Xəbər lenti
Keçmiş məmurun öldürməli olan killer danışdı -FOTO
Bakı Ağır Cinayətlər Məhkəməsində Bərdə rayonu İcra Hakimiyyətinin sabiq işçisi Hüseyn Qasımovun qətlini sifariş verməkdə təqsirləndirilən Günel Süleymanova, onun atası Rasim Süleymanov, sifarişi icra edən Ramil Hüseynli və daha iki nəfər - Ramin Həsənov və Əlikubar Kübarovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Manevr.az-ın virtualaz.org-a istinadən xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışı ediblər. Təqsirləndirilən Ramil Hüseynlinin vəkili Sünbülə Əliyeva çıxışında müdafiə etdiyi şəxsin Hüseyn Qasımovu öldürmək niyyəti olmadığını bildirib: "Aylardır bu işə baxılır. Məhkəmədə müəyyən olundu ki, Günelin istəyi ilə baş vermiş bu hadisədə Ramilin Hüseyni öldürmək yox, qorxutmaq niyyəti olub. Ramil vaxtilə atıcılıq üzrə birinci yer tutub. Əgər öldürmək niyyəti olsaydı Hüseyni öldürərdi. İş üzrə ekspertiza da keçirilib. Ramil əməlindən səmimi peşmançılıq çəkib. Xahiş edirəm, ona yüngül cəza verəsiniz".
Dövlət ittihamçısı qısa çıxış edərək, Cinayət Məcəlləsinin dörd maddəsi ilə ittiham edilən Ramil Hüseynlinin xüsusi təhlükəli residivist olduğunu məhkəmənin diqqətinə çatdırıb.
Məlumat üçün bildirək ki, R.Hüseynli adam oğurluğuna görə 12 il məhbus həyatı yaşayıb.
Təqsirləndirilən Rasim Süleymanovun vəkili Gülşən Salmanova isə müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib: "İstintaq Rasim Süleymanova qarşı qərəzli olub. Zərərçəkmişin istəyi ilə ona ağır ittiham verilib. Halbuki, heç bir dələduzluq əməli törətməyib. Nə pulun verilməsində, nə alınmasında, ümumiyyətlə, bu söhbətdən xəbəri olmayıb. Qızı Günelə görə polisə şikayət olunduqda onu da həbs ediblər. Yaşlı adamdır, indiyə qədər cinayət törətməyib. Bütün bunları nəzərə alıb, Rasim Süleyeymanova bəraət verilməsini xahiş edirəm".
Daha sonra prosesdə Ramil Hüseynli son söz deyib. O, törətdiyi əməldən peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsi öldürmək niyyəti olmadığını bildirib: "Allah şahiddir, mənim onu öldürmək niyyətim olmayıb. Peşmanam, yaxşı iş görməmişəm".
Məhkəmə prosesi mayın 11-də davam edəcək.
Qeyd edək ki, sözügedən cinayət hadisəsi ötən il aprelin 11-də, səhər saatlarında baş verib. Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsi, 3 saylı binanın qarşısında 1973-cü il təvəllüdlü Hüseyn Qasımova odlu silahla xəsarət yetirilib. Müəyyən edilib ki, aprelin 9-da 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Ramil Hüseynli tanışı Günel Süleymanova ilə qabaqcaqdan əlbir olub Hüseyn Qasımovu 40 min manat müqabilində öldürmək barədə razılığa gəlib.
Aprelin 11-də Hüseyn Qasımov binadan çıxaraq avtomobilinə oturmaq istəyib. Bu zaman Ramil Hüseynli "Kalaşnikov" markalı avtomat silahdan Hüseyn Qasımova bir neçə atəş açıb. O, sifarişli qətli başa çatdıra bilməyib. Daban nahiyəsindən güllə yarası alan H.Qasımova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Bundan başqa Günel Süleymanova atası Rasim Süleymanovla qabaqcadan əlbir olaraq Hüseyn Qasımovun etibarından sui-istifadə edib, sonuncunun oğlu Orxan Xəlillinin həbsdən azad olunmasına köməklik edəcəyini vəd edərək, 33 min manat pulunu ələ keçiriblər.
Həm istintaq dövründə, həm də məhkəmə prosesi zamanı G.Süleymanova ziddiyyətli ifadələr verib. Gah sabiq məmurun ona təcavüz edib videoyaya çəkdiyinə görə qisas almaq istədiyini, gah da zərərçəkmişlə aralarında yaranmış söz-söhbətə görə onu cəzalandırmaq niyyətində olduğunu deyib.
Ramil Hüseynli, Ramin Həsənov və Əlikubar Kübarovun daha bir cinayəti "AS Club" barında olub. Onlar barın sahibini döyüblər.
Keçirilmiş əməliyyat nəticəsində Ramil Hüseynlinin kirayədə yaşadığı evdən 1 ədəd "AKM" markalı avtomat silah və içində 22 ədəd patron olan daraq aşkar edilərək maddi sübut kimi götürülüb.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29.120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürməyə cəhd), 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə),186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham edilirlər.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar