Xəbər lenti
Dərmanlar ucuzlaşacaq? - Bu qərar qəbul edilərsə...
Azərbaycanda xroniki və nadir xəstəliklərin müalicəsi zamanı istifadə olunan dərman preparatlarının əlavə dəyər vergisindən (ƏDV) azad olunması müzakirə edilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən mətbuata verilən məlumata görə, qurumun Vergi siyasəti Baş İdarəsi əczaçılıq sahəsində çalışan şirkətlərin, bu sektoru təmsil edən “Azərbaycan Əczaçı Sahibkarlar Assosiasiyası” İctimai Birliyinin nümayəndələri ilə görüş keçirib.
Xidmətin aidiyyəti funksional strukturlarının nümayəndələrinin də qatıldığı görüşdə sahibkarların ƏDV inzibatçılığının təkmilləşdirilməsi, əczaçılıq sahəsində, xüsusilə, xroniki və nadir xəstəliklərin müalicəsi zamanı istifadə olunan dərman preparatlarına münasibətdə ƏDV azadolmaları və ya diferensial ƏDV-nin tətbiqi imkanları, vergi inzibatçılığı ilə bağlı yaranan çətinliklər, sahənin inkişafına müsbət təsir edə biləcək beynəlxalq təcrübədə mövcud mexanizmlərin tətbiqi imkanları və digər məsələlər müzakirə edilib.
Maraqlıdır, qərar qəbul edilərsə, bu dərmanların qiymətlərində azalma müşahidə edə bilərikmi?
Bu xəstələr dərman tapmaqda çətinlik çəkirlər
Azərbaycan Əczaçı Sahibkarlar Assosiasiyasının rəhbəri Azər Xudiyev “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, qonşu ölkələrdə dərman preparatları üzrə vergi və gömrük rüsumlarının tənzimlənməsi ilə bağlı araşdırma apardıqdan sonra bu layihəni təklif ediblər: “Məsələn, qonşu Gürcüstanda dərman vasitələri üçün heç bir rüsum tələb olunmur. Bəzi ölkələrdə vergilər diferensial olaraq tənzimlənir. Biz dövlət büdcəsinə böyük miqdarda zərər verməməklə, Azərbaycan vətəndaşlarının dərman ehtiyaclarını qarşılamaq üçün təkliflər verdik, vətəndaşların xüsusi qruplarının tələbatlarına uyğun olaraq bəzi dərman preparatlarının ƏDV-dən azad olunmasının gələcək layihələrdə nəzərə alınmasını xahiş etdik”.
A.Xudiyev bildirir ki, nadir xəstəliklərlə mübarizə aparan vətəndaşlar var ki, onlar dərmanla təmin olunmaqda çətinlik çəkirlər: “Bəzi nadir xəstəliklər var ki, onların qeydiyyatları yoxdur. Çünki adından da göründüyü kimi nadir hallarda rast gəlinir. Bu xəstəliklərin müalicəsində istifadə olunan dərmanların yalnız müəyyən icazələrlə ölkəyə idxalı mümkündür. Bunlarla yanaşı, onkoloji xəstəliklər, astma, şəkərli diabet və digər xroniki xəstəliklərin müalicəsində istifadə olunan dərmanların da ƏDV-dən azad olunması vətəndaşlar üçün əlverişli olar. Düzdür, vətəndaşlar dövlət tərəfindən bəzi dərmanlarla pulsuz təmin olunub. Amma yeni məhsullar çıxır ki, vətəndaş özü onu aldığı halda ƏDV-dən azad oluna bilər”.
“Sosial siyasətimizdə böyük dönüş yaradacaq”
Mütəxəssis vurğulayır ki, bu qərar qüvvəyə mindikdə, artıq digər dərmanlarla bağlı da addımların atılması mümkündür: “Bu gün Azərbaycan vətəndaşları icbari tibbi sığorta ilə ödənişsiz tibbi xidmət almaq imkanlarına malikdir. Ambulator xidmətin də gələcəkdə ödənişsiz olması gözlənilir. Bunun tətbiqi sosial siyasətimizdə böyük dönüş yaradacaq. Biz də assosiasiya olaraq, proseslərin uğurla həyata keçməsinə dəstək olmağa çalışacağıq”.
Bu dərmanlar kifayət qədər bahadır
Millət vəkili Müşfiq Məmmədli deyir ki, həm ölkənin iqtisadi vəziyyətini, həm də əhalinin sağlamlığını düşünərək bu addımların atılması vacibdir: “Xüsusilə, nadir xəstəliklərin müalicəsində və bəzi xroniki xəstəliklərdə istifadə olunan dərman preparatlarının qiyməti kifayət qədər yüksəkdir. Bu xəstəliklərin rastlaşma intensivliyi çox aşağı olduğu üçün dərmanları həddindən artıq bahadır. Çünki sözügedən dərmanlar hər ölkədə istehsal edilmir. Bu xəstəlikdən əziyyət çəkən insanlar həqiqətən də bu preparatların əldə olunmasında həm maddi, həm də tapılması baxımından çox böyük əziyyət çəkirlər. Onların ƏDV-dən azad olunması bu dərmanların da kifayət qədər ucuzlaşmasına gətirib çıxara bilər. Bu yanaşmanı alqışlayır və düzgün addım kimi qiymətləndirirəm”.
Xəstəliklər çox, dərmanlar bahadır...
Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli də təsdiqləyir ki, nadir xəstəliklərin müalicəsində istifadə olunan dərman vasitələri təkcə Azərbaycanda deyil, istehsalçı ölkədə də çox bahadır: “Bu dərmanların ƏDV-dən azad olunması, ən azından 18 faiz ucuzlaşma deməkdir. Ölkəmiz bu sahədə idxaldan asılıdır. Hesab edirəm ki, yalnız nadir xəstəliklərin müalicəsində tətbiq olunan dərman preparatları deyil, ümumiyyətlə, Azərbaycana idxal olunan bütün dərman məhsulları ƏDV-dən azad edilməlidir”.
Həmsöhbətimiz bildirir ki, bu qaydanın tətbiqi insanların dərman preparatlarına əlçatanlığı üçün çox faydalı olacaq: “Xəstəliklər çox, dərmanlar bahadır. Bir xəstəlik üçün adətən davamlı müalicələr tələb olunur. İnsanların əksəriyyəti baha olduğu üçün bu müalicələri davam etdirə bilmir. Çünki kifayət qədər xərc tələb olunur. Dərmanların ƏDV-dən azad olması qiymətlərdə kifayət qədər fərq yaradacaq. Bu qərarın tətbiqi və davamı olaraq idxal olunan bütün dərman preparatlarının ƏDV-dən azad edilməsinin faydalı və lazımlı olduğunu düşünürəm”. ("Kaspi" qzəeti)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar