torpağımızda əkilən minaların üzərinə ilk dəfə o basırdı; düşmən cəsədlərinin üstündən ilk o keçirdi; Xudafərində ilk suya girən həmin sol ayaq idi, Şuşa qayalarına qalxan, Cıdır düzündə dincini alan da...
Qazi Kənanın baş barmağı xallı, sol ayağı...

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar