O, ABŞ-ın dövlət katibi Entoni Blinkenin Azərbaycan və Ermənistan liderlərinin sülhə daha yaxın olması ilə bağlı səsləndirdiyi fikirlərə, habelə hazırkı həssas məqamda sülhün, yoxsa hərbin daha mümkün ehtimal olması ilə bağlı mülahizələrini bölüşüb:
"Azərbaycan ərazilərinə daxil olan bütün yüklərin və hərbi qüvvənin məsuliyyəti bilavasitə Rusiya sülhməramlılarının üzərinə düşür. Çünki təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi 10 noyabr 2020-ci ilin bəyanatının prinsiplərinə əsasən, onlara həvalə olunub.
Təhlükəsizlik tədbirləri isə təkcə bölgədə yaşayan erməni əhalisini əhatə etmir".
E. Mirzəbəylinin sözlərinə görə, sülh prosesinə maneə yaratma cəhdləri artıb:
“Münaqişə dövründə geosiyasi maraqlar Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunmasına mane olurdu. Bir qütb önə çıxıb prosesi irəliyə doğru aparmaq istədikdə başqa bir qütbün təxribatçı davranışları, yaxud hansısa formada prosesin qarşısının alınması üçün atdığı addımların şahidi olurduq. Ola bilsin ki, məhz indiki şəraitdə Vaşinqtonun səyləri hansısa dairələrdə müsbət qarşılanmır və onlar prosesdə ABŞ-ın önə çıxacağından narahatdır.
Bütün bu cəhdlərə baxmayaraq, əgər ikitərəfli görüş baş tutacaqsa, sülh müqaviləsinin imzalanması istiqamətində ciddi addımlar atıla bilər.
Əslinə qalsa, bundan öncə də Vaşinqton və Brüsselin vasitəçiliyi ilə keçirilən görüşlərdə sülh danışıqlarının nəticəyönümlü olacağına inam daha çox idi. Blinkenin iştirakı ilə xarici işlər nazirlərinin son görüşündə də müsbət mesajlar verilmişdi. Blinkenin yeni açıqlaması məhz prinsipial məqamların ortada olduğunu söyləməyə əsas verir. Buna maneələr təbii ki, olacaq, lakin bu maneələrin qarşısının alınması üçün də kifayət qədər rıçaqlar da var”.