Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Məişət zorakılığı... Qanun qadını qorumalıdırmı?

Tarix: 01-03-2023 23:01     Baxış: 477 A- / A+

Məişət zorakılığı... Qanun qadını qorumalıdırmı?
 
Son dövrlərdə məişət zorakılığı haqqında tez-tez eşitməyə başlamışıq. Nədir məişət zorakılığı və bu zorakılığa kimlər məruz qalır? "Məişət zorakılığı haqqında" Qanuna ehtiyac varmı? Yazıda bu suallara cavab tapmağa çalışacağıq.
 
   Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovaya görə, "məişət zorakılığı" dedikdə beynəlxalq termin kimi ailədaxili zorakılıq başa düşülür. Yəni, bir ailə üzvü digər ailə üzvünü öz nəzarəti altında saxlamaq istəyir. Zorakılıq əsasən fiziki, psixoloji, iqtisadi və cinsi cəhətdən ola bilər.
 
   Fiziki zorakılıqda söhbət döyülməkdən gedir. Psixoloji zorakılıqda qadın özünə qəsd həddinə qədər çatdırıla bilər. İqtisadi zorakılıq - evi maliyyələşdirən bir nəfər hegemon qüvvəyə çevrilir. Həm fiziki, həm də iqtisadi zorakılıq olduqda qadının işi daha da çətinləşir: "Bizə bir qadın müraciət etmişdi. Onun həyat yoldaşı hüquq-mühafizə orqanlarından birində çalışırdı. Qadının 2 oğlu var idi və onlar pullu liseylərdə oxuyurdular. Qadın mütəmadi olaraq döyülürdü. Əri polis olduğundan qadının şikayət ərizəsi qəbul edilmirdi. Digər tərəfdən, qadın bilirdi ki, uşaqlarını iqtisadi cəhətdən təmin edə bilməyəcəkdi. Ailədə iqtisadi zorakılıq olduqda qadın susmağa məcburdur".
 
   Cinsi zorakılıqda isə zorlanmalardan söhbət gedir. M.Əzizovanın dediyinə görə, onlara daha fiziki və psixoloji zorakılığa məruz qalanlar müraciət edirlər.
 
   "Məişət zorakılığı haqqında" qanun layihəsinə toxunan mərkəz rəhbərinə görə, bu qanun daha çox kişilərə sərf etmir: "Məişət zorakılığı ilə bağlı qanun layihəsi müzakirə olunmağa başlayanda Milli Məclisdə də kişilər üstünlük təşkil etdiyindən mən onun qəbul ediləcəyinə inanmırdım. Bu qanun daha çox kişilərə sərf etmir. Onların arqumentlərinə görə, əgər mən oğlumu vursam, o, sabah gedib məni məhkəməyə verəcək?. Yaxud mən xanımıma bir söz desəm, məhkəməyə müraciət edəcək? Bunlar hamısı primitiv düşüncədir. Digər tərəfdən, deputatlar bu qanunun qəbul edilməsini ailədə boşanmaların sayının artmasına səbəb olacağını düşünürlər. Amma bu qanun qəbul edildikdən sonra boşanmaların sayı azala bilər. Belə ki, zorakılıq törədən insanın bu gün məsuliyyətdən kənarda qalması onun ailədə daha çox zor tətbiq etməsinə gətirib çıxarır. Ancaq qanun bunu tənzimləyər. Qanun zorakılığı tənzimləməklə qalmaz, boşanmaların da sayı azalar".
 
   Əsas məsələnin təhlükəsizlik olduğunu bildirən müsahibimiz son zamanlar ərləri, keçmiş həyat yoldaşları tərəfindən qətlə yetirilən qadınların sayının artdığını bildirir. Eləcə də cəzaçəkmə müəssisələrində öz həyat yoldaşlarını öldürən qadınların da sayı artır. Bu faktların ailə zorakılığı ilə bağlı qanunun qəbulunu labüdləşdirdiyini deyən M.Əzizova "qanun həm ailəni qoruyar, həm də qadınların və uşaqların təhlükəsizliyini təmin edər", - söyləyir.
 
   "Uşaqlarda vəziyyət bir az ayrı cürdir. Son zamanlar ailələrdə narkoistifadəçi, eləcə də alkoqol qəbul edən ata-anaların sayı artır", - deyən müsahibimizə görə, ümumiyyətlə, uşaqların gözü qarşısında fiziki, yaxud da psixoloji zorakılıq varsa, bu da uşaqların psixoloji sağlamlığını çox böyük zərbə altında qoyur. Onun sözlərinə görə, ailədə zorakılıq görən uşaqlar daha çox özlərinə qəsd edirlər. Zorakılıqla üzləşən qadınların "uşaqlarıma görə dözürəm" deməsini doğru saymayan M.Əzizova hesab edir ki, mübarizəni elə uşaqlara görə aparmaq lazımdır. "Çünki söhbət uşaqların gələcək həyatından, onların psixoloji durumundan gedir. Yetkinlik dövründə olan yeniyetmələr zorakılığa qarşı özlərinə qəsd yolunu da seçə bilərlər".
 
   Dediyinə görə, uşaq valideynlərindən diqqət görməyəndə, problemləri haqqında onlara danışa bilməyəndə də intiharı düşünür. "Uşaq ölmək istəmir və o fikirləşmir ki, ölə bilər. Bu adımı atmaqla atası ilə anasını bir araya gətirmək, problemləri çözməyə çalışır".
 
 
   ""Öləndə də var, öldürəndə də" deyimini yada salsaq, ola bilərmi ki, zorakılıqla üzləşən insanın bu zülmdə payı olsun", - sualını cavablandıran ekspert deyir ki, zorakılığa məruz qalan insanın səhvindən asılı olmayaraq heç kəsə haqq verilmir ki, zor tətbiq etsin: "Qadınlara qarşı törədilən qətllər "namus üstündə oldu" ifadəsi altında pərdələnir".
 
   Polisə müraciət edən qadınlara ictimaiyyət arasında normal münasibət bəslənmədiyini, bəzən polislərin də bu qadınların ərizələrini ciddiyə almadığını deyən M.Əzizova belə bir hadisənin şəxsən şahid olduğunu vurğuladı: "Çox vaxt polis idarəsində qadın normal qəbul edilmir və ərizələri də qeydiyyata alınmır. Bunu şəxsən mən özüm görmüşəm. Ya şikayətçi qadını küçədə gözlətdirir, ya onu təhqir edirlər ki, utanmırsan ərindən şikayət edirsən? Elə də olur ki, ərizə qəbul olunur və qadının ərini polis idarəsinə çağırırlar. Burada ondan rüşvət alınır və iş bağlanır. Bunu da barışıq kimi sənədləşdirirlər. Qadın çıxış yolu tapa bilmir və özünəqəsdi seçir".
 
   Bir neçə il əvvəl Cənub bölgəsində iki qadının özünə qəsd etdiyini xatırladaraq, bu hadisələrin ssenarisinin eyni olduğunu deyir: "Qadınlar həyat yoldaşları tərəfindən döyülürdü. Oğlana heç nə deyilmirdi. Qadınlar öz ailələrinin üstünə gedir, onları da hər dəfə geri qaytarırdılar. Axırda hər iki qadın eyni üsulla - üstlərinə benzin tökməklə özlərini yandırmışdılar. Çünki çıxış yolu tapmamışdılar", - deyən həmsöhbətimiz öz hüquqlarını bilən insanların da bu hüquqları necə qorumalı, hara müraciət etməli olduqlarını bilmədiklərini söylədi: "Bəzi hallarda isə buna sadəcə iradələri çatmır".
 
   Müsahibimizin sözlərinə görə, qadın qadına qarşı daha qəddar və aqressiv ola bilər: "Bəzən gəlin-qayınana, gəlin-baldız arasında olan problemlər zorakılıq səviyyəsinə qədər gəlib çıxır. İki qadın bir-birini bağışlamaq istəmir və bir-birinə münasibətdə çox aqressiv olurlar".
 
   Deputat Fazil Mustafanın sözlərinə görə, gender bərabərliyi Azərbaycan kimi cəmiyyətlərdə müəyyən problemlər yaradır: "Əgər belə bir qanunun qəbulu mümkün olarsa, ailəiçi ənənəvi münasibətlərin zədələnməsi baş verə bilər. Bu da bizim üçün, ümumiyyətlə, cəmiyyət üçün narahatçılıq yaradar. Qadınlar öz həyat yoldaşlarını məhkəməyə, polisə verə bilərlər. Kişilərlə qadınlar arasında ailədə və başqa məsələlərdə problemlər çıxa bilər".
 
   Qanun layihəsinin MM-də müzakirəsi zamanı deputatların bu kimi problemləri əsas gətirdiklərini deyən deputat qanunu əngəlləməyin mənasız olduğunu da bildirdi.
 
   "Ailəiçi münasibətlərin ən xırda incəliklərinin qanun müstəvisində araşdırılması müəyyən çətinliklər yarada bilər. Amma bu imkanın verilməsi, bu hüququn mövcudluğu müəyyən qanunsuzluqların aradan qaldırılmasına kömək də edə bilər", -deyən F.Mustafa qadınların müdafiə imkanlarının kişilərdən az olduğunu vurğuladı: "Mən də onu fikirləşirəm ki, hüququn verilməsi hələ onun istifadə olunması deyil. Profilaktika üçün bu məsələ faydalı ola bilər. Faydalı olduğu halda ondan niyə imtina olunmalıdır".
 
   Mentalitet tabularının çox işlədildiyini, bu tabuların pozulmasında isə kişilərin daha çox rol oynadığını deyən deputat qadağanın olmasını imtiyaz kimi qəbul etdiklərini söylədi.
 
 
Taleh Şahməmmədli
Yazı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant layihəsi çərçivəsində hazırlanmışdır
 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar